Modern.az

“Xəstə idim, əməliyyata ehtiyac var idi” - Rəsulzadənin səhhətindən şikayəti

“Xəstə idim, əməliyyata ehtiyac var idi” - Rəsulzadənin səhhətindən şikayəti

23 Dekabr 2017, 00:13

Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

 

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini bundan sonra da davam etdirir.

 

Bu dəfə Cümhuriyyətin banisi olan Məhəmməd Əmin Rəsulzadə haqqında maraqlı tarixi faktı diqqətə çatdıracağıq.

 

Azərbaycan Cümhuriyyəti devriləndən sonra Rəsulzadə mühacirətə getməli olur. Yeni quruluş isə onun ailəsi və yaxın qohumlarını da təqib edir. 19 yaşlı oğlu Rəsul güllələnir, həyat yoldaşı, anası, qızları və körpə oğlu Qazaxıstana sürgün edilir.

 

M.Ə.Rəsulzadə böyük cəhdlə ailəsini xilas etməyə - Türkiyəyə gətirməyə çalışıb. Oğlu Azərin dediyinə görə, hətta bir dəfə qatara minib getməyə də hazırlaşıblar. Lakin M.Ə.Rəsulzadənin atası Axund Hacı Ələkbər məsləhət bilməyib və onlar Bakıda qalıblar. 1932-ci ilə qədər isə M.Ə.Rəsulzadə müxtəlif adamlarla ailəsinə maddi yardımlar göstərib, hətta geyim, paltar da alıb göndərib. Sonradan sərhədlər bağlandığından bu mümkün olmayıb. Bakıda gizli fəaliyyət göstərən müsavatçılar isə imkan daxilində  M.Ə.Rəsulzadənin ailəsinə müəyyən köməklik edib.

 

 

Modern.az  Rəsulzadənin Ceyhun Hacıbəylilə yolladığı növbəti məktubu təqdim edir. Deyilənə görə, onların arasında 35 məlum məktublaşma var. Naməlumlar təbii ki, daha çoxdu. Lakin oxuculara ardıcıl olaraq təqdim etdiyimiz üçüncü məktubu o biriləri ilə bir amil birləşdirir. 

- Rəsulzadənin acı həyatı və qürbət dərdi. O, nasazdır, səhhətindən şikayətçidir. Amma ömrünün sonuna qədər bir daha görə bilməyəcəyi ailəsi üçün çox nigarandır. Yaxşısı budur, oxuyaq: Yeri gəlmişkən, bundan əvvəlki iki məktubu da saytdan oxuya bilərsiniz:

 

“Əzizim Ceyhun bəy! Özümü müqəssir hesab edirəm. 21 iyun tarixli məktubunuza ancaq indi cavab yaza bilirəm. Rica edirəm, bunu başqa yerə yozmayasınız. Xəstə idim. Dişim şişmişdi. Əməliyyata ehtiyac hasil oldu. Bir həftə onunla məşğul oldum. Sonra o, keçər-keçməz qulağım şiddətlə ağrımağa başladı. Beş gün də onunla əlləşdim. İndi də üç gündür qripə düçar olmuşam. Buna görə heç yerə çıxa bilmirəm. Bu məktubu da havanın isti vaxtında qapalı otaqda yazıram. Nə isə buraya gəlib-gələli heç bir rahatlıq görmədim. Bu günə qədər mədəm belə normal olmamışdır. Parisdə olarkən iki kilo arıqladım. Buranın iqlimi bataqlıq! Əli Mərdan bəy haqqında Sizin yazdıqlarınızdan artıq elə bir məlumata malik deyiləm. Vəziyyəti, həqiqətən də, elədirsə, bu təəssüfə layiqdir. Bu gün söylədiyini iki il əvvəl söyləsəydi, haqqınız vardı. Sizin Əli Mərdan bəylə əlaqədar olmayıb, öz müqəddaratınızı şəxsən təyin edərək, bundan sonra tam səmimiyyətlə bizimlə əməkdaşlığa hazır olduğunuz haqqındakı bəyanatınıza məmnun oldum. Bizimlə həmrəy olduğunuza təşəkkür edirəm”. (1930-cu il, 7 avqust)

 

Mənbələr: М.Э. Расулзаде. Сборник произведений и писем /Сост., предисл. и примеч. С. Исхаков.

Məhəmməd Əmin Rəsulzadə “Məktublar. Şəfibəyçilik”.

 

E. Nihad

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi