Modern.az

Xankəndinin işğal günü anıldı - Fotolar

Xankəndinin işğal günü anıldı - Fotolar

28 Dekabr 2017, 23:23

Bu gün Xankəndi şəhərinin işğalının 26-ci ildönümü ilə bağlı Xankəndi ictimaiyyətinin, QHT və media nümayəndələrinin, millət vəkillərinin “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin üzvlərinin iştirakı ilə tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbir iştirakçıları öncə Şəhidlər Xiyabanında torpaqlarımız uğrunda canlarından keçən Vətən övladlarının məzarlarını ziyarət ediblər. “Əbədi məşəl” kompleksi önünə əklil qoyulub, şəhidlərin ruhuna dualar oxunub.

 

Daha sonra tədbir  “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin, Şuşa rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilib. Tədbiri açıq elan edən “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qeyd edib ki, bu gün Azərbaycan istər sülh, istərsə də hərbi yolla torpaqlarını düşmən işğalından azad etməyə qadirdir: “Hörmətli prezidentimizin də qeyd etdiyi kimi, Azərbaycan bayrağı Xankəndi də daxil olmaqla, işğal olunmuş torpaqlarımızda dalğalanacaq. Torpaqlarımızın azadlığından sonra işğal olunmuş ərazilərimiz abadlaşdırılacaq, əvvəlkindən də gözəl olacaq”.

 

Sonra “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə ərsəyə gətirdiyi “Xankəndi, Kərkicahan – döyüş gündəliyi” sənədli filminə baxış keçirilib.

 

Tədbirdə nümayiş olunan film ətrafında müzakirələr aparılıb. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov, millət vəkilləri Flora Qasımova və Elman Məmmədov, tibb elmləri doktoru Mübariz Allahverdiyev, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 saylı orta məktəbin direktoru Nazim Xudiyev,  Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və digər şəxslər filmin hazırlanmasında erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarının kökündə duran məsələlərin dəqiq araşdırılmasında, tariximizin daha dərindən öyrənilməsində əvəzsiz rolunu vurğulayıb.

 

Tədbirin sonunda “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva  filmin ərsəyə gəlməsində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyinə, tədbirin keçirilməsi üçün göstərdiyi dəstəyə görə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərova, eləcə də tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir