Modern.az

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...  

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...   

Təhsil

18 Dekabr 2017, 15:41

Dünyanın bir çox ölkələrində universitetlərin rektorları seçki yolu ilə müəyyənləşir. Azərbaycanda isə dövlət universitetlərinə rektor prezident tərəfindən təyin olunur. Özəl universitetlərdə bu, bir az fərqlidir. Əksər hallarda özəl universitetlərin təsisçilərini həm də rektor vəzifəsində görürük. 

Maraqlıdır, dövlət universitetlərində rektorlar seçki yolu ilə seçilərsə, nə baş verər, bunun təhsilə hansı təsiri olar?

Modern.az saytı məsələyə münasibət öyrənməyə çalışıb.

Təhsil eksperti Şahlar Əsgərov deyir ki, əvvəllər bu cür metodlar tətbiq olunub.

“Bu məsələ barədə mən də fikirlərimi bildirmişəm. Burada 2 metod var. Biri demokratik, biri isə administrativ üsuldur. Bir də bunların ortaq üsuludur. Həmişə ortaq üsula üstünlük vermişik. Kollektiv 3 nəfəri seçib nazirliyə, nazirlik də Prezident Administrasiyasına göndərir. Bu zaman 3 nəfərdən biri təyin olunur. Burada həm demokratiya, həm də administrativ təyinetmə var. Dünyanın bir çox ölkələrində rektorları 2 dəfədən artıq olmamaq şərtilə kollektiv seçir. Bəzi ölkələrdə isə administrativ təyinat olur. Bunların hamısı təcrübədə var. Bunların üstün və çatışmayan tərəfləri mövcuddur. Üstünlük odur ki, hər yeni gələn rektor yeni təfəkkür gətirir. Universitet bu zaman seçkidən-seçkiyə yenilənir. Administrativ üsul zamanı 20-25 il rektor olanda universitet normal idarə edilir”.

Milli Məclisin elm və təhsil komitəsinin üzvü Asim Mollazadə bunun üçün zamana ehtiyacın olduğunu bildirib.

“Dövlət Universitetində rektorları prezident təyin edir. Onu da deyim ki, seçki ilə rektorların seçilməsi ənənəsi mövcud olub. Amma uğurlu olmayıb. Bunun üçün bir təcrübə, ənənə olmalıdır. Bunun üçün universitetlərimiz dünyada mövcud olan universitetlərə yaxınlaşmalıdır. Azərbaycanda isə bu sahədə çox işlər görülməlidir”


Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı
rektorların seçki üsulu ilə təyin olunma məsələsinə özünəməxsus cavab verib.


“Düşünmürəm ki, bu, çox böyük ideyadır və ciddi dəyişikliyə səbəb ola bilər. Dünyanın  bir çox ölkələrində belə, rektorlar seçilmir. Rektorların seçilməsi təcrübəsi kollektiv tərəfindən dünyada yayılmış hal deyil. Adətən rektoru sistemin başında duran insanlar təyin edir. Məsələn, özəl universitetin idarə heyəti var. Ona qəyyumlar şurası deyilir. Hansı ki, Xəzər Universitetində Qəyyumlar Şurasının sədriyəm. Bir müddət  Xəzər Universitetinin rektoru olmuşam. Qərara gəldim ki, universitetin iri strateji  işləri ilə mən məşğul olum. Ona görə də rektoru Amerikadan gətirdim ki, işi daha yaxşı aparsın. Bir müddət əvvəl Azərbaycanda da seçki sistemi ilə rektor seçimi aparılıb. Məsələn, Bakı Dövlət Universitetində belə seçim aparılmışdı. Böyük qırğınlar olmuşdu. Bu cür yolu doğru hesab etmirəm. Ona görə də dövlət universitetlərinə rektoru prezident təyin etsə, daha yaxşıdır. Hər halda, prezident rektoru təyin edəndə birbaşa olmur. Namizədlər müəyyən olunur, araşdırılır və son qərarı prezident imzalayır.
Özəl universitetlərdə isə fərqlidir. Çünki özəl universitetləri yaradanlar rektor olur. Amma həmin yaradıcı rektor bir gün işindən gedəndən sonra onu əvəz edəcək adam olmalıdır. Bunun üçün də sistem qurulmalıdır. Bu zaman gedən adamın oğlunun, qızının gəlib rektor olması yaxşı ənənə deyil. Universitetin səlahiyyəti nəsildən-nəsilə verilə bilər, amma gündəlik işləri aparan yaxşı mütəxəssis mütləq olmalıdır”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?