Modern.az

Türk elində, türk dilində (REPORTAJ)

Türk elində, türk dilində (REPORTAJ)

4 İyul 2011, 17:21


Bu, Azərbaycan sərhədlərindən kənara ilk çıxışım idi. Təbii ki, həyəcan vardı. İlk səfərin, ilk dəfə təyyarə ilə uzaq məsafə qət etməyin həyəcanı. Səfərin doğma Türkiyəyə, dünyanın ən qədim mədəniyyət mərkəzlərindən olan İstanbula, məqsədin isə 9-cu Türk Dili Olimpiadasında iştirak etmək olması həyəcanı bir qədər də artırırdı. Yol yoldaşlarım həmkarlar - jurnalistlər idi. Bu isə səfərə bir rahatlıq gətirirdi.

***
Təyyarə İstanbul Atatürk Hava Limanına sübh açılanda çatdı. İstanbulun nə qədər böyük, beynəlmilən bir şəhər olduğu elə hava limanından duyulur. Buradan dünyanın istənilən nöqtəsinə getmək mümkündür.

Əminəm ki, Türkiyəyə gedən bütün azərbaycanlılar bu ölkədə özlərini rahat hiss edirlər. Eyni dildə danışırsan, bir-birini başa düşürsən, doğmalıq hiss edirsən. Bir necə kəlmə deyən kimi “Azərimisin” sualı ilə rastlaşırsan. Yalnız ləhcə fərqi var.

Burada hər şey İstanbulun nəhəngliyinə uyğun qurulub. Hava limanı da daxil, ictimai nəqliyyatda, taksi xidmətində, restoran, kafe və marketlərdə sürətli və keyfiyyətli servis mövcuddur. 14 milyondan artıq əhalisi olan, gündə yüz minlərlə insanın ziyarət etdiyi bir şəhərdə başqa cür mümkün də deyil. Bir necə dildə sərbəst danışan gənc və gülərüz sərhəd və gömrük xidməti əməkdaşları bir necə saniyəyə sənədləri yoxlayır, möhür vurub geri qaytarırlar. Onlar İstanbula enən bütün insanları “Xoş gəlmisiniz” sözləriylə qarşılayırlar. Belə xoş münasibətin qarşılığında insan bir “Sağ ol” deməyi özünə borc bilir. Lakin bu “sağ ol” da qarşılıqsız qalmır, bu dəfə də “Xalqa xidmət haqqa xidmətdir” deyirlər. Eyni hal Türkiyəni tərk edəndə də təkrarlanır.

Yalnız İstanbulu gəzməklə türkün tarixinin, mədəniyyətinin nə qədər qədim və zəngin olduğunu görmək olar. Sultan Əhməd məscidi, Qapalı Çarşı, Top Qapı, onlarla digər məscid və tarixi abidə, müasir dövrün zəhməti olan asma körpülər… Amma orada tarixi abidəni söküb yerində ticarət mərkəzi, çoxmərtəbəli bina tikmək, tarixi abidəni qaşımaq, boyamaq heç kimin ağlına gəlmir. Bura mədəniyyətlərin, xalqların toqquşduğu deyil, birləşdiyi məkandır. İstanbulun ruhunda azadlıq var...

İstanbulda hər kəsin öz yolu var: piyadaların, avtomobillərin, sürətli və nəhəng ictimai nəqliyyat avtobuslarının, tramvayların, təcili yardım və polis maşınlarının. Heç kim də digərinin yoluna çıxmır. Küçələr isə tərtəmiz. İstanbulda olanda böyük şəhərlər üçün bələdiyyələrin nə qədər əhəmiyyətli, vacib olduğunu bir daha anlayırsan. Orada bütün səlahiyyətlər bələdiyyələrdədir, bütün işləri bələdiyyələr görür. Sanki hansı ərazinin daha təmiz, abad və rahat olması məsələsində İstanbulun rayon bələdiyyələri arasında gün boyu yarış gedir. Hər addımda bələdiyyə işçilərinə rast gəlirsən, küçə təmizliyi ilə məşğul olanlar yerə tökülən zibilləri dərhal təmizləyirlər.

***

Tədbirə gəlincə, iyunun əvvəlindən sonunadək Türkiyədə 9-cu Türk Dili Olimpiadası keçirildi. 2003-cü ildən başlayaraq hər il keçirilən bu olimpiadaya maraq ildən-ilə artır. Olimpiadada iştirak edən dövlətlərin sayı bunu sübut edir. 2003-cü ildə keçirilən ilk olimpiadaya 17 ölkə qatılmışdısa, 9-cu olimpiadada 130 ölkədən nümayəndələr vardı. Azərbaycan bu olimpiadada iştirak etmiş ilk 17 ölkədən biridir. Olimpiadanın məqsədi türk dilini tanıtmaq və sevdirmək, dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri, adət-ənənələri, təhsili və milli dəyərləri ilə tanışlıq, onların bir araya gətirilməsidir. Builki olimpiadaya məşhur türk şair və flosofu Yunus İmrənin “Gəlin, tanış olaq” şüarı seçilmişdi.

Qafqaz Universiteti Azərbaycan mətbuatının bir qrup nümayəndəsinə Türk Dili Olimpiadasını yerindəcə izləmək imkanı yaratmışdı. Açılışı Ankara şəhərində baş tutan olimpiadanın bağlanış mərasimi İstanbulun Sinan Erdəm İdman Salonunda oldu. Bir ay davam edən builki olimpiadaya 1000 şagird, valideyn və müəllim qatılıb. Tədbirə olimpiada qaliblərinin çıxışları ilə yekun vuruldu, bu çıxışlar ilə salonda oturan minlərlə insanı heyran etdi. Qanadan olan uşaqların Qara dənizlilərin horon rəqsini oynaması isə ən alqışlanan çıxış oldu. Hətta qanalı uşaqlar bu rəqsi peşəkarcasına oynadıqlarına görə ayaq üstə alqışlandılar.

Türkiyə dövləti bu olimpiadaya böyük önəm verir. Bu tədbirə türk dilinin, mədəniyyətinin, tarixinin təbliğ olunması, dünyada türk dilində danışanların sayının artırılması imkanı kimi baxılır, olimpiada dövlət səviyyəsində dəstəklənir. Olimpiadanın müxtəlif şəhərlərdə keçirilən tədbirlərinə Türkiyə Böyük Millət Məclisinin sədri, baş nazirin müavinləri, nazirlər, deputatlar, dövlət rəsmləri qatılıblar, qaliblərə mükafatlar təqdim ediblər. Olimpiadanın final mərasimində isə baş nazir Rəcəb Teyyub Ərdoğan iştirak etdi, bu dəfə də qaliblərə mükafatları o verdi. Vətəndaşlar da bu olimpiadalara böyük maraq göstərirlər. Tədbirlərin keçirildiyi salonlar tam dolur.

Olimpiadada həmçinin Azərbaycan, İtaliya, Bosniya, Ukrayna, Qazaxıstan, Türkmənistan, İndoneziya və digər ölkələrdən olan uşaqların ifasında türk dilində şeir, mahnı səsləndirildi, rəqslər oynanıldı. Azərbaycanlı iştirakçılardan Mehbarə Zeynalova türk ədəbiyyatından şeir nümunələri söylədi, Qafar Samirov isə türk sazında ifa etdi. Tamaşaçılar onun ifasını böyük maraqla qarşıladılar. Bosniyadan olan iştirakçı şüşə üzərində qumla Sultan Əhmət məscidini və Sultan Mehmetin rəsmini çəkdi. Tədbirin sonunda iştirakçılar olimpiadanın himnini oxudular.

Olimpiada çərçivəsində tədbirlər Türkiyənin paytaxtı Ankara ilə yanaşı ölkənin 34 şəhərində də keçirilib. 9-cu Beynəlxalq Türk Dili Olimpiadasında ölkəmizi Azərbaycanda fəaliyyət göstərən türk liseylərindən və digər ümumtəhsil müəssisələrindən seçilmiş 45 məktəbli təmsil edib. Yeri gəlmişkən, qeyd edək ki, bu göstəriciyə görə biz olimpiada iştirakçısı olan ölkələr arasında ön cərgədəyik.

Əsas təşkilatçısı Türkcə Öyrətim Mərkəzi olan bu olimpiadanın keçirilməsinə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin ayrı-ayrı ölkələrdəki nümayəndələri də fəal dəstək veriblər. Ölkəmizdə məktəblilərin seçimini də Təhsil Nazirliyinin köməyi ilə bu şirkət həyata keçirib. Şirkətin Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksizin verdiyi məlumata görə, seçim üçün Azərbaycan-Türkiyə özəl liseylərinin və digər məktəblərin şagirdləri arasında 3 mərhələdə müsabiqə keçirilib. Olimpiadada həmin müsabiqənin qalibləri, habelə bu ilin fevralında keçirilmiş “Ana dilini sevək, sevdirək” yarışmasında fərqlənənlər iştirak ediblər.

***
Azərbaycanın olimpiadada uğurlu iştirakına Bakıda yekun vuruldu. Bakı Özəl Türk Liseyində Türkiyədə keçirilən 9-cu Türk Dili Olimpiadasında iştirak edən şagirdlərlə, onların müəllimləri və valideynləri ilə görüş keçirildi. Azərbaycan-Türkiyə Özəl Liseyləri baş idarəsinin rəisi Arif Gömleksiz bildirdi ki, 47 şagird və müəllimlə birlikdə iştirak etdikləri bu olimpiadada Azərbaycan mədəniyyətini, tarixini, turizm imkanlarını göstərən stend də nümayiş etdirilib.

Arif Gömleksizin sözlərinə görə, 20-dən artıq şəhərdə 33 tədbirdə nümayiş etdirilən stendi 370 mindən artıq insan ziyarət edib: “Olimpiada nəticələri də sevindiricidir. Azərbaycan 21 medalla bütün ölkələr arasında birinci yeri tutub. Medallardan 7-i qızıl, 10-u gümüş və 4-ü bürüncdür. Azərbaycan həm də “Ölkəsini ən yaxşı təmsil edən ölkə” nominasiyasında da qızıl medala layiq görülüb. Bundan başqa, Türkiyə Böyük Millət Məclisinin və Baş Nazirliyin xüsusi mükafatlarına layiq görülmüşük. Qızıl medal sahiblərinə 1000 dolllar, gümüş medal sahiblərinə 700 dollar, bürünc medal sahiblərinə isə 600 dollar pul mükafatı verilib”.

“Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən deyib ki, hər il olimpiadada Azərbaycanın rəsmi şəxsləri də iştirak ediblər: “Bu il ənənəni dəyişdik. Cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən insanların iştirakına şərait yaratdıq. Sentyabrda yeni olimpiadanın hazırlığına başlayacağıq. Gələn il Azərbaycandan olimpiadada 500 nəfər iştirak edəcək. Bu tədbirə qatılan ölkələrin ildən-ilə artması onun əhəmiyyətini göstərir”.



İmdad ƏLİZADƏ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?