Modern.az

“Qoçu” ifadəsinin maraqlı yaranma tarixçəsi- Köhnə Bakı xatirələri

“Qoçu” ifadəsinin maraqlı yaranma tarixçəsi- Köhnə Bakı xatirələri

Hadisə

17 Dekabr 2017, 00:35

XX əsrin əvvəllərindəki Bakıdan danışarkən tez-tez adıçəkilən şəxslərdən biri də qoçular olub. O dövrün araşdırıcıları Manaf Süleymanov, Qılman İlkin, Sara Aşurbəyli öz əsərlərində qoçulardan da bəhs ediblər.

 

Qoçular müəyyən məkan daxilində özlərini xüsusi nüfuz sahibi kimi qələmə verir, uyğun ərazinin əsas nəzarətçiləri kimi davranardılar. Doğrudur, mart soyqırımlarından əvvəl və sonra, eləcə də ermənilərin xalqa qarşı başqa üsyanları zamanı qoçular əllərinə silah alaraq, xalqı qoruyublar. Amma “kolleqaları”nın əksinə hərəkət edib, xalqı soyanlar da olub.

 

 

“Qoçu” ifadəsi necə formalaşdı?

 

Köhnə bakılı çəmbərəkəndli Kərbəlayı Gülü  ilk qoçu barəsində Manaf Süleymanova ətraflı danışıb: “Qobustan tərəfdən, Qoçu adında iyirmi - iyirmi beş yaşlarında bir gədə gəlmişdi Bakıya. Arabaçı idi. Bərkə-boşa düşüb, özünü göstərirdi. Çox güclü, həm də ötkəm idi. Söz tərs gələn kimi tərəf müqabili şapalaqlayırdı. Kürəyini yerə qoyan yox idi. Deyirdilər ki, həzrəti Əli əleyhisalam onu yuxuda kəmərbənd edib, kürəyində İmam Əlinin pəncəsinin, beş barmağının izi var.

 

Kimə şillə ilişdirərdi, hərif o dəqiqə yıxılardı. Bazulu gədə idi, qabağına heç kəs çıxmağa sürət etmirdi. Səsi zəhmli, gur idi. Deyirlər bir dəfə ram olmayan xam bir at gətirirlər. Haradan yanaşsan dişdiyirmiş, arxadan hənirti duyanda şıllaq atır, şahə qalxırmış. Hadisə yerinə Qoçu gəlir çıxır, qabağa keçib bərkdən bağırır, ata zərblə elə bir tutarlı şillə ilişdirir ki, heyvan başlayır əsim-əsim əsməyə... Hoppanır minir atın belinə, başlayır onu məhmizləməyə. At götürülür. Hamı deyir ki, at Qoçunu aparıb daşa, qayaya çaxıb öldürəcək. Dördbeş saatdan sonra Qoçu qayıdır, altındakı at da köpük içində. Qoçu özü ortaboy, arıq amma enlikürək gədə idi. Tapançaya, tüfəngə öyrənəndən sonra fəğan elədi... Ondan sonra kim ki, bir az xoruzlanırdı, deyirdilər ki, “adə, qoçusan?” “Zalım oğlu, qoçu deyilsən ki,”  “Mənim üçün qoçu olmayacaqsan ki!” O xislət adamlara “Qoçu” adı qoydular...

 

Qoçu portreti

 

Qoçuların sayının artmasına səbəb Bakının dövləti, şöhrəti idi. Gürcülər gəlirdi Bakıya, pul alıb dövlətli adamın müddəisini, düşmənini öldürürdülər. Bu minvalla daraşmışdılar Bakı varlılarının, tacirlərin, neft “xozeyinləri”nin canına, hədə-hərbə gəlib deyirdilər ki, filan qədər verməsən vurub öldürəcəyəm. Bakı “xozeyinləri” də təpərli, ötkəm cavanları yığıb hərəsinə bir-iki gözəl libas, papaq, çəkmə, tapança, patron, xəncər, beybut alırlar, həftə başı da ciblərinə filan qədər xərclik qoyurlar, deyirlər ki, Tiflisdən gələn lotu kintoların ayağını kəsin...

 

Varlıların hər birisinin öz qoçu dəstəsi vardı; qoçuların özlərinin də gözətçiləri olardı. Xüsusi geyimləri, bellərində xəncər, beybut, “afserski”  tapança, mauzer, nağan bağlayardılar. Qoçular bir-birilə yola getmir tez-tez savaşırdılar. Elə ki, başlayırdılar atışmağa, küçədə qaça-qaç düşürdü, konduktor, konkasürən atları qoyurdular başlı başına, qaçıb gizlənirdilər... Atlar hürkürdü, konka yoldan çıxırdı... Atışmada təsadüfən ölənlər də olurdu.

 

Kürən qoçunun aldığı dərs

 

Manaf Süleymanov köhnə Bakı ilə bağlı araşdırmalarının birində yazır:

“Bir qoçunun başına Qurubağda qəribə əhvalat gəlir. Şəhərdə tanınmış Kürən qoçu Qurubağda oturub ötüb-keçənlərə əziyyət verir, sataşır, kefi istəyəndə döyür, tapança ilə təhdid edirdi; camaat da onu görəndə yolunu dəyişdirib xatadan qaçırdı. Kürən qoçu salam verib ötən adamı söyüb incidirmiş ki, sən kimsən ki, mənə salam verirsən, salam verməyənləri döyürmüş ki, məni aya salmırsan. Harınlıqdan lap qudurmuşdu. Özü də çox yekəpər, həm də çox güclü imiş, yaxşı da nişan alırmış. Qoçubaşılar belə vaxtda ona baş qoşmaz, ötüb keçərdilər.

 

 

Realni məktəbin son sinif şagirdlərindən biri Qurubağdan keçəndə Kürən qoçu onun qabağını kəsib çənəsinin altını əlləyir; o zamanlar bu, çox böyük təhqir hesab edilirdi. Şagird pərt olur və evə gəlib əhvalatı anası Fatmaya danışır. Ana tapançanı doldurub verir oğluna və deyir ki, “bu saat get, onu öldür, - və qəzəblə əlavə edir, - öldürməsən, mən səni öldürəcəyəm”.

 

Oğlan əlində tapança qayıdır Qurubağa və Kürən qoçuya deyir ki, sən nə sürətlə mənim çənəmi əllədin, öldürəcəyəm səni. Kürən qoçu hırıldayıb oğlanı ələ salır və deyir: “Hünərin zar vur görüm... Sən yox, gərək dədən gələydi”.

 

Oğlan tətiyi basıb tapançadakı güllələrin altısını da qoçunun bədəninə boşaldır... Kürən qoçu elə oradaca ölür...

 

Nuru Paşanın zabiti və qoçu

 

Əliabbas Müznib xatirələrindən o dövrə aid çox maraqlı bir əhvalatı  təqdim edir:

“Türklər məni hərbi komendantlığa çağırdılar və minbaşı Tofiq bəyə katib təyin etdilər. Tofiq bəy tapşırdı ki, mənə xəbər verməmiş heç kimi kabinetə buraxma. Xunxar məhəlləli qoçu, başkəsən Malbaş Dadaş komendantlığa gəlib, birbaşa zabitin kabinetinə yönəldi. Mən qabağa yeriyib xahiş etdim ki, qoy özünə xəbər verim, sonra gir içəri. Malbaş qışqıra-qışqıra məni söydü. Bu vaxt Tofiq bəy özü qapını açıb, biz olan otağa keçdi: “Yahu, şu nə qeyli-qal?!”,- deyə Malbaşa acıqlandı. Mən fikirləşdim ki, türk zabiti gəldi-gedərdir. Malbaş isə kənddə qalacaq, mənə divan tutar. Vəziyyəti yüngülləşdirmək üçün astadan dedim: “Tofiq bəy, şu zat qoçudur”.

 

 Tofiq bəy tünd-tünd ona baxdı, dönüb məndən, təəccüblə xəbər aldı: - Qoçu? Yahu, bu nə biçim şey?

 

 Başa saldım ki, qoçu güclü, qolu-zorba adama deyirlər, kimi istəsə haqq-nahaq döyər, cəza verər... Tofiq bəy əlini döşünə vurub dedi:

- O bən. Qoçu bən.

 

Qapıdakı növbətçini çağırdı:

- Çavuş əfəndi, iki şər, subay səslə!

 

 Çavuş bir anda iki əsgər çağırdı. Tofiq bəy barmağı ilə Malbaşı göstərib, əmr etdi:

- Şu pəzəvəng hərifin sırtına hərəniz qırx zopa endirərsiniz, bən gediyorum, varmasam, bən qayıdana qədər davam edərsiz.

 

Çavuş arxadan Malbaşı qucaqlayaraq quş kimi qaldırdı, otaqdan çıxardı. Malbaş ha vurnuxdu, ha qol-qıç atdı, heç nə hasil olmadı. Naxır bulağı meydanının ortasında Malbaşın paltarını soyundurub üzü-qoylu yerə sərdilər. Əsgərlər növbə ilə zopalamağa başladılar. Malbaşın bağırtısı, yalan olmasın, Nardaranda eşidilirdi. Huşunu itirdi, qanı axa-axa cicimə uzadıb evinə apardılar. Türklər Bakıdan gedəndən bir il sonra da yaralarına təpitmə, məlhəm qoyurdular, yenə sağalmadı.

 

E. Nihad

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?