Modern.az

Mehriban Əliyeva: "“Eurovision–2012”nin yeri ilə bağlı tezliklə qərar veriləcək"

Mehriban Əliyeva: "“Eurovision–2012”nin yeri ilə bağlı tezliklə qərar veriləcək"

4 İyul 2011, 18:20


İyulun 4-də Heydər Əliyev Fondunda gələn ilin mayında Bakıda “Eurovision–2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası olub.

Modern.az AzərTAc-a istinadən bildirir ki, Təşkilat komitəsinin sədri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva qarşıda müsabiqənin ən yüksək səviyyədə keçirilməsi kimi böyük məqsəd və vəzifələrin durduğunu diqqətə çatdırıb. Müsabiqəyə qalan vaxtın o qədər də çox olmadığını vurğulayan Azərbaycanın birinci xanımı ən vacib işlərin görülməsi üçün ilk iclasda əsas istiqamətlərin müəyyən edilməsinin zəruriliyini bildirib.

Mehriban Əliyeva, həmçinin müsabiqənin keçiriləcəyi yer ilə bağlı təkliflərə baxıldığını və yaxın gələcəkdə bu barədə qərar veriləcəyini deyib.
İclasda “Eurovision–2012” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsinə hazırlıq işləri və digər məsələlər müzakirə edilib.

Təşkilat Komitəsinin üzvləri sırasına Elmar Məmmədyarov (xarici işlər naziri), Ramil Usubov (daxili işlər naziri), Şahin Mustafayev (iqtisadi inkişaf naziri), Əbülfəs Qarayev (mədəniyyət və turizm naziri), Əli Abbasov (rabitə və informasiya texnologiyaları naziri), Azad Rəhimov (gənclər və idman naziri), Hacıbala Abutalıbov (Bakı Şəhər İcra Hakimiyyətinin başçısı), Cahangir Əsgərov (AZAL-ın prezidenti), Etibar Pirverdiyev ("Azərenerji”nin prezidenti), Baba Rzayev (“Bakıelektrikşəbəkə”nin sədri), İsmayıl Ömərov (İctimai Televiziyanın baş direktoru), Əli Əsədov (Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi), Fatma Abdullazadə (Prezident Administrasiyasının şöbə müdiri) daxildir.

Təşkilat Komitəsi “Eurovision–2012” mahnı müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Bununla bağlı Prezident İlham Əliyev bir müddət öncə müvafiq sərəncam imzalayıb.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir