Modern.az

Erməni-müsəlman dostluğuna səy göstərən komissiyalar nə iş görür?

Erməni-müsəlman dostluğuna səy göstərən komissiyalar nə iş görür?

18 Dekabr 2017, 10:17

Üzeyir Hacıbəylinin “İrşad” qəzetinin 1906-cı il 9 iyul tarixli 160-cı nömrəsinin 1-2-ci səhifələrində “Üzeyir” imzası ilə “Yenə erməni-müsəlman (sülh komisyonu xüsusunda)” felyetonu çap olunmuşdur. Felyetonda Üzeyir Hacıbəyli qeyd edir ki, o, “İrşad”ın keçən nömrələrində “Halımıza dair” və “Bir tədbir lazımdır, ya yox” sərlövhəli məqalələrində Qafqaz canişininin hüzurunda təşkil olunmuş erməni-müsəlman sülh komisyonunun sülh yaratmağa layiq iş görmədiklərindən bəhs etmişdir. Komisyon üzvlərinin tərəfkeşliyi, naşılığı, hümmətsizliyi ucbatından erməni-müsəlman arasında sülhün yaranmasına maneçilik göstərildiyi qeyd olunmuşdur. Komisyonun üzvü Məhəmmədağa Şahtaxtinskinin “İrşad” qəzetinin 158-ci nömrəsində çap etdirdiyi “Maddənin hal-hazırından” məktubundan bəhs olunur və qeyd olunur ki, ittihamlarımızın bir qismi də şahtaxtinskilərin boynuna düşür. Odur ki, Üzeyir Hacıbəyli məsələnin dürüst müzakirəsinə keçir. Bu məsələdə öz mülahizələrini söyləyir. Mülahizələrindən biri belədir ki, Qafqaz canişininin hüzurunda millət vəkillərinin daimi bir məclis qurmaları, qafqazlıların arzularından biri olmalıdır. Ona görə ki, millət vəkilləri vasitəsilə erməni-müsəlman məsələsinə müdaxilə etmək lazım və əhəmiyyətlidir. Üzeyir Hacıbəyli Məhəmmədağa Şahtaxtinskinin insafsız hərəkətlərə etiraz etmək əvəzinə, Tiflisdə çap olunan “Qafqazski herold” qəzetində bəyannamə yazmasını məqbul saymamışdır. O (yəni Üzeyir Hacıbəyli) yazır: “İndiyə qədər məzkur erməni-müsəlman komisyonunun narəva işlər görməsi ucundan biz müsəlmanların haqqında olan zülm və zərərə cavabdeh kim olur? Haman o narəva işləri görüb də sükut ixtiyar edən adam kimdir?” Üzeyir Hacıbəyli müsəlmanlara edilən zülmün cavabdehinin olmadığını deyir. Eyni zamanda müsəlmanlara qarşı rəva olmayan işləri görənlərin sükut içində olmalarına narahat olur. Üzeyir Hacıbəyli şahtaxtinskiləri vəzifələrini düzgün yerinə yetirməyə çağırır: “Cənab Şahtaxtinski özləri yaxşı bilir ki, bizim millət erməni milləti kimi huşiyar deyildir. Milləti hümmətsizlikdə qınaqmadan əvvəl himmət göstərilməsinə möhtac olan bir əmrin nəfini camaata bildirməlidir. Bu da camaat işinə girişməyə qədəm qoymuş Şahtaxtinski kimilərin vəzifəsidir”.


O, millətin nicat yolunu tapa bilməməsindən, komisyonun isə etibarını itirməsindən, qorxulu bir uçurumun yaranmasından bəhs edir. Müsəlmanların (azərbaycanlıların) taleyi barədə narahat olur. Və yazır: “Bizim millət ayılıbdır, yəni öz təhlükəli halını düşünübdür, lakin nicat yolunu tanımayır və özü də çaşmış qalıb, nicat ümidilə, iztirab ilə ora-bura baxır və bir qədər nicat işığı görünən yerə kəmal, etibar, etimad ilə hirsli-hirsli özünü atır; lakin görürsən ki, bədbaxtlıq üz verib, nicat işığı gələn yer özü də qorxulu bir uçuruma dönübdür...” Erməni-müsəlman məsələsində tarixən, eləcə də indi dil qəhrəmanları çox olub. Boş vəd verənlər də az olmayıbdır. Belələri nə millət başçılarına, nə də millətə kömək etmək istidarında olmamışlar. Qeyd olunan bu məsələləri Üzeyir Hacıbəyli vətəndaş mövqeyi ilə və narahat olduğunu bildirməklə xüsusi olaraq işıqlandırmışdır. O yazır: “Millət bir xovf və həras ilə geri çəkilib, etibar və etimadını hər şeydən kəsir. Hər halda cənab Şahtaxtinskinin bu bəyannaməsi (razoblaçeniyası) camaatımızdan ötrü son dərəcə əhəmiyyətlidir; çünki, xalqımızın gözünü açır və bildirir ki, “hər millətpərəst”, “hər millət başçısı” adlanan yalançı pəhləvanlara etibar və etimad edib, məişətimizin yüngüllüyü üçün ittixaz olunan böyük-böyük əmrləri onlara tapşırmaq olmaz və bir də hər böyük əmrdə camaatın öz həqiqi başçısına yardım və müavinəti lazımdır, çünki bu həqiqi başçı, məhz, camaatın xeyri üçün çalışandır”. Üzeyir Hacıbəyli o dövrdə mövcud olmuş erməni-müsəlman məsələsində sülh yaradacaq komisyonu və yalançı dil qəhrəmanlarını tənqid edir. Hətta millətin xeyrinə ürəyində olanları deməyənləri, ürəyində olanları söyləməyənləri hədəfə götürür.


Müsəlman deputatları susurlar...


Üzeyir Hacıbəyli “İrşad” qəzetinin 1906-cı il 11 iyul tarixli 162-ci nömrəsinin 3-cü səhifəsində “Filankəs” imzası ilə çap olunmuş “Ordan-burdan” felyetonunda maraqlı məqamlara toxunur. Əvvəla onu qeyd edək ki, felyetonda müsəlman deputatlarının (vəkillərinin) Dövlət dumasında bacarıqsızlığı, acizliyi qorxaqlığı verilir. Onların öz üzərlərinə düşən vəzifəni yerinə yetirmədikləri, özlərinə təsəlli verdikləri ifşa olunur. Millət vəkillərindən biri “Daşnaksütyun” partiyasının üzvü, Dövlət dumasının vəkili Ter-Petrosyan barədə müəslman vəkilinin fikrini belə deyir: “Adə! Mən bilsə idim ki, duma bağlanacaqdır, məgər qoyardım ki, Petrosyan (Ter-Peterosyan – B.X.) müsəlmanlar haqqında bir böhtan söyləsin? Sən nə fikir edirsən, əgər mən bilsə idim ki, duma buraxılacaqdır... Daha nə deyim, “hamı tayfadan məzlum biz müsəlmanıq” – deyib Tavriçeski dvoresə (Peterburqda Dövlət dumasının binası) bir qışqırıq salardım ki, gəl tamaşa elə! Amma nə qayırım ki, dümanın bu tezliklə bağlanacağını bilmirdim...” Üzeyir Hacıbəyli ironiya ilə müsəlman deputatlarının, yəni Dövlət dumasının vəkillərinin utancaq adam olduqlarını deyir. Və deyir ki, bu utancaqlıqla bağlı olduğuna görə müsəlman vəkilləri Dövlət dumasında ürək sözlərini açmırlar. Bu qəbildən olan Dövlət dumasının vəkilləri ürək sözlərini deməmələrini təsəlliyə çevirir, özlərinə təskinlik verirlər. Onlar “nə şiş yansın, nə də kabab” prinsipi ilə Dövlət dumasında fəaliyyət göstərirlər. Hətta ermənilər onlardan narazı qalmasın deyə, ermənilərdən Ter-Petrosyandan, filandan da danışmırlar. Onlara görə, müsəlmanlar narazı olursa olsun, təki ermənilər, daşnaklar narazı qalmasın. Üzeyir Hacıbəyli Dövlət dumasının birinin adı ilə deyir: “Bir də mən sizə bir söz deyim, durub hökumətin ziddinə danışardın, hökumət inciyərdi, durub Petrosyanın – filanın ixtiralarına rədd cavab deyərdin, ermənilər (fitnəkar daşnaqlar nəzərdə tutulur) səndən narazı olardı; doğrudur, danışmayanda da müsəlmanlar narazı olurlar, amma iş buradadır ki, qoy səndən təki müsəlman narazı olsun, nəinki hökumət və ya erməni tayfası! Onun da səbəbini siz özünüz bilirsiniz... Qərəz insan gərək bu cürə politikaları əldən buraxmasın, yoxsa, axırda peşman olar. Vallah, budur sizə açıq-açığına deyirəm ki, mən bu saat min-min şükürlər eləyirəm ki, nə yaxşı, durub dumada ağır sözlər danışmamışam!..” Üzeyir Hacıbəyli “Biz hamımız Qafqaz balalarıyıq” şüarı ilə birliyə, qardaşlığa, həmrəyliyə çağırsa da, bilirdi ki, ermənilər buna hazır deyil. Eyni zamanda ermənilər barədə Dövlət dumasında vəkillərin danışmamasını da tənqid edirdi.


Ermənilər kimdən istifadə etmirlər ki?..


Qori Müəllimlər Seminariyasında təhsil almış Üzeyir Hacıbəyli yaxşı bilirdi ki, müsəlman uşaqlarının təhsil alamaları asan olmamışdır. Əksər vaxtlar valideynləri bu işə maneçilik göstərmişdir. Ona görə də XX əsrin əvvəllərində ibtidai milli məktəblərin yaradılması işi çətinliklə başa gəlirdi. Ancaq ermənilər bu işdə yenə də ruslardan öz məqsədləri üçün istifadə edir, istəklərinə nail olurlar. Üzeyir Hacıbəylinin “İrşad” qəzetinin 1906-cı il 18 oktyabr tarixli 245-ci nömrəsinin 3-cü səhifəsində “Üzeyir” imzası ilə çap olunmuş “Məktəb məsələsi və F.A.cənabları” felyetonunda məktəb məsələsindən də söhbət açır. Ən əsası isə o yazır ki, “... ermənilərin nəinki, yalnız ibtidai milli məktəbləri, hətta üç kilisa (Eçmiədzin) da ali məktəbləri dəxi vardır”. Axı məqsədlərinə çatmaq  üçün məktəb yaratmaq ermənilərə göydəndüşmə bir işdir. Onlar bundan nəinki faydalanır, hətta dairəsini də genişləndirirlər. Elə həmin məktəbdə uşaqlarını şovinist də yetişdirirlər. Onlar çalışırlar ki, o qədər sərbəst olsunlar ki, məqsədləri naminə rahat təbliğat işlərini apara bilsinlər. Bu cəhətin fərqinə Üzeyir Hacıbəyli vara bilmiş və “İrşad” qəzetinin 1907-ci il 8 may tarixli 84-cü nömrəsinin 3-4-cü səhifələrində “Filankəs” imzası ilə çap etdirdiyi “Ordan-burdan” felyetonunda Tiqranyan adlı erməninin dili ilə yazmışdır.: “Allah o günə bir daş salaydı ki, bizi gətirib bu urusun əlinə verdilər. Əgi, işkol açır ki, camaat oxusun, gətirib içinə ya bir qaradovoy qoyur, ya da ki, bir rus mahrasası”. Göründüyü kimi, Üzeyir Hacıbəyli qeyd etmişdir ki, ermənilər məktəblərinin müstəqilliyini, rusdan asılı olmamasını istəmişlər. Səbəbi isə belədir ki, onlar rusların müdaxiləsi olmadan öz işlərini, daha doğrusu, məqsədlərini məktəbdə həyata keçirmək istəyində olmuşlar. Erməni məktəblərində şovinist ruhlu tərbiyə tarixən olmuş, indi də davam edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır