Modern.az

Mənzillərdə qazdan istifadə edənlər bunları bilməlidir...

Mənzillərdə qazdan istifadə edənlər bunları bilməlidir...

Ölkə

21 Noyabr 2009, 16:05

Havalar soyuduğundan mənzillərdə təbii qazdan daha çox istifadə edilir. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti yanğın, partlayış və dəm qazından zəhərlənmə kimi arzuolunmaz hallardan uzaq olmaq üçün mülkiyyət formasından asılı olmayaraq hər bir təşkilatın, həmçinin hər bir vətəndaşın bir sıra qaydalara əməl etməsinin zəruriliyini bəyan edib.

 

Dövlət Yanğın Nəzarəti Xidməti bildirib ki, qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarına tikinti və quraşdırma işlərindən başlamaq lazımdır. Təhlükəsizliyi təmin etmək üçün yaşayış binalarında  yanğın təhlükəsizliyi ilə bağlı bütün qaydaların tələblərinə riayət olunmalıdır.  

 

Mütəxəssis məsləhəti lazımdır

 

Qaz istehlakçıları istənilən satış mərkəzindən əldə etdikləri məişət cihazının müvafiq sənədləri, o cümlədən texniki pasportu, uyğunluq sertifikatı və s. ilə tanış olmalı, onlardan istifadə qaydasını satışı həyata keçirən mağazanın nümayəndəsindən öyrənməlidirlər. Qaz cihazlarının istər obyektdə, istərsə də evdə quraşdırılması və təmir olunması mütləq qaydada bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Təyinatından asılı olmayaraq obyektlərdə və yaşayış sahələrində standarta uyğun olmayan qaz cihazlarından istifadə etmək olmaz.  Quraşdırılan hər bir məişət qaz qızdırıcısı tələb olunan standartlara  cavab verməli, onların təhlükəsizlik qurğuları daima saz vəziyyətdə olmalı və istifadəsi zamanı müəyyən edilmiş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir. Müəyyən məqsədlər üçün qaz cihazlarından qurğu və aqreqatların, hissələrin çıxarılmasına yol vermək olmaz.

 

Dərhal işığı yandırmaq olmaz

Mənzildə adam olmayanda içəri daxil olarkən dərhal işığı yandırmaq,  elektrik cihazlarını işə salmaq, açıq oddan,  siqaretdən istifadə etmək olmaz. Mənzilə daxil olarkən   qaz iyi olub-olmamasını dəqiqləşdirmək, qaz iyi hiss edilərsə, qapı və pəncərəni açıb mənzilin havasını dəyişmək və qəza xidmətinə xəbər vermək lazımdır.
Qaz cihazını yandırmazdan əvvəl nəzarət kranlarının və sobanın işçi kranlarının bağlı olduğu yoxlanmalı, sonra  nəzarət kranını açmalı və yanan kibrit odluğa yaxınlaşdırılmalıdır. Sonra isə ehmalca işçi kranı açıb məşəli lazımınız olan qədər tənzimləmək lazımdır. Yanma prosesi düzgün gedirsə, məşəl mavi və parlaq olur.  Məşəlin rəngi sarı və qırmızıya çalırsa,  deməli, yanma prosesi düzgün getmir, odluq təmizlənməli və tənzimlənməlidir. Sobanın qril qutusunda qazı yandırarkən daha ehtiyatlı olmaq lazımdır. Qutunun qapağını açıb 1-2 dəqiqə havasını dəyişmək  vacibdir. Yanan kibriti odluğa yaxınlaşdırıb kranı sonra açmaq lazımdır.

 

Tüstü bacaları təmizlənməlidir

 

Hər bir vətəndaş bilməlidir ki, hər birimizin  və ətrafdakı adamların təhlükəsizliyi qaz cihazlarından isifadə qaydalarına riayət edilməsindən çox asılıdır.  Cihazların normal işləməsi üçün onların təmiz və saz halda saxlanması vacib şərtdir.  Əldə yanılı kibrit çöpü olmadan odluğun kranını açmaq təhlükəlidir.
Təhlükəsizliyi təmin etmək üçün standartlara uyğun olmayan qaz cihazlarından, sobalarından  istifadə etmək olmaz.
Qış mövsümü başlanmazdan əvvəl mütəxəssislər tərəfindən sobalara  baxış keçirilməli, bütün sobaların tüstü bacaları təmizlənməlidir. Qaz sobaları və cihazlar işə salınarkən odluğun qapağı açılmalı, 5-10 dəqiqə hava dəyişdirilməlidir.

 

Qaz cihazlarını yanılı halda qoyub yatmaq olmaz

Qaz cihazlarını yanılı halda qoyub yatmaq, uşaqların, xəstələrin ümidinə qoyub evdən çıxmaq qorxuludur. Yanmaqda olan odluqların üstünə maye dağılması  təhlükəlidir. Qaz cihazına qazın verilməsində rezin şlanqlardan istifadə olunması və qaz cihazları olan otaqlarda tezalışan məhsulların yerləşdirilməsi və saxlanılması qəti qadağandır.
Qaz kəmərlərindən və cihazlarından qazın sızmasını yoxlamaq üçün açıq oddan istifadə etmək  olmaz. Bundan ötrü yalnız sabun məhlulundan istifadə edilməlidir.
Tüstü bacası çəkmədikdə qazla işləyən suqızdırıcını işə salmaq olmaz. Qaz cihazlarından istifadə edərkən pəncərənin nəfəsliyi açıq olmalı, mənzili tərk edərkən qaz cihazları  mütləq söndürülməlidir. Yanan qaz cihazlarını  nəzarətsiz qoymaq, sobaların həddindən artıq qızmasına yol vermək partlayış, yanğın,  zəhərlənmə kimi bədbəxt hadisələrə səbəb ola bilər.  Məişət qaz sobalarının üzərinə qazanı, çaydanı, çayniki elə doldurub qoymaq lazımdır ki, su qaynayanda daşmasın. Qaynayan su daşıb odluğu söndürə bilər, mətbəxə qaz sızması baş verər və bu da partlayışla nəticələnər.

 

Ventilyasiya olmalıdır

Mənzillərdə mətbəxin havası daima dəyişdirilməlidir. Ventilyasiyanın olmaması mətbəxə dəm qazı yığılmasına səbəb olur ki, bu da zəhərlənmə halları ilə nəticələnir. Ventilyasiya elə qurulmalıdır ki, qaz yanan mətbəxin havası 1 saatda azı 3 dəfə dəyişmiş olsun.
Mətbəxdə yanan qaz sobasını hətta qısa müddətə belə nəzarətsiz qoymaq təhlükəlidir. Bu, gecə saatlarında daha qorxuludur. Qaz sönə bilər və otağa dolan qaz partlayış, yanğın və boğulmaya səbəb olar.   
Qazla işləyən suqızdırıcılarını işə salmazdan qabaq tüstü bacasının tüstünü çəkib-çəkmədiyi yoxlanılmalıdır. Bunun üçün yanan kibriti suqızdırıcının üst qapağına yaxınlaşdırmaq kifayətdir. Məşəl içəri sovrulursa normal, məşəl şaquli vəziyyətdə qalırsa və ya əks tərəfə üfürülürsə, tüstü bacasının işi qeyri-normal sayılır. 
Vanna otağında nəfəslik, təbii işıq mənbəyi, ventilyasiya kanalının olması vacibdir. Qapı bayır tərəfə açılmalı və qapının aşağısında hava daxil olması üçün dəliklər olmalıdır.
Unutmaq olmaz ki, qapının aşağı hissəsində dəliklər olmazsa, yanma məhsulları otağa yığılar. Bu halda dəm qazından (CO) zəhərlənmə halları baş verər. Vanna otaqlarında qızdırıcının növündən asılı olmayaraq ventilyasiya kanalı, tüstü ötürücüsü kanalı  işlək vəziyyətdə olmalıdır. 

 

Qaz balonlarından istifadə zamanı...

Qaz balonlarından da istifadə edərkən bir sıra qaydalara əməl olunması vacibdir.
Qaz balonlarının dəyişdirilməsi zamanı yeni və işlənmiş balonların kranlarının bağlı olduğuna diqqət yetirilməlidir. Dəyişdirilmə ətrafda olan elektrik cihazlarından, istilik mənbələrindən kənarda   həyata keçirilməli, balonlardan istifadə edilmədikdə qaz bağlanmalıdır.
Balonları düzgün qaydada yaxşı ventilyasiya olunan zonada, istilik mənbəyindən kənarda,  birbaşa günəş şüalarından uzaqda saxlamaq məsləhətdir. Oksidləşdirici qazları tez alışan qazlardan,  dolu balonları isə boş balonlardan ayrı saxlamalı, balondan diyircək, dayaq və s. kimi istifadə edilməməlidir.  Alov vasitəsilə balonun qaz buraxmasını yoxlamaq olmaz, bunun üçün sabunlu sudan istifadə edilməlidir.
Qaz buraxan və ya zədələnmiş birləşmələrə malik olan balonlardan istifadə etmək olmaz. Kranlarda və ya balonda qoyulmuş təhlükəsizlik cihazlarına müdaxilə etmək yolverilməzdir. 

Təhlükə zamanı "112" xidmətinə zəng vur!

Mətbəxdə, mənzildə, vanna otağında, pilləkən qəfəsində, zirzəmi, yarımzirzəmilərdə qaz iyi və ya sizə tanış olmayan iy hiss edirsinizsə, qarlı havada qarın üzərində sarımtıl boz ləkələr, yağışlı havalarda gölməçələrdə, su qabarcıqları nəzərinizə çarpırsa, bu qaz sızmasına işarədir. Bu halda hava dəyişdirmək üçün yelçəkənlər yaradılmalı, açıq oddan istifadə edilməməli, elektrik şəbəkəsini qoşub və cihazları oradan ayırmamalı, Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə, Qaz idarələrinin Qəza Xidmətinə  telefonla xəbər verilməlidir.       
Qazdan istifadə olunan yerlərdə havanın daimi hərəkəti olmadıqda yığılan dəm qazının xaric olması çətinləşir, bu isə zəhərlənmə və boğulma kimi təhlükəli hallar yaradır.  Dəm qazının məişətdəki əsas mənbələri nasaz, standarta uyğun olmayan qaz cihazlarıdır, işlək vəziyyətdə olmayan tüstü bacalarıdır.

 

Zəhərlənmə və boğulma halları baş verdikdə

Qazın yanma məhsullarından   zəhərlənmə və boğulma halları baş verdikdə ilk tibbi yardım göstərməyi hamı bacarmalıdır. Yadda saxlamaq lazımdır ki, qazın yanma məhsullarından zəhərlənmə və ya qazdan boğulma hallarında başgicəllənmə, ürək bulanması, qusma, dodaqların göyərməsi, huşun itirilməsi müşahidə olunur. Zəhərlənmə zamanı zərərçəkən təmiz havaya çıxarılmalı, yaxası açılmalıdır, nəfəsalmanı çətinləşdirən bütün amillərdən azad edilməli və dərhal təcili yardımdan həkim çağırılmalıdır. Zərərçəkənə naşatır spirti iylədilməli, tünd çay və ya qəhvə içirdilməlidir.  Zərərçəkənin yuxulamasına imkan verilməməli, ayaqlarını isidib, bədəni yüngülcə sürtülməlidir. Süni nəfəsi həyat əlaməti kəsildikdə və ya son anda vermək lazımdır. Süni nəfəsi ancaq yaxşı hazırlıqlı adamlar verə bilər.
Od almış adamı quru parçaya və ya geyim əşyasına bükməklə söndürmək lazımdır.
Bir daha xatırladırıq ki, bütün qaz istehlakçıları təhlükəsizlik qaydalarına riayət etməli,  müəssisə və təşkilatlarda, xüsusən də təhsil ocaqlarında, səhiyyə müəssisələrində, uşaq evlərində qaz cihazlarından  istifadə edilməsi üçün mütləq məsul şəxslər ayrılmalı və onlar təlimatlandırılmalıdırlar. 
Unutmaq olmaz ki, bu qaydalara əməl etməməklə hər kəs zəhərlənmə, yanğın, partlayış təhlükəsi yaradır, özünü, ailə üzvlərini, ətrafdakı insanları bədbəxt hadisələrə düçar edir.


Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi