Modern.az

Rəsulzadəyə aid özəl sənədlər və fotolar - “AXC-100”

Rəsulzadəyə aid özəl sənədlər və fotolar - “AXC-100”

18 İyun 2018, 13:05

Bu il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilir.

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini bundan sonra da davam etdirir.

 

Bu dəfə Cümhuriyyətin banisi olan Məhəmməd Əmin Rəsulzadə haqqında maraqlı tarixi fakt və fotoları diqqətə çatdıracağıq.

Daha doğrusu, istəyirik ki, bu dəfə fotolar danışsın. Doğrudur, Rəsulzadə haqqında hər zaman yazmaq borcumuzdur və bundan sonra da qələmi sınayacağıq. Amma arxivdə qorunan fotolar oxuculara daha təbii görünə bilər.

 

Qeyd: Fotolar, Rəsulzadə haqqında olan materiallardan, əsasən də, Nəsiman Yaqublunun “Rəsulzadə Ensiklopesiyası”ndan götürülüb:

 

 

1. Fotoda Rəsulzadənin nakam taleli yeganə bacısı  Şəhrəbanu xanımdır. Təqiblər, sıxıntılar onun həyatına 1934-cü ildə son qoyub. Qızı Kübra xanım M.Ə.Rəsulzadənin oğlu Rəsula nişanlanıb. Sonradan Rəsul güllələndiyindən onlar ailə həyatı qura bilməyib;

 

 

2. Bu fotodakı isə həyatı sadəcə dəhşətli bir kabus olan Ümbülbanu xanımdır. O, Rəsulzadənin həm əmisi qızı, həm də həyat yoldaşıdır. Demək, olar ki, övladlarının hamısı (ən kiçik oğlu Azərdən başqa) onun gözləri qabağında vəfat etdi. Birini don vurdu, biri itkin düşdü… Amma Ümbülbanu xanım buna qədər həyatın ən acı zərbəsini almışdı. 19 yaşlı oğlu Rəsulu güllələyəndən sonra Ümbülbanu güclü sarsıntı keçirdi. Gecələr də Rəsulun adını sayıqlaya-sayıqlaya dünyasını dəyişdi;

 

3. Bu fotodakı Rəsulzadənin böyük qızı Lətifədir. Gəncliyini yaşamayan nakam taleli bir xanım…

1929-cu ildə əslən Lahıcdan olan Damad Müslümzadə ilə ailə qurub. 1939-cu ildə həyat yoldaşını “Müsavat” Partiyası ilə əlaqəyə görə həbs ediblər. 1941-ci ildə isə onu övladları Firuzə və İşvə ilə Qazaxıstana -Semipalatinsk vilayətinə sürgünə göndəriblər. Üçüncü övladı Sona isə xəstə olduğundan sanatoriyada saxlanılıb. Lətifə xanımla qızı İşvə Qazaxıstanda 1943-cü ildə soyuqdan və aclıqdan donub ölür. Firuzə isə təsadüfən sağ qalır. Lətifənin Bakıda qalan qızı Sonadan isə heç bir xəbər alınmır. Ehtimala görə, o da xəstəlikdən sağalmayıb və dünyasını dəyişib.

 

4. Bu fotodakı xanım isə xaraktercə Rəsulzadəyə ən çox oxşayan qızı Xalidədir. O, sürgün olunandan sonra təqiblərə, yaşananlara dözməyib gizli yollarla Bakıya qaçdı. Gənc bir qızın Qazaxıstan ucqarlarından gizli yollarla Bakıya qayıtması təsəvvür edin ki, nə deməkdir?!

Amma o, Bakıya çata bildi. Əvvəlcə yaxın qohumları Seyid Hüseyngildə qaldı. Orada da təqib olunduğunu görüb bir gün evdən çıxdı. Daha Xalidədən kimsənin xəbəri olmadı…

 

5. Rəsulzadənin öz əlyazısı. Ömrü boyu yüzlərlə belə əlyazması oldu. Hamısı da bu gün üçün çox dəyərli tarixi sənədlərdir;

 

6. Türkiyədə yaşamaq üçün ona verilən icazə sənədi. Bəlkə də bu sənədin hesabına Rəsulzadə özünü xilas edə bildi;

 

7. Rəsulzadəyə silah gəzdirmək üçün Türkiyədə verilən icazə kağızı. Artıq hamı anlamışdı ki, belə bir insanı qorumaq lazımdır;

 

8.Rəsulzadənin Türkiyədəki şəxsiyyət vəsiqəsi. O sənədə görə o, artıq Türkiyə vətəndaşı sayılırdı…

 

9. Rəsulzadə adına medal…

 

Qeyd: M.Ə.Rəsulzadə böyük cəhdlə ailəsini xilas etməyə - Türkiyəyə gətirməyə çalışıb. Oğlu Azərin dediyinə görə, hətta bir dəfə (bu təxminən 1925-1926-cı illərdə olub) qatara minib getməyə də hazırlaşıblar. Lakin M.Ə.Rəsulzadənin atası Axund Hacı Ələkbər məsləhət bilməyib və onlar Bakıda qalıblar. 1932-ci ilə qədər isə M.Ə.Rəsulzadə müxtəlif adamlarla ailəsinə maddi yardımlar göstərib, hətta geyim, paltar da alıb göndərib. Sonradan sərhədlər bağlandığından bu mümkün olmayıb. Bakıda gizli fəaliyyət göstərən müsavatçılar isə imkan daxilində M.Ə.Rəsulzadənin ailəsinə müəyyən köməklik edib.

 

M.Ə.Rəsulzadə ailəsinin sürgünə göndərildiyini və həyat yoldaşının da vəfat etdiyini öyrəndikdən sonra polyak əsilli Vanda xanımla ailə qurub, birgə yaşayıb. Hər ikisi Ankaradakı milli kitabxanada çalışıb. Onların bu evlilikdən övladları olmayıb. Vanda xanım 1885- ci ildə Varşavada anadan olub, Varşava Universitetini bitirib. Onun Marşal Pilsudski ilə, eyni zamanda 1930-cu illərdə Polşanın Xarici İşlər Naziri olmuş Beklə qohumluq əlaqəsinin olduğu bildirilir. O, 1974-cü ildə dünyasını də- yişib və Ankara şəhərindəki “Cəbəçi” məzarıstanlığında dəfn edilib.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu