Modern.az

Aleksandr Nesterova ADU-nun dəvətli professoru adı verilib

Aleksandr Nesterova ADU-nun dəvətli professoru adı verilib

18 Dekabr 2017, 09:56

Rusiyanın Ural Federal Universitetinin professoru, Xarici regionşünaslıq kafedrasının müdiri Aleksandr Nesterova Azərbaycan Dillər Universitetinin (ADU) dəvətli professoru adı verilib.

 

Modern.az xəbər verir ki, keçirilən iclasda çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla A.Nesterovun fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, A.Nesterov müxtəlif ölkələrin universitetlərinin yaxınlaşması üçün mühüm işlər görür. Bu da öz növbəsində gənclərin bir-birinə daha da yaxınlaşmasına xidmət edir.

 

K.Abdulla A.Nesterovun Azərbaycanla bağlı gördüyü işləri xüsusi vurğulayıb: “Mən sizə bizim missiyamızı həyata keçirdiyiniz üçün dərin minnətdarlığımı bildirirəm. Bizim missiyamız dünyaya, o cümlədən qonşularımıza Azərbaycanı, onun tarixini, mədəniyyətini, dil və ədəbiyyatını tanıtmaqdan ibarətdir”. K.Abdullanın sözlərinə görə, A.Nesterovla belə razılığa gəlinib ki, onun rəhbərlik etdiyi Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti daha da genişləndirilsin.

 

 

K.Abdulla A.Nesterovun bir neçə dəfə ADU-da olduğunu deyib: “Siz burada mühazirələr oxuyursunuz. Burada müəllimlər və tələbələr sizə sevgiylə yanaşır”.

 

Daha sonra rektor K.Abdulla “ADU-nun dəvətli professoru” vəsiqəsini rusiyalı alimə təqdim edib. Buna görə ADU rəhbərliyinə dərin təşəkkürünü çatdıran qonaq Azərbaycanı çox sevdiyini bildirib. A.Nesterov Rusiyada Azərbaycanşünaslığın inkişaf etdiyini və artıq elmi istiqamətə çevrildiyini deyib. O, Azərbaycanşünaslıq istiqamətində fəaliyyətinin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.

 

Digər çıxış edənlər də A.Nesterovun fəaliyyətini yüksək qiymətləndirib, onun mühazirələrinin əhəmiyyətindən söz açıblar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi