Modern.az

Neft quyusundakı faciə - özünü asan “xozeyin”, qabağa düşən Nobel

Neft quyusundakı faciə - özünü asan “xozeyin”, qabağa düşən Nobel

Ədəbi̇yyat

26 Dekabr 2017, 00:36

XIX əsrin sonları... Bakı artıq həmin Bakı deyil; o neft və milyonların səltənətidir... Avropa və Amerikanın işbazlarının bütün diqqəti hər qarışından neft pükürən bu qədim və sirli şəhərdədir. Yerli “xozeyinlər” isə qazma üsullarını bilmir, zəngin sərvəti zay edirdilər. Bəzən, gün ərzində minlərlə ton neft havayı yerə axıb torpağa qovuşurdu.

 

Bəzən, isə bu neft faciəyə səbəb olurdu. Elə möhkəm fontan vuran quyular olub ki, onların hesabına ətrafdakı evlərin yorğan-döşəkləri neftin içində üzüb...

 

Gəlin, Modern.az-ın təqdim etdiyi bu yazıda xəyalən də olsa, XIX əsrin sonundakı Bakıya səyahət edək. Amma diqqətli olub, faciəvi bir günə “səfər edirik”. Mühəndis Şulqin Serkey Vasilyeviçin bələdçiliyi ilə səyahətə başlayaq:

“Səhər idi. Göy üzü ayazdı, üfüq qızarırdı. Kazarmalardan çıxanlar dayanır, elə bil yerə mıxlanırdılar. Neft sütunu göylərə baş qaldırırdı. Vışkanın yarısı yox idi, neft seli qabağına çıxan tir, dirək, taxta, maşın, truba, dəmir parçalarını süpürləyib aparırdı. Quyudan tullanan daş parçaları uzaqlara səpələnirdi. Heç nə eşitmək olmurdu. Dəhşətli uğultu yəqin ki, ətraf kəndlərin sakinlərini də oyatmışdı. Göydən neft yağırdı, adamların üst-başı neftdən islanır, üz-gözləri qapqara qaralırdı. Xəzri güclənirdi. Neft sütunu gah azalır, gah da hündürlərə qalxırdı. Sütun azalanda adamlar qabağa keçməyə can atırdılar və istəyirdilər ki, əvvəldən hazırlanmış çuqun təbəqəsini quyunun ağzına qoysunlar, halbuki, belə çuqun lövhələrlə xırda əl quyularının ağzını bağlayırdılar. Haraya əl vurulurdu, yapışqan təki yapışırdı. Neft adamların topuğuna qalxırdı. Neftxuda hələ uzaqdan neft sütununun hündürlüyünü görəndə dəhşətə gəlmişdi. Neft seli baş götürüb ətrafa axırdı. Yaxınlıqda yaşayan adamların çoxusu bayırda idilər. Fontan anbaan güclənir, neft seli zirzəmiləri, daxmaları, evlərin birinci mərtəbələrini basırdı, ətraf neft gölünə dönür, adamların apara bilmədikləri palaz, həsir, cır-cındır, yorğan-döşək neft gölündə üzürdü. Kişilər şalvarlarını çırmalayıb, dallarında şələ, ayaqyalın neft içində qaçırdılar. Əhlikeflər əhvalatı kazinoda eşidib fayton və qazalaqlarda fontana tamaşa eləməyə gəlirdilər.

 

 

Qara dam və daxmaların çoxunu neft seli basıb zay etmişdi. Quyu birinci həftədə gündə 20 min tondan çox neft püskürmüşdü. Ziyan çəkmiş yüzlərlə adam məhkəməyə müraciət edib neftxudadan zərər pulu iddia edirdilər. Əgər məhkəmə onların tələb etdikləri məbləğin onda birini ödəməyi qərara alıb, hökm çıxarsaydı, sahibkar müflis olardı. Neftxudanın tutduğu üç vəkil yuxularına haram qatıb əldən-ayaqdan düşmüşdülər, iddiaçılardan əşyayi-dəlil və rəsmi sənəd tələb edirdilər. İş axırda gedib mahal məhkəməsinə çıxdı, məsələ daha da qarışıq düşdü. Camaata dəyən zərər o qədər böyük idi ki, heç kəs var-yoxu əlindən çıxıb quru yurdda qalmış, dilənçi gününə düşmüş fəqir-füqəranın haqqını tapdalamağa sürət edə bilmirdi; lakin divan-dərə xəsarət məbləğini azaltmağa cəhd edirdi, zərərdidələr də öz növbəsində iddianın məbləğini artırırdılar. Neftxuda mühasirəyə düşmüş ayı kimi vurnuxurdu, sudan quru çıxmağa cəhd edirdi... Mədən çox zəngin idi, amma kimə əl açırdı, heç kəs borc vermirdi... Bir səhər süpürgəçi kontora gələndə sahibkarın özünü tavandan asdığını gördü. Bu fontan nəticəsində neftin qiyməti birə dörd azalmışdısa, pudu 50 qəpikdən 12 qəpiyə düşmüşdüsə də, müştəri tapılmırdı. Xırda mədənçilərin çoxu müflis olmuşdu. Nəhəng firmalar qəsdən nöyüt çıxarmır, xırda sahibkarların mədənlərinə yiyələnmək istəyirlər. Fontan sahibi özünü asandan sonra zərər çəkmiş camaat başını itirmişdi, ölünü, cənazəni mühakimə etmək mümkün deyildi... Nobel qardaşları zərər çəkənlərdən, özü də həqiqi zərərin, onda bir hissəsini ödəmək şərtilə mədəni almağa razı oldular".

 

E.Nihad

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı