Modern.az

Deputatların “BAZAR GÜNÜ”: “Bəzən bazar günləri belə yorğunluğu çıxartmağa kömək etmir”

Deputatların “BAZAR GÜNÜ”: “Bəzən bazar günləri belə yorğunluğu çıxartmağa kömək etmir”

17 Dekabr 2017, 13:48

Həftənin istirahət vaxtı bazar gününə təsadüf etdiyindən  insanlar zamanını ailəyə, yaxınlarına sərf edir. Çünki bazar günü bir çox qurumlar işləmir. Bütün təhsil ocaqları bağlı olur. Deməli, bazar gününü hər kəs bir cür keçirir. Kimi evdə oturmağa, kimi də açıq səmada olmağa üstünlük verir.

 

Bəs Milli Məclisin çalışqan deputatları bazar gününü necə keçirir?

 

Modern.az saytı “deputatların bazar günü” rubrikasını təqdim edir.

 

26 saylı Sabunçu birinci seçki dairəsindən deputat seçilən Fazil Mustafa 10 ilə yaxındır ki, bazar günləri basketbol oynadığını deyir.

“Bazar günlərinin neçə illərdir həyatımda bir neçə standart cədvəli vardır. Əgər xaricdə səfərdə olmuramsa, sübh tezdən namaz üçün qalxıram. Sonra bir saata yaxın rus və ya ingilis dilində mətnlərlə məşğul olub dil bilgimi təkmilləşdirirəm. Artıq 10 ilə yaxındır hər bazar saat 09.00-da basketbol oyunum var və hardasa 2 saatdan bir az artıq vaxtım basketbola sərf olunur. Dönüşdən sonra sosial şəbəkədə gələn mesajlara baxıram, sonra lazım gəlirsə bir və ya iki status yazıram, bəzi sualları cavablandırıram.

Bu da haradasa 1 saat aparır. Sonra dostlarla əvvəlcədən müəyyənləşdirdiyim görüş yoxdursa, çalışıram bağa gedib həyətdə yır-yığış edim, bir çox hallarda bir-iki saat bilyard oynayıram, hava yaxşı olanda qızımla velosiped sürürəm və yaxud dəniz kənarına gedib yürüyürəm. Axşam dönüşümdə evdə kitabxanamda çalışmağı xoşlayıram. Kitabları vərəqləyə-vərəqləyə baxıram ki, bir-iki saat da beləcə keçib.

Sonra maraqlı futbol və ya basketbol oyunu olarsa, televizora baxmağı da unutmuram. Yatmazdan öncə, elə olur ki, stadionun ətrafında 30-35 dəqiqə gəzintiyə də çıxıram. Hər halda saat 24.00-dən öncə yatdığımı xatırlamıram. Adətən bazar günlərim bu ssenari üzrə cərəyan edir”.

 

122 saylı Xankəndi seçki dairəsindən deputat seçilən Flora Qasımova bazar günləri belə mətbuatı müntəzəm izlədiyini bildirib.

“Seçicilərim 38 rayonda məskunlaşıb. Təbii ki, onlarla görüşmək, problemlərini dinləmək üçün bir bazar günü bəs eləmir. Adətən 3 ya da 4 günlük seçicilərin görüşünə gedirəm. Bazar günümü daha çox ailəyə, nəvələrimə  həsr edirəm. Həmçinin, mətbutatı izləyirəm. Saytlardan xəbərləri oxuyuram. “Bazar günüdür” deyib xəbərlərdən özümü təcrid etmirəm. Xüsusilə, Qarabağ haqqında xəbərləri mətbuat səhifələrindən izləməyə çalışıram. Artıq neçə illərdir ki, gərgin iş rejimində çalışıram. Ona görə də bəzən bazar günləri belə yorğunluğu çıxartmağa kömək etmir. Tez-tez səfərlərə gedəndə bir məsələ məni düşünüdürür. Rahat həyat yaşayan adamlara həsəd aparıram. O mənada ki, onlar harasa tələsmirlər. Amma mən həmişə qaçaqaçda oluram. Sanki harasa tələsirəm. Bazar günləri filmlərə baxmağı da sevirəm. Bazar günlərinin birində Türkiyə istehsalı olan “Savaşçı” filminə baxdım. Xüsusilə, həmin filmdə Azərbaycanla bağlı hissə vardı. Diqqətimi çəkdi. Düşünürəm ki, həftənin yorğunluğunu bazar günü təsirli bir filmə baxmaqla da çıxarmaq olar. Ən azından insanın beyni dincəlir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir