Modern.az

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

22 Dekabr 2017, 13:36

2017-ci ilin başa çatmasına sayılı günlər qalıb. Bu il ölkəmizdə əksər sahələrdə önəmli hadisələr baş verdi. Bəs, 2017-ci il tələbə həyatında nə ilə yadda qaldı?

 

Modern.az saytı bu sualla tanınmış universitetlərin tələbələrinə müraciət edib.

 

Bakı Dövlət Universitetininin Filologiya fakültəsinin tələbəsi Günel Quliyeva:

 

“Müsbət cəhətdən yadda qalan Tələbə Elmi Birliyinin yaradılması oldu. İdarə heyətinə daxil oldum. Bir neçə məqaləm dərc olundu, konfranslarda iştirak etdim, çıxışlarım oldu. 3 dəfə intellektual yarışa qatıldım. İkisində mükafatçı oldum. Birində isə komandamız Respublika üzrə 10-luğa düşdü. Sevimli müəllimlərimizin dəsrləri də biri-birindən maraqlı idi.

Mənfi cəhət isə “Tibbi biliklərin əsasları” fənninin kafedrasında olan mənfiliklərdir. Nə qədər müddət keçsə də unutmaram”.

 

Bakı Dövlət Universitetininin  Jurnalistika fakültəsinin tələbəsi Əfsanə Şükürova:

 

“4-cü kursda olmaq özü əslində maraqlı hisdir. İnsan  illər əvvəl  1-ci kursda oxuduğu  zamanları xatırlayır. Xüsusilə də keçən 4 ildə və 4-cü kursda baş verənləri. Müsbət tərəf olaraq qeyd edə bilərəm ki, yeni dekanımızın gəlişi ilə bir çox iri layihələr baş tutdu və bu layihələr ixtisasımızla bağlı çox vacib idi.

 

Mənfi tərəfi isə insanın son həftələrdə universitetdən, fakültədən ayrılmaq istəmədiyini daha yaxşı başa düşməsidir. Məlumdur ki, hər ilin qazandırdıqları və itirdikləri olur. Amma 2017-ci ildə daha çox qazandım deyə bilərəm. Yaxşı iş yoldaşları, "İrəli" ailəsini, həmçinin istisnalar hər zaman olsa da dəyər verməyə layiq qrup yoldaşları qazandım”.

 

Azərbaycan Pedoqoji Universitetinin tələbəsi Firuzə Qurbanlı ( şərti ad):

 

“Nəinki 2017, ümumiyyətlə bu 4 il mənə heçnə vermədi”.

 

Həmin universitetin tələbəsi Samirə Natiqqızı  (şərti ad):

 

“Bizim universitetin məktəbdən bir fərqi yoxdur. Həyat belə bizə universitet qədər ədalətsiz olmayıb. Kim həyatından bezibsə, bu universiteti seçə bilər”.

 

Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinin tələbəsi  Aybəniz Ağayeva:

 

“2017-ci il 2016-dan daha yaxşı keçdi. 2016 bərbad keçmişdi. Çox yadda qalan hadisələr olmadı. Ümid edirəm 2017-ci il son günlərdə qol vurmaz. “Farmokologiya” kafedrasından yeni fənn keçdik. İlk dəfəydi ki, bir dərsi belə həvəslə oxuyurdum. Xüsusi bir şey olmasa da, rektorumuz test sistemini dəyişdi. Mənasız fənnlər yığışdırıldı. Kliniki fənnlər keçildi”.

 

Həmin universitetin Müalicə-profilaktika fakültəsinin tələbəsi  Lalə Mehtiyeva:

 

“Rektorumuz dəyişdi. Bəzi qaydalar sərtləşdi. Ümumilikdə ağır il oldu. Klinik fənlər öyrəndik, xəstələrlə danışdıq, ünsiyətdə olduq. Müəllimlər daha sərbəst və  daha yaxşı başa salmağa başladılar. Əvvəl sadəcə quru-quru öyrənib gəlirdiksə, indi öyrəndiklərimizi praktikada tətbiq edirik. Bu daha maraqlı və yaddaqalandır”.

 

Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin tələbəsi Rəviyyə Hüseynzadə:

 

“Yeni rektorumuz gələndən hər şey yaxşıya doğru dəyişib. Ən yaxşı hadisələrdən biri kəsri olan tələbələrin 25% endirimlə imtahan edilməsi oldu. Kəsildiyin fənnin kreditini 25%-ni ödəyib dərslərdə oturmadan imtahan vermək mümkün oldu.

Bizim universitetdə imtahana girməmişdən əvvəl 5 əsər verirlər, təhlil edib imtahana giririk. 4-cü kursda mənim üçün problem olsa da, aşağı kurslarda yaxşı oldu deyə fikirləşirəm. Çünki bunun sayəsində tələbələr kitab oxudular, Kitabi-Dədə Qorqudu oxumayan uşaqlar həmin kitabı oxudu. Bunu bizim rektor etdi. Digər yadda qalan məqam isə praktika zamanı bir-biriylə dost olan tələbələrin bir yerə düşə bilməsidir. Kim kimlə istəsə eyni məktəbə düşə bilər. Rektor 2 dənə kitabxana təşkil etdi. İstəyən gedib dərs də oxuyur, həmin kitablardan da oxuyur. Kamal Abdulladan qabaq heçnə yaxşı deyildi. Müəllimlər aqresiv idilər.

Problem isə təhsilin keyfiyyətinin aşağı olmasıdır ki, bu da ölkənin demək olar ki, əksər universitetlərində belədir.4 il ingilis dili keçən tələbələr ingilis dilini hələ də bilmir”.

 

Azərbaycan İqtisad Universitetinin Maliyyə və Mühasibat fakültəsinin tələbəsi Təranə Quliyeva:

“Müsbət tərəfdən yanaşsaq, universitetin radiosunda aparıcılığa başladım. Universitet daxilində debat turnirində 2-ci olduq. Əlaçı oldum. Bunları xatırlayıram. Mənfi hadisə isə yadıma gəlmir. Sadəcə təqaüd məsələsində qrupdan bəzi uşaqların narazılığı oldu. Bəzi tələbələr ödənişli əsaslarla oxuyanların təqaüd almasını bəyənmir. Əlavə olaraq isə nə mənə qarşı mənfi hal olub, nə də mən tərəfdən”.

 

Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinin tələbəsi Kamran Həsənalıyev:

 

“2017-ci ilin əvvəli mənim üçün çox yaxşı oldu. İslam Oyunları elə bil göydəndüşmə idi. 4 kəsrim var idi. 7 dənə də semestr fənnim. Ümumi 8 imtahan verməli idim. İslam Oyunlarına qoşuldum. İxtisasıma uyğun olaraq məni “Boulevard Hotel”ə göndərdilər. Oyunlar başlamamışdan  artıq limitə çatmışdım. Oyunlar bitəndə bütün fənlər üzrə limitdən kəsildim.Hörmətli Mehriban Əliyevanın qərarı ilə  kəsrlərim düzəldi. İmtahana bütün fənlərdən “34” balla girdim. Demək olar ki, heç bir imtahana hazırlaşmadım, hamsını metroda əzbərlədim. Heç bir dərsdə normal oturmadım, amma bütün imtahanlardan keçdim. Ən yadda qalan yaxşı hadisə bu olub. Bir də heç kimin sevmədiyi müəllim var idi. Özünü asdı. Bu da 2017-nin yadda qalan məqamlarından oldu”.

 

Həmin universitetin Avtomatika və kompüter mühəndisliyi fakültəsinin tələbəsi Yeganə Maqsudova:

 

“Universitet həyatım çox rəngsiz keçir. Dərsə gedirəm və  dərsdən çıxıb evə gəlirəm. Amma 2017-də ən təsir edən hadisə oxuduğum korpusda bir qızın rəhmətə getməsi oldu. Heç tanımırdım, amma çox pis təsir etdi”.

 

Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin tələbəsi Arif  Hüseynov:

 

“2017-ci ildə yeni dil öyrənməyə başladım və o dili mənə öyrədən müəlliməni tanıdım. Çox yaxşı müəllimədir. Mənfi cəhətdən isə universitetdə bir müəllim çox aşağı ballar yazdı, mən də onu şikayət etdim”.

 

Həmin universitetin tələbəsi Elvin Sabiroğlu (Şərti ad):

 

“Rektorumuz dəyişəndən sonra hər şey pisə doğru gedir. Məsələn, bu il imtahan nəticəmi Apelyasiya Komissiyasına vermişdim,məndə çox məntiqsiz səhvlər tutdu. Əvvəlki rektorumuz Asif müəllim  bizlə gəlib söhbət edirdi, maraqlanırdı. İstənilən vaxt yanına gedib sözümüzü deyə bilirdik. Kolidorda görəndə yaxınlaşıb soruşurdu ki, nə probleminiz var? nə lazımdır? “İstənilən vaxt yanıma gəlin nə şikayətiniz olsa, mənə deyin”- deyirdi. Nurlana xanım belə deyil. Eşitdiyimə görə, onun qəbul üçün bircə günü var, o da 2-ci gün.

 

Təhsil haqqını ödəməyən tələbələr imtahandan çıxarıldı. Amma əvvəl belə vəziyyətlər olmurdu. İlin əvvəlindən gəlib yapışmırdılar ki, təhsil haqqını verin. Bu il pisə doğru çox şey dəyişib”.

 

P.S. Qeyd edək ki, adının çəkilməsini istəməyən tələbələrin şərhləri şərti adla qeyd olunub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?