Modern.az

III qrupun imtahan cavabları açıqlandı

III qrupun imtahan cavabları açıqlandı

5 İyul 2011, 19:15


İyulun 3-də ali növbəti dərs ili üçün təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı vermiş abituriyentlər həyəcanla cavabların açıqlanmasını gözləyirdilər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) nəhayət cavabları açıqladı. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Qəbul imtahanının nəticələri iyulun 5-də saat 19:20-dən etibarən TQDK-nın internet saytında  yerləşdirilib. (Nəticələri burdan öyrənin - //www.tqdk.gov.az/ali2011net/)

İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.

III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 32870 abituriyentdən  1889 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 30981 abituriyentdən 34 nəfəri köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Test imtahanının nəticəsinə əsasən 8981 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

III ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.

İxtisas seçimi iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.

III  ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:

Bu il III qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində    dəyişiklik edilib. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdirilib. 

Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 24-dən avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər.                                       

III ixtisas qrupu üzrə qəbul imtahanları respublikanın 4 şəhərində - Bakıda, Naxçıvanda, Gəncədə, Sumqayıtda keçirilib.  

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi