Modern.az

“Sarı İt ilində rüşvətxor məmurlarımız üzlərini sərt silləyə hazır tutsunlar” - PROQNOZ - MÜSAHİBƏ

“Sarı İt ilində rüşvətxor məmurlarımız üzlərini sərt silləyə hazır tutsunlar” - PROQNOZ - MÜSAHİBƏ

17 Dekabr 2017, 14:42

Səbuhi Rəhimli: “Mən də bəzi gücsüz, iradəsiz və özünə arxayın olmayan adamlar kimi hər gün qoroskopları oxuyub, ona ümid bəsləyən insanlardan deyiləm”.

 

“Rəsədaxanadakılar dini fətvanın ziddinə getməkdən qorxduqları üçün bəzən fətva ilə üst-üstə düşsün deyə, Ayın hərəkətini yanlış söyləyirlər”. 

 

"Qoroskop" qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimli yeni il ərəfəsində Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

 

 

- Səbuhi bəy, 2017-ci il başa çatır. Yola salmaqda olduğumuz Xoruz ili öz missiyasını yerinə yetirə bilmiş sayılırmı?

 

 

- Min illərin müşahidəsinə söykənən Zodiak illərinin ictimai-siyasi mənzərəsi demək olar ki, dəyişməz qalır. Məsələn, bəllidir ki, Xoruz siyasi gərginlik, böhran, dünya güclərinin qütbləşmə ili kimi tarixə düşür. Bundan başqa böyük münaqişələrin qismən sakitləşməsinə xidmət edir ki, bu da böyük faizlə reallaşdı.

 

- Bəziləri deyirdi 2017-ci ildə təbii fəlakətlər, dünyada çaxnaşmalar olacaq, çox sayda şəxs vəzifədən gedəcək və s. Xoruz ili ilə bağlı proqnozlar özünü nə dərəcədə doğrultdu?

 

- Məncə bu suala cavab tapmaq üçün azacıq araşdırma aparmaq, ictimai-siyasi situasiyaları nəzərdən keçirmək kifayət edər. Hər ilin sonunda yüzlərlə insan növbəti il üçün müxtəlif proqnozlar verir və onların reallaşma əmsalı fərdi zəminlə ölçülməlidir. Şəxsən mən özümə cavabdehəm. 2017-ci il üçün verdiyim 25 proqnozdan 22-si tam, 2-si qismən özünü doğrultdu. Yalnız biri reallaşmadı. Hər ilin sonunda çoxlarından fərqli olaraq mən proqnozlarımla bağlı yazılı şəkildə mediaya hesabat verirəm. İki gün əvvəl də bu hesabatı Modern.az-a təqdim etdim. Maraqlananlar təfərrüatı həmin yazıdan oxuya bilərlər.

 

- Ümumiyyətlə, Azərbaycanda astroloji proqnozların real olma faizini necə dəyərləndirirsiniz?

 

- Bu göstəricini də məhz jurnalistlər təyin etməlidir. Amma əvvəlcə gəlin görək, astroloji proqnoz deyilən informasiyanı kim yazır, necə yazır, elmi əsası varmı, yazan peşəkardırmı? Hazırda az qala bütün sayt və qəzetlərdə qoroskop köşəsi var, lakin onu kimin yazması, haradan yazması maraqlı bir yazı mövzusu ola bilər. Şəxsən mən cəmi bir qəzetə gündəlik proqnoz yazıram, həmkarım Firudin Qurbansoy da həmçinin. Bəs qalanları haradan qaynaqlanır?

 

 

- Astrologiya geniş bir elmdir. Amma Azərbaycanda bu sahədə elmdən çox falçılar diqtə edir. Səbəb nədir, ölkəmizdə astrologiya niyə inkişaf etmir?Niyə astrologiyanın adı falçılıqla yanaşı çəkilir?

 

- Bunun başlıca üç səbəbi var. İlkin səbəb təhsil sistemimizin iki hissəyə bölünməsidir ki, bu vahid elmi mənimsəməyə yetmir. Astrologiyanın inkişaf etməməsinin birinci səbəbi məhz budur. İkinci səbəb isə hökmranlıq edən materialist dünyagörüşüdür. Bu dünyagörüşünə əsasən maddi qüvvələrdən başqa hansısa bir qüvvənin hadisələrə təsiri yolverilməzdir. Paradoksal olsa da, üçüncü səbəb dinlərin astrologiyaya qadağa qoyması ilə bağlıdır. Çünki astrologiya dini ehkamlardan biri olan "öz taleyini dərk edə bilməmək" prinsipinə ziddir. Nəticədə isə astrologiya həm mənəvi, həm də təcrübi cəhətdən müasir həyatdan kənarda qalır. Astrologiyanın inkişafı üçün cəmiyyət məhz yuxarıda qeyd olunan səbəbləri aradan qaldırmalıdır.

 

- Astroloji proqnozlar da bir növ öncəgörücülük kimi qiymətləndirilir? Din isə öncəgörücülüyə qarşıdır...

 

- Astrologiya tamam fərqli sahədir. Dediyiniz məsələyə Quranın bir neçə ayəsində eyham vurulur. Məsələn, “Maidə” surəsində deyilir ki, üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi, bunlar günahdır. Yaxud da “Fələq” surəsində qeyd olunur ki, ovsun oxuyub düyünlərə üfürən qadınların şərindən Allaha sığınıram. İndi bütün bunların astrologiya ilə nə əlaqəsi var? Astrologiya öncəgörmə deyil, elmi əsaslarla real olayların proqnozlaşdırılmasıdır və hər bir proqnozun da əsası var. Onda sinoptiklər də, astrofiziklər də, bəzi layihəçilər də günahkardır? Xatırladım ki, astrologiyanın əsas işi proqnoz vermək deyil. Proqnoz astrologiyanın 140-dan artıq qolundan yalnız biridir. Qalanları isə dünyanı, insanı və Allahı tanımağa xidmət edir.

 

 

- Tanınmışlar, ictimai xadimlər, deputatlar, müğənnilər, aktyorlardan kimsə 2018-ci il həyatında baş verəcək dəyişiklikləri öyrənmək üçün sizə müarciət edibmi?

 

- Mən astrologiyanı pul qazanmaq üçün deyil, insanların özünü dərk etməsinə xidmət üçün öyrənmişəm. Bəlkə də cavabım sizə səmimi gəlməyə bilər. Lakin mənə bələd olanların hamısı bunu bilir. Hər kəs bilir ki, müştəri qəbul etmirəm, şoularda yalançı proqnozlarla çıxış etmirəm, pul xatirinə haqsız tərəf tutmuram. Mənim əsas işim mətbuatdır, yaradıcılıqdır. Həm də insanlarımız anlamır ki, bir nəfərə qoroskop xəritəsi hazırlamaq onun haqqında kiçik elmi iş kimidir, günlərlə, bəzən həftələrlə vaxt aparan işdir. Bizdə isə anlayışı olmayanlar elə bilir gələn kimi bədahətən nələrsə deyib yola salacaq. Bəzi kəsim də elə bilir ki, astrologiya təsir mexanizminə malikdir. Bu, doğru deyil. Astrologiya insanın potensialını, psixoloji durumunu ortaya çıxarır, uğurlu zaman kəsiklərində maksimum mənfəətlə, uğursuz zamanlarda isə minimum itki ilə ötüşməyin qaydalarını izah edir. Məsuliyyət və aktivlik dərəcəsi isə hər bir fərdin özündən asılıdır. Mən çox az adama – dost-tanışa, hörmət etdiyim mədəniyyət, ictimai-siyasi xadimlərə qoroskop hazırlayıram. O da ildə 5-6 nəfər ola, ya olmaya. Eləsi olur yalnız bir sualla müraciət edir, onu cavablandırmaq bir qədər rahat olur, çünki çox vaxt aparmır. Bu siyahıda qonorar dərdi çəkən jurnalist dostlarım liderlik edir (gülür).

 

- Bu bacarığa sahib biri kimi yaşamaq çətin deyilmi sizə? Yəni bir işə əl atmaq istəyirsiniz və öz-özünüzə deyirsiniz qoy bir proqnozlarıma baxım...

 

- Mən psixologiyanı da, fəlsəfəni də, dini də özümə görə mənimsəyən adamam. Üstəlik, əsas fəaliyyətim jurnalistikadır. Astrologiyanı əvvəl hobbi kimi mənimsəsəm də, insanların ehtiyacı üzündən bir az dərinliyinə də getdim. Sizin sualınız ötən əsrin 90-cı illərinə aid “aludəçilik sindromu” mənasındadır və üstündən 25 ildən də çox vaxt keçib və insanlar dəyişib. Hətta sadə ziyalılarımız da anlayır ki, proqnozlara tam şəkildə bağlanmaq olmaz, bu, insanı günaha da aparar. Mən astrologiyadan daha çox insanların psixotipini aydınlaşdırmaq, siyasi mənzərəni, bəzi vacib fərdlərin fəaliyyətini izləmək üçün istifadə edirəm. Elə bilirsiniz tərtib etdiyimiz hər proqnozu dərhal mediaya ötürürük? Əsla! Elə şeylər var ki, kütləviləşdirmək təhlükəlidir. Özümə gəlincə, mən də bəzi gücsüz, iradəsiz və özünə arxayın olmayan adamlar kimi hər gün qoroskopları oxuyub, ona ümid bəsləyən insanlardan deyiləm. Gündəlik proqnozlar bir növ proqram və ya plan kimidir, proqram və plan isə fərdi potensialımızdan, ətraf mühitdən asılı olaraq hər zaman dəyişə bilər. Hər xırda şey üçün astroloji xəritədən də istifadə etmək olmaz. Şəxsən mən hansısa böyük layihəyə başlayanda, əməliyyat və ya müalicə zamanı, uzaq səfərlər və ya taleyüklü digər hallarda xəritəmə baxıram.

 

- Bu yaxınlarda Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov saytımıza açıqlamasında deyib ki, “astroloqların hamısı cəfəngiyyat danışır”.

 

- Nə olsun ki? Eynşteyn də deyib ki, astrologiya elmlərin elmidir. Nikolay Kopernik də deyib ki, astrologiya vahid elmdir, onu mükəmməl bilən dünyanı xilas edə bilər. Foma Akvinski də, İohann Kepler də, Qalileo Qaliley də, Əbu Reyhan Biruni də, Cordano Bruno da, hətta I Pyotr da astrologiyanın şəninə gözəl şeylər deyiblər. İndi Namiq müəllimin belə münasibəti nəyi dəyişir ki? Bu adam onlardan ağıllı oldumu belə dedi? Mən hələ oktyabrda gələn il baş verəcək tutulmaların dəqiq vaxtını və Baharın gəlişini dəqiqəsinə qədər hesablayıb mediada bildirdim ki, onları əziyyətə salmayım. Onsuz da rəsədxananın işi ancaq bunu elan etməkdir. Ən dəhşətlisi də odur ki, dini fətvanın ziddinə getməkdən qorxduqları üçün bəzən fətva ilə üst-üstə düşsün deyə, Ayın hərəkətini yanlış söyləyirlər. Əslində Namiq müəllim astrologiyanın elmiliyini əsaslandıran bir müsahibəmdən sonra sizə bu açıqlamanı vermişdi. Orada astrofiziklərə suallar ünvanlamışdım, onlar da cavab verə bilməyib deyə, belə bəsit fikir söyləmişdilər. Direktor deyir ki, “astroloqların dediyi təsadüfən düz çıxır”. Elə isə hər il verdiyim 25 proqnozdan 23-24-ü doğru çıxırsa, bu da təsadüfdür? Mən bilmirəm onlarda belə qısqanclıq nədən yaranır? Bəsit ona görə deyirəm ki, o boyda alim açıqlamasında deyib ki, astrologiya sözünü ona görə astronomiya sözünə oxşar yaradıblar ki, insanlar çaşsın. Ən gülməlisi də odur ki, deyir göy cisimlərinin, planetlərin insana heç bir təsiri yoxdur, “bürclər göydə bəzək üçündür”. Rəsədxana əməkdaşları da şoulaşdısa, demək ciddi problemlərimiz var. Faciə ondadır ki, tibbi astrologiya artıq dünyanın ən məşhur tibb universitetlərindən tədris olunduğu halda bizdə hələ də bu elmə “ulduz falı” deyənlər var. ABŞ-da Linda Qudmen adına Astrologiya Elmləri Akademiyası fəaliyyət göstərir, bizim Namiq müəllim isə bu nəzəriyyəni “cəfəngiyyat” adlandırır. Sonra da deyirik, nəyə görə “avtomobil minməyiriz”? Alimimizə bildirmək istərdim ki, astrologiya elmi kosmoenergetikanın ana xəttidir.

 

- Obrazlı desək, “Xoruz”un banlamasından qurtarmamış “İt”in hürməsinə qulaq asacağıq. Nədir İt ilinin əsas özəllikləri, xüsusiyyətləri?

 

- İt illərində qanunlar daha sağlam və sərt işlədiyindən qanundankənar fəaliyyət göstərənləri təhlükəli risk qarşısında qoyur. Bundan başqa, ötən Xoruz ilinə nisbətən bu dövrdə iddialar yalnız söz və debatlarla yekunlaşmır. Bir sözlə, il boyu rəqib qüvvələrin, yeni qarşıdurma dövrü başlayacaq və bu, mütləq bir sonluqla tamamlanacaq. İt ili həm də dünyada mövcud olan siyasi fikir ayrılıqlarını qaydasına salır, müharibələri dayandırır, insanlarda vəhdət və birlik yaradır, xalqları milli özünüdərkə aparır. Yerin ahəngi əsaslı şəkildə bərpa olunur, böyük və müsbət dəyişikliklərə yol açır.

 

- İt illərində baş vermiş hadisələri əsas hansı xarakterinə görə ümumiləşdirmək olar?

 

- Tarixi hadisələrə nəzər yetirsək, görərik ki, tətil və ixtişaşların, hakimiyyətlə xalq arasındakı böhranın, inqilab və çevrilişlərin böyük hissəsi məhz İt illərinə təsadüf edir. Siyasi proqnostika ilə məşğul olan astroloqların qənaətincə, qlobal hədəfə yetişmək üçün Xoruz ili hazırlıq ərəfəsi olduğu halda, məhz İt ilində bunun tətbiqi və real nəticələri özünü göstərir. İlin digər məziyyətlərinə gəlincə, bu dövrdə 2014-cü ildən yığılıb qalmış problemlərin həlli üçün ciddi işlər görmək lazım gələcək. Xüsusən də böyük biznesə girişmək istiqamətində uğurlu hallar müşahidə olunacaq. İt qanun-qaydanı və ədalətliliyi himayə etdiyindən yalançı və dələduz adamları sərt şəkildə cəzalandıracaq. Bu baxımdan rüşvətxor məmurlarımız üzlərini sərt silləyə hazır tutmalıdırlar.

 

- Hazırda ölkədə böyük islahatlara start verilib. 2018-ci ildə davamı olacaqmı bu islahatların. Proqnozlarınız nədir?

 

- 1997-ci ildən bu yana ilk dəfə olaraq bu il ictimai-siyasi proqnozlar verməyəcəyəm. Bu barədə mediada da bir neçə dəfə açıqlamam olub. Ona görə də gərək üzrlü sayasınız.

 

 

- Ümumiyyətlə, xarakter etibarilə it dalaşqandır, amma həm də sadiqliyilə diqqət çəkir. 2018-ci ildə bu xarakterlərə xas hadisələrin şahidi olacağıqmı?

 

- Təbii ki. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi