Modern.az

Cənnət və cəhənnəm müxtəlif  İNANCLARDA

Cənnət və cəhənnəm müxtəlif  İNANCLARDA

Mədəni̇yyət

26 Dekabr 2017, 09:56

Axirət dünyasına, haqq-hesab gününə inam bütün səmavi dinlərdə vacib əməllərdən biri hesab olunur. İnanclara görə, insanlar Allahın istədiyi vaxt öldükdən sonra yenə diriləcək. Və o gün qiyamət qopacaq, insanlar əməlləri ilə Allahın qarşısında cavab  verəcəklər. Yaxşı əməlləri daha çox olan insanlar cənnətə, günahları çox olanlar atəşə-cəhənnəmə gedəcəklər.

 

Haqqında dəfələrlə eşitdiyimiz cənnət və cəhənnəm haqqında anlayışlar hələ səmavi dinlərdən əvvəl meydana çıxmışdı. Cənnət və cəhənnəm anlayışlarının, Səmavi dinlərdən əvvəl cəmiyyətlərdə fərqli inanc və adlarda təsvirləri mövcuddur. Məsələn, qədim yunan inancında, ölənlər ilk növbədə Hədə Evinə göndərilir, oranın gözətçisi olan üç başlı it Kerberosun yanına aparılırdı.

Ölən  onun hökmü nəticəsində günahkar olsa,  Tartaros adlanan yerə atılır, günahsız olarsa Elisium Bağına göndərilirdi. Onlar inanırdılar ki, bura rəngarəng çiçəklərlə, çaylarla dolu, insanların əmin-amanlıq içərisində sonsuz həyat sürdüyü bir bağdır. Digər tərəfdən, Tartaros çuxuruna atılanlar cəza mələkləri tərəfindən cəzalandırılır və sonsuz əzab çəkirdilər.

 

Eyni şəkildə german mifologiyasında ölüm sonrası həyat və cənnət-cəhənnəm təsvirləri mövcud idi. Ölülər ilahəsi Hell tərəfindən sorğu-sual olunan ölülər, günahkar olsalar Niflheimr deyilən əzab məkanına göndərilirdi. Onların inancında cəmiyyətdə döyüşçü olmağın əhəmiyyəti böyük idi. Müharibə zamanı ölməyən günahsız insanlar Hellin bölgəsində dəfn olunurdular,  ancaq müharibə zamanı ölənlər cənnət təsviri olan Valhallaya aparılırdı. Valhallada yaralarının miqdarına görə cavanlaşır və eyni səviyyədə də səfa sürürdülər.

 

Kelt inancında dünyəvi bir cənnət fikri hakim idi. Keltlər okeanın dərinliklərində, ya da çox uzaq olan bir adanı cənnət kimi təsvir edir və ölülərinin ruhlarının orada əbədi əyləndiyinə inanardı. Kelt inancında hər hansı bir cəhənnəm təsviri olmurdu. Bunun əvəzinə sadəcə yaxşı ruhların o adaya gedəcəyinə, pis ruhların o adanı əsla tapa bilməyəcəyinə inanılırdı.

 

Səmavi dinlərə keçməzdən əvvəl axirət dünyası inancına sahib olan hinduizm və buddizmdən də danışaq.

 

Ölümdən sonra  sonsuzluq olması ilə bağlı  inancların hakim olduğu inanc sistemlərindən biri də hinduizmdir. Bu inanca görə cənnət və cəhənnəm təsvirləri üç alternativ olaraq qarşımıza çıxır. Hinduizm inancına görə, ölən adamın oddan ibarət bir çevrədən keçəcəyinə, günahkardırsa Naralokaya, yəni "alt dünyaya" gedəcəyinə inanırlar. İnsan günahkar deyilsə, bu çevrəni keçəndən sonra qarşısına iki yol çıxır. Bu yollardan biri Brahmaya, digəri Nandanaya çıxan yoldur. Yaxşı insanların Nandanada dünyadakı yaxşılıqlarının əvəzini alana qədər müəyyən bir müddət qalacaqlarına inanırlar.

 

Buddizmdə isə təkamül anlayışının varlığından dolayı, uzunmüddətli bir cənnət, ya da cəhənnəm anlayışı mövcud deyil. Tavatimsa deyilən bir müvəqqəti yaşamaq üçün məkan var. Ölənlər burada dərəcələrinə əsasən müvəqqəti olaraq yaşayırlar. Ancaq əbədi yox. Oradakı müddətini başa vurduqdan sonra fərqli bir kimlik və xüsusiyyət ilə yenidən dünyaya qayıdırlar. Buddizmdə, ayrı bir cəhənnəm anlayışı yoxdur.

Səmavi dinlərdə cənnət və cəhənnəm haqqında ətraflı məlumatlara rast gəlirik.

Yəhudi qaynaqlarının hamısında  axirət inancı zamana, məkana və mədəni mühitə görə "yeni formalar” alaraq dəyişikliklərə uğrayıb. Ancaq bütün qaynaqlarda ortaq şəkildə  "öldükdən sonra həyatın davam etdiyi” fikri  mövcud olub.

 

Tövratda cənnət anlayışına açıq yer verilmir. Çünki yəhudilikdə cənnətlə bağlı inanclar zamanla inkişaf edib. Məsələn Tövratda cənnət təsvirləri yoxdur, amma Hezekieldə var. Yəhudilər, xüsusilə, e.ə. 586-cı ildən etibarən Babildən sürgün ediləndən sonra və Babil ətrafında zərdüşt dininə sitayiş edənlərlə tanışlıqdan sonra  cənnət-cəhənnəm məfhumlarını tanımağa başlayıblar. Belə ki, yəhudilərin ölüm sonrasında həyata dair fikirləri çox az idi.

 

Tövrat eynilə İncildəki kimi əbədi olan cənnətə dair sadə izahatlar verir. Ancaq yəhudilərin kitablarından Hezekiel və Enoh kitablarında izahatlar genişdir.  Bu kitablarda yazılanlara görə cənnətdə Sion dağının ətəklərindən çaylar axacaq, burada böyük bir xurma ağacı olacaq.

Ancaq xurma ağacı barədə məlumat verilmir. Cənnətin qapıları digər dinlərə sitayiş edənlərə də açıqdır. Belə ki, bu inanca görə başqa dindən olan yaxşı insanlar da cənnətə daxil ola bilər. Yaxşı insan olub –olmamağı qaydalarla müəyyən edirlər. Nuhun Yeddi Qanunu adlanan bu qaydalar, Talmudda toplanır. Bu qaydalara tək Allaha sitayiş etmək, oğurluq etməmək, donuz yeməmək və sair aiddir.Yəhudilər cənnətə "olam-haba" deyir. Yəhudiliyin cənnətində heç vaxt gecə olmur, həmişə işıq olur.

 

Hətta Günəş dünyamızdakından 49 dəfə daha parlaq olur və bütün xəstələri sağaldır. Hər yerdə 90 min növ bitki qoxusu duyulur, "olam-haba" sakinlərini sərxoş edir. 70 min nökər mələk, bülbül səsləri ilə davamlı mahnı oxuyur. Hər kəsin ətrafından süd, bal və şərab axan bir taxtı var. Təntənəli mərasimlər də öz yerində. Cənnətdə yenə də eyş-işrətdən bəhs edilmir.

 

Tövratın Əyyub bölümündə cəhənnəmdən bəhs olunur. Cəhənnəmdə dərin bir çuxur və zülmət qaranlıq bir yer olduğu, hərc-mərclik və xaosun yaşandığı, cəsədləri yeyən canavarların olduğu deyilir.

 

Talmudda və digər mənbələrdə cənnəti əldə edə bilmiş insanlar haqqında məlumat belə verilir: "Nəzakətli və təvazökar olan,  mütəmadi şəkildə Tövratı tədris edən və heç bir zaman özünü öyməyən adamlar" (Babilistan, Talmudu, megilla, 28b). Cəhənnəm haqqında belə bir fikrə rast gəlirik: "Bu dünyadakı od, cəhənnəm odunun altıda biridir".

 

Xristianlıqda cənnət cəhənnəm necədir?

 

 

Xristianlığın müqəddəs kitabı İncildə cənnət insanın Tanrı ilə  əbədi birliyi kimi təqdim edilir. Yəni cənnətə getmiş şəxs Allahı görəcək. Daim sevincli olacaq, xəstəlik üzü görməyəcək. Xristian inancına görə Tanrı öz  lütfü sayəsində bəndələrinin gördüyü yaxşı işləri mükafatlandıracaq. Amma hər kəs eyni dərəcədə mükafatlandırılmayacaq. Xoşbəxtliyin dərəcəsi yaxşı əməllərin nə qədər olmasından asılıdır.

 

Xristian teologiyasına görə iki Cənnət var: yer üzü cənnəti və səmavi padşahlıq.

 

Səmavi Padşahlıq imanlıların vətənidir.

 

Xristianların inanclarına görə, insanın Allahla olan birliyini tamamilə sona çatdıran, həddindən artıq böyük günahlar var. İnsan həyat ilə ölüm arasında qərar vermək məcburiyyətindədir. Tanrı insanın azadlığına sonuna qədər hörmət göstərir. Kilsə, cəhənnəm haqqındakı təlimi gerçək bir ehtimal olaraq çatdırır. Bununla hər bir insana etdiyi şeylərin çatacağı nöqtəni göstərmək və onu qurtuluşa istiqamətləndirmək istəyir. Sonunda, həqiqətən, əbədi lənətlənmiş bir insan olub olmayacağı haqqında müqəddəs kitab bir şey demir. Ancaq əbədi həyatımızın mənbəyi olan Tanrıdan uzaq qalmaq - həqiqi cəhənnəm budur.

 

Xristian teologiyasına görə cəhənnəm Allahdan ayrı düşən insanın bədəninin və ruhunun  əbədi olaraq iztirab çəkməsidir.  Cəhənnəm əhli əbədi atəçş gölündə əzab çəkəcək.

 

Xristianlığa görə, Allahın qarşısında tamamilə təmiz və qüsursuz olmaq demək olar,imkansızdır.Ümumilikdə qeyd edə bilərik ki,xristianlıqda Cənnət əbədi yanında qala bilmə hüququ qazanılmış Tanrıdır. Cəhənnəm isə Tanrıdan uzaq qalmaqdır.Bundan başqa Əraf  adlı yer var ki, bu da həyəcanla Allahın bəndələrini bağışlayacağını gözlədiyi yerdir.

 

İslam dinində cənnət yeddi qat göylərin xaricində, ağ bir səmanın altındadır. Səkkiz cənnət, yeddi Cəhənnəm qapısı vardır. Cənnət, günəş sisteminin sahəsindən və hətta ulduzların içində olduğu kosmosdan daha böyükdür.

 

Cəhənnəm isə Günəşdən böyükdür. Qiyamət günü haqq-hesab başa çatdıqdan sonra savabı günahından  daha çox olanlar Cənnətə, “günahı ağır”  gələnlər Cəhənnəmə gedəcək.

 

Cənnət - ağla gələn və ya gəlməyən hər cür gözəlliklərin toplandığı yerdir. Dünyadakı zövq və ləzzətlərin Cənnətdəkilərin yanında heç bir qiyməti yoxdur. Cənnət sakinləri üçün istədikləri hər cür yemək və içki təmin edilir.

 

Orada  zəhmət çəkmək yoxdur. Müxtəlif ləl-cəvahiratdan hazırlanmış köşklər, hər biri ayrı ləzzətdə çaylar, ləzzətli meyvələrlə dolu ağaclar, gözəl bağlar, quşlar və daha ağla,xəyala gəlməyəcək nə qədər nemət varsa istədikləri qədər istifadə edirlər. Hürrlər- Cənnət qızları ilə birlikdə olub, zövq və ləzzət içində əbədi olaraq yaşayırlar.İstədikləri yerə saniyə içində gedə bilirlər.

İnsanlar, dünyada neçə yaşında vəfat etmiş olsalar da, cənnətdə 30 yaşında olacaqlar.  Cənnətə daxil olan bir daha oradan çıxarılmaz.

 

Cənnətdəki dərəcələr və mükafatlar, hər kəsin elminə və ibadətinə görə olacaq. Cənnətdə möminlər Allahı cümə günləri görəcəklər.

 

Cəhənnəm, hər şeyin altında yerləşir. Cəhənnəmdəki əzablar müxtəlifdir. Cəhənnəmdə od ilə bərabər, "Zəmhərir" deyilən yerdə çox şiddətli soyuqlar da olacaq. Bəzi adamlar  həm oda,həm də soyuğa aparılaraq əzab görəcəklər.

 

Cəhənnəmin əzabı əbədidir, sonsuzdur. Bu barədə Qurani-Kərimdə və hədislərdə məlumat verilir.

 

Kafirlər  cəhənnəmə gedəcək, cəhənnəmdə sonsuz əzabda qalacaqlar. Günahı savabından çox olan möminlər cəhənnəmə girib, günahlarına qarşılıq bir müddət əzab görsələr də, cəhənnəmdə sonsuz qalmayacaq. Qəlbində zərrə qədər iman olan kimsə, cəhənnəmdə sonsuz qalmaz, Allah-təalanın rəhmətinə nail olacaq, sonradan Cənnətə gedəcək. Bu haqda hədislərdə bildirilir.

 

Cəhənnəm yeddi təbəqədir. Birinci təbəqə ən yüngüldür. Lakin, dünya atəşindən yetmiş qat daha şiddətlidir. Adı "Cəhənnəm" dir. Burada müsəlmanlardan bir hissəsi yanıb, günahlarının kəffarəsini ödəyəcək. Cəhənnəmin ikinci təbəqəsi daha şiddətlidir. Adı "Sair" dir. Burada Tövratı dəyişdirənlər yanacaq. Üçüncü təbəqəsi daha şiddətli olub adı "Yöndəmsiz"dir. Burada İncili dəyişdirənlər əzab görəcək.

 

Dördüncü təbəqənin adı  "Cahim" dir. Burada, günəşə, ulduzlara sitayiş edənlər əzab görər. "Hütəmə" adlanan beşinci təbəqə oda, öküzə sitayiş edənlər üçündür.

Buddistlər, Brahmanlar burada yanacaqdır. Altıncı təbəqəsinin adı "Ləzi" olub, burada, heç dini olmayanlar, müşriklər, kommunistlər, masonlar əzab görüb yanacaqlar. Cəhənnəmin yeddinci təbəqəsi əzabı ən şiddətli təbəqədir,adı, "Haviyə" dir. Burada, inanmadıqları halda inanmış görünənlər və oslam dinindən ayrılıb, kafir olanlar yanacaq.

 

Bütün bunlar din xadimlərinin Quran ayələri əsasında verdiyi şərhlərdir. Halbuki Quranda nə kommunistlərdən, nə də masonlardan bəhs edilir.

 

Cəhənnəmdə Zəqqum ağacı və həmim suyundan bəhs edilir. Hədislərə görə, cəhənnəmdə olanlar o qədər ac olar ki, ondan yeməyə razı olar. Zəqqum meyvəsi günahı sevənlərin yeməyidir, qurğuşun və ya mis kimidir, insanın qarnında qaynayan su kimi səs çıxardar.

 

Həmim suyu isə yardan axan qaynar irin kimi təsvir olunur. Cəhənnəmdəkilər ondan içməyə məcbur olarlar.

 

Əbülfəz KƏRİMOV

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir