Modern.az

Ehtiyac meyarı və yaşayış minimumu əslində necə hesablanmalıdır...

Ehtiyac meyarı və yaşayış minimumu əslində necə hesablanmalıdır...

İqtisadiyyat

27 Dekabr 2017, 14:42

Gün ərzində orta hesabla ən azı 150 qram, ildə təхminən 60-65 kq ət və ət məhsullarının istehlak edilməsi fizioloji qida norması hesab edilir. Orqanizmin maddələr mübadiləsi üçün ən zəruri elementlər ət хörəklərinin tərkibində olur. Ona görə də daha tez və asan mənimsənilərək, hüceyrələrdə enerji mənbəyinə çevrilir. Ətlə bərabər, çörək və un məmulatları, meyvə-tərəvəz, yumurta, ağartı məhsulları-qatıq, süd, pendir, kəsmik və s. də əsas qida rasionun tərkib hissəsidir.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normalarına görə, orta hesabla bütün əhalinin hər nəfəri üçün çörək və çörək məhsulları 126,2 kq; kartof 50,7 kq, tərəvəz və bostan məhsulları 97 kq; meyvə və giləmeyvə 46 kq; ət və ət məhsulları 31,5 kq; süd və süd məhsulları 231,3 kq; balıq və balıq məhsulları 7,7 kq; yumurta 153 kq, şəkər və qənd məhsulları 17,4 kq; bitki yağları, marqarin və digər piylər 9,8 kq; kərə yağı 6,7 kq təşkil edir.


2018-ci il yanvarın 1-dən qüvvədə olacaq “Ehtiyac meyarı haqqında” qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə növbəti il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilib. Bu rəqəm həm də minimum əmək haqqının yeni məbləğidir.


Xatırladaq ki, 2017-ci ildə ehtiyac meyarı 116 manat təşkil edib.


“Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, növbəti il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib.

İqtisadçı Natiq Cəfərli Modern.az-a deyib ki, ay ərzində bir insanın qəbul etdiyi qida rasionundan tutmuş nəqliyyat, tibbi xərcləri, təbii və mədəni ehtiyacları əsasında hesablanmalıdır:

“Bütün ehtiyacların minimum səviyyəsi ehtiyac meyarını yaradır. Yaşayış minimumu isə ehtiyac meyarı əsasında hesablanır. Əslində 2017-ci illə müqayisədə növbəti il üçün artım var. Amma bu il inflyasiya da yüksək oldu. Rəsmi rəqəmlərə görə 14 faizə yaxın inflyasiya qeydə alındı. Bu il qiymət artımı çox yüksək olduğu üçün 2018-ci üçün rəqəmlərdə dəyişiklik edildi. Növbəti il üçün yaşayış minimumu ölkə üzrə 173 manat müəyyənləşib. Qiymətlərin indiki səviyyəsində müasir insanın gündəlik tələbatlarının xeyli dərəcədə dəyişdiyini nəzərə alsaq, bu məbləğ yetərli deyil”.

 


Ekspert ehtiyac meyarının indikatorunda da dəyişiklik edilməli olduğunu vurğulayıb:

“Azərbaycanda ehtiyac meyarlarının indikatorları da köhnədir, yenilənmir. Yaşayış minimumu hesablanarkən nəzərə alınan meyarların siyahısı bərbad vəziyyətdədir. Avropada yaşayış minimumu hesablanarkən hətta ayda bir dəfə tamaşaya, kinoya getməkdən tutmuş, internet xərclərinə qədər hamısı nəzərə alınır. Ölkəmizdə əsasən, ərzaq, kommunal, nəqliyyat xərcləri nəzərə alınır.

İlk növbədə Nazirlər Kabineti ehtiyac meyarının hesablanması qaydalarını dəyişməli və siyahını müasirləşdirməlidir. Səhiyyə, mədəni xərclər də bura daxil etməlidirlər. Uzun illərdir ki, Nazirlər Kabineti bununla bağlı addım atmır. Son dəyişiklik 10-15 il əvvəl edilib. İndikatorlar dəyişəndən sonra müasir normativlərə uyğun daha real ehtiyac meyarı və yaşayış minimumu hesablanmalıdır. Ən yaxşı halda, gələn il bu sahədə addım atılsa, vətəndaşların xeyrinə olacaq. Bütün rəqəmlərdə təqribən 50 faiz artım müşahidə olunacaq. Bundan sonra hökumət büdcə xərcləmələrinin bütün parametrlərinə yenidən baxaraq, maaş və təqaüdlərin hesablanması qaydalarını da dəyişdirməlidir. Çox böyük həcmli iş görmək lazımdır. Ümid edək ki, növbəti ildə böyük həcmli işlərlə bağlı addımlar atılacaq. Azərbaycanda da ən azı bizimlə eyni sosialist düşərgəsindən çıxmış Çexiya, Slovakiya, Bolqarıstan, Polşa və s. ölkələrdəki kimi ehtiyac meyarı və minimum əmək haqqı hesablanacaq”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı