Modern.az

Azərbaycanda örüş PROBLEMİ yaranıb - 60 min baş qoyun-quzu, 10 min baş mal-qara AZALIB

Azərbaycanda örüş PROBLEMİ yaranıb - 60 min baş qoyun-quzu, 10 min baş mal-qara AZALIB

İqtisadiyyat

28 Dekabr 2017, 13:34

“Azərbaycanda 2, 5 milyondan artıq örüş sahəsi və təbii biçənəyin olduğu statistikası verilir. Amma örüş sahələrilə bağlı statistikaya həm də işğal altındakı ərazilər də daxil edilib”.

 

Bunu Modern.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ölkədə heyvandarlıqla bağlı yaranan problemdən danışarkən deyib.

 

Ət istehsalının azalma səbəbləri

 

Ekspert bildirib ki, ölkədə örüş sahələri onsuz da azdır:

“Örüş sahələri mövcud olan heyvanların baş sayına uyğun normativə cavab vermir. Bildiyiniz kimi, işğal altındakı ərazilərdə daha çox təbii biçənəklər və örüş sahələri qalıb. Bunların da sahəsi təxminən1 milyon hektardan artıqdır. Bu baxımdan Azərbaycanda ciddi problem yaşanır. Digər tərəfdən, son üç ildə mövcud olan örüş ərazisinin 50 min hektarını əkin üçün istifadəyə veriblər. Həmin ərazilərdə taxıl, pambıq və s. əkini həyata keçirilir. Bu isə mövcud olan problemi daha da dərinləşdirir.

Bizim apardığımız monitorinq onu deməyə əsas verir ki, dağlıq ərazidə çox sürətlə deqradasiya prosesi gedir, otlaqlar məhv edilir. Ötən il heyvanların baş sayında azalma göstərildi. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdə 60 min baş qoyun-quzunun, 10 min baş iribuynuzlu heyvanın azaldığı göstərilib. Bu bariz nümunədir ki, ölkə otlaq, örüş sahələrindən istifadə edə bilmir. Xüsusilə örüş sahələrinin əkin üçün dövriyyəyə buraxılması ciddi problem yaradıb. Bu il örüş sahələrində azalma daha çoxdur. Ətin istehsalının azalması da bununla bağlıdır. Fermerlər mal-qaranı kütləvi şəkildə kəsimə verirlər”.

 

“Örüş sahələri zorla vətəndaşdan alınır”



V.Məhərrəmov bildirib ki, bölgələrdə örüş sahələri vətəndaşın əlindən zorla alınır:


“Ötən il və bu ilin əvvəlində Şamaxı sahibkarlarının icarəyə götürdükləri ərazi onların əlindən alındı. Ərazidə digər rayonların fermerlərilə birlikdə 250 min baş xırdabuynuzlu, 17 min baş iribuynuzlu heyvan saxlanılırdı. Örüş sahələri onların əlindən alınaraq, əkin sahələrinə verildiyi üçün onlar məcbur qalıb heyvanları kəsimə verdilər. Nəticədə heyvanların baş sayı azaldı. Həmin vaxt ətin qiyməti də nisbətən ucuzlaşmışdı. Bu məsələ ət, süd istehsalında indi yox, gələcəkdə çox ciddi problemlər yaradacaq”.

Alıcılıq qabiliyyəti artsa, vəziyyət gün üzünə çıxacaq

Ekspert ət idxalının 70 faizə qədər artdığını qeyd edib:

“2017-ci ildə Azərbaycana ət idxalı 70 faizə qədər artıb. Eyni zamanda, kəsim üçün gətirilən heyvanların sayı artıb. Bu il ölkəyə kəsim üçün 100 min baş iribuynuzlu heyvan gətirilib. Cins mal-qaranın sayı təxminən  2 500 başdır. Yem istehsalı da azalıb. Ötən il 2 ot 30 min ton, silos 7 min ton az istehsal edilib.  Bu il taxıl istehsalı təxminən 150 min ton azalıb. Bu problemlərin fonunda 2018-ci ildə ət, süd istehsalında azalma davam edəcək.

Bir inəyi yetişdirmək üçün minimum 3-3,5 il müddət lazımdır. Ot yox, örüş sahəsi yox, sahibkar məcbur qalıb məhsuldar inəyini kəsir. Olan otun da qiyməti bahadır. 17 kiloqramlıq ot presi 6 manata təklif edilir. Elə hesablayın ki, 1 kiloqram ətin dəyəri 6 manatdır. Təmiz ətin maya dəyəri isə 11-12 manata başa gəlir. Fermer bunu neçəyə satmalıdır ki, qazanc əldə etsin?... Ona görə də digər ölkələrdən gətirilən diri heyvanların sayı kəskin artıb.  Avqust ayında heyvan çatışmazlığı vardı. Sonradan Rusiyadan, Ukraynadan, Gürcüstandan diri heyvanları gətirərək vəziyyəti stabilləşdirməyə çalışdılar. İnanın ki, alıcılıq qabiliyyəti artsa, ölkədə ciddi ət, süd çatışmazlığı hiss olunacaq. Bu sahədə hələ ki, idxaldan asılı vəziyyətdəyik”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi