Modern.az

Dələduzluq cinayətləri - Onları doğuran SƏBƏBLƏR  

Dələduzluq cinayətləri - Onları doğuran SƏBƏBLƏR  

21 Dekabr 2017, 09:30

Dələduzlar təkcə özgənin əmlakını yox, əmlaka olan hüquqları da qanunsuz olaraq əldə edir. Burada fəal rol zərərçəkənlərə məxsusdur. Dələduzluq- cinayətkar aləmin elitasıdır. 


Cinayətlərin xəbərdarlığı dövlətin cinayətkarlıqla mübarizə fəaliyyətində prioritet istiqamətlərin mühüm sahəsidir.


Cinayətlərin xəbərdarlığı anlayışı  özündə bir-birilə qarşılıqlı əlaqədə olan bir neçə istiqaməti birləşdirir. Respublika Daxili İşlər orqanları öz fəaliyyətlərində həm cinayətlərin xəbərdarlığı və profilaktikasına, həm də, cinayətləri doğuran səbəb və şəraitin öyrənilməsinə geniş yer verir, strukturlar  yerlərdə əhalinin maarifləndirilməsinə diqqət yetirirlər. Bu sahədə yerli icra orqanları, QHT-lər, Səhiyyə, Təhsil  Nazirliklərinin nümayəndələri ilə birgə tədbirlər keçirilir.


Azərbaycan Respublikasının “Polis haqqında” qanununa əsasən cinayətin və digər hüquqpozmaların qarşısının alınması, baş vermiş cinayət hadisələrinin aşkara çıxarılması və onu törədən şəxslərin müəyyənləşdirilməsi, cinayətləri doğuran səbəblərin öyrənilməsi, aradan qaldırılması üçün tədbirlərin görülməsi polis əməkdaşlarının vəzifələri kimi imperativləşdirilir. Qeyd olunan fəaliyyət növünü polis əməkdaşları qanunla onlara verilən hüquqları çərçivəsində həyata keçirirlər.


DİN-nin xidmət sahələri cinayətlərin profilaktikasına dair normativ hüquqi aktların icrasına böyük önəm verir, profilaktikanın təşkili konsepsiyası hər bir polis əməkdaşının  yaddaş kitabçasına çevrilir və bu mühüm məsələ xidmətə yeni qəbul olunmuş gənc əmakdaşlara   aşılanır.


Son illər cinayətlərin dinamikasında artımla müşahidə edilən iqdisadi cinayətlərə   aid olan dələduzluq cinayətlərinin qarşısının almasında profilaktikanın və maarifləndirmə işinin gücləndirilməsinə böyük ehtiyac var. Sovet Azərbaycanı dövründə iqtisadi sahədə cinayətkarlıqla mübarizədə İSCQM (iqtisadi sahədə cinayətkarlığa qarşı mübarizə şöbə və bölmələri) xidmət sahəsinin səmərəli fəaliyyəti diqqət çəkirdi. Lakin, artıq OBXSS -lər ləğv olunmuş, onu əvəz edən və ona bərabər sayıla bilən digər   qurum yaradılmamışdır.  Etiraf etməliyəm ki, həmin( OBXSS)- İSCQM üzrə xidmətin ləğvindən sonra, ölkə ərazisində qanunsuz sahibkarlıq, torpaqla əlaqədar qanunsuz əqdlərin qeydiyyatı, yalançı sahibkarlıq, lotereyaların və idman mərc oyunlarının  qanunsuz təşkili və bank sahələrindəki özbaşınalıqlar əhaliyə qarşı kütləvi aldatma hallarının artmasına təsir edir.


Vətəndaşları daha çox narahat edən və dəbli cinayət hesab edilən  mənzillərin alqı-              -satqısında mövcud dələduzluqlardır. Bu sahə demək olar ki, nəzarətdən çıxmış, bir mənzilin 5-10 nəfərə satılması, dəyən ziyanın ödənilməməsinə və yaxud az bir hissəsinin ödənilməsi cəzasızlıq mühiti yaratdığından, cinayətlərin qurbanlarında ümidsizlik vəziyyəti yaradır. İş o yerə çatıb ki, “maklerlər” birləşib Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradır və paytaxtın müxtəlif rayonlarında,  “dələduzluq” yollu ilə torpaq sahələri əldə edir, böyük məbləğ tələb edən hündür mərtəbəli binaların tikintisinə başlayırlar. Son zamanlar çox epizodlu və mütəşəkkil dəstələrdən ibarət belə cinayətlərin istintaqı ilə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə  Baş İdarəsi  məşğul olur. Zərərçəkənlər dələduzlarla üzləşdirilsələr də vəziyyət dəyişmir, etibardan sui-istifadə yolu ilə milyon manatlarla pulun harada və kimdə olması barədə məlumatların dəqiqliyini öyrənməyə prosesual müddət imkan vermir. Dələduzlara əməllərinə görə təyin edilən cəza isə mənzil sahiblərinə sərf etmir. Çünki 5-6 il cəzasını çəkib azadlığa çıxan cinayətkarlar  vətəndaşlardan aldıqları 50-180 min məbləği  qaytarmaqdan vaz keçirlər.


Dələduzluq cinayətlərinin istintaqının aparılması və dələduzların yerlərinin müəyyən edilməsi, onların istintaqa cəlb edilməsi kimi ağır fəaliyyət DİO-ya   həvalə olunur. Bəzən müstəntiq icraatında olan iş üzrə dələduzu dindirməyə dəvət etsə də, çağırışa məhəl qoyulmur. İlkin prosesual araşdırma zamanı isə belələrinin məcburi qaydada istintaq şöbələrinə  gətirilməsinə prosesual hüquq imkan vermir.   

2016-cı il ərzində DİN-nin statistikasında dələduzluq cinayətləri 2015-ci ilə müqayisədə 19.4. 4370- 3660 (+710 fakt ) artımla müşahidə edilib. 2017 - ci ilin 6 ayı ərzində isə ölkə ərazisində  rəsmi qeydə alınan dələduzluq cinayətləri (ötən ilin müvafiq dövrü ilə müqayisədə yenə çoxdur) 2427 fakt olub. (Nəzərə alaq ki, müəyyən qism insanlar aldandıqları barədə müvafiq orqanlara müraciət etmək istəmirlər. Zəruri olan məlumatların ötürülməsində passivlik nümayiş etdirir, həqiqəti söyləmək barədə susurlar)


Ümumilikdə iqtisadi sahədə olan cinayətləri doğuran səbəb və şərait sosial-iqtisadi, təşkilati-təsərrüfat, habelə texniki-texnoloji cəhətlərin olması ilə bağlıdır. Səbəblərin müəyyən hissəsi obyektiv xarakter daşıyır,  onun aradan qaldırılması   DİO -  nun  həyata keçirdiyi profilaktik və xəbərdarlıq tədbirlərindən o dərəcədə asılı deyil. Sosial-iqtisadi və hüquqi xarakterli səbəblərin aradan qaldırılması üçün başqa qurumlar məşğul olmalıdır.

 
2015-ci il ərzində DİO-nun əməliyyat-axtarış və istintaq orqanlarının fəaliyyəti nəticəsində qeydə alınmış 26916 (2014-cü il ilə müqayisədə 9,4% çoxdur) cinayətin, 6803-ü; 2016-cı il ərzində 26611 cinayətin 12798-i (2015-ci il ilə müqayisədə 12,7% çox olmuşdur), 2017-ci ilin 6 ayı ərzində isə qeydə alınan 13182 cinayətin 6518 faktı iqtisadi sahədə cinayətlərə aid olmuşdur. Narahatlıq doğuran hal ondan ibarətdir ki, bu qəbildən olan cinayətlər dinamikada artımla müşahidə edilir.


Digər cinayət növlərindən fərqli olaraq dələduzluq cinayətlərinin genetikasında fəal rol zərərçəkənlərin özünə məxsusdur. Zərərçəkənlər cinayətlərin qurbanları kimi davranışları ilə cinayətkarların hərəkətlərini fəallaşdırır, bəzən onları şirnikləndirir, qıcıqlandırırlar. Bu sahədə olan cinayətkarlığı doğuran səbəb və şəraitin zərərsizləşdirilməsi zamanı  viktimioloji xarakterə malik şəraitin də ( zərərçəkənlərin aldanması şəraiti) aradan qaldırılması prioritet məsələdir. Yuxarıda qeyd etdiyim kimi, daha səmərəli nəticəyə səbəb olacaq şərait əldə etmək üçün   İSCQM - OBXSS bərpa olunmalıdır. Bu gün RF-da DİN-ə məxsus bu xidmət sahəsinin fəaliyyəti müsbət rezonans  doğurur, nəticələr səmərə verir.


Son illərdə saxta ərzaq məhsullarının, dərman preparatlarının, sərinləşdirici və alkaqollu içkilərin mənşəyi bəlli olmayan yolla istehsalı belə sahələrə nəzarətin zəifliyindən xəbər verir. Vətəndaşlardan müvafiq məlumatlar daxil olmadığından saxta istehsalın dairəsi genişlənməkdədir.


Bu məqsədlə, vaxtaşırı olaraq KİV-də, geniş auditoriyalarda dələduzluq hallarının qarşısının alınması ilə bağlı mühazirələrin, təlimat xarakterli seminarların keçirilməsi vacib məsələlərdəndir.  Evlərin alqı-satqısı və malların dövriyəsi üçün bağlanmış əqdlərin hüquqi etibarlılığı müvafiq orqanlar tərəfindən ciddi araşdırılmalı, televiziyalar ictimaiyyətə geniş məlumatlar verməlidir. Dələduzluq cinayətlərinin baş verməsinə təsir edən mühüm səbəblərdən biri də, kommersiya təşkilatlarının    təsisi və qeydiyyatı zamanı diqqətsəzlik hallarının olmasıdır. Nizamnamə kapitalının haradan və necə toplanmasına, təsisçilərin ixtisaslarına, bacarıq və imkanlarına, peşəkarlıqlarına prinsipial yanaşılmalıdır. Kommersiya təşkilatlarının, səhmdar cəmiyyətlərinin fəaliyyətinə, hesabatların təftişinə ciddi yanaşılmalıdır.


Keçid mərhələsində iqtisadi münasibətlərin mərkəzdən idarə olunması, biznes fəaliyyəti üçün geniş imkanların və muxtariyyətin olması iqtisadi sahədə cinayətkarlığa, dələduzluq hallarının dairəsinə şərait yaradan faktlar kimi bir müddət hüquqi diqqətdən yayındı.


Bu cinayətlərin obyektini mülkiyyət münasibətləri təşkil edir. Talama cinayətlərinin digər formalarının predmetindən fərqli olaraq dələduzluqda təqsirkar təkcə özgənin əmlakını yox, eyni zamanda əmlaka olan hüquqları da qanunsuz olaraq əldə edir. Yəni əmlak hüquqları əldə etmə dedikdə girov hüququ, mülkiyyət hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz olaraq əldə etmə başa düşülür. İctimaiyyət üçün narahatlıq doğuran da budur.


Bu cinayətlərin aşkar olunmasında mövcud çətinliklər dələduzluq fəaliyyəti ilə məşğul olanların ifşa olunmasında həmişə səmərə vermir.  Ona görə də, dələduzların məsuliyyətə cəlb olunması, mənimsənilən və xüsusilə böyük məbləğlərin geri qaytarılmasında real  çətinliklər olur. Cinayət məsuliyyəti həmişə törədilən əmələ və mənimsənilən məbləğə adekvat olmur. Belə hallar dələduzluq cinayətlərinin mahiyyətinə xas cəhətlərdəndir.


Dələduzluq cinayətlərinin digər özünə məxsusluğu onunla ölçülür ki, mülkiyyətçinin əmlakının özgəninkiləşdirilməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Təqsirkar aldadaraq və ya, etibarından sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur.


Müasir dələduzluq cinayətləri mütəşəkkil cinayətkarlığın mühüm budaqlarından biridir. Yəni, dələduzluq daha çox mütəşəkkil dəstə, öncədən  əlbir olan bir qrup şəxslər tərəfindən törədilən cinayətlər sisteminə aiddir. Azərbaycan Respublikasının CM-nin 34.3 maddəsi, “qabaqcadan birləşmiş iki və ya daha çox şəxsin cinayətkar qrup kimi fəaliyyəti mütəşəkkil dəstənin” anlayışını yaradır. Belə olduqda cəzanın sərtləşməsi zərurətdən doğur. İqtisadi sahədə olan cinayətlər, o cümlədən dələduzluqlar daha çox yayılmış cinayət növlərindən olmaqla, cinayətkarlığın “tamah”, “pul qazanmaq” niyyətinin həyata keçirilməsidir. Tamah motivi ilə baş verən cinayətlərin əsas hissəsi dələduzluqların və oğurluqların payına düşür, quldurluq, soyğunçuluq və özgənin əmlakını mənimsəmə sonrakı sırada yer alır. Tarixin bütün mərhələlərində bu cinayətlər olmuş, var və olacaq, necə deyərlər: ənənəvi cinayətlərdir. Lakin, son dövrlərdə bu sahədə ciddi dəyişikliklər baş verdiyindən tamahla törədilən cinayətlər əksər hallarda qəddarlıqla, həyasızlıqla törədilir, bir az da, kəskin xarakter daşıyır. Cəmiyyət isə belə hallara dözə bilir, əvvəlki kimi, necə inanırdısa, etibar edirdisə, elə də inanır, dəyişməzlik isə tamah cinayətlərinin artmaqda davam   etməsidir. Bu növ cinayətlərin çoxluğu, iqdisadi böhranın əlamətləri ilə bağlıdır. Varlanmaq, sərvət toplamağa maraq artıqca, zəhmətsiz gəlirlə rifahın zənginləşdirilməsinə, kapitallaşmaya yol açılır. İqdisadiyyatda nəzarətsizlik və maliyyə sahəsində özbaşınalıq tamah motivasiyasını gücləndirir, şəxsi varlanma üçün geniş imkanlar açır, pulla bağlı müxtəlif fırıldaqların həyata keçirilməsi inamını təsdiqləyir. Yuxarıda qeyd etdiyim kimi, alimlərin mülahizələrinə görə dələduzluq cəmiyyətin, həyatın bütün sahələrində, iqdisadi, siyasi,   sosial və mənəvi həyatda kök salmışdır…


Kriminoloji tədqiqatlara əsaslanaraq dələduzluğa qarşı mübarizə faktoru kimi ilk növbədə istehsal sahəsində inkişafı, vətəndaşların rifah halının və layiqli həyat səviyyəsinin yaxşılaşdırılmasını,  məşğulluğun artırılmasını zəruri edir. Yoxsulluq, ehtiyac, işsizlik,  sosial – iqdisadi təzadlar – ziddiyətlər, yüksək potensiallı kriminoloji  şərait kimi  qiymətləndirirlir.


Lakin sosial və iqdisadi sahədə olan tərəqqi sivilizasiyalı cəmiyyətlərdə cinayətkarlığın (cinayətlərin) xarakterini, üsulunu və tərkibini dəyişir, nəticədə statistikada yeni növ cinayətlərin olması və ümumi artım müşahidə edilə bilər.


Amma sosial – iqdisadi sahədəki ziddiyətləri iqdisadi sahədə olan cinayətlər – dələduzluqlar üçün həmişə mütləq səbəb və şərait kimi qəbul etmək olmaz. Cinayətkarlara məxsus şəxsi bacarıq və qabiliyyət, digər diqqət çəkən cəhətlər də, bu cinayətlərə sövq olunmasına şərait yaradır,  dələduzluq fəaliyyətinin baş verməsi üçün  səbəbli əlaqə rolunu oynayır. Bu mənada cinayətkarların şəxsiyyətinin öyrənilməsi ətrafında təhlillər aparılmalıdır.

 
 Qədim zamanlardan yaranmış dələduzluq halları sərhəd tanımır. Həmin vaxtdan başlayaraq bu günə kimi kriminal istedadlı insanların hərəkətlərinin qurbanları olmuş və olacaq. Hətta inkişaf etmiş ölkələrdə ictimai-iqtisadi vəziyyət acınacaqlı olmasa da, bu növ cinayətlərə - dələduzluğa meyl olmuşdur. Hələ ki, heç bir cəmiyyət vətəndaşların dələduzların qurbanlarına çevrilməməsinə zəmanət verə bilməmişdir. Bu cinayətlərin qurbanları hər hansı bir fırıldaqların tələsinə deyil, məlumatlı, etibar qazanmaqda bacarığı, ağlagəlməz dərəcədə özünü inandıra bilən şəxslərin qarmağına düşürlər. Mülkiyyətin növlərinin çoxluğu, bazar iqtisadiyyatına keçid və sahibkarlığa müstəqiliyin verilməsi dövründə insanların varlanmaq və müxtəlif yollarla pul qazanmaq fəallığı qanunvericiliyin icazə verdiyi həddə deyil, kriminal üsullarla da zənginləşmək həvəsinə imkan yaradır. İnflyasiyanın inkişafı və qeyri-iqtisadi, hüquqi stabilliyin hökm sürdüyü ölkələrdə iqtisadi sahədə baş vermiş cinayətkarlıq nəticəsində dövlətlərə  milyonlarla dollar məbləğində ziyan və cəmiyyət inkişaf etdikcə iqtisadi sahədəki cinayətkarlığın müxtəlif formada yeni növləri meydana çıxır.  Bu baxımdan dələduzluq cinayətləri də, cəmiyyətin yeni növ artan cinayətləri kimi, məhz elə cəmiyyətin əlavə məhsuludur.


Cinayətkarlığın ümumi strukturunda ənənəvi cinəyətlərin, mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən oğurluqlarının sayı və dələduzluq halları zamana, məkana  görə dəyişkəndir. Lakin son illər dələduzluqların və dələduzluğa görə məhkum olunmuşların sayı da çoxdur. Mən, belə cinayətləri iqtisadi inkişafın və cəmiyyətin əlavə məhsulu kimi qəbul edirəm. Bu sahədə latent hallar da istisna deyil. Əksər hallarda insanlar şikayət etməkdən uzaq olduqları üçün dələduzluq cinayətlərinin müəyyən hissəsi qeydiyyata düşmür, həyasızlıq, şirniklənmə və cəzasızlıq kriminal dairəni əməlindən çəkinməyə mane olmur.


Kriminoloji aksiomaya istinad etsək, belə qənaətə gələ bilərik ki, cinayətlərin ictimai təhlükəlilik dərəcəsi aşağı düşdükcə bu növ cinayətlərin qeydiyyatı və yaxud faktlar barədə müvafiq orqanlara məlumat vermək hüququ da, subyektiv səbəblərdən daralır.


Yalnız bu postulata istinadən demək olar ki, dələduzluqlarda latentlik yüksəkdir. Bəzən fakt üzrə cinayət təqibinə başlama prosesi vaxtında həyata keçmədiyindən qurbanlar şikayət verməkdən uzaq olurlar.

 
Azad bazar münasibətlərinin inkişafı,  sahibkarlıq fəaliyyətinin müstəqilliyi, bu tip müəssisə  və təşkilatların çoxluğu, xırda və orta biznesin artımı, maliyyə - əmlak münasibətlərinin inkişafında rəqabət, müflisləşmə təhlükəsinin artdığı cəmiyyətlərdə dələduzluğun dinamikada artımına səbəb olur.


Dələduzluq cinayətləri uzun tarixə malikdir, kriminal mühitdə bu cinayətlərin törədilməsi üçün geniş təcrübə var və inkişaf edir. Təssüflər olsun ki, dələduzların hərəkətlərinə bəraətverici, submədəniyyət faktoruna dayaq olan baxışlar sistemi olur. Peşakar oğru aləminin  də, dələduzlarla əksər hallarda məxfi əlaqələri və şəbəkələri var. “Kriminal sənayenin” külli miqdarda mənfəətləri mütəşəkkil cinayətkarlıqla əlaqəni gücləndirir, fondlarda müəssisə və müxtəlif kompaniyalarda dələduzluq əməliyyatlarının baş verməsi üçün əlverişli şərait yaranır. İqtisadi sahədə olan digər cinayətlərdən fərqli olaraq dələduzluq az riskli cinayətlər sisteminə aiddir. Dələduzlar düşünülmüş əməliyyat nəticəsində oğurluqlardan əldə edilən gəlirlərdən  çox mənfəət əldə edə bilirlər.


İlk növbədə bu cinayətlərin xəbərdarlığı üçün   səmərəli və kompleks mübarizənin həyata keçirilməsi lazımdır. Artıq, Azərbaycan mühitində dələduzluqların xəbərdarlığı və profilaktikası üçün geniş təcrübə toplanmış və mübarizə  sistemliliyi və  prinsipiallığı ilə səmərə verir.


Lakin, vətəndaşlarda həqiqəti gizlətmə halları artdıqca dələduzların və dələduzluqların da dairəsinin artması “özgənin əmlakına sahib çıxmaq hüququ” adi hala çevrilir. Sığorta dələduzluğu, maliyyə-kredit sahəsində dələduzluq yolu ilə mənimsəmələrin məbləğləri artır. Mobil telefon şirkətlərində baş verən cinayətlərin aşkar olunmasındakı çətinliklər, bilik və təcrübə qıtlığı da, bu sahədə dələduzluqlara zəmin yaradır.


Dələduzluğun özünə xas obyekt və obyektiv cəhətlərinin  dərindən  öyrənilməsinə  ehtiyac var. Burada “özgənin əmlakı və ya özgənin əmlakına sahiblik hüququ” dələduzluq anlayışının müəyyən edilməsində prosesual tərəddüdlər yaradır, mənimsəmənin başqa formasından fərqləndirilməsi çətinləşir və s.

 
Dələduzluğun tarixinə nəzər  salsaq, onun  qədim və çox yayılan növü sənədlərin saxtalaşdırılması ilə baş verməsinin şahidi olarıq. Bizans imperatoru Yustinianın  “Yustinianın  Digestası” külliyyatında da, bu barədə qeydləri olmuşdur.


İcraatda olan cinayət işlərinin fabulasına istinadən belə qənaətə gəlmək olar ki, dələduzluq cinayətləri üçün aşağıdakı əsas üsulları  xasdır:

  • qaytarmaq məqsədi olmadan pul borc alma;
  • saxta yolla bank kreditlərinin verilməsi;
  • torpaq sahələrinin alqı-satqısı;
  • ipoteka sahəsində dələduzluq;
  • işə düzəlmə zamanı dələduzluq;
  • məqsədi və icrası bəlli olmayan müqavilərin bağlanması və s.          


İnsanın   mahiyyəti ictimai münasibətlərlə müəyyən edildiyindən, onu daha çox öyrənməklə ictimai münasibətlərə zidd halların qarşısını almaq mümkündür. Cinayətkarlığı doğuran səbəb və şərait üçün isə qarşılıqlı əlaqədə və hərəkətdə olan faktorlar mövcuddur, onların öyrənilməsinə ehtiyac var.


Sonda belə nəticəyə gəlmək olar ki,  fərdlərin davranışlarını, cinayətkarlara xas şəxsi (xüsusiyyətləri) cəhətlərini öyrənmədən, cinayətkarlığı doğuran real səbəb və şəraiti, ona təsir edən və bir – birilə sıx bağlı olan faktorları aşkar edib aradan qaldırmadan cinayətkarlığın və cinayətlərin qarşısını almaq sadəlöhvlük olardı.     


Şəmsəddin Əliyev
“Polisə Dəstək” İB-nin sədri

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir