Modern.az

Azərbaycanda ürək qüsurlu uşaqlar çoxalıb - Kardioloq səbəbləri SADALADI  

Azərbaycanda ürək qüsurlu uşaqlar çoxalıb - Kardioloq səbəbləri SADALADI  

20 Dekabr 2017, 09:04

Ürək-damar xəstəlikləri təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində artır. Ürək xəstələrinin dünyada qəbul olunmuş statistikası var. Bu statistikaya uyğun olaraq, Azərbaycanda da onkoloji xəstəliklərlə bərabər, ürək xəstəlikləri də çox yayılıb. Əvvəlki illərlə müqayisədə Azərbaycanda həm uşaqlar, həm də böyüklər arasında ürək qüsurlarından və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayı getdikcə çoxalır. Bu baxımdan ölkəmizdə hər doğulan 1000 uşaqdan 14-ü ürək qüsuru ilə doğulur. Ürək qüsuru ilə doğulan körpələrdən 25 faizi ilk 6 ay müddətində tələf olur. Son 5 ildə Azərbaycanda təxminən 2000-ə yaxın ürək qüsurlu uşaq əməliyyat olunub.

Ölkədə ürək qüsurlu uşaqların sayının artmasına səbəb nədir?

Uşaq kardioloqu Nəzakət Həsənova Modern.az-a bunun  bir neçə səbəbinin olduğunu deyib:


“Son illərdə bütün dünyada olduğu kimi, Azərbaycanda da anadangəlmə ürək qüsuru ilə doğulan uşaqların sayında artım müşahidə edilir. Bunun müxtəlif formalarına təsadüf olunur. Elə növləri var ki, doğulan kimi aşkar edə bilirik, elələri də var ki, bir müddətdən sonra mümkün olur.

Əslində başqa ölkələrdən fərqli olaraq, bizim ölkədə hamiləlik vaxtı qadınların pis vərdişlərinə rast gəlinmir. Yəni siqaret, spirtli içkilərdən istifadə olunmur. Ürək qüsurlarını törədən amillər çoxdur, xüsusilə də bunlar zərərli vərdişlərdir. Buna baxmayaraq, Azərbaycanda ürək qüsurlarının çox olduğu görülür. Güman edirik ki, anadangəlmə ürək qüsurlu uşaqların sayının artmasına səbəb ekoloji vəziyyət, düzgün qidalanmama, hamiləliyin ilk 3 ayında olan virus infeksiyaları, bakteriyalardır. Bunların arasında ən çox kəskin infeksiyalar ürək qüsurlarına səbəb olan amildir. Bu, praktikada gördüyümüz bir şeydir”.

N.Həsənova qeyd edib ki, ürək qüsurlarını  ana bətnində aşkarlamaq olar:

“Bilirsiniz ki, artıq bunun ana bətnində diaqnozu qoyulur və qarşısını almaq üçün profilaktik tədbirlər görülür. Anadangəlmə ürək qüsurlarının qarşısını almaq erkən diaqnostika deməkdir və bundan sonra əməliyyat etmək mümkündür. Amma təəssüf ki, müasir dövrdə, inkişaf etmiş texnologiyaya rəğmən onun qabağında oturan mütəxəssis çox savadsız olur. Halbuki, mütəxəssis ürək qüsurlarını vaxtında aşkar etmək üçün savadlı olmalıdır. Lakin nəinki ürək qüsuru, bəzən uşaqlar digər anomaliyalarla doğulur və bu, doğulandan sonra aşkar edilir. Bu səbəbdən düşünürəm ki, öncə diaqnostika yaxşılaşdırılmalıdır”.

Kardioloq düşünür ki, uşaqlarda olan ürək qüsurları ciddi problemdir:

“Bir var anadangəlmə ürək qüsurları, bir də var normal doğulmuş uşaqda müəyyən amillərin təsiri nəticəsində sonradan qazanılan ürək qüsurları. Qazanılmış ürək qüsurları çox zaman valideynlərin səhvi olur. Bəzən həkimlərin səhvindən və digər amillərdən də yaranır. Amma bu artıq anadangəlmə ürək qüsurudursa, mütləq həkim nəzarəti olmalıdır. Əgər ürək qüsuru olan uşağa vaxtında müdaxilə edilməzsə, həkim nəzarətində olmazsa, əlbəttə, ölümlə nəticələnə bilər. Anadangəlmə ürək qüsuru doğum evində aşkarlanırsa, sahə həkiminə məlumat  verilməlidir. Pediatrla yanaşı, mütləq kardioloq-cərrahın da nəzarəti olmalıdır.

Statistikaya görə, anadangəlmə ürək qüsurları həm oğlan, həm də qız uşaqları arasında demək olar ki, bərabərdir. Lakin son illərdə öz praktikama əsasən deyə bilərəm ki, bu cür halları daha çox qızlarda görmüşəm. Ümumiyyətlə düşünürəm ki, bəzi xəstəliklər cavanlaşmayıb, artıq uşaqlaşıblar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir