Modern.az

Deputatlar, jurnalistlər, idmançılar Prezidentin ad gününü belə təbrik etdilər – REPORTAJ +FOTOLAR

Deputatlar, jurnalistlər, idmançılar Prezidentin ad gününü belə təbrik etdilər – REPORTAJ +FOTOLAR

23 Dekabr 2017, 10:45

Ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda Milli Məclisin deputatları ilə Parlament Jurnalistləri Birliyinin üzvləri arasında ölkə prezidenti İlham Əliyevin doğum gününə həsr olunmuş futbol yarışı  keçirilib.   

 

Yoldaşlıq oyununda parlamentin futbol komandasına rəhbərliyi Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov edirdi.

 

Deputatlar, idmançılar və gənclər  təşkilatlarının üzvlərindən ibarət komandanın tərkibi belə idi:

 

Millət vəkilləri Fuad Muradov, Mahir Abbaszadə, Kamran Nəbizadə, Siyavuş Novruzov, Elşad Həsənov , Azər Badamov, Tahir Mirkişili, Rəşad Mahmudov və Milli Məclisin sektor müdiri Adil Vəliyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, sərbəst güləşçi Toğrul Əsgərov, veteran futbolçu Səməd Qurbanov, millimizin sabiq müdafiəçisi Saşa Yunisoğlu.

 

Jurnalistlərin komandasına baş məşqçiliyi  Elşad Eyvazlı edirdi. Komandanın kapitanı Rəşad Baxşəliyev idi.  Komandanın üzvləri  Anar Kəlbiyev, Mirmahmud Kazımoğlu, Elşad Paşasoy, Aqil Camal, Aqil Aslan, Anar Bayramoğlu, Əli İbrahimov, Elvin Dəmirli, Məğrur Salmanov, Nurani İsgəndərov, Vasif Həsənli, İsmayıl Abdullayev, Elçin Cəfərov, Hüseyn İsgəndərovdan ibarət idi.

 

FİFA dərəcəli hakim Orxan Məmmədovun idarə etdiyi yoldaşlıq oyununda  qapılara 5 qol vuruldu. Bunlardan 3-ü mətbuat nümayəndələrinin, 2-si isə millət vəkillərinin qapısından keçdi.

 

Milli Məclisin deputatlarının komandasından 2 qola Gənclər və İdman komitəsinin sədri Fuad Muradov, birinə isə Milli Məclisin sektor müdiri Adil Vəliyev imza atdı.

Rəqib komadada isə hər iki qolu Azad Azərbaycan Telekanalının əməkdaşı Nurani İsgəndərov vurdu.

 

Qeyd edək ki, Fuad Muradov parlament jurnalistlərinin qapısına oyunun  ilk dəqiqələrində qol vursa da bu, hesaba alınmadı və hakim oyundan kənar olaraq dəyərləndirdi.

 

Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov oyundan sonra bildirdi ki, Azərbaycanda idman sahəsində olan inkişaf sevindiricidir.

 

“Təbii ki, bu uğurların başında cənab prezident İlham Əliyev dayanır. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bütün dünyaya səs salıb.  Bu tədbiri keçirməklə prezidentimizə təşəkkürümüzü bildirmək istəyirik. Ölkə başçımızın bir fikri var ki, sağlam həyat tərzi ən önəmli məsələlərdən biridir. Bu baxımdan belə bir qərar qəbul etdik.

 

Gənclər və İdman Nazirliyinə, AFFA-ya, “Qarabağ” klubuna və şəxsən Qurban Qurbanova, Parlament Jurnalistlər Birliyinə, Milli Məclisin deputatlarına, tanınmış idmançılarımıza təşəkkürümü bildirirəm ki, səsimizə səs verdilər.

 

Simvolik oyun oldu. Kimin qalib gəlməsi önəmli deyildi. Əsas odu ki, cənab Prezidenti qarşıdan gələn doğum günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edək.

İnanıram ki, məhz belə təbrik, tədbir cənab Prezidentə, Azərbaycan xalqına uyğundur. Gələn il üçün də böyük planlarımız var. Regionlararası idman yarışları keçirmək istəyirik. Bununla bağlı danışıqlar davam edir”.

 

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı da bildirib ki, deputatlarla jurnalistlər arasında keçirilən yarış ölkə rəhbəri cənab İlham Əliyevin doğum gününə ithaf olunub.

“Hamımız şahidiyik ki, cənab Prezident hər zaman ad günlərini sadə insanlar arasında keçirib. Biz də sadə bir yolla cənab Prezidenti təbrik etmək istədik. Onun Azərbaycan naminə gələcək işlərinə, fəaliyyətlərinə uğurlar arzulayırıq.

 

Bununla həm də bildirmək istəyirik ki, jurnalist olaraq hər zaman Prezidentimizin yanındayıq”.

 

Oyunun nəticələri haqqında danışan E.Eyvazlı deyib ki, AFFA-nın hakiminin idarə etdiyi oyun yüksək səviyyədə keçib.

 

“Olduqca gərgin mübarizə şəraitində keçən maraqlı bir idman yarışı izlədik. Jurnalistlər meydana qələbə əzmində çıxsa da, sonda rəqib komanda daha üstün oldu. Amma əsas belə bir oyunun təşkili idi.

Düşünürəm ki, hər iki komanda izləyənlər üçün maraqlı oyun sərgiləyə bildi”. 

 

Millət vəkil Mahir Abbaszadə  bildirib ki, ölkə Prezidenti idman sahəsinin inkişaf etdirilməsində çox maraqlıdır və bunun üçün hər bir addım atılır.

 

“24 dekabr Cənab Prezidentin doğum günüdür. Biz millət vəkilləri də cənab Prezidenti özümüzə uyğun bir şəkildə təbrik etməyə çalışdıq. Bilirik ki, cənab Prezidentin idmana qayğısı, diqqəti yüksək səviyyədədir. Biz düşündük ki, jurnalistlərlə birlikdə belə bir idman yarışı keçirək, bu da bizim Prezidentimizə bir töhvəmiz olsun”.

 

Millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev qeyd edib ki, çox gözəl yoldaşlıq görüşü keçirildi.

 

“Bu kimi tədbirlər mətbuatla deputatlar arasında ünsiyyətin daha sıx olmasına, Azərbaycanda idmanın təbliğinə xidmət edəcək. Belə oyunların sayı çox olmalıdır.

 

Təkcə millət vəkilləri ilə jurnalistlər yox, başqa komitələr də bu ənənəyə qoşulmalıdılar. Azərbaycanda idmana dövlət səviyyəsində dəstək verilirsə, təbii ki, bütün məmurlarımız inkişafa öz töhfələrini verməlidilər. O ki qaldı ilin yekununa, 2017-ci il Azərbaycan idmanı üçün olduqca uğurlu, düşərli keçdi.

 

İdmançılarımız həm Bakıda təşkil edilən yarışlarda, həm də dünya arenalarındakı böyük turnirlərdə gözəl nəticələr əldə etdilər. Bu da onu göstərir ki, idmana göstərilən qayğı ildən-ilə öz bəhrəsini verir. Bu cür dəstək davam edərsə, idmançılarımız daha çox nailiyyətlər qazanacaqlar”.

 

Veteran futbolçu İsgəndər Cavadov  bildirib ki, hər iki komandanın oyununu maraqla izləyib.

 

“Belə bir oyunun təşkili xoş haldı. Təbii ki, bu, ölkə başçısı İlham Əliyevin ad günü ilə bağlıdır. Möhtərəm Prezidentimizi təbrik edirəm, ona can sağlığı arzulayıram. Belə oyunlar daha çox olmalıdır. Mətbuat nümayəndələri, deputatlar futbolun necə çətin olduğunu, yəqin ki, başa düşərlər. Kənardan baxıb fikir bildirmək asandır. Hər iki komandaya azarkeşlik edirdim. Bu cür yoldaşlıq görüşlərinin sayını artırmaq lazımdır”.

 

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib ki,  bu il  Azərbayanda İslam Oyunlarının keçirilməsi, Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar ölkədə gənclərə göstərilən qayğının bariz nümunəsidir.

 

“Bu gün keçirilən oyun böyük stationda olduğu bir az çətinliyi var idi. Həm Milli Məclisin üzvləri, gənclər təşkilatlarının üzvləri və mətbuat nümayəndələri gözəl oyun nümayiş etdirdi.

 

Ölkə Prezidenti İlham Əliyev hər zaman öz doğum günlərini sadə şəkildə, cəbhə bölgəsində keçirir. Düşünürəm ki, bu gün keçirilən oyunla cənab Prezidenti təbrik edirik. Belə oyunların müntəzəm keçirilməsi üçün işlər görəcəyik”.

 

Futbol yarışını izləyənlərin həyəcanı oynayanlarınkından daha çox idi.  

 

Oyunu izləyənlər arasında futbol üzrə milli komandamızın və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti millət vəkili Ülvi Quliyev, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti millət vəkili Adil Əliyev, Azərbaycan Teokvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, sərbəst güləş üzrə yığmanın baş məşqçisi Firdovsi Umudov, veteran futbolçular İsgəndər Cavadov, Səməd Qurbanov, Oqtay Abdullayev, Asim Xudiyev, Dmitri Kramarenko, güləşçilər Toğrul Əsgərov, Hacı Əliyev, Cəbrayıl Həsənov, eləcə də şou-biznes nümayəndələri, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov, Müşfiq Abbasov və başqaları var idi.

 

AFFA-nın baş katibi Elxan Məmmədov, Gənclər və İdman Nazirliyinin aparat rəhbəri  Rüfət Həsənov da oyunu izləyənlər arasında idi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir