Modern.az

Ali məktəblərə builki keçid balları: onlar aşağı salına bilər?

Ali məktəblərə builki keçid balları: onlar aşağı salına bilər?

Ölkə

2 İyul 2011, 17:55


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 3-də 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə  III ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək.

İmtahan öncəsi həyəcanı yaşayan abituriyentləri maraqlandıran ən əsas məsələ isə qəbul imtahanlarından sonra ixtisas qrupları üzrə müsabiqədə iştirak ballarının aşağı salınıb-salınmayacağıdır. TQDK-nın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, ixtisas qrupları üzrə minimum keçid balları ötənilki kimidir. Ballar qabaqcadan aşağı salınmır. Balın aşağı salınması abituriyentlərin göstərdiyi nəticələrdən asılı ola bilər.

Qeyd edək ki, III qrupun ardınca I qrupun imtahanları keçiriləcək - 10 iyulda Bakı, Naxçıvan, Gəncə, Sumqayıt şəhərlərində.
Daha sonra IV qrupun abituriyentləri iyulun 16-da Bakı, Naxçıvan, Gəncə, Lənkəranda biliklərini nümayiş etdirəcəklər.

II qrupun imtahanları isə 22 iyul tarixində Bakı, Naxçıvan, Gəncə, Şəkidə keçiriləcək.

Ali təhsil müəssisələrinə ixtisas seçimi 24 iyul-2 avqust aralığında olacaq.

Ali məktəblərin müsabiqəsinə keçid balları aşağıdakı kimi olacaq.  

- I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər müsabiqəyə buraxılacaqlar; 

- III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər müsabiqəyə buraxılacaq. 

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. 

Azərbaycan Diplomatik Akademiyasının “Beynəlxalq münasibətlər” və “Biznesin idarəedilməsi” ixtisaslarını yalnız ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini qeyd etmiş və ümumi balı 400-dən az olmayan abturiyentlər seçə bilərlər. 

Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayacaq. 

Bakı İslam Universitetinin ixtisaslarını ümumi balı 150-dən az olmayan (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq edilmir) və iyulun 7-dən 13-dək bu təhsil müəssisəsində yaradılmış dini-psixoloji komissiyadan müvəffəqiyyətlə keçən abituriyentlər seçə bilərlər. 
Dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələblər qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra müəyyən ediləcəkdir. 

 İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin eyni ixtisas qrupuna aid olan 15-ə qədər ixtisas kodunu qeyd edə biləcək.  


Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!