Modern.az

Yubkalı şotlandlar Bakıda

Yubkalı şotlandlar Bakıda

21 Noyabr 2009, 20:25

Noyabrın 21-də şotlandlar Bakıda Müqəddəs Endryu gününü qeyd ediblər. Bakı Kaledoniya Cəmiyyətinin təşkil etdiyi bayram tədbirlərinin bir hissəsi kimi Şotlandiya milli musiqi ifaçıları - zurnaçılar qrupu İçərişəhərdə çıxış edib və parad keçiriblər.
Zurnaçılar öz ifalarına Qoşa Qala qapısının qarşısındakı əsas meydandan başlayıb, daha sonra Endryu gününün mədəniyyətlərarası xarakterini təcəssüm etdirmək üçün İçərişəhərin küçələrindən keçiblər. Zurnaçıların nümayişi İçərişəhərin əsas küçələrində təxminən bir saat davam edib və Qız qalasının yanında yekunlaşıb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib ki, bu cür tədbirlərin təşkilini dəstəkləməkdə məqsəd İçərişəhərin beynəlxalq aləmdə təbliğini daha da genişləndirməkdir. "Biz hər zaman yadda saxlamalıyıq ki, İçərişəhər tarixi və mədəni irsimizin mənbəyidir. Eyni zamanda, biz şotlandların qədim adətini şəhərimizdə seyr etməkdən də çox şadıq. Bu nümayiş mədəniyyətlərarası dialoqun inkişafına xidmət edən ilk belə tədbirdir və əminəm ki, ənənəyə çevriləcəkdir".
Bakı Kaledoniya Cəmiyyətinin rəhbəri Rod Freyzer deyib: “Bu il cəmiyyətimiz 12-ci ildönümünü qeyd edir. Kaledoniya Şotlandiyanın digər adıdır və bu cəmiyyət bütün dünyada yaşayıb çalışan şotlandların cəmləşdiyi çoxsaylı birliklərdən biridir. Cəmiyyət könüllüdür və Azərbaycanda xeyriyyəçilik tədbirləri də həyata keçirir. Ötən 12 ildə 600 min manat məbləğində maddi vəsait toplamış və məcburi köçkünlər də daxil olmaqla, Bakıda müxtəlif xeyriyyə müəssisələrinə paylamışıq. Biz adət-ənənələrimiz və tariximizlə fəxr edirik.
Şotlandiya mədəniyyəti Azərbaycan mədəniyyətinə çox oxşardır. Düşünürük ki, azərbaycanlı dostlarımıza mədəniyyətimiz haqqında ətraflı məlumatlar verməliyik. Yüzlərlə şotlandiyalı Bakıda yaşayır və bizi burada qəbul edən, özümüzü evimizdəki kimi hiss etməyə şərait yaradan insanlarla mədəniyyətimizi paylaşmaq, həqiqətən də, ürəkaçandır. Biz belə mədəniyyətlərarası tədbirin təşkilinə göstərdiyi köməyə görə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub