Modern.az

Azay Quliyev: “Rusiya Kazan görüşündən zəifləyərək çıxdı...”

Azay Quliyev: “Rusiya Kazan görüşündən zəifləyərək çıxdı...”

Müsahibə

2 İyul 2011, 23:47

Deputat hesab edir ki, Obama, Sarkozi və Medvedevdən Sərkisyana ciddi təzyiq olmasa, Ermənistan konstruktiv movqe göstərməyəcək


İyulun 6-dan 10-a qədər Serbiyada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının yay sessiyası keçiriləcək. Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev sessiya öncəsi Modern.az saytına müsahibə verib.

- Azay müəllim, heç bir irəliləyiş əldə edilməyən Kazan görüşündən sonra ATƏT PA-nın yay sessiyası başlayacaq. Kazan görüşündən hər hansı nəticə gözləyirdinizmi?

- Səmimi deyim ki, bir çoxları kimi mən də Kazan görüşündən heç nə gözləmirdim. Ona görə ki, bunun üçün hər hansı simptomlar yox idi. Kazan görüşü o zaman müsbət nəticə verərdi ki, Ermənistanın mövqeyində dəyişiklik olsun. Ermənistan nəhayət ki, öz əsassız iddialarından vaz keçsin və konstruktiv bir mövqe sərgiləsin. Təssüflər olsun ki, nəinki Ermənistanın konstruktiv mövqe sərgiləməsinin şahidi olduq, hətta gördük ki, əvvəlki mərhələlərdə razılaşdırılmış bir çox məsələləri belə ermənilər inkar etdilər. Daha ağır şərtlər irəli sürürlər. Bu baxımdan Kazan görüşü iflasa uğradı. Düşünürəm ki, bu iflasın gələcəkdə müəyyən nəticələrini biz görəcəyik. Çünki artıq Rusiyanın təşəbbüsü ilə keçirilən bir neçə görüş nəticəsiz qalır. Ümumiyyətlə,  Minsk Qrupu həmsədr ölkələrinin burada siyasi mövqeləri kifayət qədər sərt və ədalətli deyildi. Kazan görüşü bir daha sübüt etdi ki, ermənilərlə bu dildə danışmaq nəticə verməyəcək. Ermənistanı sadəcə olaraq sözlə konstruktivliyə dəvət etmək kifayət deyil.
Ümumiyyətlə,  Qarabağ məsələsi 3 variantda  həll oluna bilər.
Birinci variant ən optimalı olan sülh variantıdır, yəni  Ermənistan bütün reallığı dərk edərək   Azərbaycanın işğal etdiyi ərazilərindən könüllü olaraq öz qoşunlarını geri çəkir və sonrakı tənzimləmə prosesinə rəvac verir.
İkinci vaiant ondan ibarətdir ki, Ermənistan könüllü şəkildə bunu etmir, beynəlxaq təşkilatlar, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri həyata keçirməyə görəvli olan qurumlar hərəkətə keçərək Ermənistana sanksiya tətbiq edir. Bu, iqtisadi, siyasi, nəhayət güc tətbiqi ola bilər. Bir suveren ölkənin ərazisini işğal edən digər ölkəni yerində oturtmaq üçün biz dəfələrlə şahidi olmuşuq ki, NATO və BMT, digər aidiyyatı qurumlar hərəkətə keçiblər. Çox uzağa getməyək, ötən əsrin 90-çı illərində İraqın Kuveyti işğal etməsi, yaxud onun ərazisinə daxil olmasının nəticəsi hamıya bəllidir. NATO dərhal qərar qəbul etdi və İraqı bombaladı. Liviyada son baş verənlər və s.
Üçünçü variant  isə Azərbaycanın hərb yolla öz torpaqlarını azad etməsidir. Torpaqların azad edilməsi BMT Nizamnaməsinin 51-maddəsini tətbiq edərək, özünü müdafiə hüququndan istifadə edərək işğalı aradan qaldıra bilər. Burada formula çox aydındır. İndi bu variantlardan hansının  tətbiqi  olunması ilk növbədə Ermənistandan, daha sonra Minsk qrupunun həmsədrlərindən və nəhayət Azərbaycandan asılıdır.

- Dəfələrlə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edən Rusiya nəticəsizlikdən nüfuzunu itirmirmi?

- Bu, artıq Rusiyanın düşdüyü çətin bir durumdur. Rusiya son 2-3 ildə demək olar ki, təkbaşına belə bir təşəbbüs həyata keçirərək prezidentlərin görüşlərini təşkil edir. Bütün bu görüşlər uğursuzluqla nəticələnir. Çox böyük ehtimalla bunun belə olacağını ABŞ və Fransa əvvəlcədən bilirdi.  Sadəcə olaraq Rusiyanın belə bir işin altına girməsi, özü üçün müəyyən nəticələri verə biləcəyi görüntüsü yaratsa da, əslində mən hesab edirəm ki, Rusiya bu prosesdən daha çox zəifləyərək çıxdı. Çünki bundan sonra nəsə  bir irəliləyişə nail olunmasını mən hazırda mümkün görmürəm. Çünki Ermənistan işğalçılıq siyasətindən imtina etmir. Digər tərəfdən, hesab edirəm ki, Obamanın və Sarkozinin də tefon danışıqları və yaxud göndərdikləri məktublar çox ümumidir: “Siz gedin, dil tapın, siz danışıqlarda nəticə əldə edin”...
Məncə bu məsələdə belə telefon zəngləri Azərbaycana olmamalı idi. Məktublar da birbaşa Ermənistana ünvanlanmalı idi. Çünki Azərbaycan nəyə razılıq verməli idi, bunu başa düşmək mümkün deyil. Azərbaycan Ermənistanın ərazisini işğal etsəydi, onda bu zənglər bizə olmalı idi və deyilməli idi ki, “işğalçılıq siyasətindən əl çəkin”.
Bu məsələnin bir həlli var, Ermənistan Azərbaycan torpaqlardan çıxmalıdır. Bu, Sarkozinin, Obamanın və Medvedevin də qəbul etdiyi qətnamələrdə və üzv olduqları Beynəlxalq təşkilatların bütün sənədlərində də göstərilib. İkitərəfli münasibətlərdə də, əməkdaşlıq haqqında imzalanan sənədlərdə də bu açıq şəkildə var. Bu varsa, təzədən Azərbaycana niyə zəng edirsən, nə tələb edirsən, nə məktub yazırsan..? Azərbaycandan nə istəyirsən..?

- Azərbaycandan kompromisə getmək təklif olunur...

- Birinci kompromis odur ki, Azərbaycan iyirmi ilə yaxındır ki, sülh danışıqlarına sadiqdir. İkinci odur ki, Azərbaycan münaqişədən əvvəl Qarabağdakı ermənilərin statusundan da daha böyük üstünlüklər təklif edir. Onların təhlükəsizliyinə zəmanət verir. İqtisadi inkişafının dircəlməsinə zəmanət verir. Ermənistanın bütün beynəlxalq və regional layihələrə qoşulmasına. Türkiyə də eyni zamanda...
Türkiyə ilə Ermənistanın sərhədləri bir səbəbə görə bağlıdır, o səbəb də Ermənistanın Azərbaycan ərazilərini işğal etməsidir. Ermənistan bu prosesdə nə qədər çox qazanacaq...? Türkiyə Azərbaycanın maraqlarını və istəyini nəzərə alaraq Ermənistanla sərhədlərini açmır. Demək ki, bu gün bu problem həll olunarsa, Azərbaycan Türkiyənin Ermənistanla sərhədlərini açmasına etiraz etməyəcək. Görün, Azərbaycan nə qədər güzəştlər və üstünlüklər vəd edir. Ermənistan bunlardan yararlanır. Başqa nə güzəşt ola bilər? Torpaq? Bu mümkün deyildir. Axı sən gəlib mənim torpağımı işğal etmisən, sonra da gəlib məndən güzəşt istəyirsən. Buna görə də mən hesab edirəm ki, beynəlxalq təşkilatların, ABŞ, Fransa və Rusiyanın Ermənistanın nazı ilə oynaması, onu sığallaması və Ermənistanla Azərbaycan arasında bərabərlik işarəsi qoyması  Ermənistanı belə bir ərköyün, “cığal” və “sözəbaxmaz”  vəziyyətə gətirir. Dünyada heç bir  işğalcının nazı ilə bu qədər oynamaq təcrübəsi yoxdur. Məsələ bundan ibarətdir. Hesab edirəm ki, sərtlik müşahidə olunmasa, Obamadan,  Sarkozidən və Medvedevdən növbəti məktub Sərkisyana ünvanlanmasa, bu məktubun məzmunu sərt tələblərlə müşahidə olunmasa, inanın ki, Ermənistanın fəaliyyətində illərlə heç bir konstruktivlik olmayacaq. Bunun da nəticəsi bölgə üçün istər təhlükəsizlik, istərsə də inkişaf baxımından yaxşı heç nə vəd etmir.

- Azay müəllim, Sərkisyanın Avropa Şurası Parlament Assambleyasındakı çıxışında Azərbaycana qarşı ittihamlar və bu ittihamların cavabsız qalmasını necə qiymətləndirirsiniz?

- Açığı mən bu prosesin Avropa Şurasında niyə belə getdiyini dəqiq deyə bilmərəm. Amma mən də çox üzüldüm, yəni nəticəsindən, səbəbindəın asılı olmayaraq Ermənistan prezidentinin orada sayıqlaması, ağzına gələni danışması və Azərbaycana olmazın təhqirlərini və böhtanlarını yağdırmasının cavabsız qalması, bu, çox pis haldır. Hər halda mən təssüf edirəm. Ola bilsin burada obyektiv səbəblər olub. Çünki mən nümayəndə heyətinin və onun rəhbəri Səməd Seyidovun bacarığına və  təcrübəsinə şübhə etmirəm.

- Bir neçə gündən sonra ATƏT PA-nın sessiyası olacaq. Ümid etmək olarmı ki, nümayəndə heyətimiz nəsə edəcək?

- Güman edirəm ki, biz ATƏT-in Parlament Assambleyasında müzakirə olunan məsələlər ətrafında öz fikrimizi demək imkanımız olacaqdır. Bundan başqa, Kazan görüşünün nəticəsiz qalması, ATƏT-in Minsk Qrupunun qeyri-effektivliyi, Ermənistana qarşı tolerant münasibətin fəsadları və s. kimi məqamlarla bağlı narahatçılığımızı da bir çox aspektlərdən həmkarlarımızın diqqətinə çatdıracağıq. İstər komitə iclaslarında, istərsə də Plenar sessiyada Azərbaycanı maraqlandıran bütün mövzularda fəal olmağa çalışacağıq.

Elşad Eyvazlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır