Modern.az

Cümhuriyyətin baş nazirini pərt edən şair- “Mənimki nazirlə tutmaz”

Cümhuriyyətin baş nazirini pərt edən şair- “Mənimki nazirlə tutmaz”

26 İyun 2018, 11:44

Modern.az Cümhuriyyətin qarşıdakı  yubileyi münasibəti ilə silsilə yazılarını davam etdirir. Bu yazılarda Cümhuriyyət xadimləri, ADR-lə ilgili hadisələrlə yanaşı, o dövrdə yaşanan və dildən-dilə düşən maraqlı əhvalatları da təqdim edəcəyik. Onlardan biri nakam taleli şair, Azərbaycan maarifçi romantizminin kədər şairi hesab olunan Məhəmməd Hadi barəsindədir.

 

1919-cu ildir… ADR hökuməti intellekt sahiblərini bir-bir öz cərgəsinə qatmaq istəyir. Baş nazir Nəsib bəy Yusifbəyli buna xüsusilə maraqlıdır. O, təbii ki, Məhəmməd Hadini də unutmur. Amma Hadi əvvəlki Hadi deyil. Türkiyədən qayıtdıqdan sonra Bakı küçələrində həyata olan inamı təmiz itib. İndi onu heç nə maraqlandırmır. Hər gün yazdığı şeirləri bazar meydanında bir qarın çörək qiymətinə satıb özünü dolandırardı. Belə bir vaxtda isə Nəsib bəy Yusifbəyli onun qabağına çıxır.

 

O dövr Bakısının araşdırıcısı Manaf Süleymanova bu görüş barəsində Hadinin yaxın dostu müəllim Əliməmməd Mustafayev danışıb:

“Hadi artıq taqətdən düşmüşdü, əynində nimdaş çuxa, qara şalvar, ayaqlarında köhnə çəkmə gəzərdi. On doqquzuncu ildə Nikolayevski küçəsində durmuşduq. Bu vaxt bizdən aralı bir maşın dayandı. Avtomobildən Müsavat hökumətinin baş naziri düşdü, şairə yaxınlaşıb salam verdi və dedi: “Hadi əfəndi, xahiş edirəm, buyurun maşına, bərabər gedək. Siz bizə lazımsız”.

 

Şair onu dərin, mənalı tərzdə süzüb, məğrur bir səslə dedi: “Gedin! Şairinki nazirlə tutmaz!”.

 

Bu, o demək deyil ki, Hadi Cümhuriyyətə, onun hökumətinə gileyli olub. Xeyr! Ömrü faciələrlə keçən, heç nədən sürgün edilən, sürgündə daxili xəstəlikdən, sürgündən sonra isə ruhi xəstəlikdən əziyyət çəkən Hadini artıq bu dünyada nə iləsə maraqlandırmaq mümkün deyildi. O, cəmi bir ildən sonra ADR-ə tam müxalif olan bolşevik hökumətinin böyüklərindən birinə də eyni cavabı verir. Ona –yəni Qarayevə replikalar ünvanlayır:

“İyirminci il may ayının ilk günlərində “Çanax Qala” kafesində oturub, Hadi ilə bərabər qayğanaq yedik, kofe içdik. Birlikdə çıxıb Nikolaysk küçəsinə tərəf gedəndə xalq ədliyyə komissarı Əliheydər Qarayevə rast gəldik. Ayaq saxlayıb bizimlə görüşdü, Hadidən hal-əhval xəbər aldı. Hadi: “Belə inqilabi kəbirdən sonra mən də hamı kimi xoşbəxt, azad dünyaya qədəm qoymuşam, - dedi. – Ağakərim oğlu Əliheydər, tarix bəşərdə baş vermiş bütün qovğa, məğlubiyyət və qələbələrdə heç bir zaman, heç kəs şərabı qadağan etməmişdi. Siz bolşeviklər qadağan etdiniz. Bəşəriyyəti bu bəladan da, bu faciədən də xilas edə bilsəniz, alqış sizə.

Azca fikirləşib əlavə etdi: -Heç yerdə şərab tapılmır.

Əlini qoltuğuna salıb araqla dolu balaca bir şüşə çıxartdı, - amma mən tapmışam. Mənzilə gedib içəcəyəm, hər şeyi unudacağam. Mənzil dedikdə, güman etmə ki, sizin burjuylardan müsadirə etdiyiniz təm-təraqlı kaşanalardandır. Xeyr! Quba meydanında, karvansaranın bir küncündəki “qapıdan” zorla yanakı keçə bildiyim kahadır”.

 

Qarayevdən ayrıldıq. Məhəmməd Hadi nə fikirləşdisə, astadan şer oxumağa başladı:

 

Ey ol vəqti görən məsud, unutma, bizləri yad et,

Bu yolda həsrət ilə can verən əhbabi tədad et,

Məzarım üzrə gəl, dur, qəmli-qəmli ağla, fəryad et.

Oxu bu şeri qəbrimdə ələttəkrar övrad et,

Dur, ey zindani-nisyanda yatan, azad olub aləm,

Sürurabad - hürriyyət gəlib, dilşad olub aləm.

 

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi