Modern.az

Abidələşən şəhid ömrü: “Gözlə, gələcəyəm”

Abidələşən şəhid ömrü: “Gözlə, gələcəyəm”

Aktual

18 Dekabr 2017, 10:12

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Xatirə Kitabı redaksiyası və “Bakı-xəbər” qəzetinin birgə layihəsi əsasında “Azəri” mətbəəsində “Gözlə, gələcəyəm” adlı, nəfis tərtibatlı kitab çap olunub. Kitabın giriş hissəsində Xatirə Kitabı redaksiyasının baş redaktoru və layihənin rəhbəri, tanınmış şairə Nəzakət xanım Məmmədova kollektiv adından oxuculara - özəlliklə ölkə ictimaiyyətinə səslənərək “Şəhidlər ölməz, Vətən bölünməz” nidalı kitabların çapına start verdiklərini bildirib. Onu da qeyd edib ki, bu seriyadan torpaqlarımızın bütövlüyü, düşmən tapdağından azad olunması uğrunda cismani həyatını itirmiş igid oğul və qızlarımız haqqında qələmə alınacaqvəsaitləri hər bir məktəblinin stolüstü kitabına çevirmək niyyətindədirlər. Başqa sözlə, bu kitablar şagird və gənclərimizin vətənpərvərlik çağırışlı, vətənpərvərlik tərbiyəli məlumat bazasını təşkil edəcək, çağdaş dövrümüzün müharibə salnaməsini özündə əks etdirməklə yanaşı, vətənpərvərlik tərbiyəsinin təbliğində də xüsusi rol oynayacaq. İlk kitab şəhid-gizir Aydın Abdullayev haqqındadır.


Kitabın müəllifi “Bakı-xəbər” qəzetinin əməkdaşı İradə Sarıyevadır (İradə Kövrək). Ön sözü şair-publisist Zülfüqar Şahsevənli yazıb. Rəyçi “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevdir.


“Gözlə, gələcəyəm” “Şəhid-gizir Aydın Abdullayevin yarımçıq ömrünün dastanı” bölümü ilə başlayır. Xanım kövrəkliyini - müəllifin xanım-jurnalist olduğunu düşünüb bu fikirlə barışsam da, şəhid ömrünü yarımçıq qalmış ömür kimi dəyərləndirə bilmirəm. Şəhid ömrü cismani ölümü ilə ölümsüzlüyünü başlayır əslində... Biz bəşər olaraq fiziki baxımdan ölüm anı, ölüm itkisi ilə barışa bilməsək də, şəhid ömrü elə həmin andan doğulur, həmin andan həyata vəsiqə alır. Özü də cismani varlığı zamanından daha möhtəşəm, daha yaşarı...Şəhidin ömür yolu bitib-tükənməzdi. Əqidə, məslək, Vətən yolunda canından keçmək, üstəlik həyatını, adınıəbədi örnəklər sırasınahəkk etdirmək...bunca səadət hər kəsə nəsib olarmı?!..


Elə müəllif də tez bir zamanda şəhidin və şəhidliyin gerçək mahiyyətindən dünyamıza boylanaraq qəddini düzəldir: Sil göz yaşlarını, ŞƏHİD ANASI! İndi sən bütün Azərbaycanın anasısan. Bir ocağın anası ikən indi bir ölkənin qüruru – Şəhid Anasısan!


- Dözümün, təmkinin lap son həddisən,
Namusun, qeyrətin pak sərhəddisən,
Düşmən bizə baxır, əymə qəddi sən,
Sil göz yaşlarını, şəhid anası.

 

Bundan sonra müəllif şəhid-gizir Aydın Abdullayevin həyat yolu ilə ilgili bir çox məqamlara ekskurs edir, onun xarakterinin açılması, portret-cizgilərinin ədəbi nümunələrin imkanları çərçivəsində cızılması üçün bu kiçik cismani ömrün sərhədləri daxilində intəhasız axtarışlara başlayır. Aydının adına, həyat yolundan sonuncu əbədi yoluna qədər hər detala işıq salan bilgiləri oxucusunun diqqətinə çatdırır. Təbii ki, daim vətənpərvərlik notlarını öndə tutaraq.


Oxucu Aydının ölüm tarixi ilə bağlı daha maraqlı bir məqamla üz-üzə qalır. Sən demə, şəhidimiz şəhidlik zirvəsinə ucaldığı günün tamamından düz bir il öncə başqa bir döyüş yoldaşının düşmən mərmisindən parça-parça olmuş nəşini güllə yağışının altından qəhrəmanlıqla çıxarıbmış. Elməddin adlı bu şəhidin dəfn və yas mərasimlərində də iştirak edibmiş Aydın. Elməddinin valideynləri oğul itkisini yalnız Aydını görəndə az da olsa unudurmuşlar. Ona görə Aydını il mərasimində iştirak üçün də səbrsizliklə gözləyiblər. Amma Aydın gəlməyib. Yalnız günortadan sonra onun da həmin gün şəhid olduğunu bilib Elməddinin valideynləri...


Ata-ananın, doğmaların, nişanlısının ürək parçalayan sözlərini qələmə alan müəllif sonda yenidən şəhadət zirvəsinin ucalığı barədə fikirlərini bölüşüb, uca Allahdan şəhid Aydın Abdullayevə rəhmət diləyib, onun mübariz həyat yolu və ölməz vətənpərvərlik ruhunun əbədi bir nümunəyə döndüyünü qeyd edib.


Kitabı Aydına həsr olunan şeir parçaları və həyat yolunu əks etdirən foto-blok sonuclandırır. Çox yüksək sənətkarlıqla, elə Şəhid adına layiq forma və məzmunda çapdan çıxmış “Gözlə, gələcəyəm”dən hamınızın faydalanacağına inam hissi ilə


Nəzirməmməd Zöhrablı 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!