Modern.az

Rəbiyyət Aslanova: “ABŞ Dövlət Departamentini ittiham edirəm...” (MÜSAHİBƏ)

Rəbiyyət Aslanova: “ABŞ Dövlət Departamentini ittiham edirəm...” (MÜSAHİBƏ)

1 İyul 2011, 19:19

Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti insan haqları ilə bağlı yeni hesabatını açıqladı. Hesabatda Azərbaycana qarşı xeyli ittihamlar var. Modern.az saytı hesabatda yer almış məsələlərlə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovadan müsahibə alıb.

- Rəbiyyət xanım, hesabatda Azərbaycanda insanların cinsi zorakılığa məruz qalması kimi məsələlər də yer alıb. Sizin bu sənədə münasibətiniz necədir?

-
Bu gün öz hökmranlığını, öz düşüncə tərzini, öz həyati maraqlarını dünyanın hər bir yerində bərqərar etmək istəyən süper dövlətlər var. Xüsusilə ABŞ-ın insan haqlarının qorunması, demokratiyanın genişlənməsi, demokratik sistemlər adı altında fəaliyyəti bu mənada göz qarşısındadır. Bundan öz hökmranlıqlarını, düşüncələrini, dünyagörüşlərini, siyasi təsir qüvvələrini artırmaq məqsədilə istifadə edirlər. Bu özünü müxtəlif formada göstərə bilir: həm hərbi yolla bir ölkənin siyasi sistemini dəyişərək istədikləri kimi formalaşdırmaq cəhdləri, həm də öz xarici siyasət prioritetlərinə uyğun olaraq müxtəlif formada təzyiq imkanları...
Bir qədər də konkretləşdirsək, belə qüvvələrin öz xarici siyasətlərinə, maraqlarına uyğun olaraq ayrı-ayrı dövlətlərə müxtəlif baxışları, münasibətləri mövcuddur: daha zəif dövlətlərə yönəlik “Parcala və hökmranlıq et!” prinsipi, nisbətən güclü dövlətlərdə istədikləri kimi siyasi çevrilişlər etmək arzusu və daha güçlü dövlətlərə qarşı “İnsan haqları qorunmur” adı altında basqı yapmak, insanların düşüncəsinə təsir etmək arzusu...
Bax, o qüvvələr bu üç istiqamətdə fəaliyyət göstərirlər. Bu baxımdan güclü dövlətlərə qarşı birinci iki variant mümkün olmadığından artıq insanların şüurunu dəyişməyə, onların təsəvvürlərində öz dövlətlərinə bir inamsızlıq, etibarsızlıq, etimadsızlıq yaratmaq istəyi və həmin dövlətın nüfuzunu beynəlxalq aləmdə aşağılamaq kimi məsələyə əl atılır. Bu baxımdan ABŞ Dövlət Departamentinin bir sıra dövlətlər, o cümlədən Azərbaycan haqqında yaydığı hesabatı qeyri-obyektiv, qərəzli hesabat kimi dəyərləndirirəm. Bunu həmin üçünçü varianta aid edirəm. Azərbaycanın regiondakı rolu, milli süverenliyinin qorunması sahəsindəki uğurları, bu gün dünyada artan nüfuzu və digər məqamlar bu dövlətlə hesablaşmaq istəməyən ayrı-ayrı təşkilatları, xüsusilə beynəlxalq təşkilatları Azərbaycan haqqında səhv fikirlər yaymağa, məkrli addım atmağa məcbur edir.
Bu hesabat artıq 11-cidir və 177 dövlət haqqında hazırlanıb. Görünür ABŞ son zamanlar öz ünvanına yönəlmiş iradlardan sanki bir nəticə çıxarıb, yaxud bunu ört-basdır etmək üçün özü haqqında da hesabatda yer ayırıb. İkinçi ildir ki, özlərinə də yer ayırırlar və Dövlət Departamentinin insan alverinə qarşı mübarizə idarəsinin rəisi artıq özü ABŞ-da qul əməyinin olduğunu, yəni 200 ildən artıqdır ki, quldarlıq prinsiplərinin ləğv olunduğu Amerikada qul əməyinin, cinsi istismarın mövcud olduğunu təsdiqləyib.
Venesueladan, Meksikadan və bu kimi onlarla ölkədən Amerikaya saysız-hesabsız miqrantların gəldiyini, bu miqrantların coxunun insan alveri qurbanına çevrilməsini etiraf etmək məcburiyyətindədirlər. ABŞ-da alver qurbanları təkçə Latın Amerikasından deyil, Afrikadan, Avropadan, yaxud Cənub-Şərqi Asiyadan gələn insanlardır. Böyük bir yol qət edib ABŞ-a gələnlərin arasında həm miqrantlar, həm insan alverinin qurbanları var.
Azərbaycanı ikinçi qrup dövlətlər sırasına daxil edən bu hesabatda dövlətimizin insan alverinə qarşı mübarizədə əldə etdiyi uğurların heç biri nəzərə alınmır. Halbuki, Azərbaycanda mövcud olan beynəlxalq təşkilatların nümayəndəlikləri bu uğurları görür və etiraf edirlər. Heç uzağa getmirəm, ATƏT-in Bakı ofisində, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyində keçirilən bütün tədbirlədə məhz bu uğurlar səslənir. Bu göstərir ki, Azərbaycan dövləti bəşəriyyətin qarşılaşdığı həmin ciddi problemin qarşısını almaq üçün milli fəaliyyət planı qəbul edib, İnsan alverinə qarşı mübarizə idarəsi yaranıb. Hər il insan alverinə qarşı mübarizə ilə əlaqədar olaraq parlamentdə hesabat verilir. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövlətində bu problemin aradan qaldırılması üçün çox ciddi tədbirlər həyata keçirilir, bunun üçün çox ciddi siyasi iradə var, milli qanunveriçilikdə kifayət qədər ciddi müddəalar var ki, bu problemin qarşısı alınsın. Ancaq bu problem bir tək Azərbaycanın həll edə biləcəyi məsələ deyil. Azərbaycan tranzit ölkədir və tranzit ölkəyə digər məqamdan yanaşmaq lazımdır. Saysız-hesabsız insanlar Azərbaycana gəlib başqa-başqa ölkələrə keçirlər. Azərbaycandan keçən hər bir miqranta biz potensial insan alverinin qurbanı kimi baxa bilmərik. Təsadüfi deyil ki, bununla ələqadar olaraq 10 il bundan öncə beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılması ilə əlaqədar olaraq Palarma Konvensiyası imzalanmışdı. Azərbaycan dövləti həmin Palarma Konvensiyasının müddəalarını qəbul edib. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti bu problemin, bəşəriyyətin rastlaşdığı böyük bəlanın aradan qaldırılması üçün hər şey edir. Ona görə də Azərbaycanı bunda günahlandırmaq və Azərbaycan haqqında belə xoşa gəlməyən müddəalar yazaraq ittiham etmək Dövlət Departamentinin nə nüfuzuna, nə də adına yaraşır. Çünki bu, artıq dövlətlərdə həmin departamentin hesabatlarına bir sayğısızlıq, etimadsızlıq və inamsızlıq yaradır. Təsadüfi deyil ki, hesabatda adı keçən dövlətlər məsələyə öz etirazlarını bildiriblər. Departamentə əvvala heç kim haqq verməyib ki, o öz üzərinə bu məsuliyyəti götürsün. Mən bir süveren dövlət kimi haqqımızda bu qədər yanlış, bu qədər yalan yazan departamentin hesabatını düzgün hesab etmirəm, onu ittiham edirəm. Çünki bir dövlət olaraq o məsuliyyəti mən ona verməmişəm ki, dövlətimiz haqqında belə müddüəlarla çıxış etsin. ABŞ özünü süper dövlət hesab edir, öz iradəsini bütün dünyaya qəbul etdirir və onun yaratdığı obrazların hamı tərəfindən qəbul edilməsinə çalşır. Bu, mümkün deyil, bu gün dunya birqütblü dunya deyil, dünya müxtəlifliyin vəhdətindən təşkil olunmuş dünyadır. Hər bir ölkənin öz mədəniyyəti, öz siyasi süverenliyi, hadisələrə münasibəti, çox müstəqil, tarazlaşmış xarici və daxili siyasəti var. Bunları etiraf etmək lazımdır, başqasını kiçiltmək, başqa dövlətin nüfuzunu alçaltmaqla özünü təsdiq etmək və özünün doğru olmayan siyasətinə haqq qazandırmağı bu gün bəşəriyyət qəbul etmir. Bu baxımdan hesabatda olan müddəalar həqiqətdən uzaqdır.
Yazılır ki, Azərbaycanda məmurlar cinsi istismarla məşğuldurlar. Bilirsiniz, bu bir Azərbaycan vətəndaşının ünvanına yönələn təhqirdir. Bir az öncə Azərbaycan gənclərinin narkoman olduğu və narkomaniyaya qurşandığı haqda  müddəalar var idi. Sonra Azərbaycan kişiləri, qadınları  ilə əlaqadar  xoşagəlməz müddəaları əks etdirən yeni yazılar ortaya qoydular. İndi isə sual olunur, böyük, müstəqil bir dövlətin vətəndaşları haqqında bu qədər yalanı nədən uydururlar? Nə haqla departament Azərbaycan vətəndaşına əlində fakt olmadığı halda belə bir müddəa ortaya qoyur? Amma bizim ABŞ haqqında deməyə konkret faktımız var. Biz söyləyə bilərik ki, ABŞ Quantonama həbsxanasında nə qədər əsir saxlıyır, bu əsirləri hansı işgəncələrə məruz qoyur və uzun illərdir ki, bu həbsxananın bağlanması ilə əlaqdar olaraq gedən söz-söhbətlərin hər biri ancaq boş sözə çevrilir. Biz söyləyə bilərik ki, bu gün ayrı-ayrı ştatlarda rezervatsiyalar var. Hinduların taleyi ilə əlaqdar olaraq yenə də diskriminasiya mövcüddür. Necə olur ki, bu diskriminasiyalardan danışılmır, amma başqa ölkələr haqqında bu cür fikirlər irəli sürülür. Amma gəlin baxaq, bu gün dünyada baş verən insan alverinin səbəbləri, qeyri-qanuni miqrantlar hansı səbəbdən yaranır. O səbəblərdən yaranır ki, insanlar yaşadığı mühitdə əmin-amanlıq içərisində deyil, çətinlik icərisindədirlər. Sabitliyin olmaması, iqtisadi çətinliklər, onların başına yağan bombalar və s. məsələlər məcbur edir ki, öz ölkəsini tərk edib başqa ölkəyə getsinlər. Bilirsiniz bu hansı siyasətdən irəli gəlir? Bu gün Avropa 1,5 milyon miqrantı qəbul etməlidir. Bu nəyin nəticəsidir, hansı siyasətin nəticəsidir ki,  bu insanlar miqrant həyatı yaşayır, insan alverinin qurbanına çevrilir. Əlbətdə ki, ABŞ-ın apardığı siyasətin nəticəsidir. Azərbaycan haqqında hansısa bir səhv fikrin yayılmasına qarşı Azərbaycan vətəndaşının haqlı tənqidini dinləsinlər. Adətən Dövlət Departamentinə daxil olan məlumatlar həmin ölkədə olan ABŞ səfirlikləri, QHT-lər vasitəsilə ötürülür. Bir müddət bundan öncə “Vikiliks”lə əlaqədar olaraq dünyada bir qalmaqal baş verdi. Bu, həm də onu göstərdi ki, ABŞ-ın ayrı-ayrı ölkələrdə olan səfirliklərinin fəaliyyəti ancaq qeyri-obyektiv məlumatlar toplamaq, yaymaqdır.

- İndiyə kimi müəyyən vaxtlarda həmin departamentdə insan haqları ilə bağlı məsələlər ortaya çıxıb. Milli Məclis,  yaxud rəhbərlik etdiyiniz komitə bununla bağlı etiraz məktubu göndəribmi? 

- Əvvəlki hesabatlarla əlaqədar olaraq biz Azərbaycanın ayrı-ayrı nazirlik və komitələrinə məktub ünvanlamışıq. Məktubun məzmunu bundan ibarət idi ki, həmin qurumlarda insan haqlarının qorunması, həyata keçirilməsi, milli fəaliyyət planın müddəaları ilə əlaqədar olaraq bütün hesabatları bizə göndərsinlər. Bu, olduqca vacib məqam idi, onlar məlumatları bizə göndərdilər və biz də onları ümumiləşdirib ABŞ-a ünvanladıq. ABŞ Dövlət Departamenti belə böyük sənədi ortaya qoymaq haqqını özündə tapırsa, onda zəhmət çəksin, bir neçə mənbədən, həm dövlət strukturlarından, həm Qeyri-Hökümət Təşkilatlarından, həm səfirliklərindən, həm də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlardan məlumat alsın.

- Məsələ ondadır ki, Azərbaycanda bu hesabatı qəbul edən qüvvələr də var.

- Azərbaycanda insan alveri ilə əlaqədar olaraq mübarizə dörd istiqamətdə aparılır. Birincisi insan alveri qurbanlarının müdafiəsidir, bu, olduqca vacibdir. İnsan alverinin qurbanları bundan xilas olduqdan sonra müdafiələrinə böyük ehtiyac var. İkincisi insan alveri ilə bağlı cinayətlərin qarşısının alınmasıdır, üçünçü, cinayət təşkilatçılarının təqibidir və dordüncü isə bu istiqamətlərdə ayrı-ayrı dövlətlərlə əməkdaşlığın mövcud olmasıdır.
Bu dörd istiqamətin birgə fəaliyyəti nəticəsində insan alverinə qarşı mübarizə mövcuddur. Ancaq vətəndaşlar da bu məsələdə fəal olmalıdırlar. Xoşagəlməz hal baş verir, sənin bir vətəndaş kimi borcun deyilmi ki, bununla əlaqədar olaraq müvafiq strukturlara xəbər verəsən. Biganə insanın gözü qarşısında insanı öldürmək də, məhv etmək də olar, buna görə biganə insandan daha çox qorxmaq lazımdır. Azərbaycan vətəndaşı ölkəsi haqqında hansısa bir xoşagəlməz fikrə sevinməli deyil, milli təəssübkeşlik etməlidir. Fikirləşmək lazımdır ki, bir vətəndaş kimi neyləməliyəm ki, dövlətim haqqında belə fikirlər səslənməsin. Cəmiyyət o zaman mükəmməl, mütərəqqi, kamil olur ki, birinin digərinə qayğısı, sayğısı olsun. Bilirsiniz, bütün dünyada insan alverinin qurbanları əsasən qadınlar və uşaqlardır. Bax, bu qadınlarla əlaqədar bu gün mənim dediyim fikirlərin əksinə olaraq “Təmiz Dünya” Təşkilatının nümayəndələri söyləyirlər ki, Azərbaycanda bu problem var, elə isə Qeyri-Hökümət Təşkilatları bununla əlaqədar olaraq gördükləri işlər, nə qədər qadını bu ağır durumdan xilas etdikləri haqqında cəmiyyətə hesabat versinlər.
Faktı görüb təsdiq etmək əsas şərt deyil, nəticədən danışırıq, amma onu öncələyəcək hansı addımlar atılır? Bəli, bu gün bizdə çox güclü maarifləndirmə lazımdır ki, Azərbaycan xanımı, gənci anlasın ki, aldadıb xaricə iş adı ilə aparan insanlar onu sata bilərlər. Bununla əlaqədar olaraq əl-ələ verib iş görmək lazımdır, bütün ittihamları dövlətin, dövlət strukturlarının üzərinə atmaq lazım deyil. Belə faktlar ətrafımızda, gördüyümüz yerlərdə baş verir, buna görə hər birimizdə məsulliyət hissi lazımdır. Bu gün insan alverinin qurbanına çevrilən Türkiyəyə, İrana və ya başqa Avropa ölkələrinə gedən qadınların içərisində rayonlarımızdan, kəndlərimizdən olanlar da var. Məgər, bu, insanların gözü qarşısında baş vermirmi? Bilirsiniz, bir ictimai qınaq, ictimai məzəmmət deyilən böyük prinsip var idi və bunlarla yanaşı, bir məsulliyət məsələsi də var.  

- İctimai qınaq əvvəllər var indi, amma indi yoxdur...

- İnsanlarda güclü biganəlik, laqeydlik hissi var. Məmməd Arazın gözəl şeiri var:

               - Məndən keçdi, sənə dəydi, 
                 Səndən keçdi, mənə dəydi,
                 Məndən, səndən keçən o daş,
                 Vətən sənə, sənə dəydi!

Bu şeiri çox bəyənirəm. 
Yanımdakının taleyi məni narahat etmirsə və mənim taleyimə o bigənədirsə, onda cəmiyətin  ümumi yaşayış prinsipləri defformasiyaya uğrayır.

Sədaqət SÜLEYMANOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi