Modern.az

Cəlil Məmmədquluzadənin yaradıcılığında ERMƏNI MƏSƏLƏSI

Cəlil Məmmədquluzadənin yaradıcılığında ERMƏNI MƏSƏLƏSI

21 Dekabr 2017, 14:51

Erməni ilə müsəlmanın nə alveri?..


Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərində belə bir yer var. Xudayar bəy qazının yanına gəlir və ona deyir: “Qazı ağa, sözün əsli budur ki, bizim Danabaş kəndində bir dul övrət var. Mənim çoxdandır fikrimdədi onu siğə eləyim; amma övrət gəlmir. Bilmirəm ürküdürlər, ya nədi. Deyir getmərəm ki, getmərəm. İndi qalmışam belə. Sizin qulluğunuza gəlməkdə qəsdim bu idi ki, bu ərzimi sizə yetirim, görüm siz nə buyurursunuz. Bu əmrə bəlkə bir çarə tapasınız”. Xudayar bəy qazıya onu da deyir ki, əgər o bir kəllə rus qəndi istəsə, on bir kəllə qənd gətirəcəkdir. Qazı da elə-belə adam deyil, yaşlı adamdır. Onun həştad və bəlkə də bundan artıq yaşı olar. Özünün dediyinə görə insanları simasından tanıya bilir. Bu işdə ona təcrübəsi də kömək edir. Xudayar bəyin istəyini həyata keçirmək üçün ona heç on bir kəllə qənd lazım deyil. Xudayar bəy ona iki kəllə qənd gətirsə, birini doğrayıb füqəralara ağız şirinliyi kimi paylayar, bir kəllə rus qəndi isə onun özünə qalar. Qazının Xudayar bəydən başqa heç bir təmənnası yoxdur. Olsa-olsa qəndin yanında bir girvənkə çay gətirsə, ona da sözü olmaz. Həm də gərək Xudayar bəy qəndi, çayı gətirəndən sonra gedib üç-dörd nəfər kənd əhlindən də qazının yanına gətirsin. Qazının Xudayar bəyə iki vəsiyyəti var:

“Əvvəla budur ki, qənd-çaya, söz yox, pul verəcəksən. O pulları sən çöldən tapmamısan ki... Əlbəttə alnının tərilə qazanmısan. Pəs çünki belədi, barı səy elə, yaxşı mal al. Zəmanə indi çox xarab olub, adamı əlüstü tovluyurlar. Karapet ağaya təzəlikdə yaxşı qənd gəlib, adına Prodski deyirlər. Səy elə haman qənddən al. Çayı da indi özün bilərsən, nə tövr olar-olsun”.
Ay qazı, Xudayar bəyə olan bu vəsiyyətin adamı narahat edir. Narahat edir o mənada ki, qəndin yaxşısı  deyəndə nəyi nəzərdə tutursan? Qəndin pisi də olur? Əgər olursa, yaxşı ilə pisin fərqini nədə görürsən? Bu yazıq Xudayar bəyi yaxşı qənd almaq üçün niyə Karapet ağanın yanına göndərirsən? Axı yaxşı qənd yalnız Karapet ağadamı olur? Müsəlman əhli çay içəndir. Yaxşı qənd, çay müsəlmanda olar, nəinki erməni Karapet ağada. Adam şübhələnir ki, niyə məhz Karapet ağanın yanına. A kişi, xeyiri niyə Karapet ağaya vermək istəyirsən? Sən Allah, fikirləşmə ki, biz nə qədər bəsit düşünürük? Fikirləş ki, bir müsəlman tapmadın ki, onun yaxşı qəndi olsun? Vallah, billah adam bilmir ki, belə qazılara nə desin. Qazı ağanın bu birinci vəsiyyəti ilə adam tam razılaşa bilmir. Ancaq ikinci vəsiyyəti bir az ağlabatandır. Bu ikinci vəsiyyətində hiss edirsən ki, qazı ağa daha tədbirlidir. Onun tədbirli olması ilə razılaşmamaq olmur.
O, Xudayar bəyə deyir: “Gərək gizlin qala, heç kəs gərək bu işdən xəbərdar olmaya. O adamlar ki, sən bura gətirəcəksən, gərək sənin elə rəfiqlərin olsun ki, bu sirri özgəsinə verməsinlər. Ondan ötrü ki, söz yox, burada bir xilafi – şər, əməl yoxdu, amma çünki bu cür işlər az ittifaq düşür, hər eşidən güman edəcək ki, burda bir xilaf əməl var. Pəs bu səbəbə bu iş əlbəttə, əlif əlbəttə, gərək sənin, mənim və şahıdlarının arasında qala”. Düz deyir qazı. Gərək bu cür işlərdən başqaları xəbərdar olmasın. Burasını başa düşürük. Ancaq qazı ağanın birinci vəsiyyətinin o hissəsini yenə də başa düşmürük ki, niyə Xudayar bəy qəndi Karapet ağadan almalıdır? Ona görə ki, o, təzəlikdə yaxşı qənd alıb? Bilmirəm, qazı ağanın burada kələyi nədir? Bəlkə də o bilir ki, Xudayar bəy pul verib qənd alan deyil. Odur ki, Xudayar bəy hər hansı bir müsəlmanın yanına qənd almağa getsə, həmin müsəlmanı aldadıb qəndi pulsuz alacaq. Qazı ağa Karapet ağanın yanına ona görə göndərir ki, Xudayar bəy Karapet ağadan pulsuz qənd ala bilməyəcək, axı ermənini aldatmaq mümkün deyil. Bəlkə də qazı ağa bu yolla Xudayar bəyin həmin övrəti olmasına maneçilik edir? Vallah, billah bu işlərin ən dəqiqini qazı ağanın özü bilər. Ancaq bircə onu bilməmək olmur ki, qazı ağa Xudayar bəyi qənd almaq üçün elə adamın üstünə göndərir ki, o adam (yəni erməni Karapet ağa) heç zaman aldanmaz. Müsəlman Xudayar bəylə onun alveri baş tutmaz. Axı erməni ilə müsəlmanın nə alveri? Erməni üçün maraqlı deyil ki, Xudayar bəy dəstəmaz alıb məscidə girəcək, namaz qılacaq, sonra da bazara Karapet ağanın yanına gedib deyəcək ki, üstümdə pul götürməmişəm, indi qəndi aparım, sübh tezdən pulunu verərəm. Xudayar bəy belə-belə işləri müsəlmanların üzərində çox təcrübədən keçirib, istəyinə nail olubdur. Danabaş kəndində onun bu istəyinə heç kəs mane olmayıbdır. Ancaq indi pis yerdə axşamlayıbdır. Erməni Karapetlə üz-üzə qalıbdır. Günahkar da qazı ağadır. Xudayar bəyi qənd almağa Karapet ağanın yanına o göndəribdir. Qazı ağa, bu Xudayar bəyi bir müsəlmanın yanına göndərsəydin, nə olardı? Rahatca öz işini görüb, pulsuz-parasız qəndini alacaq, sənin də yanına əlidolu gələcəkdi. Qazı ağa bilərəkdən, ya bilməyərəkdən Xudayar bəyi zülmə salıb, o, müsəlmandan qəndi pulsuz alacağı halda, onu erməninin qapısına göndərib. Xudayar bəy də erməninin dükanında özünü Danabaş kəndinin katdası kimi aparıb. Ancaq bilməyibdir ki, erməninin dükanı onun üçün Danabaş kəndi deyil ki, istədiyini etsin. Dükana çatan kimi çubuğunu çıxarıb və doldurmağa başlayıb. Sonra da əlini qoltuq cibinə salıb bir çimdik qov çıxarıb, Karapetə deyib ki, spiçka çəkib, bu qovu yandırsın. Axı Xudayar bəyin nə günahı?! O həmişə belə görüb, Danabaş kəndində bu cür yaşayıb. O haradan bilsin ki, erməni Karapet ağanın dükanında Danabaş kəndində etdiklərinin heç birini etmək olmaz. Əslində Xudayar bəy o qədər də günahkar deyil. O bilsəydi ki, Danabaş kəndində etdiklərini erməni dükanında etmək olmaz, özünü yığışdırar, Karapetə də “Zəhmət olmasa bir spiçkə çək, bu qovu yandırım” deməzdi. Bəlkə də bu bilmədiklərinə görədir ki, Karapet ağa Xudayar bəyi dükanından alıb atmaq istəyəndə “Xudayar bəy bir az sinib çəkildi kənara”. Həm də “Çox təəccüb elədi Xudayar bəy erməninin bu tövr rəftarına. O haradan güman eləyərdi ki, Karapet ağa od verməyəcək, o, çubuğunu yandırsın. Danabaş kəndində o bir adamdan bu cür tərk-ədəblik görməmişdi. Kimin ixtiyarı var Xudayar bəy çubuğu cibindən çıxardan kimi qov yandırıb onun qabağına tutmasın? Amma nə eləmək? Danabaş kəndi qalıb Danabaş kəndində. Burada ki şəhərdir. Şəhər gəlib Danabaş kəndi əvəzi olmaz”. Xudayar bəy işin o yerdə olduğunu görüb, qaş-qabağını tökür və Karapet ağaya deyir ki, “Mən gəlməmişəm ki, sənin dükanını çapıb talıyam. Mən gəlmişəm səninlə sövdə eləyim. Dəxi sənin mənim üstümə çığırmağın lap artıqdı. Mən gəlmişəm səndən qənd alam”. Xudayar bəy özünə yaraşdırmır desin ki, qazı ağa yaxşı qəndin Karapetin dükanında olduğunu deyib, məsləhət bilib. Xudayar bəy bəlkə də bununla qazı ağanın ikinci vəsiyyətinə – “Gərək gizlin qala, heç kəs gərək bu işdən xəbərdar olmaya” əməl edib. Bu öz yerində. Ancaq Xudayar bəyin erməni Karapetlə sövdə eləməsinin səbəbkarı həm özüdür, həm də qazı ağadır. Özüdür ona görə ki, o, Danabaş kəndində bir dul övrəti almaq istəyir. Qazı ağadır ona görə ki, o, Xudayar bəydən görəcəyi işin müqabilində qənd və çay istəyir. Ancaq fakt odur ki, Xudayar bəy erməni Karapetlə sövdə eləmək istəyir. İstəyir ki, həm dul övrəti alsın, həm qazı ağanın yanında özünü Danabaş kəndinin katdası kimi göstərsin, həm də Karapetlə sövdəsində ona Danabaş kəndinin əhli kimi yanaşsın. Ona görə də ona “Sən məgər görmürsən ki, bura qəhvə dükanı deyil! İtil cəhənnəmə burdan, supa oğlu supa! İtil!” deyəndə Karapetə belə cavab verir: “Xozeyin, əvvəl sən tanı gör mən kiməm, sonra mənim üstümə çığır. Mən sən deyən adamlardan deyiləm ki, gəlib yarım girvənkə qənddən ötrü sənə baş ağrısı verim. Mən Danabaş kəndinin katdası Xudayar bəyəm. Mən gəlmişəm nəinki yarım girvənkə qənd alam, mən səndən bir kəllə qənd alacağam, yekə kəllələrdən”. Belə bir vəziyyətdə erməni Karapet bir az yavaşıyır. Axi o, qəndini satmalıdır, özü də nə qədər çox satsa, qazancı da o qədər çox olacaqdır. Elə ki, qəndini satmağa, qazanc əldə etməyə meydan yarandı, onda erməni Karapetin sövdə eləməyə həvəsi də artır. Axı erməni Karapetin də marağı qəndini satmaq və qazanc əldə etməkdir. Xudayar bəyin öz məqsədi, Karapet ağanın isə öz məqsədi var. Onlar öz məqsədlərinə nail olmaq üçün “mən kiməm?”, “sən kimsən?” suallarını ayırd edib, işlərini görmək istəyirlər.


“Danabaş kəndinin əhvalatları” əsərindən bir parça:

“ – Karapet ağa, indi Allaha şükür, məni tanıdın ki?

– Necə yəni tanıdım?

–       İndi bildin mən kiməm da?

–       Sən kimsən?

–       Mən Danabaş kəndinin katdası Xudayar bəyəm.

–       Mən də ikinci gild kupets Karapet ağayam.

–     Ay atana Allah rəhmət eləsin. Bu sözləri mən ondan ötrü ərz edirəm, indi dünyada qəlp adam çoxalıbdır. Birisi gəlib nisyə sövdə elər, and içər Allaha, peyğəmbərə ki, üç gündən sonra pulunu gətirərəm. Üç gün olur ay, bəlkə üç il. Amma Allah mənə bir ölüm göndərsin, bu cür qəlp işlər tutmuyum. Sözün doğrusu, bu gün iş belə gətirdi, yanımca şəhərə pul götürməmişəm. İndi mən qəndi aparıram, inşallah sübh tezdən sənin beş manat on bir şahını burda hazır elərəm.


Karapet ağa bu sözləri eşitcək cəld qəndi aparıb qoydu yerinə və qayıdıb sağ əlini qoydu Xudayar bəyin çiyninə, sol əli ilə qapını göstərdi.

–     Di get, çıx get! Tez ol get burdan! Elə bu saat çıx get.


Xudayar bəy dinməz-söyləməz dükandan çıxıb üz qoydu getməyə”.


Beləliklə, Xudayar bəyin öz məqsədi, Karapet ağanın da öz məqsədi var. Onların hər biri öz məqsədinə nail olmaq üçün “mən kiməm?”, “sən kimsən?” suallarını ayırd etməyiblər və bu suallara cavab tapmaq işini də çox ləngidiblər. Ona görə də Xudayar bəyin də, Karapet ağanın da nəvələri, nəticələri, götücələri hələ də bu əziyyəti çəkirlər. Başqa sözlə, “kim kimdir?” məsələsi hələ də həll olunmayıbdır. Maraq olan yerdə, özü də müsəlman Xudayar bəylə erməni Karapet ağanın marağı olan yerdə məsələlər sona qədər həll olunmalıdır ki, onların hər biri öz yerində otursun. Müşkül olan da budur ki, bunu müsəlman Xudayar bəylə erməni Karapet ağa öz aralarında razılaşa bilmirlər. Belə olanda nə deyərlər? Deyərlər ki, Allah bilən məsləhətdir. Ya da ki müsəlman Xudayar bəylə erməni Karapet ağanın alveri baş tutmaz. Ay Xudayar bəy, bu ermənilər heç həqiqəti qəbul etmirlər sən isə Karapet ağa ilə nisyə alver etmək istəyirsən? 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı