Modern.az

Deputat: “Son iki ildə həyatım tamamən dəyişib, evimə bir kişi daxil olub...” - MÜSAHİBƏ

Deputat: “Son iki ildə həyatım tamamən dəyişib, evimə bir kişi daxil olub...” - MÜSAHİBƏ

25 Dekabr 2017, 10:26

Jalə Əliyeva: “Mən şagirdləri çox yüklənmiş hiss edirəm”


“Şou-biznes qalıcı bir mədəniyyət deyil”

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva Modern.az saytına geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik.

- Jalə xanım necəsiniz?

- Əla!

- Həmişə əla olasınız. Biz onsuz da sizi həmişə gümrah, şux, təravətli görmüşük.

- Çox sağ olun, təşəkkür edirəm!

- Bəzi jurnalistlər belə sual verirlər: “Bu gözəlliyinizin sirri nədədir”... Mən isə bu cür sual verməyəcəyəm. Əslində hamı istəyər ki, daim gözəl qalsın. Amma mən yenə də bir xanım deputatın bu sualıma cavab verməyini istəyərdim. Niyə daim gözəl olmağa çalışırsınız?

- Bu, insanın daxili əhval-ruhiyyəsidir. Və ya ətraf mühitlə, ailə ilə bağlıdır. İnsanın gündəlik xarici görünüşü təbii ki, onun daxilini büruzə verir. Kiminsə  hər gün şən, tam formada görünməyi heç də o demək deyil ki, həmin an onun daxili aləmi ilə xarici görünüşü balansdadır. Heç birimiz yaxşı ya da pis hadisələrdən sığortalanmamışıq. Həyatda gözlənilməzliklər olur. Əsas olan isə budur ki, onları büruzə verməyəsən. Əgər insan sadəcə özünə, ailəsinə aid deyilsə, cəmiyyətin bir fərdidirsə, o zaman həyatını hisslərinə qapılmadan davam etdirməyi də bacarmalıdır.

- Düzü, nəzərimizdə sizi əsəbi şəkildə təsəvvür etmək çətindir. Bəlkə də, sizi həmişə şən gördüyümüz üçün belədir. Ancaq hər bir insan əsəbiləşə bilər. Sizin də əsəbiləşdiyiniz vaxtlar olurmu?  

- İnsan xarakterinin müxtəlif layları var. Mümkün deyil ki, bir insan ətrafında baş verənlərə laqeyd qalsın. İnsanın daxili təlatümləri də onu hər zaman eyni tarazlıqda saxlaya bilməz. Nəyəsə həddindən artıq təsirləndiyim anlar da, hətta çox əsəbiləşdiyim məqamlar da olur. Amma dediyiniz kimi, bunu indiyə kimi məndə hiss etməmisinizsə, deməli hisslərimi cilovlamağı bacarıram. Ancaq bu, heç də o demək deyil ki, nəyəsə əsəbiləşmirəm, nəsə mənim kefimi pozmur. Sadəcə olaraq özümə hakim olmağa və hisslərimi büruzə verməməyə çalışıram.

- Siz  də yazı yazmaq qabiliyyəti olan deputatlardansınız, xalq dili ilə desək, qələminiz var. Bəlkə də buna görədir ki, jurnalistlər üçün açıqsınız. Bəs olubmu ki, jurnalistin sualına əsəb keçirəsiniz?

- Peşəsinin ustası olan çox dəyərli jurnalistlərimiz var. Özünə, peşəsinə hörmət edən, qələmindən çıxan hər bir cümlənin arxasında sonuna qədər dayanan, məsuliyyəti hiss edən jurnalistlərimizə əlbəttə ki, hörmətim var və onlarla səmimi münasibət qurmuşuq.Ancaq bəzən belə də olur ki, jurnalistin elə ilk kəlməsindən, telefon xəttinin o biri başından gələn səsin qərəzli olduğunu hiss edirsən. Daha pisi, bəzən də sual verən jurnalistin heç həmin mövzuya tam bələd olmadığını görürsən. Ancaq ümumi şəkildə götürdükdə, deyə bilərəm ki, qarşılaşdığım bütün jurnalistlər mənim üçün dəyərlidirlər. Aramızda çox möhkəm, səmimi dostluq bağı var. Yaşından asılı olmayaraq.

- Jalə xanım, Zərdab-Ucar seçki dairəsindən deputatsınız. Seçiciləriniz daha çox nələrdən şikayətçidir?

- O zonanı bir az problemli edən oranın coğrafi mövqeyi, təbii şəraitidir. Yayının çox isti, qışının çox sərt olması, torpağının bir o qədər də münbit olmaması Aran bölgəsi üçün səciyyəvidir. Burada əkilən ağacları, bitkiləri qorumaq çox çətindir. Amma təbiəti hər nə qədər amansızdırsa, insanları bir o qədər zəhmətkeş, mehribandırlar. Onlar ölkəsini, dövlətini sevən insanlardırlar. Mən artıq 3-cü çağırışdır ki, hər iki rayonun millət vəkiliyəm. İlk zamanlar, 10-15 il bundan əvvəl rayonda ölkə miqyaslı problemlərlə qarşılaşırdıq. Seçicilərin, əhalinin su, işıq, qaz, yol, məktəb, bağça problemləri var idi.  İnsanlar bu problemlərin həlli üçün bizə müraciət edirdilər. Biz elə o zamanlar bütün görüşlərimizdə önümüzdəki onilliklərdə ölkənin iqtisadi inkişafını əhatə edən proqramların həyata keçiriləcəyini və sadaladıqları problemlərin öz həllini tapacağını bildirirdik.  15 il bundan əvvəlki ilə müqayisədə bu gün daxil olan seçici məktubları xeyli azalıb. Əvvəllər bir ayda 100-150 məktub alırdıqsa, bu gün bu məktubların sayı 10-15-dir. Bu da onu göstərir ki, ölkədə qlobal miqyaslı problemlər həllini tapıb və bu proses davam edir. Belə də olurdu ki, vətəndaş hətta Mənzil İstismar Sahəsi rəisinin, su, işıq və ya qaz idarəsinin müdirinin görəcəyi işləri də bizdən istəyirdi.

Bu gün isə vətəndaşların daha çox şəxsi problemləri ilə bağlı olaraq qapımızı döydüklərinin şahidi oluruq. Bu da nədən ibarətdir? Kimsə işlə təmin olunmaq istəyir. Kiminsə özü ya da yaxını ağır xəstədir, müalicəsinə kömək istəyir. Kiminsə övladı ödənişli ali təhsilə qəbul olub, amma o bunun güzəştli olmağını istəyir. Bəziləri banka kredit borcunun azaldılmasını ya da silinməsini istəyir.  Və sairə.

- Deputata bəzən yüksək ranqlı bir məmur kimi yanaşırlar. Seçicilər çox vaxt elə bilir ki, deputat bütün problemləri həll edə bilər. Halbuki, kiminsə banka borcu varsa, bizcə bu, ödənilməlidir. Deputat bank borcu sildirmək funksiyasını öz üzərinə götürməyib və bəzən istəsə də bunu edə bilməz...

- Biz ən azından heç bir məktubu cavabsız qoymamaq və həqiqətən kömək etmək istədiyimiz üçün, əlaqədar quruma  müraciət edirik. Amma seçicinin qaldırdığı hər hansı problemli məsələnin kökündən həllini tapması üçün həmin məsələ birinci növbədə qanunvericiliklə tənzimlənməlidir. Və əslində deputatın da ən əsas vəzifəsi qanun yaradıcılığında iştirak etməkdir.

- Deputatlar, jurnalistlər cəmiyyətlə böyük ranqlı məmurlar, hakimiyyət arasında bir körpü rolunu oynayır. Yəni şikayətçilərin problemlərini aidiyyatı orqanlara çatdırırlar. Yəqin ki, siz də seçicilərinizin problemlərini çatdırmaq üçün hansısa məmurun ya da nazirin görüşündə olmusunuz.

- Əlbəttə.

- Problemlər həllini tapıbmı?

- Həllini tapanlar da, tapmayanlar da olub. Məsələ həll olunanda həmin orqanlara təşəkkür edirik, sevinirik. Amma əlbəttə ki, həllini tapmayan məsələlər də olur. Bunun isə müxtəlif səbəbləri var. Birincisi, bəzən seçici qoyduğu tələbdə haqlı olmur.Vəkil müttəhimə “Mən sənin vəkilinəm,  hüquqlarını müdafiə edəcəyəm. İstəyirsənsə səni sona qədər müdafiə edim və məhkəməni udaq, o zaman mənə düzünü danış” deyir. Bəzən isə müttəhim və onun yaxınları vəkilə o qədər səhv məlumat verirlər ki, axırda müttəhim ağır cəza alır.

Eyni ilə biz də, seçicidən obyektiv olmağını, məsələyə öz nəzər nöqtəsindən baxmamasını istəyirik.Və sonda nə baş verir? Vətəndaş vəziyyəti özünə sərf etdiyi şəkildə təqdim edir, müraciət araşdırılır, tələbin haqsız olduğu ortaya çıxır, nəticədə həmin qurumdan mənfi cavab alınır.

- Hansı yüksək vəzifəli məmur, hansı nazirlə görüşmüşünüz?

- İstər deputatı olduğum rayonlarla, istər seçicilərlə  bağlı, istərsə də ölkə miqyaslı hər hansı problemli məsələnin həlli üçün əlbəttə ki, zaman-zaman görüşlərimiz  olur. Mən onu da demirəm ki, hər bir vəzifəli məmurla şəxsən görüşmüşük. Məsələləri həll etmək üçün telefon və ya məktubla müraciət növü də var təbii ki. Həm də ki, hansısa məmurla şəxsən görüşməmək heç də o demək deyil ki, həmin şəxs məsələni həll etmək istəməyib, ya da mən ora getmək istəməmişəm.

Sadəcə olaraq, müəyyən sahələr var ki, o sahələr üzrə daha çox müraciətlər daxil olur. Bayaq bunları sadaladım. Avtomatik olaraq diqqətli oxucu da başa düşər ki, həmin təşkilatlatlarla bizim əlaqəmiz daha çoxdur. Məsələn, sıravi vətəndaş Müdafiə Sənayesi Nazirliyi ilə  və ya Energetika Nazirliyi ilə bağlı məndən nə istəyə bilər ki?

- Həm də universitetdə müəllimsiniz. Azərbaycan müəlliminin obrazı müsbətdirmi?

- Niyə də olmasın!

- Çünki bəzi müəllimlər şagirdlərdən ya da tələbələrdən pul yığır, rüşvət alır.

- Şəxsən mənim müəllimlərim hər zaman müsbət olublar və mənim üçün müqəddəs idilər. Bu gün də belədir. İstər orta məktəbdə, istərsə də, bitirdiyim ali məktəblərdə. Mənə dərs deyən müəllimləri bu gün də görəndə dik ayağa qalxıram. Baxmayaraq ki, mən indi onlarla universitetdə çiyin-çiyinə eyni kafedrada çalışıram və akademiyada eyni müdafiə şurasının  üzvləriyik. Onlar danışıb sözlərini bitirmədən mən bir kəlmə də kəsmirəm. Bu yəqin ki, müəllim obrazının mənim qəlbimdə qoyduğu abidədir. Bu günlərdə internet səhifəsində çox maraqlı müqayisəli bir fotoya rast gəldim. Deməli, göstərirdilər ki, 30 il bundan qabaq şagirdlər tənəffüsdə necə olublar. Orta məktəb uşaqları top-top, qaçdı-tutdu oynayır, deyib-gülürlər, şənlənirlər. Digər şəkildə isə  bu günümüzün uşaqları əks olunub. Hər bir şagirdin əlində telefon və ya kompüter. Oturub, özünə qapanıb. Bu gün bizim müəllimimiz, öyrədənimiz təəssüflər olsun ki, virtual məkandır. Belə olan halda şagirdlə müəllim arasındakı münasibətlərdə də dəyişikliklər əmələ gəlir. Amma düşünürəm ki, bununla belə, təhsilimizdə, maarifimizdə çox  yüksək səviyyəli, mükəmməl, əsl müəllimlər daha çoxdur.

- Kompleks yanaşsaq, təhsili də mədəniyyətin bir hissəsi hesab edə bilərik. Azərbaycan təhsilinin durumu qənaətbəxşdirmi?

- Azərbaycan təhsilində çox böyük islahatlar getdi. Bunları çox uğurlu islahatlar hesab edə bilərik. Bu islahatlar dünyaya inteqrasiya baxımından çox önəmli idi. Köhnə sovet təfəkkürünü, sovet təhsil sistemini müasirləşdirmək, dünya təhsil sisteminə uyğunlaşdırmaq baxımından atılan lazımlı və məcburi addımlar idi. Birinci növbədə test imtahanlarının tətbiqi nə qədər obyektiv, ədalətli nəticələrin əldə olunmasına gətirib çıxardı. Birmənalı şəkildə bu qənaətdəyəm ki, oxuyana hər yerdə qapılar açıqdır.

Eyni zamanda, yeni təhsil sisteminin proqramları mənə çox ağır gəlir. Arada özümə “çox şükürlər olsun ki, artıq nə şagird, nə də tələbəyəm” deyirəm. Bizim evdə artıq nə şagird, nə də tələbə var. Amma 4-5 ildən sonra nəvələrim təhsil almağa başlayacaq.

Mən şagirdləri çox yüklənmiş hiss edirəm. Açığı, orta məktəb proqramlarından uzağam və kənardan hiss etdiklərimi deyirəm. Mən daha çox ali məktəb proqramları və ikipilləli təhsilin – bakalavr və magistraturanın – yaxşı, pis tərəflərindən danışa bilərəm. Eyni zamanda bu gün bu sistemdə hələ də boşluqların olduğunu deyə bilərəm.

- Nədir razılaşmadıqlarınız?

- Bakalavr pilləsində 4 il təhsil alan bir gənc sonda ali məktəb diplomunu alır. Bu o deməkdir ki, 4 ildə o, hərtərəfli yetişmiş bir mütəxəssisdir. O, qarşıya qoyulan proqramların tələblərini yerinə yetirən və həmin proqramlardan imtahan verərək ali məktəb diplomunu alan ali savadlı bir vətəndaşdır. Lakin o yenidən imtahan verir və gəlir magistr olur. Auditoriyaya daxil olursan, səninlə qarşı-qarşıya ali məktəb diplomunu almış, ali təhsilli, səninlə eyni hüquqlu bir mütəxəssis oturub. Yaxşı, sual edirəm, indi ona nədən dərs verəsən?! Düzdür, bakalavrlar pilləsini bitirənlərlə bağlı müəyyən məhdudiyyətlər var. Onlar ən azından ali məktəb müəllimi ola bilmirlər. Ya da elmi iş yaza bilmirlər. Yəni gələcəkdə sırf bakalavr pilləsini bitirənlər müəyyən məhdudiyyətlərlə qarşılaşırlar. Amma təhsil tam birpilləli olduğu zamanlarda belə problemlər yox idi. Bu gün magistratura proqramları hazırlanır, metodik vəsaitlər var. Lakin şəxsən mən düşünürəm ki, sistemin daha təkmil variantı olmalıdır.

- Magistratura pilləsi ləğv olunmalıdır?

- Xeyr, olanı geri qaytarmalı deyilik. Çünki bu sahənin öz uğurları var. Bir az əvvəl bəzilərini qeyd etdik. Biz irəli getməliyik, bu təhsil sistemi daha da təkmilləşməlidir, daha mükəmməl bir proqram hazırlanmalıdır. 

- Jalə xanım, yerli telekanallara baxırsınızmı?

- Bəli, baxıram.

- Xoşladığınız və xoşlamadığınız cəhətlər nələrdir?

- Gəlin, birinci xoşladıqlarımdan başlayaq. Azərbaycan televiziya kanalları müstəqillik dövründə böyük bir inkişaf yolu keçdi. Bəzən yeri gəldi-gəlmədi televiziya kanallarını qılınclayırıq. Hər yerindən duran deyir ki, kanallar bərbad vəziyyətdədir. “Niyə televiziya kanallarında o yoxdur, bu yoxdur” deyirlər. Gəlin əvvəlcə var olanlardan danışaq.

Bir cəmiyyətin formalaşmasında media çox əhəmiyyətlidir. İstər yazılı mətbuat, istər saytlar, istər televiziyalar, istərsə də radiolar.

Azərbaycan televiziyalarının hər birinin öz yolu, siyasəti var. Son 20-25 ildə ard-arda yaranmış bu kanalların hər biri AzTV-nin şinelindən çıxmış övladlardır. Həmin telekanallara ilk vaxtlarda AzTV-nin peşəkarlarının bir hissəsi transfer oldu. Onların hər biri öz məktəbini yaratmış şəxslərdir. Onlar da öz arxalarınca sizin kimi gəncləri aparırlar. Hər bir televiziyanın bu gün öz dəsti-xətti var və bu normaldır, hətta təqdirəlayiqdir.

Bayaq dedim ki, mən televiziya kanallarına baxıram. Bu, o demək deyil ki, səhərdən axşama qədər oturub kanalları izləyirəm. Qəbul edərsiniz ki, buna bizim vaxtımız və imkanımız yoxdur. Şəxsən mənim evimdə televiziya bütün gün Azərbaycan kanallarına köklənib. Mən informasiyanı da daha çox bizim kanallardan alıram. Bizim kanallarda daha çox istirahət edirəm, əylənirəm, maariflənirəm. Televiziya peşəkarlığında canlı efir çox əhəmiyyətlidir. Və mən bu baxımdan xüsusilə AzTV-ni və İctimai Televiziyanı qeyd etmək istəyirəm.

İctimai Televiziya yarananda, cəmiyyətin kanalı olaraq yarandı. Və vəzifəsini layiqincə yerinə yetirdi və proses bu gün də davam edir. Cəmiyyətin bütün üzvləri ailəsi ilə bu kanal qarşısında rahat oturub, bir-birlərindən çəkinmədən nəyisə izləyə bilirlərsə, düşünürəm ki, bu, həmin kanalın uğurudur.

- Dediniz Azərbaycan kanallarına baxaraq əylənirsiniz. Nə ilə əylənirsiniz, komediyalara baxırsınız?

- Əylənmək üçün vacib deyil ki, komediyaya baxasan və gülməkdən qəşş edəsən. İnsanın ruhu da əylənməlidir. Mənim ruhum qidalanırsa, demək ki, əylənirəm. Sevə-sevə baxdığım kanallar və verilişlərin sırasında İctimai Televiziyanın “Yadigarlar” verilişini qeyd etmək istəyərdim. Flora Xəlilzadənin bu verilişini həmişə səbirsizliklə gözləyirəm. Bu verilişdə çox uğurlu tapılmış bir ünsür var. Deməli Flora Xəlilzadə öz oğlu, yadigarı ilə birlikdə, artıq həyatda olmayan qəhrəmanı və həmin qəhrəmanın yadigarı olan şəxslə müsahibə aparırlar. Və tamaşaçı hər verilişdə bir ziyalı ailənin, şəcərənin  iki nəsil nümayəndəsiylə dərindən tanış olmaq imkanı qazanır. AzTV-nin “Sevilənlər”, “Yaşayanlar, yaşadanlar” verilişləri, “Mədəniyyət” kanalının “Sərbəst söhbət”, Nurdan damlalar” verilişləri də bu qəbildəndir və ən əsas silahı mədəniyyət, mənəviyyat və milli ruhdur. Bəli, mən bu verilişlərə baxmaq imkanı qazananda mənən dincəlirəm, zövq alıram, ruhum qidalanır.Və ya İctimai Televiziyanın vətəpərvərlik ruhunda hazırladıqları verilişlər- “Yurdu yaşatmaq üçün”,. “Qarabağ həqiqətləri”, “Zirvədəkilər”, “Şəhid, səndən başlanır vətən”, verilişləri, sənət adamları, ədəbiyyat, incəsənət xadimləri, tariximiz haqqında hazırlanan proqramlar.Bu verilişlərin ən böyük xüsusiyyəti mənəviyyat aşılaya bilməsidir. Böyüməkdə olan nəsil üçün maarifləndirici ola bilməsidir. “Lider” kanalının  “Xəzərin sahilində”, ATV-nin “5-ci element”, “Xəzər” TV-nin “Könül dünyamız”, “Space” kanalının “Sənətsevər”verilişlərini də sevə-sevə izləyirik. Mənim anam da, atam da televiziya işçisi olublar. Mən bu işin nə qədər çətin və məsuliyyətli olduğunu o zamanlardan bəri görmüşəm. Əlbəttə, əslində, televiziyalarla bağlı sualınız özlüyündə ayrıca bir müsahibənin və hətta tədqiqatın mövzusudur.

- Biz Sovet mədəni sistemindən çıxmışıq deyə, bəzi yanaşmalar hələ də bizə yad gəlir. Türkiyə kinemataqrofiyası, şou-biznesi isə artıq bir çox mərhələni geridə qoyub. Onlar üçün filmdə, klipdə açıq-saçıq səhnələrin çəkilməsi, vulqar ifadələrin işlənməsi normaldır. Bu, artıq onların kino mədəniyyətində oturuşub. Siz necə düşünürsünüz, bizdə komediyalarda, filmlərdə vulqar ifadələr işlənirsə, bunu mədəniyyət hesab edə bilərikmi?

- Biz gündəlik həyatımızda vulqar ifadələrlə qarşılaşırıq. İstəmədən hansısa bir kobudluğun da, açıq-saçıqlığın da şahidi oluruq. Bəzən bizim insanımız gecə geyinəcəyi geyimlə küçədə geyinib gəzəcəyi geyimi qarışdırır. Mənə görə bu da etikadan kənardır və açıq-saçıqlığın bir təzahürüdür.

Əxlaqi normalarını cəmiyyətin hər bir fərdi özü-özü üçün yaratmalıdır. Bayaq da dediyim kimi, burada cəmiyyətin aynası olan televiziya kanallarının da üzərinə böyük məsuliyyət düşür. Söhbət öyrətməkdən, maariflənməkdən gedirsə, kanalların siyasəti balanslı olmalıdır. Cəmiyyətə daha yaxşını təqdim etmək lazımdır. Bu o demək deyil ki, biz mühafizəkar bir cəmiyyət yaratmalıyıq, həyatın bütün xoşagəlməzliklərindən arınmış bir cəmiyyət təqdim etməliyik. Bu mümkün deyil. Cəmiyyətin müxtəlif təbəqələri var, hamı eyni cür düşünə bilməz. Zatən pis olmaq istəyən onsuz da pis olacaq. Biz yaxşını təqdim etməliyik. Vulqarizmi öyrənmək istəyən onu məhlə yoldaşından da öyrənə bilir. Açıq-saçıq olmaq istəyən də bu cür. Biz sadəcə öz mentalitetimizi, dəyərlərimizi unutmamalıyıq. Bunu da unutmamalıyıq ki, elə ali dəyərlər var ki, elə güclü mənəviyyat körpüləri var ki, biz onları qorumağa borcluyuq və məcburuq.
 

- Azərbaycan şou-biznesində qalmaqallar yaşanır. Bu öz yerində, bəs şou-biznesi mədəniyyət hesab edə bilərikmi?

- Şou kəlməsinin hərfi mənasına baxsaq, heç nədən səs-küy yaratmaq, olduğundan fərqli görünməyə çalışmaq, nəyi isə nümayiş etdirmək deməkdir. Elə həmin bu heç nəyin biznesini yaratmaq müəyyən adamlara sərf edir, bu sahəyə bir maddiyat kimi baxırlar.  Şou-biznes heç zaman böyük mədəniyyətin, keçmişdən gələn, gələcəyə ötürülən mədəniyyətin parçası olmayıb və ola bilməz.Mən şou-biznesi qalıcı bir sahə hesab etmirəm. Əsrlərdən bu yana Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Cahangir Cahangirov, Rəşid Behbudov, Şövkət Ələkbərova, Müslüm Maqomayev və digər nəhənglərimiz gəlib çatdı. Bu gün də onların musiqiləri yaşayır. Bunlar həqiqətən də bizim musiqi xəzinəmizin böyük dəyərləridirlər.

Guya bir zamanlar bayağı musiqilər, ara müğənniləri olmayıb? Əlbət ki, olublar. Amma baxaq görək, onların bu gün adları xatırlanırmı? Xeyr.

- Dediklərinizdən belə təəssürat yaratdınız ki, müasir Azərbaycan musiqilərinə qulaq asmırsınız, sırf bu günün trendinə çevrilənləri dinləmirsiniz.

- Çox gözəl musiqi nümunələrimiz var. Sadəcə olaraq vaxt baxımından məhdudiyyətlər var. Hamısını əhatə etmək olmur. Bu gün müasirimiz olan Aygün Səmədzadə, Eldar Mansurov, Cavanşir Quliyev  çox bəyəndiyim bəstəkarlardır. Bir neçə il əvvəl haqqın dərgahına qovuşmuş Ramiz Mirişlinin bəstələri mənim üçün çox dəyərli olub. Rəhmətlik Emin Sabitoğlunun, Oqtay Kazımininin də əsərlərini hələ uşaqlığımdan sevmişəm.

- Jalə xanım, 1 övladınız, 2 nəvəniz var. Ailədə məsuliyyət bir az da artıb. Çünki artıq həm də 2 nəvəyə baxırsınız, onlara vaxt ayırırsınız.

- Bəli, onlara müəyyən vaxtımı ayırıram.

- Bəs bu qədər işin içində yorulmursunuz?

- Xeyr. İnsan xoş olan şeylərdən niyə yorulmalıdır. Tam əksinə, yorğunluğumu onlarla çıxarıram.

- Qızınız rezidenturada oxuyurdu. Bitirdimi?

- Bəli, ötən ay yüksək balla bitirdi. Artıq həkim kimi işə başlayıb. O indi həm də idman həkimliyi üzrə ikinci magistr təhsili alır. Bu tamamilə yeni bir sahədir.

- Jalə xanım, özünüz tək qalırsınız. Heçmi darıxmırsınız?

- Xeyr, çünki darıxmağa vaxt yoxdur. Əvvəla evə çox gec gedirəm. Saat 6-7-yə qədər rəsmi iclaslar, tədbirlər olur. Seçicilərin qəbulu, görüşlər, rayon və xaric səfərləri. O cümlədən universitetdə dərs deyirəm, elmi işlə məşğulam.Axşam saat 6-dan, 7-dən sonra da qeyri-rəsmi tədbirlər olur. Kiminsə yubileyi, kiminsə yığıncağı, teatr tamaşaları, konsertlər.

- Evdə köməkçiniz var?

- Bəli, var. Onsuz mümkün deyil, Aqşin. Evin gündəlik ehtiyacları, qayğıları olur. Ən azından axşam evə gələndə bir tikə çörək yeməlisən. Səhər cəmiyyət içərisinə çıxacaqsan deyə, geyim təmiz, ütülü olmalıdır. Amma mən özüm bunları edə bilmirəm, çünki vaxt həddindən artıq məhduddur.

- Saat neçədə yatırsınız?

- Gec yatıram. Gecə saat 3-dən, 4-dən tez yatmıram. Gecə saat 12-dən sonrakı həyat artıq sırf mənim saatlarımdır, mənə aiddir. Yazı yazıram, elmi işlərimə məşğul oluram, evin dizaynında yeniliklər edirəm, kitab oxuyuram, televizora baxıram, telefonla danışıram və sair.

- Son 1-2 ildə sizə evlilik təklifi ediblərmi?

- Son iki ildə həyatım tamamən dəyişib. Həyatıma, evimə bir kişi daxil olub. Özüylə mənə çox böyük bir sevgi, dünya boyda xoşbəxtlik  gətirib. O mənim balaca Kamranımdır.

Qaldı ki, hər bir qadın xoşbəxtliyə layiqdir. Hər bir qadının əsl xoşbəxtliyi qadın xoşbəxtliyindədir. İş, vəzifə, karyera – bütün bunlar əlbəttə ki, qadın üçün çox yaxşıdır. Bunlar bir qadının əldə edə biləcəyi böyük uğurlardır və başucalığıdır. Qadının bu nailiyyətləri bərabər əsas bir şey də var. Evinin qadını olmaq. Evinin mətbəxində ola bilmək. Həyat yoldaşına, övladlarına xidmət etmək ən böyük vəzifədir və böyük bir səadətdir. Hansı qadın buna nail olubsa, onlar həqiqətən də xoşbəxtdirlər. Hər bir qadınımıza tam bir ailə xoşbəxtliyi arzu edirəm. Evinin işıqlı olmasını arzulayıram. Qapısını açanda evində onu doğmalarının qarşılamasını arzu edirəm.

- Formadasınız. Yəqin idmanla da məşğul olursunuz.

- Həyatımın heç bir dövründə idmanla məşğul olmamışam. İdmana vaxt ayıra bilməmişəm. idman dərslərindən həmişə “2” almışam.

- Belə çıxır ki, idmanı sevmirsiniz?

- Xeyr, elə deyil. Sadəcə dənizdə, hovuzda qısa bir müddət vaxt keçirməkdən başqa, əhəmiyyətli bir idman növü ilə məşğul olmuram. Çalışıram ki, gündə 15-20 min addım yeriyim. Düzdür, bu həmişə mümkün olmur. Bir də bəzən qaçıram. Amma idman yarışlarını izləməyi sevirəm. Xüsusilə də su gimnastikasını çox sevirəm. Xokkeyi çox sevirəm. Voleybolu sevirəm. Atletikanı sevirəm. İdmançılarımızın nailiyyətləri, uğurları ilə  fəxr edirəm. Mən sevə-sevə gedib yarışları izləyirəm.

- Milli Məclisin tətillərində xaricə getməyə üstünlük verirsiniz yoxsa ölkədə qalmağa?

- Xaricə ezamiyyətlərdən başqa, ölkədən çıxmağı bir o qədər də sevmirəm. Bir də hansısa tədbirdə iştirakla bağlı xaricdən dəvət gəlsə gedirəm.Yəni məcburiyyət yoxdursa, xaricə üz tutmağa üstünlük vermirəm. Çemodan yığıb-açmaq, bilet almaq, otel ayarlamaq  mənə ağır, xaotik gəlir. Mən tətil günlərində evdə qalıram, bu, mənim üçün evimi görməyə bir şans olur. Belə günlərdə daha çox evə vaxtımı ayırıram. Yayda tətil vaxtları çox vaxt Bakıda, bağda oluram və ya cənnət Vətənimin bölgələrinə üz tuturam.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi