Modern.az

AT-EŞŞƏK ƏTİ indi də uşaq bağçalarında? - Eyyub Hüseynov bunu mümkün sayır  

AT-EŞŞƏK ƏTİ indi də uşaq bağçalarında? - Eyyub Hüseynov bunu mümkün sayır  

21 Dekabr 2017, 11:48

Azad İstehlakçılar Birliyinin sədri  Eyyub Hüseynov məktəbəqədər təhsil müəssisələrində monitorinq apardıqlarını və uşaq bağçalarında mənşəyi bəlli olmayan ətlərdən qida üçün istifadə edildiyini bildirib. Onun bu açıqlaması ictimaiyyətdə əməlli-başlı rezonans doğurub.

Bu baxımdan son günlərdə uşaq bağçalarındakı qidaların mənşəyi əsas müzakirə obyekti olub.


Azad İstehlakçılar Birliyinin sədri  Eyyub Hüseynov Modern.az-a
deyib ki, aparılan monitoriqlər yeni deyil:


“Biz ATV kanalının “Yoxlama” verilişi çərçivəsində bir neçə uşaq bağçasında olmuşduq. Bu, Bakı və Sumqayıt bağçalarını əhatə edirdi. Məlum oldu ki, uşaq bağçaları aldıqları ətlərin mənşəyi barədə heç bir məlumata malik deyillər. Kim hardan , necə gəldi ət alıb uşaq bağçalarına gətirir. Bu o deməkdir ki, istənilən ət, o cümlədən at, eşşək əti məktəbəqədər təhsil müəssisələrinə yol tapa bilər. Yəni ətlər mərkəzləşdirilmiş şəkildə verilmir”.

E.Hüseynov qeyd edib ki, monitorinqlər  Beyləqan rayonunda da aparılıb:


“Nəticə olaraq uşaq bağçalarındakı malların mənbəyinin bilinmədiyini müşahidə etdik. Biz demirik ki, bunlar at və ya eşşək əti ola bilər. Sadəcə mənbə məlum olmadığı üçün istənilən ətin uşaq bağçalarına yol tapa biləcəyini demək mümkündür. Uşaq bağçaları müstəqil qurumlardır və ümumilikdə qidalar bağçalara mərkəzləşdirilmiş qaydada verilmir”.


Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə Modern.az-a açıqlama verib:


“Əgər belə hallar varsa, mütləq müvafiq sanitariya tədbirləri keçirən orqanlar  bunu ciddi yoxlamalıdırlar. Hansısa qanun pozuntusu mövcuddursa, təbii, bu yolverilməzdir. Və həmin müəssisələr cəzalandırılmalıdır. Bununla da qarşısı alınmalıdır”.

Deputat  bildirib ki, bu məsələdə valideynlər də məsuliyyət daşımalıdırlar:

“Ümumiyyətlə məktəbəqədər təhsil müəssisələrində mütləq mütəmadi olaraq monitorinqlər aparılmalıdır. Düşünürəm ki,  bu məsələdə valideynlərin də nəzarətinə ehtiyac var. Bağçalara uşaqlarını təhvil edən valideynlər onların necə qidalandığına diqqət etməlidir. İctimai nəzarət çox zaman hansısa rəsmi nəzarətdən daha güclü olur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu