Modern.az

Sanatoriyalara yollayışın qiyməti açıqlanıb

Sanatoriyalara yollayışın qiyməti açıqlanıb

5 İyul 2011, 10:43

Yay istirahət mövsümünün başlanması ilə əlaqədar Azərbaycandakı müalicə-istirahət obyektlərinə - sanatoriya və kurortlara yollayış əldə etmək istəyənlərin sayı da tədricən artır. Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasından Modern.az saytına bildirilib ki, hazırda ölkədə 8 sanatoriya, 1 müalicə pansionatı, 3 istirahət bazası fəaliyyət göstərir. Konfederasiyadan sanatoriyalara yollayışların qiymətləri də açıqlanıb.

Həmkarlar İttifaqları Konfedrasiyasını Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nazim Ağamirov Modern.aza açıqlamasında deyib ki, Azərbaycanda sanatoriyaların fəaliyyəti ilboyu davam edir.

N.Ağamirov onu da qeyd edib ki, sanatoriyalarda cari və əsaslı təmir işləri müntəzəm olaraq aparılır. Otaqların şəraiti yaxşılaşdırılır, yeni mebel və avadanlıqlarla təchiz edilir.  Sanatoriyaların lyuks nömrələrinin də sayı artırılır, əraziləri abadlaşdırılır. «Bilgəh», «Abşeron», «Günəşli» və «Qaranquş» sanatoriyalarında əsaslı təmir və yenidənqurma işləri aparılıb, müasir tələblərə cavab verən lyuks tipli yataq kotecləri və otaqları istifadəyə verilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri santoriyalara yollayışların qiymətlərini açıqlayıb. Belə ki, sanatoriyalara yollayışların qiyməti 420 manatdan 700 manatadəkdir. Onun sözlərinə görə, ötən illə müqayisədə qiymətlərdə dəyişiklik baş verməyib.

“Qiymətlərin fərqi bir qayda olaraq sanatoriyaların yataq otaqları yerləşən binasında əsaslı təmir işlərinin aparılması, müasir tələblərə cavab verən şəraitin yaradılması ilə bağlıdır”.

Nazim Ağamirov onu da əlavə edib ki, sanatoriya və istirahət evlərinə yollayışlar məcburi dövlət sığortasına cəlb olunanlara verilir.

“Həmin şəxslər yollayışı dəyərinin yalnız 15 faizini ödəməklə əldə edirlər.Yollayışların ümumi sayının 10 faizi isə işçilərə ümumiyyətlə tam güzəştlə - pulsuz verilir. İşçilər yollayışları almaq üçün işlədikləri müəssisənin, yaxud üzv olduqları həmkarlar ittifaqı təşkilatlarına müraciət etməlidirlər. Sanatoriya yollayışları işçilərə tibbi arayış əsasında verilir”.

N.Ağamirov eyni zamanda bu il 30 mindən artıq vətəndaşın yollayışlardan istifadə edəcəyinin gözlənildiyini vurğulayıb. Keçən il isə Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına 20 min nəfərə yaxın  həmkarlar ittifaqı üzvü yollayışlardan istifadə edib.

“Bundan əlavə, 2010-cu ildə  həmkarlar ittifaqı təşkilatlarının daxili imkanları hesabına 10 min nəfərdən artıq həmkarlar ittifaqı üzvü yollayışdan istifadə edib. Ümumilikdə isə 30 min nəfərdən artıq  sosial sığorta ödəyicisi yollayışla təmin olunub” deyə Nazim Ağamirov əlavə edib.

Azərbaycanda sanatoriya-kurort şəbəkəsinin inkişaf tarixi 1930-cu ildən başlayır. Sovetlər dönəmində respublikada 20-ə yaxın sanatoriya və kurort fəaliyyət göstərib. Həmin şəfa ocaqlarının bəziləri («Naftalan», «İstisu», «Şuşa», Bilgəh») öz əhəmiyyətinə görə bütün keçmiş SSRİ məkanında məşhur müalicə-istirahət obyektləri sırasında idi. Azərbaycandakı sanatoriya-kurort sistemi vaxtilə hər il 100 mindən çox adama xidmət göstərirdi. Ötən əsrin 90-cı illərində baş verən iqtisadi və sosial dəyişikliklər sanatoriya-kurort sistemindən də yan ötmədi. Hazırda Azərbaycandakı müalicə-istirahət komplekslərinin sayı bir qədər azdır, «Şuşa» və «İstisu» sanatoriyaları isə  erməni təcavüzkarları tərəfindən işğal olunmuş ərazilərdə qalıb.

Sanatoriya və kuortlar hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdindəki «Azərkurort» SC-nin nəzarətindədir.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?