Modern.az

SSRİ-nin yaddaşımıza həkk etdikləri – “Bıt mojet” ətrinin qoxusu gələn illər...

SSRİ-nin yaddaşımıza həkk etdikləri – “Bıt mojet” ətrinin qoxusu gələn illər...

Mədəni̇yyət

19 Dekabr 2017, 21:11

Tarixə qovuşub arxivlərdə geninə-boluna yer tutan keçmiş SSRİ haqqında fikirlər, düşüncələr, siyasi baxışlar müxtəlifdir. Ancaq biz bu yazıda bu müxtəlifliyə, siyasi rəhbərlərə, siyasətə toxunmayacağıq. Sadəcə, həmin illərdə sovet vətəndaşı adını daşıyan insanların yaddaşına həkk olunmuş sadə həyat tərzinin bəzi məqamlarını xatırlayacağıq. Çox yəqin ki, bu günkü müasir həyatımızdan SSRİ-yə kiçik bir səyahət etmək maraqlı olacaq, xüsusilə də, həmin illərin sosial həyatını, məişətini xatırlamaq bəlkə də illər sonra təəcüblü görünəcək.

 

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

 

 

O dövrdə yaşayanlar küçələrdə sıralanan telefon köşklərini yəqin ki, unutmayıblar. Cəmisi 2 qəpiyə bu köşklərdəki telefonlarla insanlar ürəklərini tam boşalda bilirdilər. Nə kontur dalınca qaçmaq lazım idi, nə də balans dərdini, nə də bir ətək pul verib smartfon almaq.

 

Onu da qeyd edim ki, bu telefonlarla yaranan münasibətlər, ünsiyyət bugünkü bahalı telefonlarla qurulan əlaqələrdən daha səmimi və daha uzunömürlü idi.

 

 

3 qəpiyi aparatın gözünə atıb bir stəkan qazlı, siroplu suyun dadı, ləzzəti də onu içənlərin damağından cətin ki, gedər. Məsələ burasındadır ki, bir gündə eyni stəkandan yüzlərlə insan istifadə etməsinə baxmayaraq, bu gündən fərqli olaraq maxtəlif xəstəliklərə yoluxmaq qorxusu yox idi.

 

20 qəpiklik plombir dondurmalarının ləzzəti heç də bu günkü çoxçeşidli dondurmalardan əskik deyildi. Dadı da, keyfiyyəti də öz yerində.

 

 

“Drujba” pendirini o dövrün tələbələri daha yaxşı xatırlayar. 26 qəpiklik bu pendirlə iki dəfə səhər yeməyini yola vermək mümkün olurdu.

 

 

33 qəpiklik tomatda olan kilkə konservlərinin də öz ləzzəti var idi. 35 qəpik ödəyəndə kassada qalıq əvəzinə iki qutu kibrit verərdilər.

 

Sovet uşaqlarının yəqin ki, çoxusu bu oyunu oynayıb. Bu oyunda üstünə rəqəmlər yazılmış daşları sürüşdürərək 1-dən 15-ə qədər sıralamaq lazım idi. Valideynlər uşaqlarının bu tələbatını ödəmək üçün 46 qəpik xərcləməli olurdular.

 

Danılmaz faktdır ki, sovet dövründə kinolara və kinoteatrlara getməyə maraq daha böyük idi. Ən başlıcası müasir dövrümüzdən fərqli olaraq seks-filan yox idi. Filmlərdəki arabir “öpüşdü” səhnəsi də həftələrlə müzakirə olunardı. 30-50 qəpik arasında dəyişən qiymətlərlə bilet alıb kinoya baxan adamlar kinodan zövq almağı bacarırdılar.

 

Mağazalarda tez-tez qəhətə çıxan Hindistan çayına söz ola bilməzdi. 90 qəpik qiyməti olan bu çayın ətri əvəzsiz idi.

 

1 litr südün qiyməti 24 qəpik idi. Belə qablaşdırılmış paketlərdəki süd isə 16 qəpiyə satılırdı.

 

Bu sayğacı da xatırlamaq çətin deyil. Hər kilometrinə 20 qəpik ödəyib taksi ilə istədiyin yerə gedə bilərdin. Necə deyərlər, min, get...

 

Sovetlər birliyinin həyat tərzindən danışanda “Bıt mojet” ətrini xatırlamamaq mümkün deyil. Bu ətir qadınlar üçün olsa da, onu əldə etmək kimi müşkül məsələ kişilərin boynuna düşüb. 1 rubl 20 qəpik xərcləməklə bu ətiri xanımlara hədiyyə edib könüllərini xoş etmək mümkün idi.

 

 

SSRİ dövründə yerli siqaretlərdən daha çox bolqar siqaretlərinə olan maraq da yaddan çıxmayıb. “Opal”, “Veqa”, “Rodopi”, “Feniks”, “Tu” və digərləri daha çox istifadə olunan siqaretlər olsa da, “BT” bərk gedənlərin çəkdiyi siqaret idi. 80-ci illərdən bu siqaretin qiyməti 80 qəpik olmuşdu. “Ələsgər BT-dü” söhbəti elə-belə yaranmayıb.

 

 

Rus arağını bu gün də arzulayan həvəskarlar çoxdur. Nə baş ağrısı verən, nə də içən kimi yuxu gətirməyən bu içkinin qiyməti əvvəllər 3 rubl 62 qəpik, sonralar isə 4 rubl 42 qəpik olub.

 

 

Həmin dövrün şahidləri yəqin ki, gün ərzində bir neçə dəfə dolub-boşalan kitab mağazalarını da xatırlayırlar. Maraqlı kitablar və əlçatan qiymətlər.

 

Onu da qeyd edək ki, sovet dönəmində ən dəyərli hədiyyə də elə kitab idi.

 

Və bir də... Bir də həmin illərin sevgi məktubları unudulmazdır. Aşağısına, yuxarısına qırmızı qələmlə “ürək” şəkli çəkilən məktublar. Müasir dövrümüzdəki sosial şəbəkələrdən fərqli olaraq, həmin dövrdə məktub müəllifləri özləri idi, olduqları kimi, sevdikləri kimi... Bu məktublar yazılanda ürəyin əsdiyi kimi, əllər də əsirdi. Amma bu əssən əllər əsl sevgiləri yazırdılar, böyük səmimiyyətlə...

 

Biz SSRİ-yə kiçik bir ekskurs etdik. Bəlkə də bir az maraqlı idi. Amma insan həyatında ən böyük maraq və ən böyük şərəf onun müstəqil olması, başının üstündən öz bayrağının dalğalanmasıdır. Bu gün müstəqil Azərbaycanın başının üstündə dalğalanan üçrəngli bayraq kimi...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır