Modern.az

Ədəbiyyat və İncəsənət Arxivində Safruhun fondu yaradılıb

Ədəbiyyat və İncəsənət Arxivində Safruhun fondu yaradılıb

1 İyul 2011, 14:56

Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində ünlü ruhaniyyatçı-filosof, deyimçi, Asif Atanın Mütləqə İnam Ocağının ruhani başçısı Safruh Atalının şəxsi fondu yaradılıb.

Bu haqda Modern.az-a Mütləqə İnam Ocağının yükümlüsü İşıqlı Atalı bildirib.

762 saylı fondda Safruhun deyimlərinin ilk variantları, onların işlənmiş əlyazma və makina biçimləri, onillərdən bəri yazılan gündəlikləri, kitablarının makina çapları, habelə Asif Atanın qeydləri olan çap nüsxələri, bəşər mədəniyyətinin sorağı sayılan kitablardan çoxlu konspektləri, nəşr olunmuş kitablarından nüsxələr, mətbuatda çıxan yazıları, içsəslərin əlyazmaları, fotoşəkilləri və s. saxlanılır.

Ruhani başçı Safruh bunları bildirib: «Sabah üçün Safruhun fondu Asif Ata işinin yardımçı bir qolu, ilk nəticəsidir, poetik-ruhani, vəcdli ifadəsidir. Bəşərin ən ciddi problemləri üzərində düşüncələri, axtarışları, ağrılarıdır. Millətçiliklə insaniliyin yüksək səviyyədə birləşməsidir. Həyata qeyri-adi, tükənməz sevgilər ifadəsidir. İnsanın ruhani boyunu öyən, ruhani naqisliyinə ağlayan bir irsdir. İnsanı yaşama bağlayan, onu dərindən düşündürən, qayğılandıran bir irsdir».

Safruh 1939-cu ildə Ağdamın  İsmayılbəyli kəndində doğulub: 1975-ci ildə  Asif Ata ilə tanış olub, onun Mütləqə İnam Ruhaniyyat Ocağına qoşulub. İndi həmin Ocağın ruhani başçısıdır.

Safruh 15 mindən çox deyim (aforizm) yazarıdır. Bu sahədə dörd janr yaradıb: Deyim, İçsəs, Haray, Cikkə.

Yeddi kitabı işıq üzü görüb: “Görümlər. Duyumlar. Deyimlər”, Elman Ağaoğlu imzasıyla (1989); “Yeni Oğuz Sözü” (1991); “Oğuz yönü” (1997); “Başlanğıc” (2003); “Ata Səcdəsində” (2007), “İnama doğru. Haraylar” (2008), “İnamın Gəlişi” (2010).

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər