Modern.az

Rəsulzadənin Finlandiyaya keçdiyi gizli yollar...

Rəsulzadənin Finlandiyaya keçdiyi gizli yollar...

27 Dekabr 2017, 00:45

Modern.az Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı silsilə yazılarını davam etdirir. Bu silsilədən ən çox yazdığımız şəxsiyyətlərdən biri də Məhəmməd Əmin Rəsulzadədədir. Təbii ki, Rəsulzadə haqqında nə qədər yazılsa da, danışılsa da, yenə də azdır.

O, öz həyatını bütünlüklə xalqına qurban verdi. Çox çətinliklərdən keçdi. Elə biz də həmin çətinliklərin yalnız biri haqqında məlumat verəcəyik. Daha doğrusu, Rəsulzadənin özü bu harədə sizlərə “söhbət açacaq”.

 

O, 1922-ci ilin 29 avqust tarixində məsləkdaşı Əlimərdan bəy Topçubaşova Finlandiyadan yazdığı məktubda deyir:

 

“Avqustun 25-də karantini tərk etdim və “Ziviki”11 adlanan stansiyaya gəldim. Orada bir günlik Nijnidəki qurultaylardan sizi çox yaxşı tanıyan Camaləddin babanın qonağı oldum. Zati-alinizə salam və ehtiramları vardır. 27-də Helsinqforsa gəldim. Mən gəldiyim gün Sədri Maqsudov əfəndi Berlinə yola düşmüşdü. Onunla görüşə bilməsək də, yazışdıq. Buranın müsəlmanları məni mehribanlıqla qarşıladılar. Tanıdıqlarımdam Abdulla Battal  ilə imam Lütfi İshaqov həzrətləri buradadırlar. Helsinqfors imamı Həkim əfəndi mənə lazım olan sənədləri və icazəni əldə etmək üçün çox böyük köməklik etdi. Finlandiya Xarici İşlər Nazirliyindən burada iki ay qalmağıma icazə verən razılıq sənədini aldı. Lakin Helsinqforsda yaşamaq üçün əlavə olaraq qubernatorun da icazəsi tələb olunur ki, bu da məndə yoxdur. Mənim yalnız şəhərə daxil olmaq icazəsi verən müvəqqəti sənədim vardır. İndi dostlar qubernatordan Helsinqforsda yaşamağıma icazə verən sənədin alınması üçün çalışırlar”.

 

Rəsulzadə məktubunda daha sonra Finlandiyaya necə gəlməsindən danışır:

“Finlandiya torpağına gəlməyimin tarixçəsi belədir. Bəlkə də bilirsiniz, Moskvada Məmmədəli Rəsulzadə  və Abbasqulu Kazımzadə  ilə birlikdəydik və üçlükdə qaçmağı planlaşdırırdıq. Çünki birimizin qaçması digərləri üçün təhlükə yarada bilərdi. Hələ üstəlik Kazımzadə dövlət xidmətində çalışırdı. Məmmədəli ilə Kazımzadəni bir bəhanə ilə Bakıya göndərdim. Özüm isə yay tətilində elmi işlərlə məşğul olmaq bəhanəsi ilə Petroqrada gəldim. Burada iki fin qaçaqmalçısı ilə razılığa gəldikdən sonra, yağışlı və qaranlıq bir gecədə yelkənli qayıq ilə Qırmızı boğazın (Krasnı qorkanın)  yanından ötüb keçərək Finlandiya sahillərinə yan aldıq. Sonrası məlumdur. Finlandiya sərhəddini keçdiyim barədə məlumat aldıqdan dərhal sonra Məmmədəli ilə Abbasqulu İrana qaçmalı idilər. Moskvadan Petroqrada, oradan isə Helsinqforsa səfərim təqribən səkkiz min fin markası və bir milyard sovet puluna başa gəldi. Paltarlarımın bir hissəsi Petroqradda qaldı. Özümlə heç nə götürə bilmədim. Əşyalarımı sonradan göndərəcəklərinə söz veriblər”.

 

Mənbələr: А.М. Топчибаши. Парижский Архив 1919-1940. Книга вторая 1921-1923. / Составители Г. Мамулиа и Р. Абуталыбов. Введение, перевод и примечания Г. Мамулиа. М., 2016. С. 453-455. Məktubun rus dilində tərcüməsi;

M.Ə. Rəsulzadə: “Məktublar. Şəfibəyçilik”

 

E. Nihad

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir