Modern.az

Bu il yaradılan yeni DÖVLƏT QURUMLARI - Onlara kimlər rəhbərlik edir…  

Bu il yaradılan yeni DÖVLƏT QURUMLARI - Onlara kimlər rəhbərlik edir…   

28 Dekabr 2017, 16:10

2017-ci ildə Azərbaycanda bir çox sahələrdə islahatlar aparıldı. Yeni dövlət qurumları yaradıldı , bəzi dövlət qurumlarının adı isə dəyişdirildi .

Modern.az saytı 2017-ci ildə yaradılmış yeni dövlət qurumlarının adlarını xatırladır:

Fevralın 10-da Prezident İlham Əliyev Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli təyin edilib.

Bu il iyunun 20-də ölkə başçısının müvafiq fərmanı ilə Dövlət Reklam Agentliyi yaradılıb. Agentliyin yaradılmasında əsas məqsəd  ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etməkdir.  Prezidentin həmin gün imzaladığı sərəncamla Aydın İbadov Dövlət Reklam Agentliyinin direktoru təyin edilib.
Ölkə başçısının digər sərəncamı ilə Arif Rəhimov agentliyin Müşahidə Şurasının sədri, Azad Əmrahov və İlqar İsbatov Müşahidə Şurasının üzvləri təyin olunub.

 

Oktyabrın 18-də baş nazir Artur Rasizadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi yaradılması ilə bağlı qərar imzalayıb. Qərara əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin Qobustan rayonunda istismarına icazə verilmiş binası, binaya aid bütün infrastruktur qurğu və avadanlıqlar Sosial Adaptasiya Mərkəzinin balansına, onun yerləşdiyi torpaq sahəsi isə istifadəsinə verilib.

 

Dövlət başçısı noyabrın 6-da “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb. Digər sərəncamlarla isə  Natiq Əmirov “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının sədri, Kamran Nəbizadə isə ASC-nin baş direktoru təyin edilib.


Dekabrın 6-da dövlət başçısı Səhiyyə Nazirliyinin "Respublika Talassemiya Mərkəzi” əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Talassemiya Mərkəzi yaradılması haqqında fərman imzalayıb. Mərkəzdə 3 nəfərdən ibarət Müşahidə Şurası yaradılacaq. Mərkəzin Müşahidə Şurasının sədrini və digər üzvlərini səhiyyə naziri vəzifəyə təyin və vəzifədən azad edəcək.

 

Dekabrın 20-də prezident  İlham Əliyev "Azəravtoyol” ASC-nin adının dəyişdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən,  "Azəravtoyol” ASC-nin adı "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” oldu.

 

Yeni yaradılan qurumlardan biri də Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyidır. Agentlik  ölkə başçısının dekabrın 22-də imzaladığı fərmana əsasən yaradılıb. Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirəcək. İdarə Heyəti agentliyə rəhbərliyi və nəzarəti həyata keçirəcək.
 İdarə Heyətinin tərkibi üç nəfərdən: energetika naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun iki müavinindən ibarət olacaq.

 

Dövlət başçısının dekabrın 26-da imzaladığı Fərmanla “İpoteka və Kredit Zəmanət Fondu” yaradılıb. “Bu qurum  “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı yeni fonda keçib. Prezidentin həmin gün imzaladığı digər bir sərəncamla Fəxri Kazımov “İpoteka və Kredit Zəmanət Fondu”nun İdarə Heyətinin sədri təyin edilib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir