Modern.az

Cəlil Məmmədquluzadənin yaradıcılığında ERMƏNİ MƏSƏLƏSİ - Usta Zeynalın qəribəlikləri...

Cəlil Məmmədquluzadənin yaradıcılığında ERMƏNİ MƏSƏLƏSİ - Usta Zeynalın qəribəlikləri...

Ədəbi̇yyat

26 Dekabr 2017, 15:46

“Usta Zeynal”dakı Muğdusi Akop adlı erməni...


Muğdusi Akop adlı erməninin böyük oğlu Moskvanın darülfünunda dörd il yarım təhsil alıb, dərsini tamama yetirib, vətənə gəlirdi. Bu dörd il yarım müddətində bircə dəfə üç il əvvəl valideynini görməyə gəlmişdi. Odur ki, Muğdusi Akop övrəti ilə məsləhət edir ki, bir neçə gün bundan əvvəl çox şiddətli yağışdan sonra zal otağının səqfinin lampa asılan cəngəlin bir tərəfindən akoşkaya doğru ucub tökülmüş bir parça gəcini suvayıb düzəltdirsin. Muğdusi Akop tədbirli adam idi. O, səqfin uçan yerini indiyə qədər düzəltdirməmişdi. Bunun da səbəbi o idi ki, yağışın rütubəti səqfin uçan yerindən çəkilməmişdi, səqf qurumamışdı. Ancaq indi Muğdusi Akopun oğlunun bu tezliklə gəlməsi onu məcbur etdi ki, o, iki günün ərzində səqfi təmir etdirib qurtarsın. Onun oğlu yazmışdı ki, Moskvadan çıxan zaman Tiflisdə iki həftə dayısı evində qonaq olacaq. Tiflisdən bura isə üç günlük yoldur. Odur ki, iki gün ərzində səqfi təmir etdirmək, sonra isə otağın toz-torpağını təmizlətmək lazım idi.


Muğdusi Akopun tanıdığı və qonşuluğunda olan Usta Cəfər adlı məharətli bənnanın və səliqəli gəc çəkənin Məhəmməd ağanın evində işləməsi onu bir az bikef edir. Və elə hər şey də burdan başlayır. Bəlkə Usta Cəfər Muğdusi Akopun işini görsəydi, hər şey sakit bir halda gedərdi. Ancaq nə edək, Cəlil Məmmədquluzadə belə yazıb, belə məsləhət bilib.


Beləliklə, o, “Usta Zeynal” hekayəsində Muğdusi Akopun dərdinə əlac etmək üçün onu dükan qonşusu Hacı Rəsulun üstünə göndərir. Hacı Rəsul Muğdusi Akopun dərdini bildikdən sonra İrandan təzə gəlmiş Usta Zeynalı tərif edir. Adam göndərir, Usta Zeynalı çağırtdırırlar. Usta Zeynal bu gün işi başlayıb sabah tamam etməyi boynuna çəkir və günü iki manata Muğdusi Akopun səqfini təmir etməyə razılaşır. Muğdusi Akop da əhd eləyir ki, Usta Zeynal vədinə vaxtında əməl etsə, ona daha altı arşın yarım mahud versin.


Usta Zeynalın qəribəlikləri...


Usa Zeynal Muğdusi Akopla danışıb razılaşdıqdan bir saat sonra şəyirdi Qurbanla Muğdusi Akopun evində hazır olur. Əlindəki xurcununu balkona qoyub otağa girir, başını yuxarı qaldırıb, üzünü Muğdusi Akopa tutaraq deyir ki, qorxuram sabah axşama kimi işi başa gətirə bilməyim. Əvvəl işi boynuna çəkmək, razılaşmaq, sonra isə qorxaqlıq göstərmək Usta Zeynalın qüsurudur, sözünə və vədinə sahib olmamasıdır. Həm də bu Usta Zeynal nə qədər astagəl adamdır. O, bu gün axşama kimi ancaq gəcin ələnməsi, pilləkənin, qab-qaşığın gətirilməsi... ilə məşğul olacağını deyir. Halbuki bu işləri bir saata görmək mümkündür. Ancaq nə etmək olar ki, Usta Zeynal bunların hamısını uzun işlər hesab edir. Usta Zeynalda bu işləri görmək üçün öz içindən gələn səy də yoxdur.


Usta Zeynalın iş görməyə səyi o qədər azdır ki, onun əvəzinə Muğdusi Akopun övrəti və xırda oğlu ustanın fərmayişlərini birbəbir əmələ gətirirlər. Həyətdən nərdivanı gətirib otağa qoyurlar, otağa bir neçə kiçik və böyük taxta gətirirlər. Hətta Muğdusi Akopun arvadı otaqdan bir paçka papiros və bir qutu spiçkanı da gətirib Usta Zeynalın qabağına qoyur. O, balkonda əyləşib çubuğunu çəkir. Bu, tənbəllik deyilmi? Bəlkə həm də məsuliyyətsizlikdir? “Usta Zeynal” hekayəsindən bir parça: “Usta Zeynal çubuğu çəkib külünü boşaltdı və durdu ayağa, yarım mahuddan tikilmuş köhnə geyməsini çıxardıb bükdü və qoydu bir səmtə və Muğdusinin arvadından ələk istədi. Arvad ələyi gətirəndən sonra Qurban oturdu otağın bir küncündə və başladı gəci ələməyə. Muğdusi Akop, Usta Zeynalla köməkləşib nərdivanın birini dayadılar otağın bir divarına, o birini dayadılar müqabildəki divara və Usta Zeynal taxtaların bir uzununu və möhkəmini götürüb qoydu nərdivanların uca pillələrinin üstünə və çıxıb, balkondan bir papirosla spiçka qutusunu götürüb, papirosunu yandırdı, üzünü tutdu Muğdusi Akopa:

-         Xozeyin, bu otaqları hansı usta tikib? – Muğdusi Akop cavab verdi ki, bilmir hansı usta tikib; çünki bu otaqları onun atası tikdirib və bilmir hansı ustaya tikdirib”. Ay Usta Zeynal, sən nə qədər çubuğunu çıxarıb siqaret çəkməyə başlayacaq, papirosunu yandırıb sənə aid olmayan məsələlər barədə suallar verəcəksən? Belə Usta Zeynallar indi də var. Siqaretlərini çəkir, onlara aid olmayan işlərlə məşğul olur, onun-bunun ünvanına bol-bol suallar yağdırırlar. Başa düşmürlər və başa düşmək istəmirlər ki, belə olmaq onların xoşagəlməyən qəribəlikləridir. Belələrinin möminliyi, Allah bəndəsi olmaları, qeyrətləri, sadiqlikləri, iş görən olmaları, zirəklikləri, ağılları, nəhayət dərəcədə vəfalı olmaları, indiyə qədər bir dəfə də namazlarını qəzaya qoymamaları onları Usta Zeynaldan fərqləndirmir.


Usta Zeynalın siqaret çəkə-çəkə Muğdusi Akopa suallar yağdırması həm də onun boşboğazlığından xəbər verir. Gah papirosu damağına salıb suallar verir, gah keçmiş papirosunu yandırıb taxtın üstündə çömbəlir, gah papirosunun başını gəcə basıb cızıltı ilə keçirir. A kişi, sənin nəyinə lazımdır bu sualları vermək: “Xozeyin Urusetdən gələn oğlun neçə yaşında olar?”, “Xozeyin, oğlun necə il dərs oxuyub?”, “Xozeyin, niyə sizin padşahuuz yoxdu?”, “Ay xozeyin, səni and verirəm İncilə, bir mənə de görüm, o zəhrimarda nə ləzzət görübsünüz ki, yeyirsiz” və s.


Muğdusi Akopun evində saxsı ləyənin, küpənin, parçın olmasına baxmayaraq, Usta Zeynal Qurbanı bu şeylərin arxasınca öz evinə göndərir. O, bunları bəlkə də ona görə edir ki, erməninin əşyalarına əl vurmaq istəmir. Qorxur ki, birdən murdarlanar. Axı Usta Zeynal “mömindir, Allah bəndəsidir... indiyə kimi bir dəfə də namazını qəzaya qoymayıb”. Usta Zeynalda möminlik o qədər güclüdür ki, hətta şəyirdi Qurbanın vilayətininin barədə deyir: “Sizin vilayətin müsəlmanları əgər müsəlmana bir tük qədəri oxşuyurlarsa, mənim atama lənət! Görürsən sizin o binamus Ağa Sadığı? Keçən həftə olarda işləyirdim. Məlunun dövləti həddən aşıb. Deyirəm, Ağa Sadıq, qardaş, bu dövləti nədən ötrü cəm edibsən? Niyə bir Kərbəla ziyarətinə getmirsən? Həyasız oğlu həyasız on iki imama and içir ki, mümkün eliyə bilmirəm. niyə mümkün eliyə bilmirsən, ey ləvənd? Niyə bəs imarət qayıtdırmağı mümkün  eliyirsən? Niyə bəs at saxlamağı, mahıt çuxa geyməyi, üç arvad almağı mümkün eliyirsən? Daha sənin ermənidən nəyin artıqdır? Qərəz, Qurban, sizin vilayətin müsəlmanları çox biqeyrətdilər”. Ay Usta Zeynal, Kərbəla ziyarətinə getmir getməsin, bəs niyə onu demirsən ki, qonum-qonşuda, qohum-əqrabada olan imkansızlara əl uzatmır? Belə məsələlər mömin Usta Zeynalın ağlına niyə gəlmir? Görünür ki, Usta Zeynal mömin kimi birtərəflidir. O, müsəlman əhlinin hər biri barədə düşünmür. Mömin olsa da, məsələlərə birtərəfli yanaşır. Əgər belə deyilsə, o, Muğdusi Akopun evindəki səqfin uçan yerini təmin etməyə niyə razı olur? Axı o, erməninin küpəsində su gətirib gəc qayırmaqla barışmır. Qurbana deyir ki, dünya-aləmi murdar eylədin. Onda bu hara, erməninin evində işləmək hara? Erməninin evində işləmək dünya-aləmi murdar etmir, ancaq erməni küpəsində su gətirib gəc qayırmaq dünya-aləmi murdar edir? Əgər Usta Zeynalın möminliyi bu səviyyədədirsə, onda düşünmək lazımdır. Həm də “Usta Zeynal” hekayəsində bu bədii parçanı dönə-dönə oxuyub düşünmək lazımdır: “Qurban dinməyib mat-mat baxırdı Usta Zeynalın üzünə. Usta Zeynal üzünü turşudub iki dəfə tüpürdü yerə, bir dəfə Qurbanın üzünə və həyətə çıxıb getdi oturdu arxın kənarında və başladı əllərini yumağa və sonra otağa gəlib Qurbana dedi ki, şeyləri yığışdırsın. Və akoşkanın içindən paltarını götürüb, yenə Qurbanın üzünə bir dəfə tüpürdü və üz qoydu çıxıb getməyə. Qurban da kor-peşman başını saldı aşağı və xurcunu götürüb, düşdü ustanın dalına. Muğdusinin arvadı elə bildi ki, ustalar çörəyə çıxırlar”. Bəlkə də küpə məsələsi olmasaydı, Usta Zeynal mundarlandığını bilməyəcəkdi. Görəsən mundarlandığını bilməyən Usta Zeynal və usta zeynallar azdırmı? İkinci bir tərəfdən, erməni küpəsində gətirilən su ləyənə tökülür, gəc qarışdırılır və Muğdusi Akopun evinin səqfinə vurulur. Bəs onda, ay Usta Zeynal, erməni küpəsində su gətirilirsə, sən və dünya-aləm niyə murdar olur?! Görünür ki, bu da Usta Zeynalın möminliyindən irəli gəlir. O, baş verən hadisədən sonra təmizlənmək istəyir: “Bu gün axşama kimi usta Zeynalın arvadı ərinin paltarlarını yuyub qurutmağa məşğul oldu. Usta Zeynal çılpaq oturmuşdu evində və gözləyirdi ki, paltarları quruyandan sonra getsin hamama və təmizlənsin”.


Usta Zeynal kimdir, kimə və nəyə inanır?


“Hacı Rəsul dükanda Muğdusi ilə söhbət edirdi və Muğdusini inandırırdı ki, Usta Zeynalı o çoxdan tanıyır ki, Usta Zeynal mömindir, Allah bəndəsidir, qeyrətlidir, sadiqdir, iş görəndir, zirəkdir, ağıllıdır, nəhayət dərəcədə vəfalıdır və indiyə kimi bir dəfə də namazını qəzaya qoymayıb”.
Hacı Rəsulun Muğdusi Akopa dedikləri öz yerində... Usta Zeynal İrandan təzə gəlmiş müsəlmandır. Qəlbində Allaha, peyğəmbərə və imama böyük məhəbbəti vardır. O, Kərbəla ziyarətinə gedib. Özü barədə şəyirdi Qurbana əl-qolunu ata-ata belə deyir: “... Allah sənin də ölənlərinə rəhmət eləsin, rəhmətlik atam zənganlı Hacı Heydər Zənganda mötəbər adamların biri idi və özünə görə yaxşı dövlət qazanmışdı. Elə ki, atam vəfat etdi, onda mən on iki yaşında idim. Məni istədilər evləndirsinlər. Hamıdan artıq bu fikirdə əmim Kərbəlayı Qulaməli idi ki, qızını versin mənə. Qızı da hələ bir az uşaq idi... Hərçənd əmimin ziyarətə getməyimə bir sözü yox idi; amma mən görürdüm ki, əmimin xahişi əvvəl məni evləndirmək, sonra ziyarətə yollamaqdır. Dedim vallahı və billahı istəyirsiz məni öldürün, istəyirsiz ac qoyun, ancaq gedəcəyəm”. Bəli, Usta Zeynal mömindir, Allaha, peyğəmbərə və imama inanır. Bir iş görəndə də “Allah kərimdi” deyir. Onun ümidi Allahadır. O, hər hansı bir işi görüb qurtara bilmirsə, fikirləşir ki, onun nə təqsiri var? Allahın iltifatı olsa, bir iş yox, on belə iş olsa da, o bir dəqiqədə görüb qurtaracaqdır. O, Muğdusi Akopun da işinə belə yanaşır. Şəyirdi Qurbanın “Usta, mən bir şeyə mat qalıram. Yaxçı, ermənilər bu aşkarlıqda zadı görmüllər? Bunlar niyə bəs dönüb musurman olmullar?” sualına belə cavab verir: “Qurban, bu işlər hamısı sirrdir. Bunları heç başa düşmək olmaz. Bunlar hamısı Allah yanındadır; çünki belə fərz elə, ermənilərin hamısı çönüb müsəlman oldu, – onda cəhənnəmi Allah kimdən ötrü xəlq edib və kimi ora göndərəcək? Bu işlərin hamısının bir səbəbi var; yoxsa ermənilər çox yaxşı bilirlər ki, bizim məssəbimiz olarınkından yaxçıdı”.


Usta Zeynal təpədən dırnağa qədər Allah adamıdır. O şeyləri ki, yerinə yetirməyi bacarmır, o suallara ki cavab tapmır, onda onların hər birinin səbəbini Allahdan görür. Məsələn, şəyirdi Qurban ona deyəndə ki, “Mən bilmirəm bunlar (ermənilər – B.X.) hələ necə donuz ətindən irgənmirlər?”, o belə cavab verir: “... ermənilər özləri də görürlər ki, donuz ətində bir ləzzət yoxdu; amma boyunlarına düşüb, ta əl çəkə bilmirlər... Neyləsinlər yazıqlar? Adamın adam xörəyi olar, heyvanın da heyvan xörəyi. Və bir də bunlar hamısı Allahdandır”. Təbii ki, Usta Zeynal hansı işin həllində çətinlik çəkirsə, “bunlar hamısı Allahdandır” deyir.


Usta Zeynal erməni millətindən həm də ona görə narazıdır ki, onlar yüz dəfə imama, peyğəmbərə and içsən də sənə inanmırlar. Həm də Muğdusi Akopun Hacı Rəsulun yanına gedib Usta Zeynalın rəftarından, işi yubatmasından narazı qaldığını bildirməsi ona çox toxunmuşdur. Bu səbəbdən də Usta Zeynal səyirdi Qurbana demişdir: “Qurban, görürsən bu erməni millətini, istəyirsən yüz min dəfə imama, peyğəmbərə and iç, qəsəm elə, heç vaxt sənin sözünə inanmayacaq. De ki, ay kafir oğlu kafir, burda nə bir o qədər iş var ki, sən mənim sözümə inanmayıb, hacı Rəsulu iltimasçı salırsan?” Qurbanda Usta Zeynalın sözünə güc verir: “Usta, birisi Allahı dandı, laməzhəb oldu, heç bir şeyə qayıllığı olmadı, çətindi onu inandırmaq”.


Usta Zeynal öz boynuna düşən işləri, vəd verdiklərini yerinə yetirməyəndə “hamısı Allahdandır” deməklə təsəlli tapır, həm də özünü haqlı sayır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür