Modern.az

Tarixin Xankəndi səhifəsi – IV yazı

Tarixin Xankəndi səhifəsi – IV yazı

29 Dekabr 2017, 00:29

Yazının əvvəlini aşağıdakı linklərdən oxuya bilərsiniz:

//modern.az/az/news/152628#gsc.tab=0

//modern.az/az/news/152739#gsc.tab=0

//modern.az/az/news/152846#gsc.tab=0

 

1988-ci ilin əvvəllərindən ermənilərin Dağlıq Qarabağda və Ermənistanda keçirdikləri tətillərdə, nümayişlərdə, proseslərin təşkil edilməsində Ermənistandakı “Qarabağ”, Xankəndindəki “Krunk” adlı təşkilatların xüsusi rolu olub.

 

Dağlıq Qarabağda yaşayan ermənilər əsassız torpaq iddiaları ilə ilk dəfə açıq müstəvidə, Xankəndi şəhərində 13 fevral tarixində nümayişə çıxıblar. Əslində cəsarət və cürət anlayışından bixəbər olan bu toplumun nümayiş, mitinq, tətil etmək planları o qədər də real görünmürdü. Çünki sovet rejiminin hələ mövcud olduğu bir dövrdə kütləvi toplantılar, xüsusilə də, milli münasibətlər, ərazi iddiası ilə nəzərdə tutulan tədbirlərin keçirilməsi SSRİ qanunlarına zidd idi. Və sovet insanı bu cür nümayişləri, tətilləri yalnız televiziyada, informasiya proqramlarının xarici ölkə xəbərləri blokunda seyr edə bilərdi. Hər halda biz belə düşünürdük… Amma heç ağlımıza da gəlmirdi ki, erməni millətçiləri Qorbaçovun aşkarlıq siyasətindən və şəxsən özündən qədərindən də artıq yararlanaraq Dağlıq Qarabağın Ermənistana verilməsi ilə bağlı planlarının həyata keçirilməsi üçün bütün vasitələrə əl atacaqlar.

 

Əvvəlcədən nəzərdə tutulduğu kimi nümayiş Xankəndinin mərkəzi meydanında keçirilməli idi. O vaxt bu meydan Leninin adını daşıyırdı. Meydana əsas giriş bir neçə istiqamətdən, Kirov prospektindən, vilayət partiya komitəsinin inzibati binasının arxa hissəsindən keçən Atarbekov küçəsindən, Qarabağ mehmanxanası tərəfdən isə Tumanyan küçəsindən idi. Səhər saat 9-10 radələrində sadaladığım küçələrdə qrup-qrup insanlar toplaşmışdılar. Hadisəslərin canlı şahidi kimi ilk müşahidələrimdən ermənilərin həyəcan, təlaş və xislətlərinə uyğun qorxu içində olduqları açıq hiss olunurdu. Erməni dilini az-çox bildiyimdən aralarında etdikləri söhbətlərdə də bunu sezmək çətin deyildi. Hətta onlar qırmızı parça və adi ağ vatman kağızda hazırladıqları şüarları da bükülü vəziyyətdə saxlamışdılar. Toplaşan insanlar bir neçə müddət meydana daxil olmadılar. Nəhayət, Xankəndi tikinti materialları kombinatının baş direktoru, nümayişin əsas təşkilatçısı olan "Krunk" cəmiyyətinin sədri Manuçarov və ətrafındakı bir neçə erməni fəalı meydanda görünəndə nümayişə cəlb olunanlar da meydana daxil oldular.

 

Nümayişdə bütün çıxışlar və şüarlar Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi ilə bağlı idi. Əsas isə vilayətin sosial-iqtisadi vəziyyəti göstərilirdi. Təbii ki, belə bir əsasın yersiz və mənasız olduğunu ermənilərin özləri də yaxşı bilirdi. Əgər təkcə son 15-20 ildə Ağdamdan dəmiryolu xətti Xankəndinə çəkilmişdisə, kondensator zavodu Xankəndində tikilib istifadəyə verilmişdirsə, Xankəndi elektrotexnika zavodunun, ipək kombinatının yeni filialları açılmışdısa, Xankəndi ayaqqabı fabrikində yeni qurğu və avadanlıqların qurulması nəticəsində istehsal gücü 12 dəfə artmışdısa, tibb texnikumu Xankəndində faaliyyətə başlamışdısa, yeni məktəblər imşa edilmişdisə, "stokvartirnı" adlanan yerdə böyük müasir yaşayış massivi tikilmişdisə, yol tikintisinə və abadlıq işlərinə ayrılan vəsaitin məbləği hər il artmışdısa hansı sosial-iqtisadi gerilikdən söhbət gedə bilərdi. Bu təkcə vilayətin inkişafındakı görünən tərəflər idi. Əgər o illərin statistik göstəriçilərinə nəzər salsaq şahidi olarıq ki, vilayətin inkişafı üçün Azərbaycanın büdcəsindən ayrılan vəsait digər regionlara ayrılan vəsaitlərdən nəzəçarpacaq dərəcədə çox olub.

 

Artıq günorta saatlarında nümayiş iştirakçılarının sayı təxminən 500 nəfəri keçmişdi. Heç bir təhlükənin və cəzanın olmadığını görən, arxayınlaşan ermənilərin Dağlıq Qarbağın Ermənistana verilməsinin əsas səbəbini artıq başqa cür də əsaslandırırdılar. Belə ki, Qarabağın əzəli erməni torpaqları olduğunu, ermənilərə məxsusluğunu  həyasızcasına dilə gətirirdilər. Manuçarovun, Xankəndi ipək kombinatının partiya təşkilatının katibi, Ermənistanın sabiq prezidenti Koçaryanın, Xankəndi aqrar sənaye kombinatının direktoru Poqosyanın, uşaq şairi Qurgen Qabrelyanın, Ermənistanda fəaliyyət göstərən “Qarabağ” təşkilatının fəallarının qızışdırıcı çıxışları nümayiş iştirakçılarına xüsusi “ilham” verirdi.

 

Meydan gecələr də boş qalmırdı. Azərbaycanın hesabına zənginləşən ermənilər nümayiş iştirakçılarını isti geyimlərdən tutmuş, ərzaq məhsullarına, siqaretə, spirtli içkilərə qədər təmin edirdilər.

 

Bütövlükdə, 1988-ci ilin fevral ayı ermənilərin xeyrinə işləyir. Azərbaycan rəhbərliyi öz mövqeyini nə Xankəndində, nə də Moskvada, Kremldə sərgiləyə bilmir. Bəlkə də buna çəhd olunur, amma nəticə vermir.

 

Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin məlumatına əsasən nümayişin əsas təşkilatçıları, insanları milli münaqişəyə cəlb edənləri, başda Poqosyan olmaqla 11 nəfərin həbs olunması qərara alınır. Bu haqda Qorbaçova məlumat verilir. Qorbaçov qəti etiraz edir və həbsin qarşısı da bununla alınır. Məsələnin bu cür ermənilərin xeyrinə həll olunmasında Şahnazarovun böyük rolu olur.

 

1988–ci il fevralın 23–də Sov. İKP MK katibi Q.Razumovski başda olmaqla Moskvadan gələn nümayəndə heyəti K.Bağırov və Azərbaycan KP MK–nın bir neçə büro üzvünün iştirakı ilə DQMV Partiya Komitəsinin büro və plenum iclaslarını keçirirlər. Gevorkov birinci katib vəzifəsindən azad edilərək onun yerinə Dağlıq Qarabağda baş verən bütün hadisələrin əsas təşkilatçısı Poqosyan seçilir. Beləliklə, həbsə alınmalı bir şəxs DQMV-nin baş kürsüsünə sahib olur. Və elə fevralın 25-də partiya komitəsinin fəalları ilə keçirdiyi ilk içlasda vilayətin erməni sakinlərinin kütləvi şəkildə ayağa qalxmasını təmin etməyi tələb edir.

 

Bununla da həm Xankəndi şəhərində, həm də vilayətin digər yaşayış mətəqələrində nümayişlərin, mitinqlərin, tətillərin yeni dalğası başlanır.

 

Fevralın 26–da M.Qorbaçov Azərbaycan və Ermənistan zəhmətkeşlərinə müraciət edir. Onun müraciətindəki “DQMV–də yığılıb qalan nöqsanlar və çətinliklər az deyildir” və “biz müxtəlif ideyaların və təkliflərin açıq müzakirəsindən boyun qaçırmağın tərəfdarı deyilik” ifadələri ermənilərə öz hərəkətlərini daha da fəallaşdırmağa ümid verir.

 

Beləliklə, 1988-ci ilin 13 fevral tarixi Azərbaycanın tarixinə Qarabağ savaşının başlanğıc günü kimi yazılır...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı