Modern.az

Nazirlik örüş yeri və heyvan sayının azalmasına AYDINLIQ GƏTİRDİ

Nazirlik örüş yeri və heyvan sayının azalmasına AYDINLIQ GƏTİRDİ

İqtisadiyyat

28 Dekabr 2017, 17:17

“Azərbaycanda 2 milyon 100 minə yaxın iribuynuzlu, 8 milyon 600 minə yaxın xırdabuynuzlu heyvan var. Bizim hədəfimiz heyvanların baş sayının artırılması yox, istehsal artımına nail olmaqdır”.

Bu sözləri Modern.az-a Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirib.


Nazirlik rəsmisi Azərbaycanda heyvanların baş sayının azalması xəbərlərinə münasibət bildirərkən deyib ki, qurum tərəfindən intensiv saxlama metodu strateji xətt kimi qəbul olunub:


“Bu da ondan ibarətdir ki, məhsul artımına heyvanın baş sayının artımı hesabına yox, ayrı-ayrı heyvanlardan götürülmüş məhsul artımı hesabına nail oluruq. Cari ilin 9 ayının yekununa görə, ölkədə ət istehsalı 3,4 faiz, süd istehsalı 1,2 faiz artıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 0,7 faiz, qoyun və keçilərin sayı 0,8 faiz azalıb. Bu, əslində normal haldır. Yəni, heyvanın baş sayının artıb-azalması bizim üçün hədəf və göstərici deyil. Dünya təcrübəsi məhz bu prinsiplərə əsaslanır”.

 

Q.Əbdüləliyev bildirib ki, hazırda respublika üzrə hər baş qaramaldan il ərzində sağılan südün miqdarı 1513 kiloqram, gün ərzində 5 kiloqrama bərabərdir:


“Amma 37 intensiv maldarlıq təsərrüfatında saxlanılan inəklərin südü 6 min kiloqramdan yuxarıdır. Orta hesabla gün ərzində 21, 7 kiloqram süd sağılır. Bu çox yaxşı göstəricidir. Heyvanın baş sayının çox olması onların saxlanması üçün problem yaradır. Müəyyən dövrlərdə örüşlər, dövlət fonduna aid olan otlaqlar və biçənəklər vətəndaşların icarəsinə verilmişdi. Mövcud normalara görə, təbii halda qışlaq ərazilərdə 1 hektarda 1-dən 4-ə qədər , düzənliklərdə isə bundan 2 dəfə çox 4-dən 8-ə qədər heyvan saxlanıla bilər. Biz dünya təcrübəsinin tətbiqilə - otlaqları mədəniləşdirmək, bitki örtüyünü zənginləşdirməklə 4 heyvanın əvəzinə 20 heyvan saxlaya bilərik”.

 

Şöbə müdiri ilin əvvəlində ot biçinində müəyyən problemlər olduğunu vurğulayıb:


“Əkinçilik genişlənir, onun bir tərəfi də yem bitkiləridir. Məsələn, mövsümün əvvəlində ot biçinində problem yaşandı. Yazda quraqlıq uzun müddət davam etdiyi üçün ot biçini zəiflədi. Daha sonra yonca və digər bitkilərin hesabına kəsir bərpa edildi. Yem bitkilərinin əkinini tətbiq etməsək, həmişə təbii amillərdən asılı olacağıq ki, bu da çox risklidir. Dünya təcrübəsi ondan ibarətdir ki, yemlə təminat üçün otlaqlardan, mədəni əkin sahələrində istehsal olunan yemlərdən istifadə olunmalıdır. Eyni zamanda, yemin əkin strukturunu formalaşdırdıqda da heyvanların yem rasionuna hansı yemlər daxildirsə, həmin yemlərin əkinini aparmaq lazımdır. Hazırda bu proses gedir. Eyni zamanda yaylaqların, otlaqların istifadə edilməsi dövlət proqramı layihəsi müzakirədədir. Əlaqədar icra hakimiyyətləri strukturları da bu işlə məşğuldur. Yaxın vaxtlarda proqram təsdiqlənərək qüvvəyə minəcək. Bundan sonra otlaqların istifadə vəziyyətinin müasirləşdirilməsi, geobotaniki strukturunun yaxşılaşdırılması, deqredasiyadan qorunma, otlaqlardan istifadə infrastrukturunun yaradılması dövlət proqramına salınıb. Bir daha qeyd etmək istəyirəm ki, dünya təcrübəsinə uyğun olaraq, bizim hədəfimiz istehsal edilən məhsulun artırılmasıdır. Heyvanların baş sayını artıb-azalması texniki aralıq göstəricisidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir