11 dekabr 2018, Çərşənbə
Ana Səhifə - REPORTAJ - Toyuna hazırlaşırdılar, şəhid oldu - Kəşfiyyatçı Nicat İsgəndərovun qəhrəmanlıq YOLU - FOTOLAR  
Toyuna hazırlaşırdılar, şəhid oldu - Kəşfiyyatçı Nicat İsgəndərovun qəhrəmanlıq YOLU - FOTOLAR   +
29.12.2017, 09:15

Vətəni qibləgah edən şəhidlər

Günlərin ən gözəl idi. 25 aprel 2014-cü il.Sabah nişan aparacaqdılar. Bu gün həm də evin birinci nəvəsi Nihadın doğum gününü qeyd edirdilər. Nicatgilin şüşəbəndli evləri qonaqla dolu idi. Nicat hamıdan çox sevinirdi. Əmi, bibi, xala, dayı uşaqlarını bağrına basıb öpürdü. Evdən gələn musiqi səsləri qonşu həyətlərə də yayılmışdı. Nicatın gözəl rəqs etməyi var idi. Uca boyu ilə meydanda sındıra-sındıra süzərdi. Bu gün də rəqs etməkdən yorulmadı. Oynadıqca oynayırdı. Bu evin səsi-küyü, işığı-nuru idi, nəğməsi-nəfəsi idi Nicat. Təkcə evinmi? Bütün qohum-əqraba, el-oba Nicatın adı gələndə “bərəkallah” deyərdi. 
Bu gün də onun şad gününə hamı həvəslə gəlmişdi. Hamıdan çox bacısı Xəndan sevinirdi. Nicatdan başqa qardaş-bacısı yox idi axı. Nicat həm qardaşı, həm bacısı, həm dostu, həm də dünyası idi Xəndanın. O aprel gecəsində neçə dəfə qardaşı ilə qol-boyun olub oynadılar, dedilər, güldülər, oxudular şənləndilər...

Modern.az saytı daha bir şəhid haqqında həyat hekayətini təqdim edir...

Yazının əvvəlində qeyd etdiyim nişan tarixini Nicatdan yadigar qalan vidolentlər və şəkillərə baxandan sonra yazdım. Bəli, Nicatlı günlər indi tarixə dönüb. İndi ancaq şəkillərdən, daşlardan boylanır 27 yaşlı, 27-dən sonra heç zaman böyüməyəcək Nicat İsgəndərov.


Həmin o nişan günündən danışırdım axı. Sabah nişan aparacaqları qızı anası bəyənmişdi Nicat üçün. Görək şəhid anası Maya İsgəndərova nə danışır:

- Nicat gözümün nuru, nəfəsim, işığım idi. Bir gün dedim ki, bala, gəl səni evləndirək.Dedi ki, “ana, sən qızı seç, xoşuna gəlsin, mən də baxaram, bəyənsəm, kimi desən alacam”. Bir məclisdə o qızı tutdu gözüm. Nicata da dedim gedib baxdı. Qızın evindən qayıdanda məni qolları üstündə qaldırıb, fırlatdı. Elə sevinirdi ki... Qızı çox bəyənmişdi. Az bir müddət keçəndən sonra nişan hazırlıqları gördük.  Nicatın o oynamağı da həmin nişana hazırlaşan gecə çəkilib. Bacısı Xəndan daha yerə-göyə sığmırdı. Səhərisi gün nişan apardıq. Xəndan  gəlinin başına qırmızı duvaq örtdü. Nicat üzük taxdı barmağına:


Gəlin dağdan enəsən,

Duvaqtək yellənəsən

Qurban olum o günə
Qardaş evinə gələsən.

 

O gündən sonra bu iki cavan bir-biri üçün dəli –divanə oldular. Gəlin dərzilik oxuyurdu. Nişanlı olduqları iki il ərzində bəlkə də Nicatın 2000 min dənə rəsmini çəkdi. Eşqdən, sevgidən qıza rəssamlıq gəlmişdi. Toyu ildən-ilə atladıq. Çünki Nicat hərbi işini yarımçıq qoya bilmirdi. Həm də ki, iş yeri sərhədboyu cəbhəyə yaxın yerdə idi. Ona görə yoldaşım Bəhruz razı olmurdu evləndirməyə. Deyirdi ki, nə vaxt şəhər içinə, evə yaxın yerə köçürərlər, ondan sonra evlənər. Gəlini od-alovun içərisinə aparmaq olmaz.
Füzulidə xidmət etməsinin 5 ili 2016-cı ilim mart ayında tamam olmuşdu. Artıq  evə yaxın tərəfə gəlməsi haqqında razılıq alınmışdı. Ona görə toyuna hazırlaşırdıq.Nəhayət toyu eləməyi aprel ayının 26-na qərarlaşdırdıq. Özüm də oğul anası kimi toya o qədər həvəsli idim ki... İstəyirdim ki, hər şeyin gözəli Nicat üçün, sevdiyi qız üçün olsun. Çünki Nicatın üstümüzdə əziyyəti çox olmuşdu. 13 yaşından bu evə qazanc gətirib, günortaya qədər məktəbdə, sonra işə gedib mağazada işləmişdi.  İşi də ağır idi. Gedib zülmlərini görürdüm. Deyirdim ki, Nicat sənə elə bir toy çaldıracağam ki...Atası da əhd etmişdi ki, Nicatın toyunda nəmər yığmayacaq. İndi görürsünüzmü bəy otağı edəcəyimiz evin təmiri yarımçıqdır. Nicat o qədər həvəsli idi ki, evin təmirini də özü edirdi. Məzuniyyəti olanda iki aydan bir, üç aydan bir gəlib, evin işini görüb gedirdi.


Nicat İsgəndərovun atasını Tərtərdə hamı sakit, abırlı, zəhmətkeş  bir insan kimi tanıyır. Özünün də müharibənin qızğın vaxtlarında - 1992-ci ildən bəri düşmənlə üzbəüz döyüşdüyü günləri də olub. Ümumiyyətlə ermənilərlə indi yaranan sərhədlərdə, cəbhə  zonalarında yerləşən Azərbaycan ərazilərində elə bir kənd, oba,el, mahal, rayon yoxdur ki, oranın insanlarının evinə müharibənin acı xəbəri gəlməmiş olsun, elə bir ailə yoxdur ki, onun kişisi müharibdən, döyüşdən qaçsın. Tərtər rayonu da onun kimi. Hər bir tərtərli davanın ilk günlərində gah səngər qazıb, gah silah daşıyıb, ya da evinin sonuncu tikəsini aparıb səngərdə yatan əsgərlərimizlə bölüşüb.


Bəhruz İsəndərov, şəhdin atası:

Dövlətimizin bugünkü gücü o zaman yox idi. Düşmənin atdığı toplar onda da gəlib həyətimizə düşürdü. Hələ bu gün də yaşadığım bu həyətdə  partlamamış mərmi var. Nicatın 2-3 yaşı olardı.  O vaxt  evin həyətinə gəlib top mərmisi düşmüşdü. Onda heç birimizə xətər dəymədi. Tanrı Nicatı böyütdü, ucaltdı ki, Vətənimizə şad xəbər gətirənlərdən olsun. Bizim bu Tərtər tərəfdə olan yüksəkliklərdə ermənilər dayanmışdılar. Rus onları təpədən dırnağa qədər silahlandırmışdı. Biz heç təklülə tapmırdıq onlara ataq. O vaxt döyüş səriştəmiz, komandirimiz yox idi. Hərə əlinə bir silah alıb komandirlik edirdi. Başımıza nə gəldisə, nizamlı ordumuzun olmamasından, zəifliyimizdən olurdu.
Ruhən zəif deyildik, silah təminatından zəif idik. Hərc-mərclik var idi. İndi şükür Allaha güclənmişik. Müzəffər və mükəmməl odrumuz var.


Nicatı da o illərdə böyütdüm. Əlbəttə,onu elə əsgər kimi böyütmək istəyirdim. 3 yaşıolanda artıq sərbəst idman edirdi. Aparıb karate məktəbinə yazdırmışdım. Deyim ki, məktəbdə əla oxuyurdu, yalan olar. Lakin məktəbin ən fəal şagirdi idi. Ən çətin işlərin dalınca o gedərdi. Çünki haraya getsə, əliboş qayıtmırdı. Mən ona boş vaxt saxlamırdım. Dərsdən sonra idmanla, işlə məşğul olurdu. Dəmir kimi döymüşdüm onu, vaxtından əvvəl bərkitmişdim. 2007-2009-cu illərdə hərbi xidmətə yollandı. Bakıda keçirdi hərbi xidmətini. 1 il yarım ərzində bir dəfə də olsun yanına getmədik. Qardaşım Eldar Bakıda olduğundan o gedib-gəlirdi. Hər dəfə Nicatın görüşündən qayıdandan sonra, dil-boğaza qoymurdu. Bir gün də əsgərlikdən məzuniyyət götürüb evə gəldi. Hərbi paltarda oğlumu görəndə matım-qutum qurudu. Qarşımda boylu-buxunlu, yaraşıqlı bir zabit dayanmışdı. Hərbi forma ona necə yaraşırdı. Dedim oğul, vallah, sən elə əsl hərbçisənmiş... Əsl döyüşçü sənin kimi olar.


Əsgərliyini çəkib gələndən sonra gedib bir-iki ay Bakıda qardaşımın yanında dülgərlik elədi. Bizim dədə-baba sənətimiz dülgərlikdir.  Sonra bir gün gəlib dedi ki, “ata, mən bu işləri ürəkdən görə bilmirəm. Adam gərək hər işini cani-dildən görsün. Mənim könlüm hərbidə qalıb. İzn ver, gedim, peşəmi təkmilləşdirim”. Gedb 3 aylıq MAXE kursunu oxudu. Sonra Sumqayıtın yaxınlığında Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi hissədə qulluq etdi.  Bir müddət sonra  TTM-də 6 aylıq kurs keçdi. Ona demişdim ki, Quru Qoşunlarından başqa yerə yazılma. Mənə “hə” dedi. Lakin sən demə ömründə ilk dəfə məsləki xatirinə məndən icazəsiz, iş görüb, özünün seçdiyi peşəyə yiyələnmək üçün gedib kəşfiyyata yazılıb.

Maya İsgəndərova, Nicatın anası:

Nicat təhsilini bitirib, evə məzuniyyətə gəlmişdi. Bir gün paltar dolabını səliqəyə salırdım. Birdən paltar dolabının arasından bir sertifikat düşdü. Baxdım ki, Nicatın adına yazılıb. Öz-özümə fikirləşdim ki, bu sertifikatı niyə məndən gizlədib. Üstündə yazılanları oxuyanda gördüm ki, kəşfiyyat bölüyüdür. Əlim-ayağım yerdən üzüldü. Başladım ağlamağa. 
Mənə ürək-dirək verdi. Dedi ki, “ana, kəşfiyyata xüsusi vərəqəyə qol çəkməsən, dilindən kağız verməsən, məcbur göndərmirlər. Sən atama heç nə demə, and olsun ki, kəşfiyyata gedən deyiləm”.Qaldım səksəkədə. 

2014-cü il mart ayının 16-sı idi. Hərbi hissəyə qayıtmaq vaxtı idi. Aparıb onu yerləşdirdik Füzulidəki hərbi hissəsinə. Baxdım ki, buralarda evlər darmadağındır, düşmənin atdığı bombalardan evlər viran olub. Dedim “ay bala, sizin yeriniz nə yaman narahatdır”. Yenə ürək-dirək verdi ki, “biz üzbəüz düşməndən sizi qoruyuruq, sərhədi qoruyuruq. Narahat olmağa əsas yoxdur”.

Ürəyim qaldı Nicatın yanında. O gündən sonra səksəkədə yaşayırdım...

Nicat tərbiyəli-təlimli oğul idi. Bütün məhlənin adamları öz övladlarına Nicatı nümunə kimi göstərirdilər. Ev-eşik, ata, bacı düşkünü idi.

Şəhid atası:

Aprelin 1-dən 2-nə keçən gecə idi. Bir də gördüm ki, ev silkələnir. Elə bildim zəlzələdir. Çıxdım küçəyə, baxdım ki, məhəllənin adamları hamısı çöldədir. Dedilər ki, ermənilər atırlar. Dava başlayıb. İnanmadım. Bir az keçəndən sonra gerçəkdən anladım ki, atılan topdur, minomyotdur, gələn güllə səsləridir... səhərin alatoranlığında getdim iş yerimə, orda da qərar tuta bilmədim. 
Maya Bərdədə qardaşıgildə idi. Mən də getdim ora. Qaynım oğluna dedim ki, Nicatdan bir xəbər öyrənin, telefonuna zəng çatmır.  O tərəfdə bir yaxın qohumum hərbi xidmətdədir. Ona zəng vurdum. Söylədi ki, xəbər öyrənib deyəcək. Sonra yeznəmlə, qızımın əri ilə danışdım. O da dedi ki, xəbər bilən kimi bizi də agah edəcək.


Xəndan İsgəndərova, Nicatın bacısı:


- Nicatla  bir-birimizə çox bağlı idik. Mənim toyumda ona söz verdilər. Dedi ki, “mən bacım haqqında nə deyim, o mənim, dünyamdır”. Nicat da mənim dünyam idi. Anama “mama”, mənə “ana” deyirdi. Sirrimiz-söhbətimiz bir idi. Bir gün  gəlib mənə dedi ki, kəşfiyyata yazılıb. Ürəyimdə həyəcan keçirsəm də, onun kəşfiyyat bölüyünə yazıldığını kimsəyə demədim. Anam qəfildən bilmişdi.  
O aprel gecəsindən 1 gün əvvəl - 31 martda  Nicatdan telefonla səsli məktub aldım. Belə deyirdi: “Ana mən gedirəm, Mamagilə heç nə demə. Hara getdiyimi deyəbilmərəm, ana, sadəcə deyirəm, hər şey ola bilər... Gecəniz xeyrə qalsın... hamınızı öpürəm”. 
Dəli oldum ki, bu nə söz, bu nə söhbətdir. Ancaq ki, səsini bir də dinlədim. Baxdım ki, yolla irəliləyən çoxlu  maşın səsləri gəlir. Arada bir güllə səsləri də eşidilir. Sonra axşamüstü saat 5-də telefon açdı. Dedi ki, “bacı, ayın 2-si gələcəyəm. Heç kimi yox, səni, uşaqları, ata-anamı götürüb gedəcəyəm Peyğəmbər ocağına. Qurban kəsəcəyəm”. Dedim “ay qardaş, Allah qəbul eləsin”. 
Fikirləşdim ki, toyuna görə öz ürəyində qurbanlıq tutub, əlbət, onu kəsmək istəyir.  İndi həmin günlərdəki dostları ilə  olan danışıq səslərini də toplayıb saxlamışıq.  Dostları ilə elə ruh yüksəkliyi, elə sevgi ilədanışırdı ki... Ancaq onlarla da danışığında vəziyyətin gərgin olduğunu, gedib də qayıtmamaq kimi bir təhlükənin olmasını anladır. Hətta səsli məktubunun birində deyir ki, “Hamıyla hallaşdım, təkcə atama deməyə ürək eləmirəm...”.

Şəhid anası:

- Ətrafımızda hamı narahat idi. Mən isə bir yerdə qərara tuta bilmirdim. Bacım oğlundan soruşdum ki, “ay bala, Nicatdan bir xəbər çıxmadı ki...” Bir də gördüm ki, hamı bir-biri ilə pıçıldaşır. Bacımın oğlundan israrla soruşdum ki, bəs bu kişilər hara getdi. Bacımın oğlu, dedi ki, “xala qorxma, Bəhruz dayımla atam getdilər Nicatın yanına, Nicat yaralanıb”.  
Əl atım başıma, səsim aləmi götürdü. Dedim “necə yəni, Nicat yaralanıb, bəs mən burda nə gəzirəm. Tez apar məni də Nicatın yanına”.  
Yolun yarısını getmişdik ki, nişanlısı zəng vurdu. Dedim ki, “bala, Nicat yaralıdır, xəstəxanaya çatım, verəcəm özü ilə danışarsan”. 

Gəlib yetişdik Əhmədbəyli hospitalına. Orada dedilər ki, Beyləqan hərbi hospitalılna apardılar. Gəldik hospitala. Burada adam əlindən iynə atsan yerə düşməzdi. Hamısı öz balasını, doğmasını axtarmağa gəlmişdilər. Kimsə məndən soruşdu ki, kimi axtarırsan. Dedim Nicatı... Belə deyəndə, camaat yığışdı başıma... Sonra qızım ilə baldızım keçdilər xəstəxanaya... bir də baxdım ki, o biri üzdən bunların ağlayan səsləri gəlir... 
Baldızım “Nicat” deyib haray çəkdi... Xəstəxananın darvazası zəncirlə bir-birinə bağlanmışdı. Gözətçi bizi buraxmırdı. Bilmirəm o güc mənə haradn gəldisə, qabağımda olan hamını itələyib, darvazanın zəncirini qırdım... Və içəri keçdim. Dedim balam hanı? Dedilər aparırlar Peyğəmbərə. Biz də öz maşınımıza oturub, Peyğəmbər ziyarətgahına getdik. Orada da adam əlindən tərpənmək olmurdu. Hər dəfə bu pirdən keçəndə nəzir qoyurdum ki, balam sağ-salamat bitirisin hərbini. Nəzirlərimi qəbul eləməyibmiş Allah...  
Aprel balamın uğur ayı idi. Ancaq 2016-nın apreli bizi alğlatdı. Hə... onu deyirdim axı, Peyğəmbər ocağında girdik çardağın altına. Ətrafda səs-küy, ağlaşma səsləri gəlirdi. Burada cəbhə bölgəsindəşəhid olanları da gətirib burada yuyub-kəfənləyirlər. Çardağın altındayerə böyük xalı salınmışdı.   
Xalının da üstündə bir tabut qoyulmuşdu. Bir hərbçi oğlan bizə yaxınlaşıb dedi ki, ana kimi axtarırsınız? Dedim ki, Nicat İsgəndərovu. Başını aşağı saldı...
Dedim bala, düzünü de, o tabutdakı mənim oğlumdur?!.. Dinmədi.  Peşiman-peşiman ağlar gözləri ilə mənə baxdı... 
Xəndan cumdu tabutun üstünə ... “Qardaş” deyib saçını yellərə verdi. Yenə dayanmışam heykəl kimi, mənə çatmır ki, Nicat niyə ölməlidir? Nicat niyə ölə bilər?  Nicatın toyu olacaq axı? Onun toyu necə vaya dönə bilər?! Axı mən Nicata toy xonçaları bağlayırdım... İndi onları neyləyəcəkdim?!  Nicat ölə bilməzdi. Onun atası uşaqlıqdan o qədər əziyyət vermişdi ki, bədəni bərkiyib dəmirə-daşa dönmüşdü. Soruşurdum ki, bala niyə sənin ətin bu qədər dəmir kimidir. Deyirdi ki, “ana mən kəşfiyyatçıyam, mən dağda-daşda yatıram. Belə olmalıdır da bədənim...”.
Tabutu götürüb, ata-baba həyətimizə gəldik... Buraya gəlin gətirməli idik...

Maya xanım danışdıqca göz yaşları sinəsinə tökülürdü. Əslində təsəvvür edə bildinizsə, ana müharibənin ən ağrılı tablosunu çəkdi. Peyğəmbər ocağında balalarına hər zaman xoşbəxtlik, can sağlığı diləyən ana, həmin yerdə oğlunun tabutu ilə rastlaşır... Və dünyada bundan da ağır və kədərli səhnə ola bilməz... Sonra da oğlunun bayrağa bükülmüş tabutunu özü götürüb evinə gətirir... O ana görəsən o yolu evinə necə gəlib çatdı... Tanrı insanlara dərdi və ağrını yaşamağa da güc verir... Ən güclü analar balasını itirən və dəfn edən analardır, ən yazıq analar da yenə elə həmin analardır. Zülm etdi yol boyu özünə, fəryad etdi Maya ana:

Oğulda gözüm qaldı,

Demədim özüm, qaldı.

Oğlumla öz aramda

Bir pünhan sözüm qaldı.

 

Eləmi bax bu şana,

Arı qonmaz bu şana.

Getdin qayıtmaz yola.

Qoymadln bir nişana. 


... Aprelin 2-dir. Gecədənxeyli keçib, həmsərhəd rayonların hamısı kimi, Tərtər camaatı da yatmayıb. İnsanlar savaşda iştirak etmək üçün  axın-axın döyüş bölgəsinə sarı gedir. Atılan top mərmilərin, minamyotların, güllələrin səsi elə bil ki, Tərtər rayonunun içindədir. İnsanlar müharibəyə getməkdən ötrü cavandan yaşlısına qədər hamısı səfərbər olub, Ali Baş Komandanın əmrini gözləyirlər. Yaxından uzaqdan, Bəhruz kişinin evinə vay düşməsindən də insanlar xəbər tutdular. Bu həyət də gecə ilə dolub-daşdı.  
Nicatın yaxın və doğmaları tabutu açıb, onunla sonuncu dəfə görüşmək istəyirdilər. Bu zaman qohumlardan birinin qışqırıq səsinə hamı eyvana tərəf baxdı. Xəndanın bibisi qızı ağlaya-ağlaya gəldi ki, Xəndan  evin zirzəmisinə girib,bıçaqla ürəyinə xəsarət yetirib, qolunun şah damarını kəsəndə, onu görüb bıçağı əlindən alıblar...

Maya İsgəndərova, Nicatın anası:

- Dedim hə, bizim nəslin sonudur. Oğlum qabağımda döşəli qalıb, qızım da əldən gedir. Deməli bu gün hamımız ölməliyik. Çünki dağılan tifağım daha tikilməyəcək. Sonra həkim gəldi. Xəndanın yarası çox dərin deyildi, güclü stress keçirmişdi.  Tabutun içərisinə əlimi salıb balamı tumarladım. Əllərini həmişə bükülü tutardı. Yenə də bükülü idi əlləri. Ürəyinin üstündə yarası var idi. Xəndana görə, Nicatın  tabutunu açıb, oğlumla son dəfə görüşə bilmədim. Səhər Nicatı elə evimizin arxasında basdırdıq...


Maya xanım, “Evimizin arxasında basdırdıq” deyəndə təəccüblənmişdim.  Söhbətimizi bitirib, Nicatın təmiri yarımçıq, yarıqaranlıq bəy otağına girəndə mənə pəncərədən çölü göstərdilər. Pəncərənin həyətə açıldığı yer düz Tərtər şəhərinin qəbristanlığı idi. Pəncərədən isə Nicatın qəbri görünürdü. Onun uyuduğu yer ilə evin arası 20 metr olmazdı. Gecənin qaranlığında masmavi işıqlar  yanırdı Nicatın  daşa dönmüş otağında. İndi Maya xanım da, Bəhruz kişi də gündə yüz dəfə o qəbrin başına dolanıb gəlirlər. Uşaqlığında Nicat bu yerlərdə oynayanda bir dəfə səsləmələri ilə  30 saniyəyə qaçıb evə gələrdi. İndi həmin o 30 saniyəlik yerdə daşa dönüb dayanıb. Anası da deyir ki:

Daşlara zikr edərəm,

Gündə min fikr edərəm,

Aç qapını özün gəl,

Allaha şükr edərəm.

... Azərbaycan Ordusunun  qəhrəman  giziri Nicat İsgəndərov Lələtəpə yüksəkliyinin alınmasında ilk döyüşə atılan kəşfiyyatçılardan biri olub.Həmin gün əsgərlərimiz düşmən üzərinə hərbi parada getdikləri kimi gedirdilər. Əynindəki paltarları da təzə idi. Deyirdilər ki, 24 ildir ki, pas atmışdıq. Pasımız açıldı. Nicat da yanındakı dostlarına deyirdi ki, müqəddəs torpaqlarda şəhid olmağa gedir. Şəhid olsa cənnətə düşəcək. Allahın sevimli bəndəsi olacaq.  Deyirdi ki, biz bu gün tarix yazırıq. Əsgərlərin ruhu o qədər yüksək idi ki, onları dünyanın ən güclü ordusu da əyə bilməzdi.  Kəşfiyyat  və döyüş qaydalarına uyğun olaraq, Nicat öz qrupu ilə irəliləyirdi.  O qədər getmişdilər ki, artıq düşmənin  hər addımını lap yaxından hiss edirdilər. Nicatın çox yaxınlığında hərbçi dostu, istehkamçı Emin Əhmədov gedirdi. Demək olar ki, onlar bir yerdə çiyin-çiyinə vuruşurdular. Danışmaq mümkün olmayanda işarə ilə anlaşırdılar.  
Artıq düşmənə yaxınlaşmışdılar. Gecənin qaranlığında güllələr başlarının üstündən yağış kimi yağırdı. Lakin qarşıya irəlilədikcə,ermənilər onları  görüb qaçırdılar. Ermənidə olan mövqeləri 40 dəqiqə ərzində ələ keçirmiş, 2 saatdan sonra isə 24 il erməni nəzarətində olan ən starteji yüksəklik olan Lələtəpəni almışdılar.  
Onlar minalanmış sahələri təmizlədikcə, arxadan da komandir Mais Bərxudarovun başçılıq etdiyi hərbçilər köməyə gəlirdilər. Döyüş taktikası o qədər mükəmməl qurulmuşdu ki, əsgərlər irəlilədikcə, düşmənlər səngərləri qoyub qurtulmaq istəyirdilər. Bu  qürurverici səhnələri seyr etdikcə, hərbçilərimizin sevinc səsləri göydəki atəş səslərinə qarışırdı. Nicat İsgəndərov ilə Emin Əhmədovun arasında 1-2 metr məsafə var idi. Birdən Nicat Eminə dedi: “Məni vurdular”. Və əlindəki silaha bərk sarılaraq, dayandığı yerdən 10-15 metr qaça-qaça geriyə qayıtdı. Emin  silah yoldaşının geri qaçdığını və yaralı halda silahı da əlindən buraxmadığını görüb, ona köməyə getdi. Nicatın yanına çatanda gördü ki, o yerə yıxılıb. Emini görəndə əlindən yapışıb “Qoyma ölüm, qoyma ölüm” dedi.  
Emin dərhal ona ürək-dirək verdi: “Nicat qorxma, heç nə olmayıb, indi uşaqlar gəlib səni aparacaqlar”. Sonra onu ermənidən təzəcə təmizlədikləri DOD-un yanına qoymaq istəyəndə, elə bil ki, Nicata yenidən güc-qüvvət gəldi. Nicat ayaqlarını yerə dirəyib, sanki yenidən döyüşə getmək istəyirdi... 
Və birdən Emin hiss elədi ki, Nicatın bədəni boşaldı... Başqa əlacı yox idi. “Sançast, sançast” deyə qışqırıb Nicata kömək etməyə həkim briqadasını çağırdı.  Döyüş dostunu güllələrin altından nisbətən kənara çıxara bilmişdi deyə, yenidən döyüşə girmək üçün  irəliyə qayıdanda onun da böyrünə qumbara düşdü... Elə həmin vaxt,  aprelin 2-də səhərin alatoranında, Nicat şəhadətə qovuşanda, Emin də ağır yaralandı...  
Bir neçə dəqiqə Emin  heç nə eşitməyib, və heç nə görmədi... Hissiyatı nisbətən özünə qayıdanda döyüşün ikinci dəstək qrupu artıq onlara yaxınlaşmışdı, həkimlər də burada idilər. Onu xərəyə qoyub çıxaranda, kimsə dedi ki, Nicat elə indicə şəhid olub... Nicatın yarasından qan axırdı... Əslində Eminin də bədəni deşik-deşik olmuşdu... yaraları ağır olduğundan onu döyüş meydanından çıxarıb təcili Əhmədbəylidəki  hospitala göndərmişdilər. 


- Nicatı çox böyük təntənə ilə dəfn etdilər,- deyir şəhid atası Bəhruz İsgəndərov,- ölümündən sonra onu Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev “İgidliyə görə” medlı ilə təltif etdi. Nicat mənim nəfəsim idi, Nicat haqqında kitablar yazsam, bitib-tükənməz. Nicat mənim xəzinəm idi. İndi qızımın böyük oğlu Nihadı öz adıma keçirib, onu evimin varisi etmək istəyirəm. Bu yurdum boş qalmasın. Bu həyət mənə ata-babamdan yadigardır. Barı məndən sonra  Nicatın qəbrini hər gün ziyarət edən olsun. Hər gün pəncərəsində də, daş otağında da işığını yandıran olsun. Nədirsə, işimi çətinə salıblar, o uşağı mənim adıma keçirmək istəmirlər. Mən də yurdumun boş qalmasını istəmirəm.


Maya xanımdan söhbətimizin sonunda Nicatın nişanlısını soruşdum.  Qızın nişanlı olarkən çəkdiyi rəsmləri tökdü qarşıma. Dedi ki, bax belə aşiq olmuşdu gözəl oğluma. Boy-buxunlu, mərd , vətənpərvər oğluma. Onun şəkillərini daha çox hərbi formada çəkirdi.  Oğlumu dəfn edəndən sonra Nicatın barmağındakı üzüyü də nişanlısına vermişdilər. O da hər iki üzüyü öpüb-əziləyirdi. Boynunda gəzdirirdi. Bu il aprel ayının 2-də Nicata il mərasimi verəndə, qız evinin adamları da gəlmişdi. Qızın nənəsi yaxınlaşıb Xəndana deyib ki, “qızımızı başqasına ərə veririk, götürün üzüyünüzü, qaytarırıq sizə”. Xəndan da deyib ki, “o üzüyü mən verməmişəm, böyüklərim verib, yasımızı yola verək, sonra gətirin verin yiyələrinə. İndi yas günü bizim öz dərdimiz özümüzə bəs deyilmi ki, yasın içində nişan qaytarırsınız?”.
Oğlumun ilindən 1 həftə sonra nişanını geri qaytardılar. Nə deyim ki, oturub Nicatı gözləməyəcəkdi ki... getsin, xoşbəxt olsun.

Nicatın şəhadətini yazanda stolumun üstündəki “Bayatılar” kitabını vərəqlədim. Çünki Maya xanımın da  sinədəftər olduğunu hiss etmişdim. Onun əvəzinə kitabda gözüm tutan sətirləri köçürdüm:

Deyirəm ay gəlin:

Nicat yoxdu sırada,

Nə gəzirsən arada.

Nə tez ilqarı pozdun,

Mən yetməmiş murada?!

 

Araz, Araz buydumu,

İçi dolu sudumu?

Nicata könül vermişdin,

Etibarın buydumu?

 

 

Aida Eyvazlı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dünyanın ən zəngin azərbaycanlısı varisi barədə DANIŞDI
11.12.2018, 15:48

Dünyanın ən zəngin azərbaycanlısı varisi barədə DANIŞDI

“Nar” Azərbaycanda yaşıl enerji və aqrar texnologiyaların tətbiqini dəstəkləyir
11.12.2018, 15:44

“Nar” Azərbaycanda yaşıl enerji və aqrar texnologiyaların tətbiqini dəstəkləyir

Milli Məclis 18 dekabrda bu məsələlərə görə iclas çağırıb - SİYAHI
11.12.2018, 15:39

Milli Məclis 18 dekabrda bu məsələlərə görə iclas çağırıb - SİYAHI

Ötən il ilə müqayisədə 11,5 faiz çox pambıq qəbul edilib
11.12.2018, 15:31

Ötən il ilə müqayisədə 11,5 faiz çox pambıq qəbul edilib

Sürücülər dumana düşdülər - Yol polisi onları müşayiət etdi - VİDEO
11.12.2018, 15:30

Sürücülər dumana düşdülər - Yol polisi onları müşayiət etdi - VİDEO

Hisə verilmiş təhlükəli ət məhsulları hazırlayanlar yaxalandı - FOTOLAR
11.12.2018, 15:22

Hisə verilmiş təhlükəli ət məhsulları hazırlayanlar yaxalandı - FOTOLAR

İran yeni ballistik raket sınaqlarını TƏSDİQLƏDİ
11.12.2018, 15:16

İran yeni ballistik raket sınaqlarını TƏSDİQLƏDİ

Daş bazarında ciddi bahalaşma olub - SƏBƏBLƏR  
11.12.2018, 15:00

Daş bazarında ciddi bahalaşma olub - SƏBƏBLƏR  

Manvel Qriqoryan məhkəmə zalında özündən getdi
11.12.2018, 14:49

Manvel Qriqoryan məhkəmə zalında özündən getdi

Əhali bu il ərzağa, siqaretə, içkiyə nə qədər pul xərcləyib?
11.12.2018, 14:44

Əhali bu il ərzağa, siqaretə, içkiyə nə qədər pul xərcləyib?

Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular
11.12.2018, 14:37

Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular

Liderləri Tanrı seçir...   
11.12.2018, 14:28

Liderləri Tanrı seçir...  

Azərbaycanda övladlığagötürmə sistemi təkmilləşdirilir
11.12.2018, 14:24

Azərbaycanda övladlığagötürmə sistemi təkmilləşdirilir

Transsərhəd xəstəliklərinə dair seminar keçirilib
11.12.2018, 14:03

Transsərhəd xəstəliklərinə dair seminar keçirilib

Dövlət xəstəxanalarında pullu xidmət rəsmiləşəcək? - Deputat AYDINLIQ GƏTİRDİ   
11.12.2018, 13:41

Dövlət xəstəxanalarında pullu xidmət rəsmiləşəcək? - Deputat AYDINLIQ GƏTİRDİ  

Elçin Quliyev iranlı komandanla razılıq əldə etdi
11.12.2018, 13:36

Elçin Quliyev iranlı komandanla razılıq əldə etdi

Dövlət himninin ifası zamanı vətəndaşdan tələb olunan ŞƏRTLƏR   
11.12.2018, 13:35

Dövlət himninin ifası zamanı vətəndaşdan tələb olunan ŞƏRTLƏR  

Sabahın hava PROQNOZU - XƏBƏRDARLIQ   
11.12.2018, 13:23

Sabahın hava PROQNOZU - XƏBƏRDARLIQ  

Cəsarətsiz Makron və Türkiyə təcrübəsi
11.12.2018, 13:17

Cəsarətsiz Makron və Türkiyə təcrübəsi

Sərnişinlər qapıları tutdu, metroda sıxlıq yaşandı
11.12.2018, 13:14

Sərnişinlər qapıları tutdu, metroda sıxlıq yaşandı

Korrupsiya İdarəsi Bakıda tikinti aparan vəzifəli şəxslərə cinayət işi açdı  
11.12.2018, 13:10

Korrupsiya İdarəsi Bakıda tikinti aparan vəzifəli şəxslərə cinayət işi açdı  

Yol polisindən Beynəlxalq Sürücülük Vəsiqəsi ilə bağlı TÖVSİYƏLƏR
11.12.2018, 12:59

Yol polisindən Beynəlxalq Sürücülük Vəsiqəsi ilə bağlı TÖVSİYƏLƏR

İlham Əliyev: “İran-Azərbaycan sərhədi dostluq sərhədidir” - YENİLƏNİB
11.12.2018, 12:53

İlham Əliyev: “İran-Azərbaycan sərhədi dostluq sərhədidir” - YENİLƏNİB

Vanqanın 2019-cu il PROQNOZLARI - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami...
11.12.2018, 12:50

Vanqanın 2019-cu il PROQNOZLARI - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami...

Paşinyanın yeni kadr təyinatları mətbuata SIZDI
11.12.2018, 12:41

Paşinyanın yeni kadr təyinatları mətbuata SIZDI

Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib
11.12.2018, 12:31

Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib

Goradil və Fatmayidə işıq olmayacaq
11.12.2018, 12:30

Goradil və Fatmayidə işıq olmayacaq

Orta aylıq əməkhaqqı 540 manata çatıb   
11.12.2018, 12:18

Orta aylıq əməkhaqqı 540 manata çatıb  

Elmira Axundovanın Heydər Əliyev haqqındakı kitabına təqdimat keçirildi - FOTOLAR
11.12.2018, 11:59

Elmira Axundovanın Heydər Əliyev haqqındakı kitabına təqdimat keçirildi - FOTOLAR

Brüsseldə Brexit-lə bağlı yekun danışıqlar başlayacaq
11.12.2018, 11:58

Brüsseldə Brexit-lə bağlı yekun danışıqlar başlayacaq

Bakı Meriyasından Atatürk parkındakı söküntü ilə bağlı AÇIQLAMA   
11.12.2018, 11:47

Bakı Meriyasından Atatürk parkındakı söküntü ilə bağlı AÇIQLAMA  

ADA Universitetində 5-ci BMT modeli konfransı keçirilib
11.12.2018, 11:39

ADA Universitetində 5-ci BMT modeli konfransı keçirilib

Azərbaycanda gündəlik neft hasilatının həcmi AÇIQLANDI  
11.12.2018, 11:30

Azərbaycanda gündəlik neft hasilatının həcmi AÇIQLANDI  

“Buta Palace”nin art direktoru arvadını 5-ci mərtəbədən atıb ÖLDÜRDÜ
11.12.2018, 11:25

“Buta Palace”nin art direktoru arvadını 5-ci mərtəbədən atıb ÖLDÜRDÜ

Ermənistanda yanğın: 3 ölü
11.12.2018, 11:25

Ermənistanda yanğın: 3 ölü

Türkiyə Qara dənizdə yeni hərbi baza tikəcək
11.12.2018, 11:20

Türkiyə Qara dənizdə yeni hərbi baza tikəcək

Qadınları fahişəliyə cəlb edən saxlanıldı  
11.12.2018, 11:08

Qadınları fahişəliyə cəlb edən saxlanıldı  

Heydər Əliyev Binəqədidə ANILDI
11.12.2018, 11:01

Heydər Əliyev Binəqədidə ANILDI

Qurban Qurbanovdan ŞOK ADDIM: AFFA-nın təzminatından imtina etdi
11.12.2018, 10:45

Qurban Qurbanovdan ŞOK ADDIM: AFFA-nın təzminatından imtina etdi

Daha bir ölkədən Rusiyaya SANKSİYA
11.12.2018, 10:43

Daha bir ölkədən Rusiyaya SANKSİYA

Ziyafət Əsgərov: “Çalışırlar ki, Azərbaycanda terror hadisəsi törətsinlər”
11.12.2018, 10:41

Ziyafət Əsgərov: “Çalışırlar ki, Azərbaycanda terror hadisəsi törətsinlər”

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb  
11.12.2018, 10:38

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb  

Kiyevdə Heydər Əliyevin anım mərasimi keçirildi
11.12.2018, 10:36

Kiyevdə Heydər Əliyevin anım mərasimi keçirildi

Tehranın yerləşdiyi ərazi çökür
11.12.2018, 10:35

Tehranın yerləşdiyi ərazi çökür

Ədəbi darğalar və ədəbi qarğalar
11.12.2018, 10:34

Ədəbi darğalar və ədəbi qarğalar

11 ayda 498 vaqon dezinfeksiya olundu
11.12.2018, 10:31

11 ayda 498 vaqon dezinfeksiya olundu

19 yaşlı gənc itkin düşdü - FOTO   
11.12.2018, 10:21

19 yaşlı gənc itkin düşdü - FOTO  

Siqaretə görə cərimələr qüvvəyə mindi: 40-50 manat...
11.12.2018, 10:21

Siqaretə görə cərimələr qüvvəyə mindi: 40-50 manat...

Sabah Fəxri xiyabana doğru nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11.12.2018, 10:17

Sabah Fəxri xiyabana doğru nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Deputatlarımız Hindistan, Türkiyə və Gürcüstana gedir
11.12.2018, 10:00

Deputatlarımız Hindistan, Türkiyə və Gürcüstana gedir

ARXİV