Modern.az

Famil Mehdinin məşhur “Dilən, professor” şeiri necə yarandı?-Anım günü

Famil Mehdinin məşhur “Dilən, professor” şeiri necə yarandı?-Anım günü

Ədəbi̇yyat

25 Dekabr 2017, 23:34

Bu gün məşhur şair və elm xadimi, professor Famil Mehdinin anadan olduğu tarixdən 83 il ötür. 1934-cü ilin bu günündə Ağdamın Sarıhacılı kəndində anadan olan Famil Mehdi Azərbaycanda publisistikanın elmi-nəzəri əsaslarını yazan il elm adamıdır. Bundan başqa onun jurnalistika ilə bağlı bir çox elmi monoqrafiyaları da var. Amma böyük kütlə Famil Mehdini daha çox şair kimi tanıyıb. Şeirlərindəki səmimilik və real bədii bənzətmələr, publisisti gedişlər onların hamı tərəfindən əzbərlənməsinə səbəb olurdu.

 

Bu şeirlərdən ən məşhuru isə təbii ki, “Utan, professor, utanma, dilən” şeiridir. 1990-cı illərin əvvəllərində böyükdən kiçiyə az qala hamı bu şeiri əzbər bilirdi. Bilməyənlər də, ən azından ilk misralarını dilə gətirirdilər.

 

Maraqlıdır, bu şeir necə yazılıb? Şairin oğlu Şamil Mehdi bir müddət əvvəl Modern.az-a açıqlamasında məşhur şeirin yaranma tarixçəsinə toxunmuşdu:

“Atamın şeirlərinin hamısı ictimai yüklə yazılıb. Məşhur “Dilən, professor, utanma, dilən” misrası ilə başlanan şeiri də bir hadisə yox, bütünlüklə o dövr yazdırdı. Amma bir əhvalat sonuncu mürəkkəb oldu.

1993-cü ilin sonundan sonra çox çətin iqtisadi dönəm yaşandı. Allah sizə o günləri nəsib etməsin. Mənim üçün çox dəhşətli illər idi. Hətta SSRİ-nin dağıldığı ildə belə qıtlıq olmamışdı. Amma 1994-cü ildə həddindən artıq kütləvi qıtlıq yarandı. Atamın o ildə Bakı Dövlət Universitetindən aldığı maaş 9 “şirvan” idi. Bir kilo ətin qiyməti isə 5 “şirvan”... Ona görə də məcbur olub 3 yerdə dərs deyirdi. Məşhur şeirin yaranması  üçün son damla olan hadisə universitetin yanında baş verib: çox yaxşı tanıdığı, ləyaqətinə hörmət etdiyi bir professor yaxınlaşıb 1 “şirvan” pul istəyib. Özü də borc yox, az qala, dilənmək formasında... Bu hadisə atama pis təsir etdi. Bu da o şeirin sonuncu damcısı oldu. Bahalaşma, qıtlıq get-gedə artır, amma ən böyük yükü çiyinlərində daşıyan müəllimlər, həkimlər  demək olar ki, maaş almırdılar. Məsələn, bizim bir qonşumuz çox güclü həkim idi. O cəmi 3 “şirvan” maaş alırdı. Aldığı pul onun aylıq çörəyinə də çatmırdı. Amma atamı bunlarla bərabər, daha çox mənəvi tərəfi ağrıdırdı”.

 

Dilən, professor, utanma, dilən...

 

Dillən, professor, utanma, dillən...

Səslə, hər keçəndən sədəqə istə,

Qaçandan, köçəndən sədəqə istə.

Fərqi yox, Bakıdan, Ağdamdan olsun,

Səninçün nə fərqi: yaxşı, yaman kim,

Bir də qanmayan kim, həm də qanan kim,

Məslək dəyişənmi, ev dəyişənmi,

Qızıl axtaranmı, ya goreşənmi,

İnsanmı, heyvanmı - satandı, gedir,

İt-qurd kölgəsində yatandı, gedir.

Dünyanın ən qəlpi, ən safı olsun,

Təki ürəyinin insafı olsun.

 

Hanı o qırmızı diplomlar, hanı?

Nəyimə gərəkdir torbada qala,

çıxar, hamısını cır at, tapdala.

Yandır cild-cild, yansın əl yazıların,

Sən kimə gərəksən, o kimə lazım?

O fəxri fərmanları,

Təşəkkürləri yandır,

Dünya aldanan yox, bil aldadandır.

 

Bir də ki, hər dəfə qomarlayanlar,

Öpüb bığlarını tumarlayanlar-

Nəvələr görməsin diləndiyini,

Tale xırmanında döyüldüyünü,

Ömrün ələyində ələndiyini.

Dilən, professor, utanma, dilən,

Dillən, professor, utanma, dillən...

 

 

Hazırladı: E.Nihad

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir