Modern.az

Azərbaycanlı jurnalistlər hansı ölkələrdə yaşamaq istəyər…  

Azərbaycanlı jurnalistlər hansı ölkələrdə yaşamaq istəyər…   

27 Dekabr 2017, 14:26

Belə bir atalar sözü var: “Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı”. Ancaq müşahidələr göstərir ki, bir çoxları üçün bu atalar misalının əhəmiyyəti itib. Xüsusilə son illər gəzməyə də, ölməyə də qərib ölkəni seşənlərin sayında artım baş verir…
Azərbaycandan xarici ölkələrdə həmişəlik yaşamağa gedən insanların sayı kifayət qədərdir. Bundan başqa, gedə biləməsələr də, kiminin xəyalı Böyük Britaniyada, kimininki Almaniyada, Kanadada və başqa yerlərdədir.

Bəs jurnalistlərimiz hansı ölkələri yaşamaq üçün üstün tuturlar?

Modern.az saytının əməkdaşı bu sualla bəzi qələm sahiblərinə müraciət edib.  

 

“ Yeni Müsavat” qəzetinin əməkdaşı Sevinс Telmanqızı yaşamaq üçün heç bir Avropa ölkəsinin təhlükəsiz olmadığını vurğuladı:  
“Son illər dünyada baş verən terror hadisələri göstərdi ki, daha öncə həsədlə baxdığımız heç bir Avropa ölkəsi təhlükəsiz deyil. Terror artıq dünyanı pəncəsi altına alıb. O ki qaldı sualınıza, mən Avropada da, Amerikada da dəfələrlə olmuşam. Bu ölkələr mənim fikrimcə, ancaq səyahət etmək üçün idealdır. Daha doğrusu, mən həyatımın indiki dönəmində heç bir ölkədə sıfırdan başlamağa hazır deyiləm. Yeni ölkə yeni həyat deməkdir. Yeniliklər, öyrənmək, nələrəsə start vermək, yenidən qurmaq deməkdir. Azərbaycan bizi bu yaşa qədər çox yorub. Yeniliklərə gücüm yoxdur”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı daimi olaraq ancaq Azərbaycanda yaşaya biləcəyini deyir:
“Mənim Vətəndən, ailədən, doğma insanlardan uzaq yaşamağa dözümüm yoxdur. Ona görə də başqa ölkələrdə yaşamaq barədə düşünməmişəm. Amma bəzi ölkələrdə istirahət etmək istəyərdim. Məsələn, İtaliya, Kanada, Rusiya, İspaniya, Afrikada gəzmək istəyərdim”.

Lent.az saytının redaktoru Səbuhi Məmmədli Azərbaycanda yaşamaq istəmədiyini bildirir: “Mən Azərbaycandan basqa hər yerdə yaşaya bilərəm, hətta Cibutidə də. Bizim ölkədə səmimiyyətsizlik mövcuddur”.

Modern.az saytının əməkdaşı Vüqar İsmayilovun seçimi Braziliya oldu: “Braziliyanın çox gözəl təbiəti var, məni çox cəlb edir. Bundan başqa, tez-tez karnavallar keçirilir, müxtəlif əyləncəli mərasimlər təşkil olunur. Məşhur çimərlikləri var”.

“Report” agentliyinin baş redaktoru Murad Əliyev
də daimi yaşayış yeri kimi Azərbaycanı üstün tutur:  

“Müxtəlif meyarlara görə müxtəlif ölkələri seçmək olar - maddiyyat baxımından ABŞ, Böyük Britaniya, təhlükəsizlik baxımından Skandinaviya ölkələri, yeniliklər kəşf etmək baxımından Yaponiya və sair. Lakin kompleks istəkləri nəzərə alsaq, mən özüm üçün müəyyən etmişəm ki, daimi yaşayış yeri kimi yalnız Azərbaycanı seçə bilərəm. İllər əvvəl özüm üçün əksini sübut etməyə çalışsam da, alınmayıb”.

APA informasiya agentliyinin parlament müxbiri Mübariz Aslanov elə Azərbaycanda yaşamaq istədiyini qeyd edib. 

Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov yaşamaq üçün Azərbaycan və Kanadanı üstün tutur:  “Mən tələbəlik və iş həyatımda bir müddət xaricdə yaşamış şəxs kimi deyə bilərəm ki, Azərbaycan yaşamalı ölkələrdən biridir. Sakitlik və sabitlik insan yaşamında çox vacibdir. Azərbaycanda pul qazandınsa, elə yaşamalı ən yaxşı ölkələrdəndir. Azərbaycandan başqa yalnız Kanadada yaşamaq istərdim. İki dəfə orada olmuşam, istər iş imkanlarına, istərsə də həyat rahatlığına görə yaxşı ölkədir. Soyuğu da sevdiyim üçün seçimim ora olardı”.

Həftə içi” qəzetinin əməkdaşı Vüsal Tağıbəylinin fikrincə, xarici ölkələr sadəcə səyahət üçün yaxşıdır:

“Mən çox ölkədə olmuşam və hətta eləsi var ki, yeddi dəfə səfər etmişəm. Bir maraqlı məqam üzə çıxır: səfərlərimiz mütləq başqa kimlərinsə vəsaiti hesabına alınır deyə, getdiyimiz yerlərdə tam qayğısız oluruq, nə istəsək yerinə yetirilir və ən yüksək səviyyədə qulluq göstərilir. Yaxud da başqa bir nüans var, çoxları hansısa ölkəni tərifləyir, orada yaşamağın az qala cənnətə düşməklə bərabər olduğu qənaətinə gəlir. Hansı ki, bir dəfə də o ölkədə olmayıb. Amma hamısı yanlış təsəvvürlərdən ibarətdir. Ola bilər ki, deyəsiniz çeynənmiş fikir söyləyirəm, yox: yaşamaq üçün ən gözəl ölkə vətəndir. Hər kəsin vətəni ən gözəldir. Xaricə gedirik, iki dəfə olduğumuz yerdə üçüncü dəfə artıq əvvəlki istini ala bilmirik. Ən yaxşısı isə budur ki xaricə öz xərcimizə gedək, qalacağımız yeri, yeyəcəyimizi özümüz tapaq. İlkin çətinliyi onda hiss edəcəyik. Xarici ölkələr cənnət deyil. Hər birində min əziyyət var: Azərbaycanda da, ABŞ-da da, Avropa ölkələrində də. Avropada maaşlar yüksəkdir deyənlər bazardakı qiymətlərdən də danışsınlar. Bizim maaşlar öz bazarımıza görədir... Avropada, Amerikada həyat maddi imkanı olanlara yaxşıdır. Elə bizdə də pulu olana hər şey super görünür. Mən elə Azərbaycanda yaşayardım”.

 

Əbülfəz KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?