Modern.az

2017-ci ildə Qarabağ danışıqları nə ilə yadda qaldı? - TƏHLİL

2017-ci ildə Qarabağ danışıqları nə ilə yadda qaldı? - TƏHLİL

21 Dekabr 2017, 13:21

Sona çatmaqda olan 2017-ci il Qarabağ danışıqlarında intensiv diplomatiya ili kimi yadda qaldı.

 

Regiona ATƏT-in Minsk qrupunun həmsədrlərinin, Rusiya xarici işlər naziri Sergey Lavrovun səfərləri, prezidentlər İlham Əliyevlə Serj Sarkisyan arasında oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərində baş tutan görüş və xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın ardıcıl görüşləri Qarabağ münaqişəsinin həllində aktivləşmədən xəbər verirdi.

 

Konkret razılaşmalar əldə olunmasa da, nazirlər və prezidentlər səviyyəsində keçirilən belə danışıqlar təmas xəttində gərginliyin azalmasına səbəb oldu. Doğurdan da, 2017-ci il öncəki illərlə müqayisədə təmas xəttində nisbətən sakit olması ilə yadda qaldı.

Bu il həm də Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın ardıcıl 6 görüşündə Qarabağla bağlı müzakirələrə də yer vermişdi. Noyabrın 13-də Soçiyə gələn Ərdoğan Putinlə Qarabağı müzakirə edəcəyini bildirmişdi.

“Əgər cənab Putin istəsə, Dağlıq Qarabağ münaqişəsi asanlıqla həll olunacaq. Beynəlxalq birlik, xüsusən ATƏT bu münaqişənin həllində səylərini artırmalıdır” –deyə Ərdoğan bəyan etmişdi. Lakin 13 noyabr görüşlərinin ardından heç bir rəsmi bəyanat səsləndirilmədi.

 

20-21 noyabr tarixlərində Bakı və Yerevanı ziyarət edən Rusiya xarici işlər naziri Sergey Lavrovun regiona səfəri isə “Lavrov planı”nın yenidən gündəmə gəlməsinə yol açdı. Bu plan 2011-ci il iyunun 24-də Kazan şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü zamanı müzakirəyə çıxarılan sənəd idi.  Həmin sənəd Ermənistanın izolyasiyadan çıxması üçün Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonu Azərbaycana qaytarmasını və bunun müqabilində rəsmi Yerevan üçün bütün kommunikasiya xətlərinin açılmasını nəzərdə tuturdu. Həmin vaxt siyasi iradəsinin zəifliyi Sarkisyana razılaşmanı imzalamağa mane olmuşdu.


Lakin son 6 ildə hərbi-siyasi situasiyanın dəyişməsi, xüsusən, Azərbaycanın aprel döyüşlərində öz hərbi gücünü nümayiş etdirməsindən sonra danışıqlar prosesində rəsmi Yerevanın mövqeyi xeyli zəifləyib.

 

Sarkisyan başda olmaqla, Ermənistandakı hakim elita 30 ilə yaxınlaşan münaqişə tarixində reallıqdan çıxış edərək kompromis variantlara əl atmağın yeganə çıxış yolu olduğunu göstərir.

Təsadüfi deyil ki, Ermənistanın Baş Qərargah rəisi Movses Akopyan son çıxışında Azərbaycanın Qarabağla yanaşı, Zəngəzur və Yerevana da irəliləmək istədiyini xatırladıb. Akopyanıln bu açıqlaması ölkə hakimiyyətinin Qarabağı itirmək qorxusunu və ordu daxilindəki panikanın miqyaslarını göstərib. Belə ki, Sarkisyan rejimi aprel xofundan sonra Zəngəzuru itirməkdən də narahatlıq keçirir.

 

Bu fonda 2018-ci ilin yanvar ayında planlaşdırılan Elmar Məmmədyarov-Edvard Nalbandyan görüşü prezidentlərin 2018-ci ildə yenidən görüşməsinə işarədir. Gələn il həm Ermənistan, həm də Azərbaycanda seçki ili olacağını nəzərə alaraq, Yerevan və Bakı arasında Qarabağla bağlı ciddi kompromis razılaşmaların mümkünlüyünü istisna etmək olmaz.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?