Modern.az

Azərbaycanda ateistlərin dəfn olunmaq İSTƏYİ - Əksəriyyət yandırılmağı arzulayır

Azərbaycanda ateistlərin dəfn olunmaq İSTƏYİ - Əksəriyyət yandırılmağı arzulayır

26 Dekabr 2017, 08:49

Azərbaycan xalqının əksəriyyətini müsəlmanlar təşkil edir. Bu baxımdan dəfn adətləri İslam dininin qayda-qanunlarına əsaslanır. Lakin unutmaq lazım deyil ki, əhalinin hamısı müsəlman deyil. Aralarında Allahı, dinləri qəbul etməyənlər, tanrıların varlığı və ya yoxluğunun bilinmədiyini düşünənlər də var. Yəni ateistlər, deistlər, aqnostiklər...

Maraqlıdır, həmin insanlar necə dəfn olunmaq istəyər?

Modern.az saytı belə bir sualla bu qəbildən olan şəxslərə müraciət edib.


Milli Məclisin deputatı  Araz  Əlizadə
bildirib ki, öləndən sonra yandırılmaq istəyir:

“Bizdə əfsus ki, öləni yandırmaq ənənəsi yoxdur. İstərdim ki, öləndən sonra məni yandırsınlar və külümdən də gübrə kimi istifadə edib, üstündə bir ağac əksinlər. Yandırılmaq ekoloji cəhətdən də təmizdir. Yandırmaq əslində bizim tarixi dinimiz olan atəşpərəstlikdən gəlir”.


 Jurnalist
Taleh Şahsuvarlı qeyd edib ki,dəfn adətləri hər zaman ənənələrə əsaslanır:

“Mən Laçında, İşıqlı dağında, Neşet Ertaşın oxuduğu "Könül dağı" türküsünün müşayiəti ilə dəfn olunmaq istəyirəm. Mənim dinim Qarabağ, Zəngəzur, bütöv Azərbaycan və Turan, imanım türklük, məbədim İşıqlı, Salvartı, Savalan, Bəzzeyn, Tanrı dağlarıdır.

Mollanın olub-olmaması cənazə törənimdə mənim diriykən baxışlarımı deyil, ənənələri ifadə edəcək. Mənim xatirəmi isə sazla, ozanlarımız yad etsə yaxşıdır”.

Fizik Yalçın İslamzadə öncə ölkədəmizdəki  yas adətlərinə toxunub:

“Bir neçə il əvvəl bir yas mərasiminə getmişdik. Yağış yağırdı, yas çadırına qədər olan 200 m palçıqlı qrunt yolu çətinlikə qət etdik və yas çadırına yox, mağarına daxil olduq. Ona görə mağar ki, toydan fərqi yox idi, ehsan olaraq masada  banan və kivi, hətta limonad var idi. Bir vaxtlar yaslarda masalara hətta siqaret qoyurdular. İndi həmin anasına yas verən şəxs, yas günlərini 1, 3, 7, 40 və il deyə uzatmasa, günləri ixtisar edib masanı təvazökar hala gətirsə, əvəzində o palçıqlı yola asfalt çəkdirə bilərdimi?

Bilərdi, ağlına gəlsəydi. Tipik məmləkət mənzərəsidir, güman ki, vəzifədə olduğu zaman bir az büdcə vəsaiti çırpışdırmışdı, o vəsaiti ictimai işə - yol çəkməyə yox, özünütəsdiq məqsədli israfa xərcləmişdi. Yəqin ki o axşam yasa gələnlərdən bəziləri onun anasını nə qədər sevdiyindən, çox kədərləndiyindən, adına layiq ehsan verdiyindən danışıblar.

Məmləkət insanlarının əksəriyyətinin mütərəqqi motivi yoxdur. Yeganə impuls ictimai nəzarətdir. Geyimə, danışığa, toya, yasa. Bəzən ölünün hansı həkimlərə aparıldığı (ölməzdən əvvəl) ilə maraqlananlar belə olur. Ya da ölü yaxınlarından kimin çox, kimin az ağladığını qeyd edi, sonra müzakirə edənlər  olur. Maraq duyğuları, hobbiləri, fəaliyyət sahələri olmadıqları üçün yeganə məşğuliyyətləri ictimai nəzarət həyata keçirməkdir. Onlar da belə var olurlar. Bütün davranış və düşüncələr, tərif və qınaqlar son təhlildə ictimai nəzarətlə əsaslandırılır - “hamı belə edir, dədə-baba qaydasıdır, dost var-düşmən var, qohum- qonşu nə deyər?”.

Ümumiyyətlə bizdə sənayeləşmə baş vermədiyi, insanların ali, ictimai maraqlara xidmət edən motivləri olmadığı üçün əsas məşğuliyyət xeyirdə və şərdə bəhsə girmək, bir birində, həsəd, paxıllıq, qısqanclıq oyandırmaq olduğu üçün mərasimlərə xərclənən vaxt və pul həddən artıq çoxdur.

Bəs insanları, imkansızları belə təmtəraqlı yas məclisi keçirməyə vadar edən ictimai nəzarət əslində kimlərə xidmət edir? Mərasimin bu qədər uzun və məsrəfli olması mollaya, düyü və xurma satana, mürdəşirə, və s. kimi yas sənayesində çalışanlara sərf edir. Güman ki, uzun zaman əvvəl molla və baqqallardan ibarət maraq qrupu insanları istismar etmək üçün bu yas sənayesini yaradıb, ictimai nəzarətin ixtiyarına veriblər.  Borc-xərcə girməklə də olsa, təmtəraqlı yas məclisi keçirməyənləri dilə-dişə salıb utandırıblar. Bəlkə son inəklərini belə satdırıblar.

Əslində bizdəki yas mərasimlərinin dinlə əlaqəsi yoxdur, heç bir dində və ölkədə belə təmtəraqlı yas mərasimi yoxdur. Bu tamamən mentalitetdən qaynaqlanır”.


Fizik  bildirib ki, öləndə ölkədə olsa, vəsiyyəti formal olacaq və yəqin ki buna heç kim əməl etməyəcək, “eldən ayıbdır” deyib bildiklərini edəcəklər:


“Daha əvvəl sadə üsulla dəfn olunmasını vəsiyyət edən bir din xadiminə sonradan təmtəraqlı məzar düzəldildi - oğlu atasının sadə qəbrinin onun “yiyəsizliyi” kimi görünməsindən narahat olmuşdu. Başqa belə az sayda misallar var.
Yandırılmağı vəziyyət etsək, bildiyim qədəri ilə ölkədə krematorium yoxdur. Edə biləcəyim yeganə xahiş yasın sadəcə bir gün olması və əsla və qətiyyən ora mollanın gəlməməsi olacaq.

Ancaq xaricdə ölsəm, hansı ki orada insan öz ölümü üzərində qərar alacaq qədər azaddır - orqanları (sağlam qalanı olacaqsa) vəsiyyət edər, qalan cismi krematoriumda yandırmağı, külü torpağa qarışdırıb onda ağac əkməyi vəsiyyət edərdim. Arada ölüm haqqında düşünəndə o ağacın böyüdüyünü və üstündə sincabın fındıq yediyini təsəvvür edirəm”.

Gənc bloqqer, sosial şəbəkələrdə elmi mövzuda silsilə yazılarla çıxış edən Taryel Abdullayev düşünür ki,insanlar din və onun ayinlərini ölümdən sonranı anlamadıqları üçün uydurublar:


“Ölüm zamanı icra olunan dini ayinlərin mənim üçün heç bir əhəmiyyəti yoxdur.  Çünki biz insanlar bioloji olaraq bir primat növüyük, digər primatlarla genetik olaraq 2% fərqimiz var. Bizi digər primatlardan fərqləndirən tək şey zəkamızdır. Düşünürəm ki, zəkamız bizə ikinci bir həyat deyil, onu uydurmağımızı təmin edə bilərdi.

Onun üçün də mən öldükdən sonra dini qaydalarla deyil, fərqli formada dəfn olunmaq istərdim. Məsələn, qonaqlıq olsun, iştirak edənlər yeyib-içsin və sonda isə məni yandırsınlar. Əminəm, bu 30 manata mollanın Quran oxumasıyla baş tutan dəfn mərasimindən daha yaxşı olardı”.

Gənc yazar Tural İsmayılov bildirib ki, öləndən sonra necə dəfn olunacağı barədə bir narahatlığı yoxdur:

“Çünki mən mövcud olmayacam. Sırf yaxınlarım öldükdən sonra mənə görə və seçimlərimə görə məsxərəyə məruz qalmasın deyə, qoy dədə-baba qaydasıyla dəfn etsinlər. Amma çox istərdim ki, öləndən sonra orqanlarımı ehtiyacı olanlara versinlər”.

Dövlət qulluqçusu Abasqulu Maqsudov deyib ki, necə dəfn edilməyinin heç bir önəmi yoxdur:

Ateist üçün mənim nəşimdən başqası xeyir görə bilirsə (məsələn, tibbi baxımdan, orqan bağışlanması, filan) buna etiraz etmirəm... Amma dəfn mərasimi mollasız, filansız olmaqla məhz valideyinim, keçənim necə dəfn olubsa, o cür.. Yəni, bunun elə də önəmi yoxdur mənim üçün... Əsas həyatım, yaşayışım, fəaliyyətimdir...”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir