Modern.az

Onlara görə 2017-ci ilin HADİSƏSİ nə oldu...  

Onlara görə 2017-ci ilin HADİSƏSİ nə oldu...   

27 Dekabr 2017, 09:20

2017-ci ilin bitməsinə sayılı günlər qalıb. Şübhəsiz ki, 2017-də hər kəsin yaddan çıxarmadığı olaylar baş verdi. Elə bir olay ki, onu ilin hadisəsi də adlandırmaq olar.

Bəs onlara görə, 2017-ci ilin hadisəsi nə oldu?

Modern.az saytı bu sualla bir neçə tanınmış şəxsə müraciət edib.


Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov:

“2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edildi. Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirildi. Bununla əlaqədar olaraq möhtərəm prezidentimizin təşəbbüsü ilə bir sıra ölkələrdə - həm Avropa, həm də Asiya ölkələrində yüksək səviyyəli beynəlxalq tədbirlər təşkil edildi. Bunun nəticəsində bütün dünya Azərbaycanda tolerantlığın nə qədər güclü olduğuna şahidlik etdi.

 Daha sonra 1994-cü ilin 20 sentyabrında bağlanmış “Əsrin müqaviləsi”nin vaxtı 2050-ci ilə qədər uzadıldı və bu da önəmli hadisələrdəndir. Bakı-Tbilisi-Qars dəmiryol xəttinin işə salınması, Ələt qəsəbəsində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bir hissəsinin tikilməsinin başa çatması, TANAP qaz kəmərinin inşasının davam etdirilməsi, Şimal-Cənub Nəqliyyat Dəhlizinin Azərbaycana aid  olan dəmiryol hissəsinin istismara tam hazır vəziyyətə gətirilməsi də əsas hadisələrdəndir.

2017-ci ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi bərpa olundu və Azərbaycan vətəndaşlarının işğal altında olan ata-baba yurduna qayıdışı başlandı.  Dağlıq Qarabağa qayıdışın əsası buradan qoyuldu.

Əlamətdar hadisələrdən biri də Qlobal Rəqabət Qabiliyyəti İndeksinə görə,  Azərbaycan 137 ölkə arasında 35-ci yerə qalxdı və bir çox uğurlara imza atıldı. Bütün bunlar göstərir ki, 2017 Azərbaycan üçün çox uğurlu il oldu”.


Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev:


“2017-ci ili çox yaxşı başa vurduq. Hətta yekun iclasımızda da Azərbaycan idmançılarının qələbələrindən danışıldı və 800-dən çox medal qazanıldığı vurğulandı. Bu ilin əsas hadisəsi İslam Həmrəyliyi Oyunları oldu. Bu, mənim üçün ikiqat sevinc idi. Çünki orada mənim  karate üzrə tələbəm - Rafael Ağayev də iştirak edirdi.

Ən əsası Azərbaycan təkcə sözdə yox, həm də əməldə dünyaya sübut etdi ki, idman ölkəsidir. Dünyada mötəbər yarışlardan hesab edilən Formula-1 də Azərbaycanda keçirilir. Hətta bildiyim qədərilə qeyd edilib ki, dünyanın ən gözəl Formula 1-i ölkəmizdə keçirilib. Azərbaycan hər sahədə, həmçinin idman sahəsində də inkişaf edib. Mənim üçün bu, doğrudan da böyük qələbədir. İdmançılarımızın Avropa çempionatlarında, İslam Oyunlarında uğurlu çıxışı bizi də sevindirdi”.


Xalq artisti, xanəndə Arif Babayev:

“2017-ci ildə o qədər maraqlı işlər görüldü ki... Yəni sənət sahəsində çox adamlara mükafatlar təqdim edildi. Kimisi əməkdar artist, xalq artisti adına yiyələndi, kimisinə prezident təqaüdü verildi, kimiləri  “İstiqlal”, “Şöhrət” oredenləri ilə təltif edildi. Jurnalistlərə də evlər verdilər, maşallah. Bunlar böyük hadisə deyilmi? 

Allah prezident İlham Əliyevin, 1-ci vitse-prezident Mehriban Əliyevanın canını sağ eləsin. Bunu səmimi qəlbdən deyirəm. Sənətkarlar, biz yaşlı adamlar prezident təqaüdü almasaq, necə yaşaya bilərik? O təqaüdü alanlardan biri də mənəm. 1961-ci ildən Bakıya gəlmişəm. Onda buralar xarabalığa oxşayırdı, iki-üç maşın tüstü buraxaraq hərəkət edirdi. Amma indi şəhərimiz çox gözəlləşib. Hər şey yaxşıdır və yaxşı olacaq. Müəyyən problemlər olsa da, getdikcə bu da düzələcək. 2017-ci ildən gözəl təəssüratlarla ayrılıram”.


Xalq şairi Fikrət Qoca:

“Hər bir hadisə özü ayrı-ayrılıqda əsasdır. Heç əsassız hadisə yoxdur. Allah gələn ilimizi bundan da yaxşı etsin. Ancaq bunu deyə bilərəm. Çünki 2017-ci ildə çox hadisə baş verib, hamısını bir-biri sadalasaq çox uzun çəkər. Uzun danışmaq da mənim bu halımda heç yaxşı iş deyil.

Lakin 2017-ci ildə yadımda qalan, əsas hadisələrdən biri Amerikada baş verdi. Donald Trampın Qüdsü başqa ölkəyə hədiyyə verməsini unutmaq çətindir. Ölkəmizdə isə demək olar ki, bu il yaxşı hadisələr oldu”.


Xalq artisti, bəstəkar Faiq Şücəddinov:

“2017-ci ildə əhəmiyyətli hadisələr oldu. Bunlardan biri mənim yubileyimlə bağlı idi - Azərbaycan Dövlət Televiziyasında bir saatlıq müəllif konserti verdim. Həmçinin,  bu ilin əsas hadisələrindən biri Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi oldu. Ümumiyyətlə, 2017 yaddaqalan il oldu. Çünki Azərbaycanda çoxlu yığıncaqlar, dialoqlar oldu, ölkəmizə qonaqlar gəlib-getdi. Biz bir il ərzində Azərbaycanın dünyada tanınması üçün çox işlər gördük.  Mənim də hər gün yaradıcılıq işim davam edir. Çox şadam ki, günbəgün dövlətimiz qüdrətlənir”.


Politoloq Elxan Şahinoğlu:

“2017-ci ildə dünyada çox proseslər baş verdi. Beynəlxalq terrora qarşı mübarizədə müəyyən uğurlar əldə edildi. Suriyada və İraqda terrorçuluğa qarşı mübarizədə müsbət nəticələr var. Amma başqa ölkələrdə hələ də terrorla mübarizə davam edir. Separatçılığa meyllilik var idi, Şimali İraqda, Kataloniyada müstəqillik üçün referendum keçirildi, amma  alınmadı. Qafqaz regionunda da müəyyən hadisələr cərəyan etdi. Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar davam edir. Yəqin gələn ilin ortalarına qədər Avropa İttifaqı ilə strateji sənəd imzalayacağıq. Bu ilin noyabr ayında da Şərq Tərəfdaşlığı sammiti çox maraqlı idi və Azərbaycanın dövlət başçısı da sammitdə iştirak etdi.

Qarabağ məsələsində çox təəssüf ki, elə bir yenilik olmadı. 2017-ci ili itirilmiş il hesab edirəm. Çünki böyük dövlətlər işğalçı Ermənistana təzyiq və təsir etmək istəmirlər və bu da münaqişənin həllini uzadır. Cəbhə bölgəsində müəyyən toqquşmalar oldu. Düşünürəm ki, 2018-ci ildə də cəbhə bölgəsindəki gərginlik davam edəcək. İnanmıram ki, gələn il də danışıqlarda hər hansı irəliləyiş olsun.

Baxmayaraq ki, 2015-2016-cı illərdə neft satışından müəyyən gəlirlər azalmışdı. Manatın bir az da dəyərdən düşəcəyini düşünmək olardı. Amma qeyri-neft sahəsinin, kənd təsərrüfatının inkişafı hesabına manat sabitliyini qoruyub. Bir neçə ildən sonra TAP və TANAP layihələri də işə düşəcək. Azərbaycan öz qazını bu maşrutlar üzrə Avropaya ötürəcək və gəlirlərimiz artacaq. Yəni gələcəyə nikbin baxıram. Hazırda tək problemimiz Qarabağdır və bu istiqamətdə də çalışmalar davam edir. Ordumuz artıq standartlara uyğun inkişaf edir. Faktiki olaraq yorucu müharibəyə qədəm qoymuşuq”.


Xalq artisti, aktyor Rasim Balayev:

“2017-ci ildə özümə dair gözəçarpan bir şey olmadı. Çox təəssüf ki, bu il də mən yaradıcılıq istiqamətində ciddi bir şey edə bilmədim, imkan olmadı. Həm də bir az xəstələndim. Amma şükür, bir az müalicə olunmuşam və özümü normal hiss edirəm. Allaha dua edirəm ki, gələn il həm sağlam olum, həm də yaxşı bir iş olsun. Yəni mən də öz işimlə məşğul ola bilim. Çünki mənim əlimdən başqa iş gəlmir. Mən ömrümün 40 ilə yaxınını kameranın qabağında keçirmişəm. Bu iş mənə zövq verir. Ona görə 2018-ci ildə ümid edirəm ki, istəklərim reallaşacaq”.


Xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlu:

“2017-ci ilin əsas hadisəsini demək çətindir. Çünki insanın yaşadığı hər gün, hər ay hadisədir. Nəsə baş verdi və ya baş vermədi - hər günümüz önəmlidir. Yəni insan ümidlərlə yaşayır. Bu baxımdan 2018-ci ili böyük ümidlərlə gözləyirəm. İlk növbədə bu, yaradıcılığıma aiddir. Həmçinin dostlarımın, yaxınlarımın sağlam və firavan günlər keçirməsini, ölkəmizin daha da inkişaf etməsini arzulayıram. Ən əsası Qarabağ azad olunsun”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir