Modern.az

Milli Məclisin illərdir qəbul edə bilmədiyi səs-küylü sənədlər…  

Milli Məclisin illərdir qəbul edə bilmədiyi səs-küylü sənədlər…   

Parlament

19 Dekabr 2017, 13:27

2017-ci ilin bitməsinə bir neçə gün qalıb. Geridə qoyduğumuz bu dövr ərzində Milli Məclisdə bir sıra qanunlar qəbul edildi, bəzi sənədlərə isə əlavə və dəyişikliklər edildi.  Amma bəzi qanun layihələri var ki, Milli Məclis onları illərdir qəbul edə bilmir.

Modern.az saytı həmin qanun layihələrini  dəqiqlə.dirməyə çalışıb.

Qəbulu gecikdirilən qanun layihələrindən biri Rəqabət Məcəlləsidir. Məcəllə  2006-cı ildə Prezident tərəfindən Milli Məclisə təqdim edilib. Qanun layihəsi parlamentdə iki oxunuşdan keçsə də, hələ ki 3-cü oxunuşa təqdim edilməyib. Dəfələrlə bu qanun layihəsinin qəbul üçün parlamentdə məsələ qaldırılıb. Hətta Rəqabət Məcəlləsinin qəbul olunmasının vacibliyi “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2016-cı il 13 iyul tarixli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında da öz əksini tapıb.


Parlamentin payız sessiyasının iclaslarının birində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirmişdi ki, Rəqabət Məcəlləsinin hazırlanması ilə bağlı bu yaxınlarda Prezident Administrasiyasının rəsmisi ilə görüş olub. Komitə sədri qeyd etmişdi ki, məcəlləyə dair qanunvericilikdə bir neçə mübahisəli məsələ var və bu istiqamətdə çox ciddi işlər aparılır. O, əsas mübahisəli məqamın Rəqabət Məcəlləsinin qəbulu ilə əlaqədar müvafiq orqanın yaradılıb-yaradılmaması ilə bağlı olduğunu bildirmişdi.

Milli Məclisdən isə saytımıza verilən məlumatda bildirilib ki, 2018-ci ilin yaz sessiyasında Rəqabət Məcəlləsinin parlamentin iclaslarının birində müzakirəyə çıxarılacağı gözlənilir.

Qəbulu gecikdirilən digər sənəd "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsidir. Qanun layihəsi 27 maddədən ibarətdir. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi ictimai müzakirələrdə dəfələrlə qalmaqala səbəb olub. Xüsusilə sənəddə yer alan “surroqat ana” məsələsinə cəmiyyətdən sərt təpki gəlib. Və "surroqat ana" müddəası etirazlara səbəb olduğundan, o bənd layihədən çıxarılıb. Sənəd indiyədək bir neçə dəfə dəyişikliyə məruz qalıb. Bu qanun layihəsinin müzakirəsi  parlamentin payız sessiyasının işlər planına da  daxil edilib.

Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Musa Quliyev saytımıza açıqlamasında bildirib ki, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasının plenar iclasına tövsiyə edilib.

“Artıq qanun layihəsi tam hazırdır. Komitənin qərarı ilə də Milli Məclisin plenar iclasına tövsiyə olunub. Sadəcə, iclasların gündəliyi sıx olduğuna görə, ola bilsin ki payız sessiyasında müzakirəyə çıxarılmasın”.

Qeyd edək ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb. Layihədə narazılıq yaradan əsas məsələlərdən biri ekstrokorporal mayalanma üçün donorluğun tətbiqi ilə bağlı idi.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür