Modern.az

Jurnalistlər 2018-ci ilə hansı PROBLEMLƏRLƏ gedirlər...  

Jurnalistlər 2018-ci ilə hansı PROBLEMLƏRLƏ gedirlər...   

29 Dekabr 2017, 08:57

2017-ci il bitmək üzrədir. Sözsüz ki, bu il ərzində də hərkəsin özünə görə problemləri oldu. Müəyyən zaman ərzində bu problemlərdən bəziləri öz həllini tapsa da, bəziləri yəqin ki, olduğu kimi qalır. Hamı kimi jurnalistlər üçün də problemsiz həyat yoxdur.
Bəs onlar özləri bu haqda nə deyirlər, 2018-ci ili hansı problemlərlə qarşılayırlar?

Modern.az saytı bəzi jurnalistləri sorğuya çəkib.


Sputnik.az saytının əməkdaşı İradə Cəlil:


“Fikrimcə, insanın müəyyən yaş dövrü var ki, o dövrə qədər hər şeyi problem edir, hər hansı bir istəyi alınmayanda fikir çəkir, bunu problemə çevirir. Amma indi mən elə bir yaş dövründəyəm ki, daha heç nəyi problem etmirəm. Nəyisə problem edəndə, yaşamaq, işləmək olmur. Mənim də həyatımda çatışmazlıqlar var. Məsələn, kirayə yaşayıram, iki oğlum var.Çalışıram ki, onlar heç kimdən əskik olmasınlar. İşimlə bağlı onlara az vaxt ayırıram və bəzən düşünürəm onların uşaqlıqları yadımda deyil. Mən uşaqlarıma istədiyim qədər zaman ayıra bilməmişəm, hər zaman onların yeməyini, təhsilini, sağlamlığını, geyimini təmin etmək üçün işləmişəm. Və bu gün də elə. Çalışıram tərbiyəli övlad böyüdüm və elə yaşayım ki, kimsə onlara anaları və yaşadıqları həyat haqqında artıq heç nə deyə bilməsin.
Çətindir, qadın üçün belə yaşayış çox çətindir, problemləri özün həll etməlisən, evin kişisi də, qadını da özünsən. “Bu yoxdu, o yoxdu”artıq problem deyil. Çünki həyat qısadır. Və əgər hər günümüzü "yoxdu"ları yaşayaraq keçirsək, həyat bir az da qısalar. Mənim həyatda bəlkə də üstün cəhətim odur ki, dünəni və sabahı düşünmürəm. Bu gün nə varsa, onunla yaşayıram”.

"Report" informasiya agentliyinin redaktoru İmdad Əlizadə:

“2018-ci ili bir sıra çətinlik və problemlərlə qarşılayıram. Təbii ki, bu problemlərin ən ağırı və dözülməz olanı vətənsizlikdir. Mənim doğulduğum Laçın rayonu erməni işğalı altındadır və 2018-ci ildə bu işğalın 26 ili tamam olacaq. Yeni ili də məcburi köçkün kimi qarşılayacam. 38 illik ömrün 26 ilini məcburi köçkün kimi yaşamaq isə çox çətin və məşəqqətlidir.

İkincisi, 2016-cı ilin fevral ayının 14-də atam Əli Əliyevi avtomobil vurub və atam 504 gün komada qalandan sonra 2017-ci ilin iyulun 2-də vəfat edib. Həmin yol qəzası ilə bağlı Nərimanov Rayon Məhkəməsində keçirilən proses başa çatıb. Hakim Samir Məmmədov hadisə ilə bağlı çox ədalətsiz və əsassız bir hökm çıxarıb və atamı avtomobillə vuraraq öldürən sürücü Qarayev Seymur Vidadi oğlunu faktiki olaraq cəzadan yayındırıb. 2018-ci ili belə bir haqsızlıqla üzləşmiş durumda qarşılayacam və gələn il görəcəyim əsas işlərdən biri də məhz bu iş üzrə ədalətli hökmün çıxarılmasına nail olmaq olacaq. Bunun üçün apellyasiya şikayəti verəcəm, Azərbaycan qanunvericiliyi çərçivəsində bütün addımları atacam.

Üçüncüsü isə gələn ili də evsiz qarşılayacam. 2018-ci ilin ilk günlərində yeni kirayə ev tapmalıyam. Yeni il tətilini də buna sərf edəcəm.
Bütün çətinliklərə baxmayaraq, 2018-ci ilin gözəl və mənalı olmasını arzulayıram. İnşallah, bütün çətinliklər 2017-ci ildə qalar”.

 

İstiqlal.az saytının rəhbəri Qadir İbrahimli:

“Ümumiyyətlə,şəxsi olaraq xüsusi bir problemim yoxdur, yəni hamının daşıdığı problemlər məndə də var. Şükür ki, övladlarımın səhhətində hər hansı bir narahatlıq yoxdur.

Amma təbii ki müəyyən çətinliklər var ki, bunlar da mənə məxsusi olan problemlər deyil. Cəmiyyətdən gələn, ölkənin iqtisadi - siyasi durumu ilə bağlıdır ki, yeni ildə ümid edirəm ki, həmin problemlər qismən də olsa, öz həlli yolunu tapar.

Media olaraq isə reklam bazarının yoxluğu böyük problemdir. Və biz 2018-ci ili də bu problemlə qarşlayırıq.Bu media üçün xüsusi çətinliklər yaradır. Bildiyimiz kimi, müəyyən araşdırmalar aparmaq və reportajlar hazırlamaq vəsait tələb edir. Və bu xərcləri qarşılaya bilməyəndə də hazır materialdan arzuolunan effekti  almaq olmur.

Əlavə olaraq da müəyyən jurnalistlərin həbsdə olması bizim əsas problemimizdir. Arzu edirəm ki, yeni ildə bütün məhbus jurnalistlərimiz azadlığa buraxısın və hər hansı bir tənqidi fikirə görə heç bir jurnalist həbs olunmasın”.

“Qafqazinfo”nun redaktoru Günel Əbilova:

“İlboyu yaranan problemlərimizi bəzən tez, bəzənsə bir az gec müddətə həll edərək, yoluna qoyuruq. 2016-cı ilin sonu ana olduğuma görə 2017-ci il mənim üçün daha çox “analığa adaptasiya” dövrü idi və bu işin çox çətin olduğunu başa düşdüm. Həqiqətən də mənim üçün məsuliyyət tələb edən bir il idi. İlk dəfə artıq özümüzü deyil, bütün işlərimizi körpəyə uyğun planlaşdırırdıq. Bəlkə, adi görünür,lakin etiraf edim ki, hələ də buna tam uyğunlaşmamışıq. Həftənin 6 günü ev-iş, iş-ev həyatı sürən adam üçün bu rejim bir az ağırdır. Bu səbəbdən yeni övlad sahibi olan valideynlərə səbirli olmağı arzulayıram. Bircə ona sevinirəm ki, başqa problemimiz yoxdur”.

 

Müstəqil jurnalist Mahir Məmmədli:

 

“Jurnalistikaya gələndə mən və digər həmkarlarım bilirdik ki, bu sahə məhrumiyyətlərlə zəngindir. Yəni biz bu yolu bilə-bilə, öz istəyimizlə seçmişik. Bu baxımdan, hər yeni ili problemlərlə qarşılamağımız təbiidir. Həyat, yaşam bahalaşır, bizim gəlirimiz isə artmır. Bir çox jurnalistlər kimi, mən də kirayədə yaşayıram və qazancımın təxminən yarısını kirayə pulunu ödəməyə sərf edirəm. Artıq neçənci ildir ki, evsizlik aradan qalxmayan problemdir və belə görünür ki, 2018-ci ildə də davam edəcək.

Bir az əvvəl qeyd elədiyim kimi, ildənilə daşıdığımız və hər il bir az da böyüyən problem maddi durumdur. Bu, peşəkar jurnalistika ilə məşğul olan, halal zəhməti ilə pul qazanan (çirkin yollarla deyil) insanların mütləq əksəriyyətinin problemidir və ona görə də bunu özümə dərd etməməyə çalışıram. Əsas odur ki, canımız sağ olsun, iş yerlərimiz bağlanmasın və biz halal yolla pulumuzu qazana bilək. Qazanılan pul kifayət etməsə belə, həyatımdan narazı deyiləm və 2018-ci ili də ümidlə, könül rahatlığı ilə qarşılayıram”.

Müstəqil jurnalist Kamil Həmidov:

“Hər növbəti il yeni bir ümid deməkdir. Odur ki, 2018-ci ildən gözləntilərim çoxdur, ümidlərimin doğrulmasını gözləyirəm. Bunu etiraf etməyi xoşlamasam belə,açığını deyim ki, 2018-ci ilə ciddi maddi sıxıntılar və üzüntülərlə girirəm...Hazırda heç bir yerdə rəsmi şəkildə işləmirəm, "525-ci qəzet”dən yazdığım yazılara görə müəyyən məbləğdə qonorar alıram, “Etikxeber.az” saytını isə pulsuz-parasız, təkbaşına, fanatikçəsinə işlədirəm, yəni bu saytdan da hələ ki mənə pul gəlmir. Üstəlik də ailəmiz 6 nəfərdən ibarətdir, xəstə anam var, övladımın biri ödənişli ali təhsil alır, biri 11-ci sinifdə oxuyur və hazırlıqlara gedir, 2 banka pul ödəyirəm, ona da ödəmək demək olarsa...Yəni kifayət qədər maddi-maliyyə sıxıntılarımız var. Ona görə də 2018-ci ildə sanki bir möcüzənin baş verməsini, üzüntülərimin sona ərməsini səbirsizliklə gözləyirəm. Ümid ən sonda ölür deyirlər...Allah ümidlərimizi ölməyə qoymasın və hamının da bayramını mübarək etsin!”.

 

Nəzrin Cavid

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir