Modern.az

Jurnalistlərin müsahibə almaq istədikləri SİMALAR: Artur Rasizadə, Əli Həsənov, Ziya Məmmədov, Eldar Mahmudov...  

Jurnalistlərin müsahibə almaq istədikləri SİMALAR: Artur Rasizadə, Əli Həsənov, Ziya Məmmədov, Eldar Mahmudov...   

19 Dekabr 2017, 09:24

Jurnalistikanın maraqla oxunan, hər zaman ehtiyac duyulan aktual janrlarından biri müsahibədir. Hər bir redaksiyada bu janra müraciət edən jurnalistlər var. Artıq 2017-ci il bitmək üzrədir. Sözsüz ki, bu il müsahibə janrında yazan jurnalistlər heç də hər dəfə istəklərinə nail ola bilmədilər. Maraqlı, yaxud səs-küy doğuran müsahibələrlə yanaşı, nəticəsiz cəhdlər də oldu ki, buna ən çox təəssüflənən elə həmin janrda yazan həmkarlarımızdır.

Bəs jurnalistlər 2018-ci ildə kimlərdən müsahibə almaq istəyərlər?


Modern.az
saytı bu sualla müsahib axtaran bir neçə jurnalistə müraciət edib.


“Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoy
deyir ki,2017-ci ildə bir neçə dəfə cəhd göstərməsinə baxmayaraq, baş tutmayan müsahibələri olub:


“Ümid edirəm ki, 2018-ci il düşərli olacaq və mən ölkəmizin Baş naziri Artur Rasizadə ilə müsahibə xəyallarımı gerçəkləşdirəcəyəm.

2017-ci ildə isə çoxsaylı müsahibələr almışam. Bunlar hər həftənin birinci günü qəzetimizdə  "Baxış bucağı" rubrikasında dərc olunub. Ancaq həftə arası da xeyli müsahibələrim olur. Lakin müsahibələrimin hansının daha çox uğurlu olduğunu dəyərli oxucularımız deyə bilər. Çox təəssüf ki, komitə sədrləri, nazirlərdən bir neçəsinə  müsahibə üçün müraciət etsək də, nəticəsi olmayıb”.

“Report” İnformasiya Agentliyinin əməkdaşı İlkin Pirəlinin müsahibə almaq istədiyi şəxslərin sayı çoxdur:

“Amma təbii, elə şəxslər var ki, onlarla müsahibə xüsusilə maraqlı olardı. Məsələn, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadan müsahibə almaq istəyərdim. Mehriban xanım maraqlı şəxsdir, əminəm ki, müsahibəsi də diqqətçəkən olar. O, Birinci vitse-prezident vəzifəsinə təyin edildikdən sonra bir çox işlər görüb və hələ də gözləntilər var.

Bundan başqa, düşünürəm ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, Baş nazir Artur Rasizadənin, Milli Məclisin sədri Oqtay Əsədovun müsahibəsi maraqlı olar. Həm də bu şəxslərin yerli mediaya müsahibəsi nadir hallarda olur. Artur Rasizadə maraqlı fiqurdur, mətbuatda xeyli tənqid olunur, amma nədənsə reaksiya vermir, bunun özü də maraqlı məqamlardandır.

Oqtay Əsədovun Milli Məclisin plenar iclaslarında çıxışları maraqla qarşılanır, ən çox istinad edilən xəbərlər sırasında olur. Bu da Oqtay Əsədovla müsahibənin nə qədər maraqlı olacağına işarədir. Amma heyf ki, müsahibə almaq mənim istəyim, cəhdimlə baş tutacaq məsələ deyil...”.


İ.Pirəli 2017-ci ildə alınmayan müsahibələrindən də söz açıb:


“Müsahibəni götürdükdən sonra yazı müsahibin özünə baxmaq üçün göndəriləndə, əvvəlki yazıdan əsər-əlamət qalmır, maraqlılıq itir. Hazıki şərait də belədir. Bu yaxınlarda Milli Məclisin deputatı Vahid Əhmədovdan müsahibə almışdım, yadda qalan o oldu. Müsahibənin maraqlı alındığını isə daha çox oxucular deyə bilər. Bu il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənovdan müsahibə götürməyə cəhd etdim, alınmadı. Tədbirlərdə bir neçə dəfə özünə yaxınlaşdım, mümkün olmadı”.


Tanınmış jurnalist  Natiq Cavadlı
sualımızı konkret cavablandırıb:

“2018-ci il seçki ili olduğundan ölkə başçısı İlham Əliyevdən müsahibə almaq istərdim. 2017-ci ildə isə əsasən məmurlardan müsahibə almaq istəmişəm, amma cəhdlərim uğursuz alınıb. Məsələn, sabiq nəqliyyat naziri Ziya Məmmədov, prezidentin köməkçisi Əli Həsənov, baş nazirin müavini Əli Həsənov”.

“Qafqazinfo.az” saytının əməkdaşı Günel Türksoy müsahibələri növ etibarilə bir neçə yerə qruplaşdırır:


“2017-ci ildə ən maraqlı müsahiblərimdən biri  Nüvə Tədqiqat Mərkəzinin direktoru akademik Adil Qəribov olub.  Bir müddətdir ki, bu sahə ilə maraqlanırdım. O, bütün dünyada inkişafın mərkəzi olan nüvə sahəsini Azərbaycan baxımından real tənqid etmişdi. Düzü, mən bunu gözləmirdim.

Artıq köhnəlmiş,  hər gün danışan adamlardan lazım olmadıqca müsahibə almağı sevmirəm. Maraqlı peşə sahibləri ilə müsahibələrimiz olub. Bir layihəmiz var idi. Onun  vasitəsilə  cəmiyyətə  o qədər də tanış olmayan bir xanımdan müsahibə almışdıq.

Müsahibələri  növ etibarilə bir neçə yerə qruplaşdırıram. Hər birimizin tanıdığı adamlarla müsahibələrim çox olur. Onu məsələyə ayırd etmirəm. Maraqlı planlarım və müsahiblərim olacaq. Hələlik isə istiqaməti açıqlamaq istəmirəm”.

“Amerikanın səsi” radiosunun əməkdaşı Tapdıq Fərhadoğlu müsahiblərindən söz açsa da, kimliklərini gizli tutub:

“İstənilən yüksək vəzifəli dövlət məmurlarından müsahibə almaq istəyərdim. 2017-ci ildə isə müsahiblərim çox olub. İstər dövlət rəsmilərindən, müxalifətdən, qeyri -hökumət təşkilatlarından, istərsə də  mütəxəssislərdən. Çoxsaylı yüksək vəzifəli dövlət məmurlarından müsahibə almaq istəmişəm, amma alınmayıb. Ad çəkmək istəməzdim”.

Modern.az saytının əməkdaşı Aqşin Kərimovun fikrincə, hər bir jurnalistin arzusudur ki, daha yüksək ranqlı, ictimai-siyasi, mədəniyyət həyatında xüsusi ağır çəkisi olan şəxslərdən müsahibə götürsün:

“Bir jurnalist kimi, mən də bu arzuları peşə düşüncəmdə daşıyıram. Müsahibə götürmək istədiyim tanınmış çox insan var. Amma müəyyən səbəblərdən bunun gerçəkləşməyəcəyini də bilirəm.

Çox istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevdən, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevadan sərbəst üslubda müsahibə alım. Hələ ki bu, bir jurnalist kimi mənim arzumdur. Bununla belə, özümdə bir əminlik var ki, mən respondent siyahımda olan şəxslərin bəziləri ilə görüşə, onlarla söhbətlər edə bilərəm.  Eldar Mahmudov, Əli Abbasov, Səfər Əbiyev potensial müsahib gözündə gördüyüm eks-məmurlardır.

Azərbaycan daxilində siyahını bir qədər də artırmaq olar. İstəklərimin ölkə sərhədlərini aşan hissəsini də demək istərdim.

Hesab edirəm ki, bu, cavabımın daha da konkretləşməsi üçündür. Dünya liderlərindən müsahibələr etsəydim, özümü jurnalist karyeramın zirvəsində olmasa da, ona yaxın bir yerdə hiss edərdim.

Rusiya prezidenti Vladimir Putin, Amerika rəhbəri Donald Tramp və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla səmimi atmosferdə söhbət formatında müsahibələr düşünürəm ki, çox maraqlı olardı. Digər liderləri də bu siyahıya əlavə edərdim. Müsahibə götürmək istədiyim fiqurlardan biri də İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyidir.

Özü də heç istəməzdim ki, belə müsahibələr sırf siyasi proseslər ətrafında cərəyan edən hadisələr üzərində köklənsin. Sərbəst müsahibə daha oxunaqlıdır. Amma bilirəm ki, bütün bu dediklərim hələ ki, xəyal dünyamın məhsuludur. Kim bilir, bəlkə də nə vaxtsa reallaşdı...”.


A. Kərimov elmi-dini mövzuda da müsahibələr almaq istəyir, həm də dünyaca məşhur alimlərdən:


“Dünyaca tanınmış alimlər – Riçard Doukinz və Stiven Houkinqdən müsahibə götürmək heç də pis olmazdı. Üstəgəl Roma Papası ilə söhbət etmək də əla olardı...”.

 

“AzVision.az” saytının əməkdaşı Hafiz Əhmədov bildirib ki,Yeni ildə dünya şöhrətli bəstəkar Ramin Cavadidən müsahibə olacaq:


“Bu il jurnalist Tatyana Çaladezedən müsahibə götürməli idim. Təəssüf ki, digər öncədən planlaşdırdığım müsahibələrdən vaxt tapa bilmədim.  Əfsus ki, onun ömrü də buna yetmədi.  Yaxın günlərdə onun vəfat xəbərini oxudum və çox təəssüfləndim. İndi isə  müsahibə ilə bağlı müraciət etdiyim bütün şəxslərə ölümün qapıda gözlədiyini deyirəm.  Gecikmək olmaz. 
2018-ci ildə isə yenə də olduğu kimi xarici ölkələrdə ABŞ, Avropada  böyük nüfuz qazanmış şəxslərdən müsahibələr götürəcəyəm. Çalışacağam ki, həmin şəxslərin Azərbaycanla bağlılığı olmasın”.

 “Moderator.az” saytının əməkdaşı Elmin Nurinin sözlərinə görə,müsahibin maraqlı olub-olmaması jurnalistin ona, mövzuya yanaşmasından asılıdır:

"2017-ci ili aldığım müsahibələr baxımından məhsuldar hesab edə bilərəm. Aralarında maraqla qarşılanan, normal hesab olunanları da var. Bir müəllifin öz əsəri haqqıda "yaxşı idi", "sensasiya yaratdı", "əsrin hadisəsidir" deməsi düzgün deyil. Amma bacardığımız qədər müsahibə janrını quru material kimi təqdim etməməyə çalışmışıq. Müsahibin maraqlı olub-olmaması jurnalistin ona, mövzuya yanaşmasından asılıdır. Məsələn, kimsənin tanımadığı bir insanla müsahibəmi 2017-ci il üçün ən maraqlı iş hesab edirəm. Amma fərdi fikrim olduğu üçün adını çəkmirəm.
2017-ci ildə professor Rafiq Əliyevlə silsilə müsahibələr etdim ki, bu Lütfi Zadə şəxsiyyətini daha dəqiq tanıtmaq gücündə oldu, məncə... Lütfi Zadənin özü ilə 2017-ci ilin əvvəllərində virtual olaraq, müsahibə etmək  istəyirdim. Lakin buna səhhəti imkan vermədi, sonra da...”.


E.Nuri 2017-ci ildə maraqla qarşılanan müsahibələrindən də söz açıb:

“Bir çox mədəniyyət, ədəbiyyat, elm və ictimai xadimlərlə müsahibələr var idi ki, məncə, yaxşı qarşılandı. Mirzə ibrahimovun qızı, milyonçu Musa Nağıyevin, nəvəsi, Konyadakı Mövlanə dərgahının baş səmazəni, Kembricdə çalışan azərbaycanlı professor... Demək, yaxşı deyil, amma siyahı uzundur.. Layihə jurnalisti kimi işlərim müsahibə formasında olduğu üçün belədir... Yəni, mənim xüsusi bacarığım deyil.

2017-ci  ildə dünyasını dəyişən iki şairdən “nə yaxşı ki, onlardan müsahibə aldım” deyirəm. Biri Camal Yusifzadə, o biri İlyas Tapdıqdır. Onlarla danışandan bir müddət sonra vəfat etdiklərini öyrəndim. Amma bunlar keçmişdir. Bizi isə gələcək-2018-ci il maraqlandırır.

Bu baxımdan Cümhuriyyət dövrü kadrların mühacirətdəki varisləri, repressiya olunan ziyalılarla bağlı gizlinləri özündə saxlayan şəxslərin ailə üzvləri, dünya elmində hadisə sayılan işlərə imza atan alimlərimizlə müsahibələr etmək fikrindəyəm. Əlimdə konkret siyahı da var. Amma bu siyahını hələlik deməsəm, məncə, daha yaxşı olar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir