Modern.az

İnsanı ÖLÜMSÜZLƏŞDİRMƏK mümkündürmü...  

İnsanı ÖLÜMSÜZLƏŞDİRMƏK mümkündürmü...  

Mədəni̇yyət

19 Dekabr 2017, 17:23

İnsanın yarandıqdan bu günə kimi elə arzuları olub ki, onları reallaşdırmaq hələ ki qeyri-mümkündür. Belə arzulardan biri ölümsüz olmaqdır. Son illər dünyada tibb elminin inkişaf ına söykənən bir sıra alimlər artıq tibbi yolla ölümsüz insanın yaradılmasından danışırlar. Bu barədə araşdırmalar aparılır, müxtəlif  yollardan istifadə olunur. Bunlardan biri kök hüceyrələrin müalicəsi yolu ilə qocalmağın qarşısını almaqdır.


Bu yollarla həqiqətən insanı ölümsüzləşdirmək mümkündür?


Tibb elmləri doktoru Adil Qeybulla Modern.az-a bildirib ki, ölümün qarşısını almaq sadəcə mümkün deyil:


“Ümumiyyətcə qeyd etmək istəyirəm ki, bu inanc həm təbiətə, həm biologiyanın dialektikasına təmamilə ziddir.Razılaşıram ki, xəstənin həyatını uzatmaq olar. Müxtəlif əməliyyatlarla, yeni texnologiyalarla, kök hüceyrələrin müalicəsi ilə insanın beyin qabığının yeniləşməsi mümkündür. Amma bütün bunlar orqanizmdə gedən qocalma prosesinin qarşısını təmamilə aradan qaldıra bilməz”.


Adil Qeybullanın sözlərinə görə, insanın fizioloji ömrü 100 il hesablanıb. İnsan əgər həyatı boyu sağlamlığı üçün lazımı tədbirləri görsə, travma, onkoloji xəstəliklər olmasa, 100 ildən artıq yaşamaq imkanına malikdir:


“Ancaq bunların heç biri qocalma prosesinin qarşısını almağa yetərli deyil. Qocalma prosesi sadəcə bir orqanın üzərində dayanmır. Orqanizmdə müxtəlif hüceyrələr, müxtəlif toxumalar var ki, onların bir-birilə müəyyən əlaqəsi var. Onlar  müddət keçdikcə tükənir”.


Adil Qeybulla qeyd etdi ki, orqanizmdə spermatozoidlərin və qadınlarda yumurta hüceyrələrinin konkret sayı var. Onlar tükənməz deyil. Ölümsüz insan yaratmaq fikri biologiya elminin dialektikasına ziddir:


“Bu gün tibb sahəsi o qədər inkişaf edib ki, ürək köçürülməsi ilə xəstənin ömrünü uzatmaq mümkün olur, eyni zamanda, onkoloji xəstələrin həyati keyfiyyətininin yaxşılaşdırılması, yaşam xüsusiyyətlərinin dəyişməsi ilə bağlı xeyli irəliləyişlərə nail olmaq mümkündür. Ancaq bütün bunlar o demək deyil ki, ölümsüz insan yaratmaq ya da ölən insanı diriltmək olar? Əgər insan bioloji olaraq artıq ölübsə,  onun həyata qayıtması mümkün deyil”.

İlahiyyatçı Elşad Mahmudovun sözlərinə görə, bu həyatda yaşayan hər bir canlı bir gün ölümü dadacaq. Elə bir canlı ola bilməz ki, ölüm qapısından keçməsin:


“Bir gün insanın ölümsüz olacağına şəxsən mən inanmıram. İslam dininin əsas inanclarından biri Axirət gününə iman gətirməkdir. Axirət öldükdən sonra yenidən dirilməkdir və o gün hər kəs etdiyi əmələ görə ya cəza alacaq ya mükafat. Ölümsüz insanın bu dünyada yaşaya biləcəyi fərziyyəsi dinlərə təmamilə ziddir. Çünki insan sadəcə o biri dünyada ölümsüz ola bilər”.


Elşad Mahmudov bildirib ki, “Quran-i Kərim”də də Allah buyurur ki, hər canlı ölümü dadacaq. Elmdə nə qədər yeni kəşflər olsa belə, heç bir şey ölümün qarşısını ala bilməyəcək:

“İnsan oğlu heç vaxt ölmək istəmir. Buna görə əbədiləşmək meyli olur. O səbəbdən müəyyən cəhdlər edir. Ancaq bir daha qeyd edim ki, ölümsüz insanın yaranması mümkün deyil”.


Əbülfəz Kərimov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır