Modern.az

Roma Papasının “şeytan açıqlaması” Azərbaycanda fikirləri HAÇALADI... 

Roma Papasının “şeytan açıqlaması” Azərbaycanda fikirləri HAÇALADI... 

20 Dekabr 2017, 13:32

Katolik kilsəsinin ən böyük ruhani lideri, Roma Papası Fransisk İtalyanın Katolik Kilsəsinə məxsus TV 2000 adlı tele-kanalında “şeytan” anlayışı ilə bağlı fikirlərini bildirib: “Şeytan Milandakı hava çəni deyil. O hava ilə yayılmır. Şeytan həqiqi canlı varlıqdır”.Telekanal müxbirinin “yəni şeytanın adı və soyadı olduğunu deyirsiz?”, - sualına Papa Fransisk cavabında “bəli, əminəm”, - deyərək hətta Vatikanlı ruhaniləri də təəccübləndirib. Papa nitqinin davamında “gənclər şeytanın mif və ya xəyal olduğuna inandırılıblar. Amma şeytan var və onunla mübarizə aparmalıyıq”, - deyə vurğulayıb.  

 

Sənətşünaslıq üzrə elmlər doktoru Sabirə Dünyamaliyeva Modern.az-a açıqlamasında Roma Papasının fikirləriylə razı olmadığını bildirib:

 

“Şeytanın tərcüməsi var. İlkin düşüncəylə əlaqədar elmi araşdırmalar da var. Şeytan düşüncə deməkdir, ilkin düşüncə. Freydin “id” adlandırdığı ilkin düşüncədir. Buna görə də Papanın fikriylə razı deyiləm. Onu kənarda görəndə insanın işi yüngülləşir. Nəyə görə yüngülləşir?

 

Deyək ki, insan bir yanlış hərəkət edir. Sonra onun yanlışlığını görəndə özündə günah axtarmaq istəmir. Ya bunu talehə qismətə bağlayıb Allahın boynuna qoyur, ya da kənardan şeytan məni aldadıb deyərək şeytanın boynuna qoyur. Qərarı özü versə də, günahı başqalarında görür. İnsanlar öz günahları ilə ovunmaq üçün bunları düşünüblər. Əslində şeytan bizim hər birimizin beynindəki təhtəlşüurda olan ilkin düşüncədir.

 

Heç bir qanuna tabe deyil. Sadəcə öz nəfsinin təmin olunmasını istəyir. Məqsədi budur. İkinci düşüncə isə eqodur. Burada ağıl da meydana gəlir. Düşünür ki, ətrafdakılardan ziyan görməyim.

 

Üçüncü düşüncə isə artıq ətrafda fəaliyyət göstərə bilmə, “ətrafın məni doğru-dürüst qəbul edə bilməsi” mərhələsidir. Bunların qoyduğu çərçivələrlə məhdudlaşır. Deməli, bu şeytan məsələsi birinciyə aiddir. Şeytan hər insanın içindəki mənfi düşüncələrdir”.

 

Ziqmund Freydə görə, “id”in qaynağı cinsəllik və aclıq kimi ehtiyacların ən qəddar şəkildə ödənilməsidir. “İd” gərçəkləri deyil, istəkləri nəzərə alır və bunun cəmiyyət tərəfindən necə qarşılanması onun marağında deyil.

Freyd  “id”i “arzular” adlandırır. Ac bir körpənin qızarana qədər ağlaması buna nümunədir. Onun təhtəlşüuru “id” mərhələsindədir. Nə istədiyini bilir və onu əldə edənə kimi ağlayır.

 

“Eqo” latınca “mən” deməkdir. “İd” tərəfindən gələn tələblərin cəmiyyətə uyğun olub-olmadığını analiz edir. Eqo “id”in hücumundan qurtulmaq üçün müdafiə mexanizmləri yaradır. Bunlara reaksiya vermə,inkar etmə, idin mənfi tələblərini müsbətə yönləndirmə aiddir.

 

“Super eqo” isə sosial baxımdan təhdid olunmuş vicdanımızı təmsil edir. Mənəvi və etik cəhətdən idi təhlükəsiz vəziyyətə gətirir.

 

Dinşünas Nəriman Qasımoğlu isə deyir ki, şeytan mif deyil.

 

“Bircə onu deyə bilərəm ki, inanclı insanlar şeytanı necə mif hesab edə bilərlər? Papa iblisin bir qüvvə olaraq varlığını ifadə etmək üçün belə deyib. Hüseyn Cavidin “İblis” əsərində də şeytanın canlı olduğu vurğulanır. Papa dəqiq olaraq nəyi nəzərdə tutur bilmirəm, amma bu məsələdə Hüseyn Cavidə haqq verirəm”.

 

Hüseyn Cavidin “İblis” əsərində hadisələr Birinci Dünya Müharibəsi ərəfəsində baş verir. İblis obrazı canlı biri kimi təsvir edilir. İblis əsərin qəhramanı Arifi yoldan çıxartmağa cəhd etsə də, Arif əvvəlcə onun təkliflərini rədd edir. İblis isə məyus olmadan onu yolundan döndərmək üçün olan israrına davam edir.

 

İblis Arifə qızıl, pul təklif edir, ona yalnız intiqamın bu dünyada qalib gələcəyini deyir, xoş vədlər verir. Arif isə Rəna adlı bir qıza vurulur və sadəcə onu düşünür.

 

Vasif adlı yaraşıqlı zabitin də Rənanı sevməsi Arifdə qısqanclıq hissi oyadır. Arif yavaş-yavaş özü də bilmədən İblisə uyur və bunu görən İblis ona tənə etməyə başlayır.

Əsərdə hadisələr bu cür davam edir və Arif tamamilə İblisə məğlub olur. Əsər İblisin məşhur monoloqu ilə yekunlaşır:

 

İblis!.. O böyük ad nə qədər calibi-heyrət!
Hər ölkədə, hər dildə anılmaqda o şöhrət.
Hər qülbədə, kaşanədə, viranədə İblis!
Həp Kəbədə, bütxanədə, meyxanədə İblis!
Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət,
Hər kəs bana aciz qul ikən, bəslər ədavət.
Lakin bəni təhqir edən, ey əbləhü miskin!
Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,
Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,
Daim ayaq altında sönüb məhv olacaqsın.
Bənsiz də, əmin ol, sizə rəhbərlik edən var:
Qan püskürən, atəş savuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
Altın və qadın düşgünü divanə bəbəklər.
Bin hiylə quran tilki siyasilər, o hər an
Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;
Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,
Onlar duruyorkən bəni təhqirə nə hacət?!
Onlar, əvət onlar sizi çignətməyə kafi,
Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...
Bən tərk edərim sizləri əlan nəmə lazim!
Hiçdən gələrək, hiçliyə olmaqdayım azim.
İblis nədir?
- Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir?
- İblis...”

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı