Modern.az

Deputatların “Elmlər Akademiyası bağlansın” təklifi böyük qalmaqal yaratdı

Deputatların “Elmlər Akademiyası bağlansın” təklifi böyük qalmaqal yaratdı

21 Dekabr 2017, 16:44

Modern.az saytında dərc olunmuş ““Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər” adlı məqaləyə qarşı tərəf reaksiya verib.

Qeyd edək ki, həmin yazıda deputatlar bildirmişdilər ki, AMEA-nın strukturunda və işində ciddi dəyişikliklər aparılmalı, bəzi institutlar ləğv edilməlidir.

“AMEA-nın tərkibində fəaliyyət göstərən elmi tədqiqat institutlarının fəaliyyətində ciddi problemlər var.  Azərbaycan üçün kifayət qədər beynəlxalq əhəmiyyətli layihələri olsa, əlbəttə ki, maliyyələşməsində problem olmaz. Bu onu göstərir ki, AMEA-nın tərkibindəki institutlarda müəyyən problemlər var. Ona görə də mütləq struktur dəyişikliyinə, təyinatına  baxmaq lazımdır. Bu çox ciddi məsələdir. AMEA-nın nəzdində olan institutların laboratoriyalarının müəyyən dərəcədə universitet bazasına köçürülməsinə ehtiyac var -deyə, deputatlar söyləmişdilər.

 

AMEA-nın bir neçə institut direktoru Modern.az saytı vasitəsilə deputatlara cavab verib.
 

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib ki, deputatların AMEA-nın institutları ilə bağlı məlumatları yoxdur. Ona görə də məsuliyyətsiz fikirlər səsləndirirlər.

“ Bakı Dövlət Universitetindən başqa, Azərbaycanın heç bir institutunda elmi tədqiqat aparmaq üçün  şərait yoxdur.  Deputatlar niyə konkret institut adı çəkmirlər ki, hansı institutun fəaliyyətində ciddi problemlər var? Bunun adına ritorika deyirlər. Ləğvini istədikləri institutut hansıdır, bunu desinlər, mən onların cavabını verim. Professora 300-400 manat maaş verəndə ondan nə istəmək olar? Professorun AMEA-da maaşı 400-450 manatdır. Həmin deputatlar bunu bilirmi? AMEA-nın illik büdcəsi 100 milyon manatdır. Yəni, təxminən 60 min dollar. ABŞ-ın bir universitetinin illik büdcəsi isə 34 milyard dollardır. Bu müqayisə olunan rəqəm deyil axı. Mən deputatları fikirləri ilə razı deyiləm”.

 

Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə də bəzi deputatların AMEA-nın institutlarının hansı işlərlə, layihələrlə məşğul olduqlarından xəbərsiz olduğunu bildirib.

“Akademiyanın ictimai, humanitar institutları həm 2016-cı ildə multikulturalizm problemləri ilə, həm də 2017-ci ildə “Həmrəylik ili” bağlı böyük layihələr və işlər həyata keçiriblər. Biz çalışırıq ki, Azərbaycanda əsas problemləri dərk edək. Məsələn, fəlsəfə tarixində yaxşı işlər aparılır. Elm və fəlsəfə arasındakı münasibətlər öyrənilir. Bizim xarici institutlarla çox yaxşı əlaqələrimiz mövcuddur. Moskva Fəlsəfə İnstitutu ilə də yaxşı əlaqələrimiz var. Hər il həm Moskvada, həm də Bakıda böyük konfranslar keçiririk. 2018-ci ildə də Moskvadan 6 filosof Bakıya səfər edəcək. Mən deyə bilərəm ki, son zamanlar AMEA daha da fəaldır. Hesab edirəm ki, bu müsbət dəyişmələr AMEA-nın prezidenti Akif Əlizadənin apardığı islahatlarla bağlıdır. İşlərimiz hələ də çoxdur. Alimlərimizin hələ də millət qarşısında borcu var. Akademiyanın zəif işlədiyini demək qətiyyən düzgün deyil. Yadımıza salaq ki, ulu öndər də vaxtilə akademiyaya çox böyük dəyər verib.  Akademiyada bu gün böyük işlər aparılır. O ayrı məsələ ki, islahatlar hələ də bitmir. Onları davam etdirmək lazımdır. Bu il bizdə 237 məqalədən 65-i xaricdə çap olunub.  Bu pis rəqəm deyil. Amma onu artırmaq lazımdır. Hesab edirəm ki, bu məqalələri dünyəvi, tanınmış mərkəzlərdə çap etdirmək lazımdır. Bu il bizim 18 kitabımız çap olunub. Onun 2-i xaricdə çıxıb”.


Direktor bildirib ki, xaricdə elmi tədqiqat institutlarının universitetlərin nəzdində olması praktikası var.

“Çünki orada universitetlər böyükdür və lazımınca maliyyəsi var. Onlar elmi tədqiqat intitutlarını öz gücləriylə saxlaya bilərlər. Fikirləşmək lazımdır ki, bizim universitetlər bunu edə bilərlər, ya yox. Aydındır ki, bizim elmimiz daha sıx təcrübə ilə bağlı olmalıdır. Bu məsələlər bütün elmlərə aid deyil. Amma çoxuna aid olmalıdır. AMEA-nın çox böyük və zəngin tarixi var. Bir təcrübəni digəri ilə dəyişdirmək isə yaxşı olmaz. Biz hər zaman ənənəyə diqqətli yanaşmışıq. Hesab edirəm ki, gələcəyə gediş ənənəni yox etmir. Əksinə, tələb edir ki, ənənədə ən yaxşı müsbət tərəflərimizi saxlayaq və daha da inkişaf etdirək. Fikrimcə bu daha düzgündür”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir